Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-939/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X5 MMCnə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil2, cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X5 MMC-nin baş həkimi Nümayəndə iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X5 MMC-nə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət edərək "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X5 MMC-nin baş həkimi Nümayəndə xx.xx.1999-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 05-K saylı əmrin ləğv olunaraq, onun "xxxx" QSC Həkim-Sanitar Xidmətinin X1 MMC Yalama stansiyası TM-nə tibb bacısı vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-ci ildə AR Təsərrüfat hesabı “LOĞMAN” Tibb Məktəbinin Mamalıq işi şöbəsinə daxil olmuş və 1998-ci ildə həmin məktəbin “Mama” ixtisası üzrə kursunu tam bitirmişdir. Göstərilən tibb müəssisəni bitirməsi üzrə ona qeyd nömrəsi 2008 olan A 002008 nömrəli Diplom verilmişdir. xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş Məmmədxanova soyadını qəbul etmişdir. xx.xx.1999-cu il tarixindən Azərbaycan Dəmir Yolları idarəsinin Yalama St. Tibb məntəqəsində növbətçi tibb bacısı vəzifəsinə işə qəbul olmuşdur. ADY QSC Həkim- Sanitar Xidməti üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 434-K saylı əmri ilə o “Tibb bacısının işi” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 nomrəli Bakı Baza Tibb Kollecinə göndərilmişdir. Həmin kollecdən “Loğman” Tibb Məktəbi tərəfiindən verilmiş diplomun Səhiyyə Nazirliyində qeydiyyatda olub-olmadığı barədə həmin nazirliyə müraciət etməyi bildirilmişdir. O, rəsmi ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etmiş və müraciətinə nazirliyin İnsan Resursları şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 5-51M-10828 saylı məktubu ilə həmin diplom barədə Səhiyyə Nazirliyində heç bir məlumatın olmaması bildirilmiş, həmin sənədin dövlət nümunəli sənəd olduğu barədə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş arayış təqdim olunduqdan sonra onun müraciətinə baxılmasının mümkünlüyü bildirilmişdir. Bundan sonra o rəsmi ərizə ilə Təhsil Nazirliyinə müraciət edərək A seriyalı 002008 nömrəli diplomun dövlət nümunəli sənəd olması barədə rəy verilməsini xahiş etmişdir. Ərizəsinə Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdirinin imzası ilə 26 oktyabr 2021-ci il tarixli M-14525/31-24 saylı məktubla cavab verilmişdir ki, adına yazılmış A002008 nömrəli blankının hüquqi əsası yoxdur. "xxxx" QSC Həkim-Sanitar Xidməti “X10 Ambulatoriyası” MMC-nin baş həkimi Nümayəndə ona bildirib ki, həmin diplomu təsdiq etdirməklə ixtisasartırma kurslarda iştirak etməsə onu işə buraxmayacaq. Ona görə o, xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmiş, həmin ərəfədə öz hesabına məzuniyyətə çıxmışdır. Məzuniyyət vaxtı bitəndə o, xx.xx.2022-ci il tarixində baş həkimə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdən işdə hesab olmasını xahiş etmişdir. Lakin həmin vaxt ona diplom işini həll etməmiş işə çıxmamağı bildirmişlər, ancaq bu barədə ona rəsmi heç bir sənəd verilməmişdir. Dəfələrlə baş həkimin qəbulunda olaraq ondan işdən azad olunması barədə rəsmi sənəd tələb etsə də ona hər hansı əmrin surəti verilməmişdir. Cavabdeh tərəf ona işdən azad olunması barədə əmrin surətini bir çox müraciətlərindən sonra poçt vasitəsilə ev ünvanına xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Hesab edir ki, cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. Cavabdehin ünvanına göndərdiyi 2021-ci ilə aid əmək haqqı barədə xx.xx.2022-ci il tarixli, 67 saylı arayışa əsasən 2021-ci ildə əmək haqqı cəmi 5430.82 manat təşkil etmiş, belə olan halda orta aylıq əmək haqqısı 5430.82:12=452.57 manat təşkil edir. İdia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X5 MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2 və 3-cü bəndlərinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaəsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Apellyant apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəməni qətnaməsi qanusuz və əsassızdır. Belə ki, ona əmrin surəti verilməmişdir. Bundan başqa onun tərəfindən iddia müddəti ötürülməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamədən əsassızdır. Çünki qətnamədə işin mahiyyətinə, işdən azad etmə barədə əmrin qanuni olub-olmaması məsələsinə ümumiyyətlə qiymət verilməmiş, yalnız bir neçə cümlə ilə iddia müddətinin ötürülmə məsələsinə qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə əmr rəsmi qaydada cavabdehə təqdim olunmuşdur. Lakin tərəf əmri həmin tarixdən dörd gün sonra əmək kitabçasını aldığı tarixdən hesablamaqla mübahisələndirmişdir. Bununla da məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin ötməsi barədə ərizəni əsaslı saymış və mübahisəyə iddia müddətinin keçməsi baxımından qiymət vermişdir. Hesab edir ki, qətnamə əsassızdır. İş materiallarının 52-ci səhifəsində iddiaçının xəstəlik tarixçəsindən çıxarış mövcuddur. İddiaçı xx.xx.2022-xx.xx.2022 tarixlərdə xəstə olmuşdur. Deməli iddiaçı işdən azad edilərkən də xəstə olmuşdur. Məhkəmə həmin çıxarışa qətnaməsində qiymət verməmiş, nə təkzibə, nə də təsdiqə dair mövqe nümayiş etdirməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı xəstəxanadan çıxandan 4 gün sonra, xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiyaya dair bildiriş göndərmişdir. Bu səbəbdən hesab edir ki, mübahisəyə iddia müddəti tətbiq oluna bilməzdi. Çünki iddiaçının səhhəti ilə əlaqədar müvafiq müraciətləri etməyə imkanı olmamışdır. Müalicə ambulator qaydada həyata keçirilib. Həmin ötürülmüş müddət üzrlü hesab olunmalıdır. Cavabdeh mediasiya bildirişi ilə çağırışa gəlməmiş, bu səbəbdən də mediasiya prosesinə xitam verilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin Həkim-Sanitar Xidmətinin Xaçmaz X5 MMC-nin baş həkimi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, o, mediasiya prosesində şəxsən iştirak edib. Mediator ona bildirib ki, iddiaçının uşağı xəstədir, hazırda mediasiya prosesində iştirak edə bilmir. Bu səbəbdən onu növbəti iclasa dəvət edəcək. Sonra ona heç bir bildiriş gəlməyib. Xitam qərarı barədə də məlumatı olmayıb. Xəstəliklə bağlı iddiaçının müraciət etdiyi müəssisə ambulatoriya deyil. İddiaçı xx.xx.2022-ci il tarixdə həkim qəbulunda olub. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həkimə müraciət edib. Həmin yerdə heç analiz götürməyə də şərait yoxdur. İddiaçının diaqnozuna əsasən ona birinci qrup əlillik təyin oluna bilər. Bu diaqnoz həmin müəssisədə qoyula bilməzdi. Deməli xəstəlik tarixçəsindən çıxarış da həqiqəti əks etdirmir. Daha sonra qeyd etdi ki, iddiaçının diplomu təsdiq olunmayıb. 12 il onu işlətməklə uşağının xəstə olmasına görə humanistlik edilib. Diplomu olmayan şəxsi tibb bacısı kimi işlədə bilməzdilər. Diplomun təsdiq olunmaması faktı yeni aşkar olunub. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. “Dövlət rüsumu haqqında” Azəbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, cavabdeh "xxxx" QSC Həkim-Sanitar Xidməti Xaçmaz X5 MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddiaçı X3 tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş qəbzin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə əmək kitabçasını idarədən - Xaçmaz X5ndan aldığını təsdiq etmişdir. İddiaçı X3 məhkəmə iclasında həmin qəbzin onun tərəfindən yazıldığını və imza edildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi İddiaçı əmək kitabçasının surətini 20 fevral 2022-ci il tarixdə alması iş materiallarında olan qəbzlə və iddiaçının özünün etirafı ilə təsdiq olunur. Əmək Məcəlləsinin 294-cü maddəsinin 3-cü bəndinə əsasən isə, əmək kitabçasının alınması işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir. Məhkəmə hesab etmişdir ki, İddiaçı 20 fevral 2022-ci il tarixdən etibarən "xxxx" QSCnin Həkim-Sanitar Xidmətinin Xaçmaz X5 MMC-dən işdən çıxdığını bilmiş və onun məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı həmin gündən başlamışdır. Lakin o, iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin ötürülməsi ilə bağlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı hesab etmişdir. Bundan başqa, məhkəmənin fikrincə iş üzrə iddia müddətinin buraxılması məhkəmə tərəfindən tətbiq edildiyindən işin faktiki hallarına hüquqi qiymət verilməsinə lüzum qalmır. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. İş iateriallarından görünür ki, iddiaçı 03.05.199-cu ildə ADY QSC Həkim-Sanitar Xidmətini «X1» MMC Yalama st.TM tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 05/k №-li əmək müqaviləsinin ləğv edilməs haqqında əmrin surəindən örünür ki, iddiaçı X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madəsinin «c» bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əmək kitabçasını almışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ilkin mediasya şurasına müraciət etmişdir. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Müəyyən edilmişdir ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bundan başqa məhkəmə kollegiyası iddiaçının xəstəliyi ilə əlaqədar iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair dəlilinə qiymət verərək bildirir ki, iş materiallarında olan xəstəlik tarixçəsindən görünür ki, iddiaçı ambulator müalicə almışdır ki, bu da onun vaxtında məhkəməyə müraciət etməsini üzrlü hesab etmək üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-295/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-939/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-939/2023
23.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver