Məhkəmə qərarları › İş №2(105)-939/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-939/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-939/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Sumqayıt Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-261/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: Sumqayıt şəhəri, Koroğlu prospekti, 383, M1, m1) İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2005-ci ildən etibarən X12 və X7 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10, 1 saylı mənzildə qeydiyyatdadırlar.

3. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 714 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh1 Seyfalı oğlu, həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh3, oğlu Cavabdeh4 və nəvəsi X8 ilə birlikdə Qubadlı rayonundan məcburi köçkün kimi məskunlaşmışlar.

4. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəmə sorğusuna olan cavab məktubundan görünür ki, yaşayış sahəsi 39,60 kvadratmetrdən ibarət 3 otaqlı ünvan 2 Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 10 iyul 2003-cü il tarixli 178 saylı sərəncamı ilə X1 6 nəfərdən ibarət ailə tərkibinə ayrılmış, həmin mənzilə adına xx.xx.2003-cü il tarixdə 5/5 saylı order verilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-3368/2011 saylı qətnaməsinə əsasən, ilkin iddia təmin edilərək, Cavabdeh3 Niftalı qızı, Cavabdeh1 Seyidalı oğlu, X2 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 10-cu binanın 1-ci mənzilindən çıxarılması, X1 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 10 saylı binanın 1 saylı mənzilinə ailəsi ilə birlikdə köçürülməsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt ŞİH-nin cavabdehlər X3, İddiaçı, X4, X5 və X11 qarşı “orderin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun itirilməsi tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

7. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Göyərcik kəndindən məcburi köçkünlər-Cavabdeh1 Seyfalı oğlu, Cavabdeh2 Kalbalı qızı, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən 10 saylı evin 1 saylı nömrəli mənzilində məskunlaşmış və özü, eləcə də ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Nəzərə çatdırılır ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır, işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Komitənin boş mənzil fondu olmadığından yuxarıda adları göstərilən, sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşan məcburi köçkün ailəsinin yeni yaşayış sahəsi ilə təmin olunması mümkün deyil. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır. Həmin siyahı Cavabdeh1 Seyfalı oğlunun adı ailə üzvləri ilə birgə məskunlaşdığı mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 yəni, iddiaçının mərhum qayınanası 1979-cu ildən çalışdığı Sumqayıt Kompressorlar zavodundan yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi ailə tərkibi 3 nəfərdən ibarət olmaqla uçota alınmışdır. xx.xx.1991-ci ildə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, mənzil 38 orderlə mərhum qayınanası G.Cəfərovaya ayrılmışdır. Sonradan ailə üzvlərinin artması səbəbi ilə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıt Kompressorlar zavodunun xx.xx.1994-cü il tarixli, 698 saylı məktubuna və həmkarlar ittifaqı komitəsinin mənzil məişət komissiyasının birgə iclasının xx.xx.1994-cü il tarixli, 08 nömrəli protokoluna əsasən ünvan 2 ünvanının mərhum qaynanası G.Cəfərovaya ayrılması nəzərdə tutulmuşdur. Həmin mənzil Sumqayıt ŞİHB-nin xx.xx.2003-cü il tarixli 178 saylı sərəncamına əsasən xx.xx.2003-cü il tarixli, 5/5 nömrəli orderlə 6 nəfərdən ibarət ailə tərkibi ilə mərhum qayınanasına ayrılmışdır. Mərhum qayınanası G.Cəfərova xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra hüquqi varisi olaraq həmin mənzil iddiaçıya qalmış və həmin mənzilin ƏMDX yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mülkiyyətçisidir. Lakin iddiaçı həmin mənzilə mərhum qayınanasına ayrıldığı vaxtdan köçməmişdir. Belə ki, mənzil Qubadlı rayonundan köçkün düşmüş Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Cavabdehlər və onların ailə üzvlərinin mənzili zəbt etməklə iddiaçının və ailəsinin mənzil hüquqlarını pozmuşlar. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 , Cavabdeh3, övladı- yetkilik yaşına çatmayan 2015-ci il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 övladı- yetkinlik yaşına çatmayan 2015-ci il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılmaları, əldən çıxmış fayda qismində son 3 illik kirayə pulu olaraq (kirayə haqqı aylıq 250 manat hesablanmaqla) 9000 manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 210 manat pul vəsaitinin, cəmi 9210 manat pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-261/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, övladı- yetkinlik yaşına çatmayan 2015-ci il təvəllüdlü X8 ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10 ünvanında yerləşən 1 saylı mənzildən çıxarılmaları, ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 110 (bir yüz on) manat hissəsinin İddiaçı aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva)

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 81, 89.3, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-261/2024 nömrəli qətnaməsini dəyişdirərək iddiasının həm də dəymiş zərərin ödənilməsi hissəsində təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin “əldən çıxmış fayda qismində son 3 illik kirayə pulu olaraq (kirayə haqqı aylıq 250 manat hesablanmaqla) 9000 manat pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hesab edir ki, məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

15. Məhkəmə cavabdehlərin həqiqətən iddiaçının mülkiyyət hüquqlarını pozmasını öz qətnaməsində təsdiq etmişdir. Mülki Məcəllənin 21.1-cimaddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının dəymiş zərərlə bağlı iddiasını real zərər olaraq qəbul etmişdir. Lakin o əldən çıxmış fayda olaraq 10 illik, 20 illik kirayə pulunu deyil, humanistlik göstərərək sadəcə son 3 illik kirayə haqqını istəmişdir.

16. Məhkəmə MPM-nin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Digər hərəkətlər dedikdə isə burada məhkəmənin öz təşəbbüsü ilə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi başa düşülə bilər. Apellyasiya şikayətinə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10 ünvanında yerləşən digər mənzillərin kirayə qiymətləri ilə bağlı elanlarla bağlı çıxarışları əlavə edir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu etiraf olunmuş, hətta cavabdeh etiraf etmişdir ki, iddiaçı tərəfindən onlara başqa bir mənzil təklif olunmuş, lakin onlar bundan imtina etmişlər. Bu məhkəməiclas protokolunda da öz əksini tapır.

17. Məhkəmə qərar verərkən həqiqətən cavabdehlər tərəfindən onun mülkiyyət hüquqlarının pozulduğunu qəbul etmiş, bununla bağlı iddianı qismən təmin etmişdir. Lakin Cavabdeh1 tərəfindən məhkəmə zamanı verilmiş izahatını nəzərə almamışdır. Belə ki, cavabdeh etiraf edərək bildirmişdir ki, illər əvvəl iddiaçı tərəfindən onlara yaşamaları üçün başqa başqa mənzillər və yaşayış sahələri təklif olunmuş, hansı ki bu yaşayış sahələrində məskunlaşmaq heç kimin mülkiyyət hüququna toxunmurdu, lakin cavabdehlər həmin təklifləri rədd edərək iddiaçının mülkiyyət hüququnu pozmağa davam etmişlər. Qeyd edilən hallar məhkəmə iclas protokolunda, habelə audio-video yazı materiallarında öz əksini tapmışdır.

18. Cavabdeh1 da apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-261/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, X6 yəni, iddiaçının mərhum qayınanası 1979-cu ildən çalışdığı Sumqayıt Kompressorlar zavodundan yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi ailə tərkibi 3 nəfərdən ibarət olmaqla uçota alınmışdır. xx.xx.1991-ci ildə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 47, mənzil 38 orderlə mərhum qayınanası G.Cəfərovaya ayrılmışdır. Sonradan ailə üzvlərinin artması səbəbi ilə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıt Kompressorlar zavodunun xx.xx.1994-cü il tarixli, 698 saylı məktubuna və həmkarlar ittifaqı komitəsinin mənzil məişət komissiyasının birgə iclasının xx.xx.1994-cü il tarixli, 08 nömrəli protokoluna əsasən ünvan 3 ünvanının mərhum qayınanası G.Cəfərovaya ayrılması nəzərdə tutulmuşdur. Həmin mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 178 saylı sərəncamına əsasən xx.xx.2003cü il tarixli, 5/5 nömrəli orderlə 6 nəfərdən ibarət ailə tərkibi ilə mərhum qayınanasına ayrılmışdır. Mərhum qayınanası G.Cəfərova xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra hüquqi varisi olaraq həmin mənzil iddiaçıya qalmış və həmin mənzilin ƏMDX yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mülkiyyətçisidir. Lakin, iddiaçı həmin mənzilə mərhum qayınanasına ayrıldığı vaxtdan köçməmişdir. Belə ki, mənzil Qubadlı rayonundan köçkün düşmüş Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Cavabdehlər və onların ailə üzvlərinin mənzili zəbt etməklə iddiaçının və ailəsinin mənzil hüquqlarını pozmuşlar. Göstərilənlərə əsasən cavabdehlərin Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 10 ünvanında yerləşən 1saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər cavabdehlərin mənzildən çıxarılmaları, əldən çıxmış fayda qismində son 3 illik kirayə pulu olaraq (kirayə haqqı aylıq 250 manat hesablanmaqla) 9000 manat pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 210 manat pul vəsaitinin, cəmi 9210 manat pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

20. O məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, hazırda maddi imkanı çox aşağıdır və yaşadıqları ünvanda şəraitləri yaxşı deyil. Yaşadıqları ev bina evidir.1995-ci ildən mübahisələndirilən mənzildə yaşayırlar. Belə ki, dövlət tərəfindən yeni ev veriləcəyi təqdirdə mənzildən çıxmağa etiraz etmirlər. Hazırda qalacaq başqa yerləri yoxdur. Mübahisələndirilən mənzildə həyat yoldaşı, qızı və nəvələri ilə birlikdə yaşayırlar. Sözügedən mənzilin əvvəlki mülkiyyətçisi dəfələrlə evdən çıxmaqları onları məhkəməyə vermişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

21. Bu məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentin məlum Fərmanı mövcuddur. Belə ki, onlar evlə təmin edilmədiyi halda məskunlaşdıqları evdən çıxarıla bilməzlər. Məhkəmə işin hallarını lazımi qədər araşdırmamış və işin hallarını düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsini tamamilə əsasız və qanunsuz hesab edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, üçüncü şəxslər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinı lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu

32. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Maddə 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri

39. Maddə 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər

40. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-261/2024 qətnaməsini iddiasının təmin edilməyən hissəsində mübahisələndirərək tam təmin edilməsini, cavabdeh isə iddianın tamamilə rədd edilməsini xahiş etmişdir.

44. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində və Cavabdeh1 münasibətdə təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlərin mübahisəli mənzildən çıxarılması barədədir.

48. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən ünvan 2 (Yeni qaydalarla: Sumqayıt şəhəri, Koroğlu prospekti, 383, M1, m1) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar və mənzildən çıxmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

49. İşdən görünür ki, Cavabdeh1 iddiaya etiraz edir, mübahisələndirilən mənzildə 1995-ci ildən yaşadığını və başqa yaşayış yerinin olmadığından ev veriləcəyi təqdirdə mənzildən çıxmağa etiraz etmədiyini bildirir. Kollegiya həmin dəlillərə münasibət bildirərək, qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.

50. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

51. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin mülkiyyətindədir.

52. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehlərin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

53. İddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, iddiaçı əldən çıxmış fayda qismində son 3 illik kirayə pulu olaraq (kirayə haqqı aylıq 250 manat hesablanmaqla) 9000 manat məbləğində zərərin vurulmasını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

54. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-261/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar