Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-945/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-344/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 57 A saylı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Respublikada baş vermiş məlum hadisələr zamanı onlar, 1993-cü ildə ailəlikcə Cəbrayıl rayonundan məcburi köçkün kimi gəlib Sumqayıt şəhərində 76-cı məhəllədə sənədsiz tikilmiş fərdi yaşayış evində məskunlaşmışlar. Ailə üzvləri-əri X12, qızları İbişova Nəzakət, Ziyafət və Mətanət Əsgər qızı və oğlu Cavabdeh ibarət olmuşdur. Bir müddət bu ünvanda yaşadıqdan sonra həmin evin yanında qızı Nəzakətə fərdi yaşayış evi tikmişlər və Nəzakət onlardan ayrılaraq həmin evə köçmüşdür. Daha sonra Mətanət ailə qurmuş və 2009-cu ildə Ziyafət həmin ərazidə öz vəsaiti hesabına təxminən 0,05 ha ölçüdə torpaq sahəsi almış və bacısı Mətanətə həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına bir mərtəbəli, bir otaqlı, hamam-tualet və mətbəxdən ibarət ev tikdirib vermişdir. xx.xx.2011-ci il tarixdə əri ölmüşdür. 2015-ci ildə cavabdeh, yəni, oğlu Taleh məskunlaşdıqları evi satmış və onunla birlikdə Biləsuvar rayonunda məcburi köçkünlərə verilmiş evlərdən birinə köçüb yaşamışlar. 2018-ci ildə cavabdeh həmin evi də satıb Sumqayıta qayıtmış və 41A məhəllədə yerləşən yataqxanada yaşamışdır. 2018-ci ildə Taleh, qızı Mətanəti zorla qovub evindən çıxarmış və onunla birlikdə həmin evə köçmüşdür. Bir müddət bu evdə yaşadıqdan sonra Taleh, qızı Ziyafətə müraciət edib bildirmişdir ki, ev dardır, ona pul lazımdır ki, əlavə bir neçə otaq da tikdirsin. Ziyafətdə pul olmadığına görə Nəzakətdən xahiş etmişlər və o, Talehə 9000 manat vermiş, Taleh də həmin evi sökdürüb yerində 3 otaqlı fərdi yaşayış evi tikdirmişdir. Evi qaynı Mehralı İbişov tikmişdir. 2022-ci ildə Taleh ailə qurmuş və ailə qurandan sonra ona qarşı amansız olaraq tez-tez döyüb bədən xəsarəti yetirmiş və Sumqayıt X1 yerləşdirmişdir. Lakin, 2-3 gündən sonra qardaşı X4 işə qarışmış və sağlam olduğuna görə xəstəxanadan evə buraxmışlar. Xəstəxanadan çıxandan sonra Taleh onu evə qoymamış və qardaşı onu öz evinə aparmışdır. Qardaşının köməkliyi ilə hüquq-mühafizə orqanlarına müraciət etmiş, məhkəmə araşdırması zamanı Taleh cinayət məsuliyyətinə cəlb edilməsin deyə onunla barışmış və evə qayıtmışdır. Lakin, 3-4 gündən sonra Taleh yenə də onu döymüş və bədən xəsarəti yetirmişdir. Faktla bağlı araşdırma aparılmış, Talehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-458/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Taleh təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bütün bunlara baxmayaraq Taleh yenə də onu evə buraxmamış və yalnız Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları işə qarışandan sonra evə daxil ola bilmişdir. Beləliklə, cavabdeh onu əsarət altında saxlamaqla döyüb-incidir, hədə-qorxu gəlir və öldürəcəyi ilə hədələyir. Ona görə də ərizə ilə Azərbaycan Respublikasının Ailə, Qadın və X13 Dövlət Komitəsinə müraciət etmişəm və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun xx.xx.2023-cü il tarixli qərarına əsasən mənə qısamüddətli mühafizə orderi verilməsinə dair qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin, buna baxmayaraq nə Sumqayıt şəhər Polis İdarəsi, nə də Sumqayıt şəhəri üzrə İcra İdarəsi bu günə kimi onun problemini həll edə bilməmişlər. Belə ki, cavabdeh yenə də onu qovub evdən çıxarmış və evə buraxmır. Hazırda, müvəqqəti olaraq Sumqayıt şəhəri, 34-cü məhəllə, ev-7/23, mənzil-42 ünvanında yaşayan böyük qızı X6 evində yaşayır. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-344/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən 57A saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmamış, lazimi icazələr almadan həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmiş, buna baxmayaraq, Balaxanım Sədətqulu qızının qeyd edilən əmlaka sərəncam vermək hüququ olmasa da həmin əmlaka faktiki olaraq sahiblik edərək ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparmışdır. Yəni o, qeyd edilən fərdi yaşayış evinə mülkiyyətçi hüquqları ilə yanaşaraq birgə idarəetməni həyata keçirmişdir. Cavabdeh iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən istifadə etməsinə maneçilik yaradaraq orada yaşamağa icazə verməmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 52.2, 157.2, 157.8, 159, 164.1, 165.1,180-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 7.Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-344/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, ailədə dörd uşaq olmuşlar, mərhum atası X12 dördünə də ev almışdır. Atası mübahisə predmeti olan ərazidə torpaq sahəsi alıb 1 otaqlı ev tikmişdir. Bacısı Mətanət evləndikdən sonra kirayədə yaşamış və kirayə haqqını da 6 ay ərzinidə atası vermişdir. Mübahisə predmeti olan evi sökmüş, evin tikintisi ilə bağlı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət etmiş, lakin evin tikintisinə icazə verilməmişdir. 2018-ci ildə həmin evi söküb yerində yenisini tikmiş və evin tikintisində bacısı Ziyafətdən, nə də iddiaçıdan pul almamışdır. Türkiyədə yaşayan bacısı Ziyafət ona bildirmişdir ki, evdən çıxsın və özü gəlib hər şeyi həll edəcəkdir. Lakin onunla razılaşmamış və bildirmişdir ki, ev onun tərəfindən və öz vəsaiti ilə tikilib, nə üçün evdən çıxıb getməlidir. O tikdiyi evə heç bir xərc çəkmədiyi halda ondan əsassız yerə pul tələb edir. X10 gəldikdən sonra bacıları Zifayət, Nəzakət, Mətanət və iddiaçı anası evdə olmamağından istifadə edərək evinə daxil olub 650 manat pulunu oğurlamışlar. Nə anası, nədə ki, bacıların evin tikintisinə 1 manat da olsun xərc çəkməmişlər. Lakin ondan polisə və məhkəməyə əsassız olaraq şikayətlər vermişdirlər. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus deyil, lazımı icazələr alınmadan həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tərəfindən tikilmişdir. İddiaçı onunla birlikdə inşa etdirdiyi fərdi yaşayış evində ailə üzvü kimi yaşamayıb və birlikdə təsərrüfat aparmamışdır. O əsasən Bakı şəhərində yaşayan bacısı Mətanətlə və başqa qohumları ilə yaşamışdır. Xüsusən anası ona qarşı ailə həyatı qurduqdan sonra qərəzli hərəkətlər etməyə başlamışdır. Evləndiyi qadınla yaşamağına narazı olmuşdur. Buna görə də evə gələrək bir neçə dəfə dava salmış, hətta bir dəfə həyat yoldaşının üstünə bıçaq çəkib və evdən qovmaq istəmişdir. Ona şər böhtan ataraq baramağı toxunmadığı halda ondan şikayət etmiş, ona xəsatərlər yetirməsi barədə saxta rəy almışdır. Məhkəmə tərəfindən əsassız yerə cəzalandırılmışdır. Hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddiaçı ailəsinin yaşadığı mənzilə köçürülərsə evdə ağır nəticələrə səbəb olacaq hadisələr baş verə bilər. Anası və bacıları ona və ailəsinə qarşı düşmən münasibət bəsləyirlər. Beləliklə, iddiaçı ona məxsus fərdi yaşayış evinə onunla birlikdə idarəetməni həyata keçirməmişdir. Bununla da iddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən istifadə etmək və yaşamaq hüququ əldə etməmişdir. Həmin fərdi yaşayış evinin komunal xidmətləri işıq, su və qaz sayğacları onun adınadır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz vermişdir ki, etirazın dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətimi müdafiə edərək bildirdi ki, ev 2018-ci ildə tikdirmişdir. 2018-ci ilə qədər həmin torpaq sahəsində başqa bir evdə anası ilə yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin rəsmi çıxarışı yoxdur. Memarlığa cərimə ödənişi həyata keçirmişdir. Eyni zamanda bələdiyyəyə həmin torpaq sahəsi üçün pul ödəyib. Anası Türkiyədə bacısının yanında yaşamış, səhhəti ilə əlaqədar Azərbaycana qayıtmışdır. 2016-cı ildə ata yurdundakı evi satıb anasının ürəyinə stend qoydurmuşlar. Bu müddət ərzində Biləsuvar rayonunda dövlət mülkiyyətində olan evdə yaşamış, sonra məhəllə 41A-da yataqxanada kirayədə yaşamışlar. Kredit götürüb ata yurdunda bacısının yaşadığı həyətdə ev tikdirmək qərarına gəlmişdir. Bacısının ailəsi ilə söz-söhbət olmuş, nəticədə bacısıgil köçüb getmişdir. Bankdan kredit almış, bir otaqlı evi söküb onun yerində ev tikdirmiş və anası ilə birgə orada yaşamağa başlamışdır. 2021-ci ildə anasının təkidi ilə nikaha girmiş, bundan sonra problemlər yaranmağa başlamışdır. Daha sonra anası arvadı ilə boşanmağını tələb etməyə başlamışdır. Amma o, boşanmamışdır. Anası ilə birgə yaşamaqları mümkünsüzdür. İddiaçı evi satıb ona yeni ev almağına da razı olmamışdır. Səhhəti ilə əlaqədar olaraq kirayə evə çıxa bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabdında bildirmişdir ki, cavabdeh oğlu ilə münasibətləri gərgin olmasına baxmayaraq, o evinə köçmək istəyir.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh atasının evində yaşamamışdır. Atası öldükdən sonra anası Türkiyəyə bacısının yanına getmişdir. Bir otaqlı evi atası tikdirməmiş, bacısı almış və o, ailəsi ilə orada yaşamışdır. Əri ilə cavabdeh arasında dava olmuş və evdən çıxmalı olmuşdur. Cavabdeh bir müddət anası ilə birlikdə onun evində yaşamışdır. Anasının yaşamağa başqa yeri olmadığından onun həmin evə köçürülməsini tələb etmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
İşdə olan sübutlar
13. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin verdiyi 2388 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İbişova X2 rayonundan məcburi köçkündür.
14. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının aparatının verdiyi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-/1-İ150-135/2023 saylı məktubundan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda tərəfindən qaldıırlmış məsələ araşdırılmış və Qrupun xx.xx.2023-cü il tarixli qərarına əsasən ona qısamüddətli mühafizə orderi verilməsinı dair qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
15. xx.xx.2023-cü il tarixli 07 saylı “Məişət zorakılığı haqqında iş üzrə” qərarın surətindən görünür ki, Cavabdeh məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, X3 30 gün olmaqla (xx.xx.2023-cü il-xx.xx.2023-cü il) qısamüddətli mühafizə orderinin verilməsi qərara alınmışdır.
16. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-458/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
19. Mülki Prosessual Məcəllə
13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-344/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli ev özbaşna tikili olmaqla, onun yerləşdiyi torpaq sahəsinin də tərəflərə məxsus hər hansı bir hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Həmin evdə cavabdehlə yanaşı iddiaçı da yaşamış, həmin əmlaka faktiki olaraq sahiblik edərək ailə üzvü qismində birgə təsərrüfat aparmışlar. Daha sonra aralarında baş vermiş münaqişə zəminində iddiaçı qızının evində yaşamğa başlamış, cavabdeh onun mübahisəli fərdi yaşayış evinə köçərək yaşamasına maneçilik törətmiş, buna səbəb kimi anası ilə arvadının münaqişə etdiyini, onların birgə yaşamalarının mümkünsüz olması ilə əsaslandırmışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış binasından isifadə və ya ümumilikdə mülkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin, hazırkı iddiada mübahisələndirilən yaşayaş evi özbaşına tikili olduğu üçün həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir və bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya yol verilmir.
24. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması faktı iddiaçının həmin mənzilə köçürülməsinə mane ola bilməz. Belə ki, hər hansı bir təzyiq vasitəsi ilə şəxsin evdən çıxarılması həmin şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan mənzil hüququnun pozulmasına səbəb olur. Tərəflərin izahatından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan göründüyü kimi iddiaçı cavabdehlə birlikdə xeyli müddət ərzində mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüququnu mübahisəli mənzildə gerçəkləşdirmişdir. Hazırkı vəziyyətdə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. İddianın təmin edilməsi ilə isə həmin pozuntunun aradan qalırdırılması mümkündür. Buna görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əgər iddiaçı həmin müddətdə evdə yaşamaqla öz konstitusiyon hüququnu, yəni mənzil hüququnu reallaşdırmışdırsa, hazırda da mənzil hüququnun reallaşdırılmasına məhdudiyyət qoyula bilməz.
25. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin anası olmaqla, təxminən 67 yaşında olan məhdud əmək qabiliyyətli şəxsdir ki, Azərbaycan Respbulikasının Ailə qanunvericiliyinə, o cümlədən ədalət, insaf və mənəviyyat tələblərinə görə də yetkinlik yaşına çatmış övladlar valideynlərinə qayğı göstərməyə borclu hesab olunurlar. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında münaqişə olmaqla, iddiaçının özü də cavabdeh tərəfindən zorakılığa məruz qaldığını iddia etməkdədir ki, qeyd edilən hallar da birgəyaşayışı çətinləşdirə və ya mümkünsüz edə bilər. Bu halları isə iddiaçı özü qiymətləndirməklə, mübahisəli mənzildə və ya başqa yerdə yaşayışını təmin edə bilər. Məhkəmə kollegiyası isə iddiaçının mənzil hüququnun pozuntusunu müəyyən etdiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və ədalətli hesab etmişdir.
26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.