Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-946/2023 02.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi müəllim kimi çalışması faktının müəyyən edilməs tələbinə dair iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi xx.xx.1978-ci ildən xx.xx.1994-cü ilə kimi Qubadlı rayonu, Bəxtiyarlı kənd məktəbində müəllim kimi çalışması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-41/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci ilən xx.xx.1994cü ilə kimi Qubadlı rayonu, Bəxtiyarlı kənd məktəbində müəllim kimi işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.
2. Məhkəmədə ərizəçinin nümayəndəsi ərizəsini müdafiə edərək göstərmişdir ki, ərizəçi 1956-cı ildə Qubadlı rayonuda anadan olmuşdur. O, 1974-1978-ci illərdə X5 əyani təhsil alaraq bitirmişdir. Əmək fəaliyyətini müəllim təyinatı üzrə xx.xx.1978-ci ildən xx.xx.2003-cü ilədək Qubadlı rayonu, Bəxtiyarlı kənd məktəbində işləmişdir. Bu fakt ərizəçinin təkrar əmək kitabçasında öz əksini tapmışdır. Qubadlı rayonu işğal olandan sonra ilkin əmək kitabça məktəbdə qaldığından məhv edilmiş və arxivə təhvil verilə bilməmişdir. Yaşa görə əmək pensiyası hüququ yarandığı vaxtda cavabdehə müraciət etmişdir. Bütün lazımi sənədlər cavabdehə təqdim etməyinə baxmayaraq müraciəti müsbət həll edilməmiş, cavabdeh əmək kitabçasının təkrar olduğunu bəhanə gətirərək ərizəçinin hüququnun bərpa edilməsinə suni əngəllər törətmişdir. Bu faktın müəyyən edilməsi həmin dövrün əmək stajının ərizəçinin sosial sığorta stajına daxil edilməsi və ona əmək pensiyasının təyin edilməsi üçün lazımdır.
3. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyinda Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi ərizəyə etiraz təqdim edərək göstərdi ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddiaçı Ərizəçi xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş Qubadlı rayonu Bəxtiyarlı kənd orta məktəbində xx.xx.1978-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Qubadlı rayon Təhsil Şöbəsinin arxiv sənədləri işğal zonasında qaldığı üçün iddiaçının işə daxil olma əmri aşkarlanmamış, lakin xx.xx.1994-cü il tarixdən ödənişli əmək məzuniyyətinə buraxılması və xx.xx.2003-cü il tarixdə işdən azad edilməsi müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər (xx.xx.1978-xx.xx.1994-cü illər) əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qubadlı rayonun Bəxtiyarlı kənd məktəbində işlədiyini iddia etmişdir. Müvafiq məktəbdə işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 2(028)-691/2022 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir.
4. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-41/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) ərizə qismən təmin edilərək, Ərizəçi xx.xx.1978-ci ilən xx.xx.1993-cü ilə kimi Qubadlı rayonu, Bəxtiyarlı kənd məktəbində müəllim kimi işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.
5. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. X2 əmək kitabçasının surətindən görünür ki, F.Həsənov xx.xx.1980- ci il tarixdən xx.xx.1983-cü il tarixədək Qubadlı rayonu Bəxtiyarlı kənd məktəbində müəllim vəzifəsində çalışmışdır. X1 əmək kitabçasının surətindən görünür ki, Y.Məmmədov xx.xx.1975-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Qubadlı rayonu Bəxtiyarlı kənd məktəbində müəllim vəzifəsində çalışmışdır. Göründüyü kimi, Ərizəçi 1978-1993-cü illər arasındakı dövr ərzində Qubadlı rayonu Bəxtiyarlı kənd məktəbində işləməsi faktının müəyyən edilməsi üçün müraciət etsə də, hər iki şahidin birgə təsdiqlədiyi dövr xx.xx.1980-xx.xx.1983-cü il tarixləri əhatə edir. Bu baxımdan hesab edirlər ki, ərizəçinin xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi işləməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə məhkəməyə müraciəti ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan (25 il) sığorta stajının tamamlanmaması ilə əlaqədardır. Ərizəçinin maraqlı şəxs tərəfindən mübahisələndirilməyən iş stajı 12 il 7 ay təşkil etməklə şahid ifadələri ilə birgə təsdiqlənən dövr xx.xx.1980-xx.xx.1983-cü il tarixləri (3 il 06 gün) əhatə etdiyindən həmin dövrün hüquqi əhəmiyyəti olan fakt kimi təsdiq olunması ərizəçi üçün heç bir hüquqi nəticə yaratmadığından ərizə təmin olunmamalıdır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şahid Y.Məmmədovun ifadəsinə əsasən, əmək kitabçası sonradan məhkəmə qətnaməsi əsasında doldurulmuş təkrar əmək kitabçasıdır. Lakin əmək kitabçasının surətindən görünür ki, əmək kitabçası qətnamə əsasında doldurulsa da, müvafiq olaraq xx.xx.1975-ci il tarixli, 381 №-li işə daxilolma əmri və xx.xx.1986-cı il tarixli, 47№-li işdən azad edilmə əmri kitabçada qeyd olunmuşdur. Şahid Y.Məmmədovun ifadəsinə əsasən, sözügedən əmrlər əmək kitabçasının titul vərəqində “əmək kitabçasını verən məsul şəxs” kimi göstərilmiş Mustafayev tərəfindən əmrlər kitabına əsasən doldurulmuşdur. Yuxarıda göstərilən hal “lazımi sənədləri başqa qaydada ala bilməməsi” müddəası ilə ziddiyət təşkil etsə də, məhkəmə tərəfindən araşdırılmadan əsassız olaraq ərizə təmin edilmişdir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi onun 01 sentyabr 1978-ci il tarixdən 08 iyul 1994-cü il tarixədək Qubadlı rayonun Bəxtiyarlı kənd məktəbində işləməsi əmək kitabçasında qeyd olunduğundan həmin dövrün məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi əsassızdır. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Sözügedən qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin şikayətində göstərdiyi şahidlərin ərizəçi ilə 1980-1983-cü illərdə işləməsinə münasibətdə bildirilir ki, iş materiallarından görünür ki, şahid Y.Məmmədov 1975-1986-cı illərdə, şahid F.Həsənov 1980-1983-cü illərdə ərizəçi ilə bir yerdə işləmişdir və məhkəmə haqlı olaraq ərizəçinin 1978-1993-cü illərdə işləməsini təsdiqləmişdir. Çünki, bütün faktlar ərizəçinin həmin məktəbdə işləməsinə dəlalət edir ki, məhz sonradan ərizəçi işğaldan azad olunmuş rayonun əhalisi yerləşəndən sonra eyni məktəbdə əmək fəaliyyəti ilə rnəşğul olmuşdur. Birinci instansiya məhkəməsinə şahid kimi çağrılan şəxs X8 məhkəmə prosesinə gəlsə də dindirilməmişdir. Apellyasiya icraatında zərurət yaranarsa həmin şahid dəvət edilib dindirilə bilər. Belə ki, həmin şəxs ərizəçi ilə 1993-cü ildə rayon işğal edilməmişdən əvvəl həmin məktəbdə işləmişdir. Bu hal onu deməyə əsas verir ki, ərizəçi 1978-1993-cü illərdə həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin şikayətində göstərdiyi, “ərizəçinin əmək kitabçasında həmin dövrlər qeyd olunduğundan hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi əsassızdır” arqumentinə münasibətdə bildirilir ki, əmək pensiyasının təyin edilməsi tələbi ilə ilk öncə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmədən ona hüquqi yardım edilərək, həmin illərin mötəbərliyini sübut edilməsi yalnız məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi təsdiq edildikdən sonra qəbul etmək olar və bu səbəbdən ərizəni geri götürərək, fakt təsdiqi üçün rayon məhkəməsinə müraciət etmişdir. Digər tərəfdən cavabdeh inzibati orqan özünün **********9 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, “əmək kitabçanızda göstərilən xx.xx.1978-xx.xx.1994-cü illər əmək stajı kimi təsdiqlənmədiyindən, yəni həmin dövrlər təhsil şöbəsində təkrar əmək kitabçasına qanuna uyğun olmayan şəkildə təsdiqləndiyinə görə sizə əmək pensiyası təyin edilməkdən imtina olunur” bu onu deməyə əsas verir ki, cavabdeh ikiüzlülük, süründürməçilik edərək suni şəkildə vaxtı uzadaraq pensiya təminatı hüququnu kobud şəkildə pozmuşdur. Beləliklə, rayon işğal edildikdən sonra, ilkin əmək kitabçası müvafiq məktəbdə qaldığından məhv edilməsinə və arxivə təhvil verilə bilməməsinə görə Bəxtiyarlı kənd məktəbində işlədiyi xx.xx.1978-ci ildən xx.xx.1993-cü illər əmək stajına daxil edilərsə, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün lazım olan 25 illik iş stajı tamamlanmış olacaqdır. Bu hal yalnız məhkəmə qaydasında öz təsdiqini tapacaqdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qisməh təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********9 nömrəli, xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajı daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu ilin yanvarın 1-dən etibarən sığorta olunan əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Təqdim etdiyi əmək kitabçasına və təhsil haqqında diplomunun surətinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər) 12 il 7 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, adına tərtib olunmuş əmək kitabçasında qeyd edilmiş xx.xx.1978-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Qubadlı rayon Təhsil Şöbəsinin arxiv sənədləri işğal zonasında qaldığı üçün işə daxil olma əmri aşkarlanmamış, lakin xx.xx.1994-cü il tarixindən ödənişli əmək məzuniyyətinə buraxıldığı və xx.xx.2003-cü il tarixində işdən azad olmağı müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər (xx.xx.1978-xx.xx.1994-cü illər) əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
14. Birinci instansiya məhkəməsi qeyd edilən məktuba, şahid ifadələrinə istinad edərək ərizəni təmin etmiş, gəldiyi nəticəni əsaslandıra bilməmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycn Respublikas Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
16. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
17. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
18. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
19. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
20. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir.
21. Hazırkı işdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1994-cü ilə kimi Qubadlı rayonu, Bəxtiyarlı kənd məktəbində müəllim kimi işlədiyi dövrün məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş edir.
22. Halbuki, iş materiallarında olan xx.xx.1999-cu il tarixdə təkrarən verilmiş ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.2003-cü il tarixinədək Qubadlı rayonu, Bəxtiyarlı kənd məktəbində müəllim kimi işlədiyi dövr əmək kitabçasında qeyd olunmuşdur.
23. Əmək stajını təsdiq edən sənəd (hazırkı halda əmək kitabçası) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
24. Ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi yaşa görə əmək pensiyasının təyin edilməsindən Dövlət Sosial Müdafiə Fondunun imtina etməsi olmuşdur.
25. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 02 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1978-ci ildən xx.xx.1994-cü ilə kimi işlədiyi dövr əmək kitabçasında göstərilsə də əmək stajı kimi təsdiq olunmur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1994-cü ilə kimi işlədiyi dövrün əmək stajı kimi təsdiq olunmaması həmin dövrün hüquqi fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir.
27. Belə ki, mübahisələndirilən dövr əmək kitabçasında qeyd olunmuşdur və həmin dövrün inzibati orqan tərəfindən mübahisələndirildiyi halda, ərizəçi göstərilən dövrün sosial sığorta stajı kimi nəzərə alınmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər və həmin icraatda bu qeydin mötəbərliliyinə qiymət veriləcəkdir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin mübahisələndirdiyi dövr əmək kitabçasında qeyd olunduğundan əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
29. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-41/2023 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-41/2023 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi xx.xx.1978-ci ildən xx.xx.1994-cü ilə kimi Qubadlı rayonu, Bəxtiyarlı kənd məktəbində müəllim kimi çalışması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.