Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-947/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxs qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə doğumun qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2122/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxs qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “doğumun qeydə alınma faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmağının qeydə alınması faktının müəyyən edilməsi, doğum haqqında qeyd aparılarkən “ata” sahəsində “X1”, “ana” sahəsində “X2” qeydinin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2122/2023 saylı, 03 mart 2023-cü il tarixli qərardadı ilə Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxs qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “doğumun qeydə alınma faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsinin qəbul edilməsindən imtina olunması, ərizə və əlavə edilmiş sənədlərin rəsmi qaydada ərizəçiyə təqdim edilməsi qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Ərizəçi tərəfindən məhkəmənin sözügedən qərardadından şikayət verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)2122/2023 saylı, 03 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsi, işin icraata qəbul edilib baxılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2122/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən etmişdir ki, o, qeydin bərpasından imtina barədə inzibati məhkəməyə müraciət edə bilər. Bu isə səhv nəticə olmuşdur. Belə ki,Qeydiyyat Şöbəsinin də öz məktubunda qeyd etdiyi kimi qeydin bərpası o zaman mümkün ola bilərdi ki, bu qeydin mövcudluğunu təsdiq edən hər hansı bir sənəd mövcud olsun. Onda isə bunu təsdiq edə biləcək hər hansı bir sənəd yoxdur. Ona görə də belə hesab edir ki, məhz onun doğum qeydinin müəyyən edilməsi barədə məhkəmə qətnaməsi çixarılmalıdır ki, özünə doğum haqda şəhadətnamə ala bilsin. Məhkəmə isə işin bu halına lazımı diqqət yetirmədən ərizəni geri qaytarmışdır ki, bu halda məhkəmə qərardadı ləğv edilməli və iş icraata qəbul edilib qanuni qərar qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 307-308-ci maddələrindən məlum olur ki, bu qeydlərin bərpası o zaman həyata keçirilir ki, həmin qeydin həqiqətən də mövcud olmasını təsdiq edən sənədlər mövcud olsun. Onun isə belə bir sənədi yoxdur, bu sənədlər mövcud olmadıqda doğum haqda qeyd doğum qeydi faktının müəyyən edilməsi qaydasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hazırkı qərardadı qəbul edərkən bu maddi normaların tələblərini pozmuş, xüsusi icraat qaydasında həll edilməli olan məsələnin həllindən imtina edərək, ona qeydin bərpası barədə qeydiyyat şöbəsinə müraciət etməyi, ərizəsi təmin edilmədiyi təqdirdə isə inzibati məhkəməyə müraciət etməyi məsləhət bilmişdir ki, bu da səhv qərar olmuşdur. Onun sistemdə doğum barədə qeydi aşkar edilmədiyi üçün ərizəsi məhz xüsusi icraat qaydasında baxılmalı və qətnamə qəbul edilməli idi. Məhkəmə qərardadı ilə ərizənin geri qaytarılması bu prosesual tələbə zidd olmuşdur. Təqdim etdiyi sənədlərdən görünür ki, nə doğulduğu Bərdə rayon qeydiyyat şöbəsində, nə də avtomatlaşdırılmış mərkəzi sistemdə onun doğum qeydinə dair sənədlər aşkar edilməmişdir və hazırda doğum şəhadətnaməni başqa yolla ala bilmir. Belə olan təqdirdə onun doğum qeydi faktı məhkəmə qaydasında müəyyən edilməli və yalnız bundan sonra ona doğum haqda şəhadətnamə verilə bilər. Məhkəmə ərizəni göstərilən əsaslarla geri qaytarmaqla bu prosesual tələbi də pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-182/2023 saylı, 07 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçi doğumu qeydə alınaraq, bunun əsasında doğum haqqında şəhadətnamə verilmiş, ərizəçi həmin doğum haqqında şəhadətnaməsini itirmiş, Bərdə rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin aşkar edilməməsi səbəbi ilə doğumun qeydə alınma faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Doğumun qeydə alınma faktı o zaman məhkəmə tərəfindən müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamış və onların bərpası mümkün deyildir. Ərizəçi doğum haqqında akt qeydləri ilə bağlı maraqlı şəxsə müraciət etməsi müəyyən edilsə də, ərizəçi tərəfindən doğum haqqında akt qeydləri ilə bağlı nə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, nə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət edilməmişdir. Qeyd olunan orqanlardan müvafiq sənədləri aldığı təqdirdə isə doğumun qeydə alınma faktının müəyyən edilməsi ilə bağlı deyil, akt qeydinin bərpası və ya qeydiyyat şöbəsindən “doğum aktı qeydinin bərpa edilməsi”ndən əsassız imtina edildikdə isə, həmin doğum akt qeydini bərpa etməli olan qeydiyyat şöbəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi ümumi məhkəmələrdə baxılmalıdır. Belə ki, hazırki tələbdən görünür ki, ərizəçi doğumun qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmağının qeydə alınması faktının müəyyən edilməsi, doğum haqqında qeyd aparılarkən “ata” sahəsində “X1”, “ana” sahəsində “X2” qeydinin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla da müəyyən edilir ki, hazırki ərizə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlıdır. Hazırki işdən görünür ki, ərizəçi doğumu qeydə alınaraq, bunun əsasında doğum haqqında şəhadətnamə, şəhadətnamə əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (AZ ********) verilmiş, ərizəçi həmin doğum haqqında şəhadətnaməsini itirmişdır. Bununla da müəyyən edilir ki, ərizəçinin doğumu qeydə alınaraq bunun əsasında doğum haqqında şəhadətnamə verilsə də, Bərdə rayon Qeydiyyat şöbəsində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 13-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü maddəsinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazi üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. doğum haqqlnda aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpası üçün bu qeydin həqiqətən olduğunu təsdiq edən sənəd olmadığından doğum haqqında akt qeydinin bərpas ediulməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müracıət edilməsi tövsiyyət edilir. Göründüyü kimi, qeydiyyat şöbəsi tərəfindən verilmiş ərizədən məlum olur ki, akt qeydinin bərpası üçün qeydin olduğunu təsdiq edən sənədlər mövcud deyildir. Belə olan halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 14-cü maddəsinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək və mübahisənin tez bir zamanda həll edilməsi üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2122/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2122/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçi 1 saylı Sumqayıt Regional Maraqlı şəxs qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə doğumun qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-947/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-947/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver