Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-948/2023 26.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-466/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.1984-cü il tarixli, 00352 saylı orderə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla X1 özü daxil olmaqla 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir.
2. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzildə İddiaçı1, Cavabdeh, X9, X5 və İddiaçı2 qeydiyyatdadırlar.
3. X3 xx.xx.1985-ci il tarixində ürək-damar çatışmazlığı səbəbindən ölmüşdür.
4. Tərəflər arasında mübahisə mənzildən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 37 saylı mənzildən istifadə qaydasının müəyyən olunması, mənzilin iki otağının cavabdehin istifadəsinə verilməsi və yerdə qalan iki otağının isə iddiaçıların hər birinə bir otaq olaraq istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzildən istifadə qaydasının müəyyən edilməsi, yəni mənzilin məhkəmənin sorğusu əsasında əldə olunmuş planına əsasən 12,58 kv.m olan otağının cavabdehin istifadəsinə, sahəsi 9,00 kv.m olan otağının İddiaçı2 istifadəsinə, sahəsi 14,06 kv.m olan otağının İddiaçı1 istifadəsinə verilməsi, sahəsi 17,89 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.1984-cü il tarixli 00352 nömrəli order əsasında X1 özü daxil 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir. X4 hazırki iş üzrə tərəflərin, yəni həm iddiaçıların, həm də cavabdehin atasıdır. O, xx.xx.1985ci ildə ölmüşdür. Tərəflərin anası xx.xx.1998-ci il tarixdə ölmüşdür. Hazırda həmin mənzildə mənzilin orderində adları göstərilən şəxslərdən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh, arvadı və iki övladı ilə birlikdə yaşayır. Mənzil 4 otaqdan ibarətdir. Buna baxmayaraq cavabdeh və onun ailə üzvləri mənzilin 3 otağından istifadə edir və mənzilin orderində adı olan mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik iddiaçılar isə ikisi birlikdə mənzilin bir otağından istifadə edirlər. Qeyd edir ki, iddiaçılardan İddiaçı2 birinci qrup əlildir. İddiaçılar dəfələrlə cavabdehə müraciət edərək, mənzildən istifadə qaydasının müəyyən edilməsi, yəni mənzilin iki otağının cavabdehin və ailəsinin istifadəsinə verilməsi və yerdə qalan iki otağın isə iddiaçıların hər birinə bir otaq olaraq istifadələrinə verilməsi barədə razılığa gəlmək təklif olunsa da, cavabdeh buna heç bir məhəl qoymamışdır.
8. Məhkəmə iclasında Cavabdeh vəkili izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 6cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzilin texniki cəhətdən bölgüsünün mümkün olmasına dair iddiaçılar tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Tərəflərin hər birinin istifadəsinə 1 otaq verilməklə qonaq otağının və sanitar qovşağın ümumi istifadədə saxlanılması barədə iddiaçıların tələbi cavabdehin və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarını pozur. İddiaçılar öz iddia ərizəsində onların istifadəsinə verilməsini tələb etdikləri otaqlarda özlərinin faktiki yaşadıqlarını əsaslandırmalı idilər, lakin bu hal əsaslandırılmamış, istifadələrinə verilməsini tələb etdikləri otaqlar cavabdehin istifadəsindədir, otaqdakı əşyalar cavabdehə məxsusdur. Belə ki, iddiaçılar mənzildəki otaqların yalnız birindən - qonaq otağına bitişik yataq otağından istifadə edirlər. İddiaçıların tələb etdikləri qaydada mənzil bölgüsünün aparılması mümkün olmadığından iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli sorğunun cavabı olaraq Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehalat Birliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 05 saylı məlumatdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzil ümumi sahəsi 80,84 kv.m, yaşayış sahəsi 53,13 kv.m, köməkçi sahəsi 27,71 kv.m olmaqla 1 dəhliz, 1 mətbəx, 4 yaşayış otağı və 1 hamam otağından ibarətdir. Məlumata Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilinin 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemi əlavə edilmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-466/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzilə istifadə qaydaları müəyyən edilərək, 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemində göstərilən, mənzilin 12,81 kv.m sahəsi olan yataq otağının İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağının İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağının Cavabdeh istifadəsinə verilməsi, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının iddiaçılar və cavabdehin ümumi istifadələrində saxlanılması qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir. İddiaçıların ehtiyacı olmasına baxmayaraq cavabdeh ilə birlikdə sözügedən yaşayış sahəsindən istifadə edə bilməməsi ilə bağlı məhkəmə hesab etmişdir ki, bu hal onların iradəsinə uyğun baş verməmiş, cavabdeh iddiaçıların mübahisəli mənzildən olan hüquqları qədərində istifadəsini mümkünsüz etmişdir. Bunu tərəflərin izahatı və işin faktiki halları təsdiq edir. Mənzil üç ayrı yataq otağından, bir qonaq otağından, bir mətbəx otağından, bir hamam otağından və bir dəhlizdən ibarətdir.
12. Mübahisəli mənzilə istifadə hüququ olan üç nəfərə, yəni iddiaçılar və cavabdehə hər birinə bir yataq otağından istifadə qaydası müəyyən edilməklə, mənzilin digər hissələrindən onların birgə istifadə qaydası müəyyən edilməlidir. Cavabdeh hazırda mənzilin 13,22 kv.m və 9,5 kv.m olan (13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemə əsasən) iki yataq otağından istifadə edir, iddiaçılar isə 12,81 kv.m sahəsi olan üçüncü yataq otağından, digər hissələr isə hazırda ümumi istifadələrindədir. Göründüyü kimi, iddiaçılar va cavabdeh mənzilə münasibətdə eyni hüquqlu olmalarına baxmayaraq, iddiaçıların istifadəsində yalnız bir yataq otağıdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilinə istifadə qaydaları müəyyən edilərək, 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemidə göstərilən, mənzilin 12,81 kv.m sahəsi olan yataq otağı İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağı İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağı Cavabdeh istifadəsinə verilməklə, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağı və mənzilin sanitar qovşağı iddiaçılar və cavabdehin ümumi istifadələrində saxlanılmalıdır.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33, 1982-ci ildən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 52, 53-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən bir sıra maddi normalara - Mənzil Məcəlləsinin 51-53-cü maddələrinə və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinad etmiş, bu mübahisəyə qiymət vermişdir. Halbuki, hazırki iddia tələbinin mənzilə istifadə hüququnun tanınması və ya mənzilin özəlləşdirilməsi ilə bağlı mübahisə ilə hər hansı bir əlaqəsi yoxdur, burada mübahisə predmeti mənzildən istifadə qaydasının müəyyən olunması ilə bağlıdır. Məhkəmə mənzilllə bağlı münasibətlərin 2009-cu il 1 oktyabr ayına kimi yarandığını qeyd etməklə həmin tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinə istifnad olunmasını vurğulayır və mənzildən istifadə hüququnun yaranması ilə bağlı həmin vaxt qüvvədə olan normalara, eyni zamanda icarədarın ailə üzvlərinin istifadə hüquqlarının yaranması ilə bağlı məsələyə toxunur, buna baxmayaraq qeyd edir ki, bu mənzilə yalnız 3 nəfərin-1 cavabdeh və 2 iddiaçının hüququ vardır, cavabdehin 3 nəfər ailə üzvlərinin mənzilə istifadə hüquqları məhkəmə tərəfindən müəyyən olunmur. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, cavabdehin həyat yoldaşı 2007-ci ildə mübahisəli mənzilə gəlin gəlmiş və həmin mənzildə yaşadıqları vaxt 2 övladı doğulmuşdur, mənzilin orderində adı olan cavabdeh və iddiaçılar bu şəxsləri mənzilə ailə üzvü kimi köçürmüş və dövlət fondunda olan mənzildən onların da istifadə hüquqları yaranmışdır. Lakin məhkəmə bu şəxslərin mənzilə istifadə hüquqlarının olmaması kimi səhv nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin maddi norma kimi istinad etdiyi Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən cavabdehin həyat yoldaşı və 2 övladı da bu mənzildən digər yaşayışçılar kimi istifadə hüququ əldə etmiş şəxslərdir və mənzildən istifadə qaydası müəyyən olunarkən bu şəxslərin də mənzildən istifadə hüquqlarının olması nəzərə alınmaqla hazırki mübahisəyə qiymət verilməli idi. Bundan başqa həmin məcəllənin 54-cü maddəsində qeyd olunur ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edir. Lakin məhkəmə bu normanın tələblərinə zidd mövqe nümayiş etdirmiş, bu azyaşlı uşaqları “mənzilə hüququ olmayan şəxslər” kimi qeyd etmişdir. Mənzil Məcəlləsinin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Mənzil Məcəlləsinin 40-cı maddəsinə əsasən mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilir. Konkret halda ayrıca icarə müqaviləsinin bağlanılması ilə bağlı məhkəmədə iddia tələbi qaldırılmasa da məhkəmə faktiki olaraq “mənzil bölgüsü” aparmış, 4 otaqlı mənzili 3 nəfər arasında bölmüş və 1 otağı da ümumi istifadədə saxlamışdır. Bir qədər də irəli gedərək 3 nəfərin hər birinə ayırdığı otaqları “yataq otağı” kimi ümumi istifadədə saxladığı otağı isə “qonaq otağı” kimi qəbul edərək mübahisəyə qiymət vermişdir. Halbuki, otaqların bu qaydada adlandırılması işdə olan sənədlərdən görünmür və məhkəmə sorğusu əsasında təqdim olunmuş “mənzilin texniki planında” qeyd olunan ölçülərlə iddiaçının iddia tələbində qeyd olunan ölçülər arasında uğunsuzluq olduğu halda məhkəmə buna da aydınlıq gətirməmiş, qətnamənin “qət etdi” hissəsində “iddia təmin edilsin” yazılsa da iddia ərizəsi və ona verilmiş dəqiqləşmədən də aydın olur ki, iddiaçı tamamilə başqa sahəli otağın cavabdehin istifadəsinə verilməsini məhkəmədən xahiş etmişdir, lakin iddiaçının iddia etdiyi ölçüdə bu mənzildə otaq mövcud deyildir. Bundan başqa məhkəmə iddiaçılara mənzildən istifadə qaydasının müəyyən olunması məsələsində üstünlük hüququnun verilməsini və onların istəyi əsasında mənzildə faktiki bölgünün aparılmasını qətnamədə əsaslandıra bilməmişdir. Belə ki, iddiaçılar artıq uzun illərdir ki, mənzilin iç-içə olan 2 otağının 1-dən yataq otağı kimi istifadə edir və digər iri otaq isə digər ailə üzvlərinin istifadəsindədir. Ayrıca giriş-çıxış qapısı olan digər 2 otaqların birində cavabdeh 2 oğlu, birində isə cavabdeh həyat yoldaşı ilə yaşayır. Burada heç kimin mənzildən istifadə hüququ pozulmur. Lakin məhkəmə mənzilin daxilində faktiki bölgü apararaq, hətta qeyd etdiyi bölgüdə harada, hansı istiqamətdə yerləşən, ayrıca və ya iç-içə olub-olmadığı da müəyyən edilməyən otaqları 6 nəfərin daimi olaraq yaşadıqları bir mənzildə 3 nəfər arasında bölmüşdür, belə olan halda digər 3 nəfər yaşayışçılar və qeydiyyatda olan şəxslər bu mənzildən hansı qaydada istifadə etməli və hansı otaqdan məhkəmənin təbiri ilə desək “yataq otağı” kimi istifadə etməlidirlər. Göründüyü kimi hazırki qətnamə maddi normaların pozulması ilə qəbul edilməklə yanaşı, vətəndaşların daimi yaşadıqları mənzildən istifadə hüquqlarının tamamilə pozulmasına xidmət etmiş bir qətnamədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (2009-cu ilədək qüvvədə olan)
19. Maddə 51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.
20. Maddə 52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz.
21. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələr İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
22. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il taixli qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
29. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
32. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti təşkil edən mənzil ilə bağlı hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.
38. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
39. İş materiallarından görünür ki, xx.xx.1984-cü il tarixli, 00352 saylı orderə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla X1 özü daxil olmaqla 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzildə İddiaçı1, Cavabdeh, X9, X5, İddiaçı2 və Nümayəndə qeydiyyatdadırlar. İddiaçı2 3-cü qrup əlildir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2185/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Nümayəndə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 77-ə istifadə hüququ tanınmışdır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər mənzilin icarədarı olmuş X1 ailə üzvləri olmaqla qeyd olunan mənzilin yaşayış sahəsindən istifadə hüququ əldə etmişdirlər.
41. Mənzildən istifadə qaydalarını müəyyən edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzil üç ayrı yataq otağından, bir qonaq otağından, bir mətbəx otağından, bir hamam otağından və bir dəhlizdən ibarətdir. Mübahisəli mənzilə istifadə hüququ olan üç nəfərə, yəni iddiaçılar və cababdehə hər birinə bir yataq otağından istifadə qaydası müəyyən edilməklə, mənzilin digər hissələrindən onların birgə istifadə qaydası müəyyən edilməlidir. Cavabdeh hazırda mənzilin 13,22 kv.m və 9,5 kv.m olan (13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemə əsasən) iki yataq otağından istifadə edir, iddiaçılar isə 12,81 kv.m sahəsi olan üçüncü yataq otağından, digər hissələr isə hazırda ümumi istifadələrindədir. Göründüyü kimi, iddiaçılar va cavabdeh mənzilə münasibətdə eyni hüquqlu olmalarına baxmayaraq, iddiaçıların istifadəsində yalnız bir yataq otağıdır.
42. Məhkəmə kollegiyası mübahisəli mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə mövcud mübahisənin həlli üçün zərurət olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilin 12,81 kv.m sahəsi olan yataq otağının İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağının İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağının Cavabdeh və onun 3 nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə verilməsi, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının həmin şəxslərin ümumi istifadələrində saxlanılması yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına uyğunluğundurmu? 2) Mübahisəli mənzildə adambaşına düşən ayrılma norması gözlənilməklə otaqların təcrid mənzillər şəklində istifadəsi mümkündürmü (mənzildə yaşayan şəxslərin sayı nəzərə alınmaqla)? Əgər mümkündürsə hansı qaydada mümkündür?
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4676 nömrəli rəyində qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilin 12,81 kv.m sahəsi olan yataq otağının İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağının İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağının Cavabdeh və onun 3 nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə verilməsi, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının həmin şəxslərin ümumi istifadələrində saxlanılması Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilin faktiki vəziyyətini, mənzilə yalnız bir giriş-çıxış yolunun olduğunu və tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, sanitar qovşağı və s.) yeganə olduğunu nəzərə almaqla, həmin mənzilin təcrid mənzil şəklində istifadə olunması (bölünməsi) Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
44. Göründüyü kimi cavabdeh və ailə üzvləri (arvadı və iki uşağı) mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna malik olan şəxslərdir və həmin mənzildə birgə təsərrüfat aparmaqla tərəflərlə birlikdə yaşayırlar. Birinci instansiya məhkəməsi tərəfindən istifadə qaydaları müəyyən edilərkən həmin şəxslərin də yaşayış sahəsi ilə bağlı iddiaçılarla bərabər hüquqlara malik olduqlarını, tələb olunan formada istifadə qaydalarının müəyyən olunmasının yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına uyğun olub-olmaması, mənzildən istifadə qaydalarının müəyyən olunmasının texniki cəhətdən mümkünlüyü məsəslələrini araşdıraraq nəzərə almamış, nəticədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
45. Məhkəmə iclasında tədqiq olunan xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4676 nömrəli ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
45. Belə ki, ekspert mübahisəli mənzilə baxış keçirmiş, Məhkəmə Tikinti-X2 Metodlarının tələblərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Digər tərəfdən, iddiaçı tərəfin təqdim etdiyi ərizəyə əsasən iddia tələbi 12,58 kv.m olan otağının cavabdehin istifadəsinə, sahəsi 9,00 kv.m olan otağının İddiaçı2 istifadəsinə, sahəsi 14,06 kv.m olan otağının İddiaçı1 istifadəsinə verilməsi, sahəsi 17,89 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının ümumi istifadədə saxlanılması barədə olsa da, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin edilməsi qənaətinə gəlmiş, lakin iddia tələbindən kənara çıxaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzilə istifadə qaydalarının müəyyən edilərək, 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemində göstərilən, mənzilin 12,81 kv.m sahəsi olan yataq otağının İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağının İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağının Cavabdeh istifadəsinə verilməsi, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının iddiaçılar və cavabdehin ümumi istifadələrində saxlanılmasını qət etmişdir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, mövcud iddianın təmin edilməsi cavabdeh və onun ailə üzvlərinin mənzildən istifadə ilə bağlı qanunla qorunan hüquq və maraqlarına zidd olduğundan əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir.
49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-466/2023 nömrəli qətnaməsi ləğv edilərərk iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılardan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(060)-466/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.