Məhkəmə qərarları › İş №2(105)-948/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-948/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-948/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)- 87/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evi X2 almışdır. O, evi alan zaman əvvəlki mülkiyyətçi bildirmişdir ki, beş gün ərzində evi tam şəkildə faktiki istifadəsinə verəcəkdir. Bu müddəa müqavilədə də öz əksini tapmışdır. Lakin keçmiş mülkiyyətçinin anası Cavabdeh1 və bacısı Cavabdeh2 həmin evdə yaşayırlar. O, dəfələrlə cavabdehlərdən bu evdən çıxmasını tələb etsə də onlar evdən çıxmaqdan imtina etmişlər. O, qanuni əsaslarla aldığı mənzilə cavabdehlərin ucbatından daxil ola bilmir. Hər iki cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə etməsinə maneçilik törədir. Bunun nəticəsində isə ona maddi və mənəvi ziyan dəyir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli ev alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmış və onun adına xx.xx.2022-ci il tarixdə reyestrdən çıxarış verilmiş, Cavabdeh1 öz qızı X3 qarşı məhkəmədə iddia qaldıraraq onunla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirsə də onun iddiası rədd olunmuşdur. Cavabdehlər isə həmin evdə yaşayırlar, mübahisəli ev hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehlərin yaşaması onun mülkiyyət hüquqlarını pozur.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 140, 152.1, 157.2 və 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarını və maddi hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hər ikisi ünvan 1 ünvanında yerləşən evdə yaşadıqları halda iddiaçı evə baxış keçirmədən, alaçağı evlə tanış olmadan evi almışdır. Birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, onların iştirakı olmadan məhkəmə iclasları keçirilib, qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, işin təxirə salınmasına etiraz edir. Cavabdeh birmənalı şəkildə evi tərk etmək istəmir. Evi Cavabdeh1 qızından alıblar. Evdə qalan şəxslərin evə dair hər hansı hüquqları yoxdur. Evə baxaraq evi alıblar, həmin vaxt evdə heç kim olmayıb. Satıcı demişdir ki, 5-10 gün ərzində təhvil verəcək. Lakin, iki ilə yaxındır ki, evdə yaşaya bilmirlər. Cavabdehin qızı anasının vəfat etdiyini bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında cavabdehlə telefon əlaqəsi saxlanılmış, Cavabdeh2 anası olan digər Cavabdeh1 vəfatı ilə əlaqədar olaraq məhkəməyə gəlmədiyini bildirmişdir.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, İslam Səfərli küçəsi, dalan 1-də yerləşən 3 saylı fərdi yaşayış evini 38000 manata İddiaçı satmışdır. 14.İş materiallarında olan ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, İslam Səfərli küçəsi, dalan 1-də yerləşən 3 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4313/2023 saylı, xx.xx.2023-cü tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və 3 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı qarşı "bağışlama müqavilənin etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası rədd olunmuşdur.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

18. Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(105)-948/2024 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)- 87/2024 nömrəli qətnaməsi qismən, iddia tələbinin cavabdeh X4 münasibətdə təmin edilməsi hissəsində ləğv edilmiş, cavabdeh X6 öldüyündən ona münasibətdə iş üzrə icraata xitam verilmişdir.

20. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh2 şikayətinin dəlllərinə münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

22. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil Cavabdeh1 qızı, eləcə də Cavabdeh2 bacısı X5 tərəfindən alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin, cavabdehlər həmin mənzildən çıxmamışdır.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəini əsassız hesab edərək, ilk öncə iddiaçının mənzilə baxış keçirmədən almasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4313/2023 saylı, xx.xx.2023-cü tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və 3 saylı Bakı Asan Xidmət Mərkəzinə qarşı qarşı "bağışlama müqavilənin etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiası rədd olunmuşdur. Göründüyü kimi mübahisə predmeti olan evin alqı-satqısına dair müqavilə mübahisələndirilmiş, lakin iddia tələbi təmin edilməmişdir ki, bununla da cavabdehin alqı-satqının qanunsuzluğuna dair dəlilləri əsassız olmuşdur. 24.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 mübahisəli evdə yaşadığını, bununla da dolayısı ilə mübahisəli evə istifadə hüququnun olduğunu iddia etsə də onun yaşayış binasının tərkib istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mübahisəli mənzil cavabdehin qanunsuz sahibliyində olmaqla, cavabdehin mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur.

25. Məhkəmə kollegiyası məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə iclasları barədə cavabdehə rəsmi qaydada bildirişlər göndərilmiş, eləcə də məhkəmə iclası barədə sms bildiriş vasitəsi ilə məlumat verilmişdir. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Eyni zamanda işdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdehlər məhkəməyə müraciət edərək, mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişlər ki, bu fakt da məhkəmə iclasları barədə cavabdehin məlumatlı olmasını təsdiq edir.

26. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar