Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-955/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-425/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə, Abşeron rayonu 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə X6 ilə Cavabdeh arasında beh müqaviləsi bağlanmış, beh verən X6 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,027 ha torpaq sahəsində inşa edilən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 183,5 kv.metrlik qeyri-yaşayış sahəsini aldığına görə Cavabdeh 80000 manat beh vermiş, müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 375000 manata razılaşdırılmış, beh verən X6 qalan 295000 manat pulu xx.xx.2022-ci il tarixə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öz üzərinə götürmüşlər. Bu müddətə kimi, cavabdeh mübahisəli əmlakı başqa şəxslərə satmışdır.
2. X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı onun vərəsəsidir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh beh müqaviləsindən borclu olduğu 117000 manat, dövlət rüsumu olaraq ödənilmiş 407 manat, hüquqi yardım üçün ödənilmiş 150 manat olmaqla, cəmi 117557 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəyyən danışıqlar aparıldıqdan sonra xx.xx.2020-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində mərhum arvadı X6 ilə Cavabdeh arasında beh müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, beh verən X6 ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,027 ha torpaq sahəsində inşa edilən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 183,5 kv.metrlik qeyri-yaşayış sahəsini aldığına görə Cavabdeh ümumilikdə 117000 manat pul vermiş, Cavabdeh həmin behi almışdır. Müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 375000 manata razılaşdırılmışdır. Beh verən X6 qalan 295000 manat pulu xx.xx.2022-ci il tarixi müddətinə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öz üzərinə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə X1 olduğu qeyri-yaşayış sahəsini başqa şəxslərə satmaqla dələduzluq cinayəti törətmişdir. Əldə etdiyi vərəsəlik şəhadətnaməsinə əsasən Abşeron rayon polis idarəsinə etdiyi müraciət əsasında Cavabdeh barəsində ********* saylı cinayət işi başlanmış və o həbs edilmişdir. İstintaq zamanı cavabdeh ona verilmiş 117000 manat behi qaytarsa da, beh müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş şərtə əməl etməmişdir. Müqavilənin həmin bəndində nəzərdə tutulmuşdur ki, mülkiyyətçi daşınmaz əmlakı satmaqdan imtina edərsə, alınan beh 2 qat qaytarılmalıdır. Əgər beh verən daşınmaz əmlakı almaqdan imtina edərsə, verdiyi beh qaytarılmır. Beləliklə, cavabdeh müqavilənin şərtinə əməl etməyərək, behin 2ci qatı olan 117000 manat pulu ona ödəməmişdir.
5. İşdə olan Abşeron rayonu 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə X6 ilə Cavabdeh arasında beh müqaviləsindən görünür ki, beh verən X6 ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,027 ha torpaq sahəsində inşa edilən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 183,5 kv.metrlik qeyri-yaşayış sahəsini aldığına görə Cavabdeh 80000 manat beh verir, müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 375000 manata razılaşdırılır. Beh verən X6 qalan 295000 manat pulu xx.xx.2022-ci il müddətinə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öz üzərinə götürür.
6. İşdə olan cinayət işi üzrə icraata xitam verilməsi barədə Abşeron rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-425/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh 80000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinun və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, behin məbləğini müqavilə üzrə tərəflər 80000 manat müəyyən etmişlər. Sonradan Cavabdeh ümumilikdə 117000 manat vəsait qəbul etsə də, məhkəmə hesab edir ki, bunun yalnız 80000 manat hissəsi beh məbləğidir, digər 37000 manat isə xx.xx.2022-ci il tarixə qədər ödənilməli olan qalıq məbləğdir.
9. İşdən görünür ki, hazırki tarixədək Cavabdeh iddiaçı tərəfə götürdüyü 80000 manat behi qaytarsa da, müqavilədə və mülki qanunvericilikdə nəzərdə tutulmuş behin ikiqat hissəsini, yəni 80000 manatı ona qaytarmamışdır. Buna görə də məhkəmə hazırki iddianı bu məbləğdə əsaslı hesab edir və iddianın qismən təmin edilməsi nəticəsinə gəlir.
10. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1, 460.3, 491.1, 491.2, 492-ci, Mülki Prosessual Məcəllənin 77.1, 82.4, 106.1, 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf özü ödənişlərin edilməsi ilə problemlər olduğundan qeyri-yaşayış sahəsini geri qaytarmaq barədə iradəsini cavabdehə ifadə edərək ödədikləri pulu geri tələb etməyə başlamışdır. Bundan sonra isə həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən satılmışdır. Cavabdeh isə iddiaçı tərəfə qeyri-yaşayış sahəsini satdığını bildirərək gəlib pulu götürməsini tələb etsə də iddiaçı tərəf pulu il yarımdan sonra gəlib ikiqat götürəcəyini bildirmişdir. Təbii olaraq Cavabdeh də bu tələblə razılaşmamışdır. Beləcə bu zəmində tərəflər arasındakı münasibət pisləşmiş və iddiaçı cavabdeh barəsində Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. İddiaçı tərəfin iddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın iddiaçının izahatı olan hissəsində qeyd edilmişdir ki, “iddiaçı özü obyekti almaq fikrindən daşınmış və ödədiyi 117000 manat məbləğində pulu geri qaytarmağı tələb etməyə başlamışdır. Lakin beh müqaviləsinin 5-ci bəndində açıq-aşkar göstərilmişdir ki, beh verən tərəf əmlakı almaqdan imtina edərsə beh geri qaytarılmır. Göründüyü kimi iddiaçı tərəf beh müqaviləsi üzrə əmlakı almaqdan imtina etdiyi üçün behi tələb etmək hüququnu itirdiyi halda, həmin 80000 manat məbləğində beh məbləğini tələb etmiş bundan əlavə ödənilmiş digər pullarla birlikdə geri almışdır. Cavabdehin ödənilən pulun beh hissəsinin 2 qatını geri qaytarma öhdəliyi o halda yaranardı ki, cavabdeh özü əmlakı satmaqdan imtina etsin və yaxud da müqavilədə göstərilən hər hansı şərti pozsun. Lakin əmlakı geri qaytaran iddiaçı özü olmuşdur. Bu halı hazırda qəbul etməsələr də, iddia ərizəsinə iddialarının sübutu kimi qoşduqları cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda hər şey açıq aşkar göstərilmişdir. İddiaçı özü bildirir ki, “Mən əmlakı almaq fikrindən daşındım və ödədiyim pulu Mənsurdən tələb etdim”. Göründüyü kimi iddia ərizəsinin əsaslandırma hissəsində qeyd edilən məlumatların yalan olması elə iddia ərizəsinə əlavə edilmiş sənədlərdə olan məlumatlara əsasən ortaya çıxır. İşin faktiki hallarından göründüyü kimi müqavilənin icra edilməməsinin səbəbi müqavilənin şərti olan əmlakın qəbul edilməsi və pulun qalan hissəsinin ödənilməsi tələblərinin iddiaçı tərəfindən pozulması olmuşdur. Tərəflər arasındakı münasibətlərə tətbiq edilməli maddi hüquq norması olan MM-in 492.2-ci maddəsinin tələbinə əsasən də belə olan halda iddiaçı tərəfin beh məbləğinin özünü belə geri tələb etmək hüququ olmamışdır. Lakin işin faktiki hallarından məlum olduğu kimi cavabdeh tərəfindən bütün məbləğ geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsi isə təqdim etdiyikləri sübutları, iş üzrə halları araşdırmamış, qeyd edilən hallara qətnamədə heç bir münasibət bildirməmiş, sadəcə iddiaçı tərəfin əsassız iddialarını sübut kimi qəbul etmişdir. Bu da onu göstərir ki, məhkəmə maddənin tələbində qeyd olunan halları araşdırmamışdır. Nəticədə ədalətsiz və qanunsuz qətnamə qəbul edilmiş və hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı tərəf beh müqaviləsi üzrə əmlakı almaqdan imtina etdiyi üçün behi tələb etmək hüququnu itirmişdir, buna baxmayaraq həmin 80000 manat məbləğində beh məbləğini tələb etmiş bundan əlavə ödənilmiş digər pullarla birlikdə geri almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi iddiaçı tərəf bunu öz izahatı ilə təsdiq etmişdir. Bundan əlavə məhkəmə qətnaməni əsaslandırarkən, iş üzrə bütün sübutlara qiymət verməmiş, hətta cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən cavabdehin iddiaçını aldatdığını, dələduzluq cinayətini törətdiyini qeyd etmiş, lakin beh müqaviləsinin kimin tərəfindən pozulmasını və faktiki halları araşdırmamış nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti tamamilə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2020-ci ildə tərəflər arasında bağlanmış beh müqaviləsinin 3cü bəndində qeyd olunmuşdur ki, “Beh verən X6 qalan 295.000 manat pulu xx.xx.2022-ci il tarix müddətinə qədər (yəni 1 il 6 ay ərzində) Cavabdeh ödəməyi öz öhdəsinə və beh alan isə həmin müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdiriiməsiüçün lazım olan olan bütün sənədləri hazırlamağı öz üzərinə götürür. Halbuki, cavabdeh iddiaçının xəbəri olmadan, iddiaçıya satılması nəzərdə tutulan 183,5 kv.metrlik qeyri yaşayış sahəsinin 60,5 ky.m olan hissəsini, sonuncu ödənişdən cəmi 2 ay 21 gün keçdikdən sonra, xx.xx.2021-ci il tarixdə X4 119.000 manata, 123 kv.m olan hissəsini isə eyni tarixdə X2 226.000 manata satmışdır. Həmin alqı-satqı əqdləri barədə xeyli sonra məlumat alan iddiaçı, təbii ki, verilmiş behin qaytarılmasını tələb etməyə başlamışdır. Onun beh müqaviləsinin predmeti olmuş qeyri-yaşayış sahəsindən imtina edib-etməməsinin heç bir əhəmiyyəti olmamışdır. Çünki, artıq həmin sahə cavabdeh tərəfindən satılaraq özgəninkiləşdirilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
17. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
19. Maddə 491. Beh anlayışı 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
20. Maddə 492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
25. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
26. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-425/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 80000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinin və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, MPM-in 76-cı maddəsinə əsasən, 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
34. İşdə olan xx.xx.2020-ci il tarixdə X6 ilə Cavabdeh arasında bağlanmış beh müqaviləsinin surətindən görünür ki, beh verən X6 ümumi sahəsi 183,5 kv.metrlik qeyriyaşayış sahəsini aldığına görə Cavabdeh 80000 manat beh verir, müqavilədə göstərilən daşınmaz əmlakın ümumi qiyməti 375000 manata razılaşdırılır, beh verən X6 qalan 295000 manat pulu xx.xx.2022-ci il müddətinə qədər Cavabdeh ödəməyi, beh alan isə həmin müddət ərzində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün sənədləri hazırlamağı öz üzərinə götürür.
35. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, bağlanmış müqavilə üzrə xx.xx.2020-ci il tarixədək iddiaçı tərəf cavabdehə 117.000 manat məbləğində pul vəsaiti ödəyib. Müqavilədə adı çəkilən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən başqa şəxslərə satılıb. Cavabdeh tərəfindən 117.000 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılıb.
36. Hazırda iddiaçı həmin müqavilənin 5-ci bəndinin tələbindən çıxış edərək behin iki qatını tələb edir. Beh məbləği müqavilə üzrə 80.000 manat göstərilmişdir. Mübahisə olunan məsələ isə müqavilə üzrə öhdəliyin icra müddəti ilə və öhdəliyin icra edilməməsi, onun pozulması ilə bağlıdır.
37. Müqavilə üzrə öhdəliklərin icrası üçün müddət xx.xx.2022-ci il tarixədək, yəni müqavilə bağlandıqdan 1 il 6 ay müddət üçün nəzərdə tutulduğu göstərilir. Lakin cavabdeh həmin müddətin əslində 3 ay müəyyən olunduğuna və onun tərəfindən daşınmaz əmlakın başqa şəxslərə satılmasına iddiaçının satın almaqdan imtinasının və pul vəsaitinin geri tələb edilməsinin əsas olduğunu göstərir. İddiaçı tərəf bu halı etiraf etmir.
38. İş materiallarında olan Abşeron rayon Pİ-nin İŞ-nin baş müstəntiqi Eldəniz Əsgərovun cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh (hazırkı iş üzrə cavabdeh) Azərbaycan Respublikası CMin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilmişdir.
39. Həmin qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı (hazırkı iş üzrə iddiaçı) ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında oğlu üçün mağaza işlətməyə görə obyekt axtarmış, həmin vaxt Xırdalan şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən daşınmaz əmlak alqı-satqısı olan bina gözünə sataşmış, avtomobili saxlayıb həmin binaya daxil olduqda ona Mənsur adlı şəxsin obyekti satdığını bildirmiş, bundan sonra Mənsur ilə telefon əlaqəsi saxlamış və sonuncu onu satdığı obyektin qarşısına çağırmış, həmin obyektin sənədi barədə maraqlandıqda sonuncu sənədin olduğunu və evində saxladığını bildirmiş, aralarında olan razılaşmaya əsasən obyektin dəyərinin 130.000 manatı əvəzinə ona Mercedes və BMV markalı avtomobillər, qalan pulun bir hissəsini hazırda, qalan hissəsini isə bankdan kredit götürüb ödəyəcəyini bildirmiş, Mənsur onunla razılaşmış, razılaşma olduqdan sonra 5000 manat pulu Mənsur beh kimi istəmiş, o, razılaşdığı üçün xx.xx.2020-ci il tarixdə Mənsurla Xırdalan şəhərində yerləşən 2 saylı notariat konturunda müqavilə bağlanmış, müqavilənin şərtinə görə 3 ay ərzində ona 375.000 manat pul obyektə görə ödənilməli olmuş, razılaşmaya görə Mənsura ilkin olaraq 80.000 manat pul ödəmiş, obyektin çıxarışı sonuncudan istənildikdə gələn görüşdə ona təqdim ediləcəyi bildirilmiş, o, öz səhvini etiraf edərək göstərmişdir ki, Mənsura inanmış və ilkin danışıqda müqaviləni oxumadan həyat yoldaşına imza etməyə razılıq vermiş, axşam evinə gəldikdə müqavilənin şərtlərini oxumuş və müqavilənin şərtinə görə bir il altı ay ərzində vaxtlarının olmasına təəccüblənmiş, növbəti görüşdə Mənsurla bu barədə maraqlandıqda sonuncu ona hörmət əlaməti olaraq belə yazdığını göstərmiş, buna baxmayaraq 3 ay ərzində alqı-satqının vacibliyi deyilmişdir. Bir neçə gün sonra Mənsur onunla zəngləşib ödənişlə bağlı görüşməyi bildirmiş, o, isə 80.000 manatı təzə verdiklərini, qalan pulu ödəmək üçün 3 ay vaxt olduğunu bildirmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə notariusda mərhum həyat yoldaşı Zemfira ilə birlikdə Mənsura 15.000 manat, bundan 4 gün sonra xx.xx.2020-ci il tarixdə əlavə 5000 manat pul vermiş və həmin pullar da notariusda rəsmiləşdirilmişdir. Söhbət zamanı Mərsur avtomobilləri ondan götürməkdən boyun qaçırmış və avtomobilləri bir yerdə satdıqdan sonra pulu ona verməyi bildirmişdir. Onlar əvvəlcə avtomobillərə görə obyektin dəyərindən 155.000 manat pul çıxmaqla bağlı razılaşsalarda Mənsur onunla sonradan razılaşmamış, bundan bir neçə gün sonra Mənsur təkidlə zəng edərək ondan qalan pulu tələb etməyə başlamış, belə olduqda BMV markalı avtomobili 20.000 manata satmış və mərhum həyat yoldaşının yanında həmin pulun 17.000 manatını Mənsura ödəmişdir. Həmin ərəfədə Mənsur ona çıxarış surəti gösərməsinə baxmayaraq, həmin çıxarışda adı olan şəxslə əlaqə saxlanılmış və belə bir obyektinin olmadığını, həmin sənədin isə torpağa aid olduğu bildirilmiş, həmçinin obyektin sahəsinin 210 kvadrat metr deyil, 183,5 kvadrat metr olmasını bilmiş, bunun səbəbini isə Mənsur tikinti ilə əlaqələndirmiş, artıq son danışıqlarda gərginlik artmağa başlamış, Mənsur isə Mercedes S klass markalı avtomobili götürməkdən imtina etmiş, bundan sonra o, obyekti almaq fikrindən daşınmış və ödədiyi 117.000 manat pulu geri istəməyə başlamış, belə olduqda Mənsur ondan vaxt istədiyi üçün o, əlavə 15.000 manat pul da ödəməsini demiş, lakin Mənsur razı olmamış və ödədiyi pulun üstündə əlavə 2-3 min manat ödəyə biləcəyini deyib və ondan bir ay vaxt istəmiş, lakın Mənsur vədinə əməl etmədiyi üçün aralarında olan gərginlik daha da artmış və o, müqavilənin şərtlərinə əməl etməsini bildirmiş, bu barədə notariat konturunun müdirəsi ilə əlaqə saxlanıldıqda ona alqısatqını rəsmiləşdirilməsi bildirilmiş, Mənsur dəfələrlə alqı-satqıya razı olduğunu desə də, bu prosesdən yayınmış, sonradan həmin obyektin çıxarışın alınmadığı məlum olmuş, lakin hazırda Mənsur obyekti ona deyil, başqasına satmış və onun pulunu qaytarmamışdır.
40. Göstərilən ifadədən aydın olur ki, müqavilə tərəfləri xx.xx.2020-ci il tarixli beh müqaviləsi bağlamazdan əvvəl öhdəliklərin icrası üçün 3 ay müddət müəyyənləşdirmişlər. Hətta ifadədədən görünür ki, iddiaçı müqavilənin şərtlərini axşam evinə gəldikdə oxumuş və müqavilənin şərtinə görə 1 il 6 ay ərzində vaxtlarının olmasına təəccüblənmişdir.
41. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
42. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (Mülki Məcəllənin 404.2-ci maddəsi)
43. Beləliklə, məhkəmə kollegiyası hesb edir ki, xx.xx.2020-ci il tarixli beh müqaviləsində öhdəliklərin icrası üçün nəzərdə tutulmuş 1 il 6 ay müddət müqavilə tərəflərinin iradə ifadəsinə və onların həqiqi niyyətinə uyğun olmamışdır. Bu müddətin əslində 3 ay müəyyən edilməsi halı iş üzrə tədqiq olunmuş sübutlarla təsdiqini tapır. Bu müddət isə xx.xx.2021-ci il tarixdə bitmişdir. Cavabdeh qeyri-yaşayış sahəsini başqa şəxslərə xx.xx.2021-ci il tarixdə satmışdır.
44. İş materiallarında olan satıcı Cavabdeh və alıcı X5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183.5 kv.m olan qeyriyaşayış sahəsinə dair Cavabdeh adına olan çıxarış xx.xx.2020-ci il tarixdə verilmişdir.
45. Göründüyü kimi cavabdeh adı çəkilən qeyri-yaşayış sahəsini həm beh müqaviləsi bağlanan zaman, həm də bundan sonrakı münasibətləri zamanı iddiaçı tərəfə satmağa səlahiyyətli olmuşdur. Həm də cavabdeh qeyri-yaşayış sahəsini başqa şəxslərə iddiaçı ilə razılaşdığı məbləğdən də aşağı qiymətə satmışdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar cavabdehin etirazının və apellyasiya şikayətinin əsaslarını təsdiq edir. Belə ki, qeyri-yaşayış sahəsinin iddiaçı tərəfə satılmasından cavabdehin imtinası təsdiqini tapmır.
47. Əksinə iddiaçının yuxarıda istinad olunan ifadəsindən görünür ki, o, özü obyekti almaq fikrindən daşınmış və ödədiyi 117.000 manat pulu geri istəməyə başlamışdır.
48. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın qismən təmin edilməsi – cavabdehdən 80000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinin və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
50. Digər hissədə - iddiaçının təmin olunmayan 37000 manat tələbinin beh məbləği olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti isə kollegiya düzgün hesab edir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilsə də, mahiyyət etibarilə iddianın bu hissəsi mübahisələndirilmədiyi üçün kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
52. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-425/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 80000 manat pulun, 150 manat vəkil xərcinin əvəzinin və 330 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.