Məhkəmə qərarları › İş №2(105)-956/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-956/2021

18.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-956/2021 18.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X3 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsinə qarşı əmək münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(034)-434/2019 saylı qərardadından maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) ərizənin qismən təmin edilməsi, Ərizəçi 1977-ci il tarixdən 1993-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləməsi faktının müəyyən olunması qət edilmişdir. Maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsi qətnamədən apelyasiya şikayəti vermişdir. Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim G.İmanova) Zəngilan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs AR DSMF-nin Zəngilan rayon Şöbəsi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsi qərardaddan şikayət vermişdir. Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, 1975-ci tarixdən 1977-ci il tarixə kimi Zəngilan rayonu, Qıraq Müşlan kənd üzümçülük sovxozunda fəhlə, 1977-ci il tarixdən 1993-cü il oktyabr ayına kimi Zəngilan rayon Mədəniyyət evinin 1 saylı avtoklubunda müdir işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsi Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, şikayət vermə müddətini ötürməmişdir. Qərardad qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Ərizəçi şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə maraqlı tərəfə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş Zəngilan rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını prosessual müddətin ötürülməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, məhkəmə aktı xx xxxxxxx 2019-cu il tarixdə tərəflərə, xx.xx.2019-cu il tarixdə icra olunması üçün DSMF-nin Zəngilan rayon Şöbəsinə göndərilmişdir. Maraqlı tərəf xx xxxxxx 2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə qəbul edilmiş məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamənin alındığı vaxtdan 1 ay müddətində verilə bilər. Göründüyü kimi qətnamənin surəti ərizəçiyə, o cümlədən maraqlı tərəfə xx.xx.2019-cu il tarixdə göndərilsə də, qətnamənin maraqlı şəxs tərəfindən alınmasını təsdiq edən sübut iş materiallarında mövcud olmadığı halda, maraqlı tərəfin xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsilə göndərdiyi apellyasiya şikayətinin geri qaytaran birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddətin ötürülməklə verilməsi qənaətinə gəlmişdir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məhkəmə aktının maraqlı şəxs tərəfindən hansı vaxtdan alınmasını dəqiqləşdirmək üçün göndərilmiş qətnamənin sonuncunun alıb-almaması aydınlaşdırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar aydınlaşdırılmadan maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsi tərəfindən Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı müddətin ötürülməsi qənaətinə gəlinməsi və marqlı şəxsin üzərinə prosessual müddətin bərpasına dair ərizə verilməsi vəzifəsinin qoyulması əsaslı hesab edilə bilməz. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Bundan əlavə «Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə artıq müəyyən edilmiş halın yenidən qiymətləndirilməsi, məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə, yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Bu isə ədalət mühakiməsinə olan inamın azaldılmasını qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəf AR DSMF-nin Zəngilan rayon Şöbəsinin şikayəti qismən təmin edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Zəngilan rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 və Nail Mirzəyevin şikayəti qismən təmin edilsin. Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. Şikayətin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələlərinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Zəngilan rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar