Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-957/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-649/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərardadı ilə (hakim F.Yaqubov) İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra, kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməsi qərara alınmışdır. İddiaçı MMC qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-649/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2465,38 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat pulun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı MMC Şamaxı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, həmin qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci maddəsində qeyd olunduğu kimi, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddənin məzmunundan göründüyü kimi, rüsumdan azad olunan əmək fəaliyyətinin hər iki tərəfidir, yəni azadolma təkcə işçiyə münasibətdə deyil, işəgötürənə münasibətdə də tətbiq edilir. Həmin maddədə “əmək fəaliyyəti ilə bağlı digər tələblər” müddəası isə fərdi əmək mübahisələrinin predmetini təşkil edən bütün məsələləri əhatə edir ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “ğ” bəndinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi – fərdi əmək mübahisəsinin predmetini təşkil edir. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq - əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasında, həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən isə işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək – əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları sırasında yer alıb. Eyni zamanda, 30 aprel 2004-cü il tarixli 643-İİQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 505) ilə Məcəllənin 298-ci maddəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: Maddə 298. Fərdi əmək mübahisəsinə baxılarkən dövlət rüsumunun və məhkəmə xərclərinin ödənilməsi qaydası 1. Bu Məcəllə ilə tənzimlənən hüquqlarının pozulduğunu iddia edən işçinin və ya işəgötürənin fərdi əmək mübahisələrinə məhkəmədə baxılması üçün iddia ərizəsi verilərkən müvafiq dövlət rüsumu və məhkəmə xərcləri qabaqcadan ödənilmir. 2. Əmək mübahisəsini mahiyyəti üzrə həll edən hakim müvafiq qətnamə qəbul edərkən qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun və məhkəmə xərclərinin iddiasını təmin etmədiyi iddiaçının, onun iddiasını təmin etdikdə isə cavabdehin hesabına ödənilməsi barədə qərar qəbul edir. Göründüyü kimi, Əmək Məcəlləsinin həmin maddəsi qüvvədən düşsə də, eyni oxşar müddəa “Dövlət rüsumu haqqında” Qanununa əlavə edilmiş və “işçinin və ya işəgötürənin” ifadəsi “iddiaçı” ifadəsi ilə əvəz edilmişdir. Əgər, yeni qanunvericilikdə azadolma təkcə işçiyə münasibətdə tətbiq edilsəydi, onda qanunverici “iddiaçı” yox, “işçi” ifadəsini işlətmiş olardı. Eyni zamanda, hazırda qüvvədə olan azadolma müddəasında əmək mübahisələrinin konkret dairəsi qeyd olunmadan “əmək fəaliyyəti ilə bağlı digər tələblər” ifadəsi qeyd edilmişdir ki, hazırda qaldırılan iddia məhz əmək fəaliyyəti ilə bağlı digər tələblər kateqoriyasına aiddir. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi və tam maddi məsuliyyət müqaviləsi bağlanmaqla əmək münasibətləri mövcud olmuş, işçi əmək fəaliyyəti zamanı tam maddi məsul şəxs olmuş, tərəflər arasında mövcud olmuş əmək fəaliyyəti zamanı işçi əmək funksiyalarını lazımi qaydada icra etmədiyinə görə işəgötürənə 2465,38 manat manat məbləğində maddi zərər vurmuş, bunun nəticəsində tərəflər arasında fərdi əmək mübahisəsi yaranmışdır ki, iddiaçı (işəgötürən) əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməməsi, hazırki işin rüsum ödənilmədən həll edildiyi anlamına gəlmir, çünki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə, hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Tərəflər arasında yaranmış hazırki mübahisə əmək fəaliyyəti ilə bağlı və məhz səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunun göstərişinə əsasən dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.1-ci maddəsində sadalanan tələblər (əməyin ödənilməsi, əmək fəaliyyəti ilə bağlı digər tələblər) “və” bağlayıcısı vasitəsilə birləşdirilsə də, azərbaycan dilinin qrammatikasına görə, “və” birləşdirici tabesizlik bağlayıcısıdır, yəni cümlənin tərkib hissələrini birbirinə bağlasa da, cümlənin bir hissəsini digər hissəyə tabeli vəziyyətə salmır. Yəni, sözügedən maddədə istifadə olunan “əmək fəaliyyəti ilə bağlı digər tələblər” hissəsi həmin cümlənin “əməyin ödənilməsi ilə bağlı tələblər” hissəsindən asılı və tabeli vəziyyətdə deyil. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində qeyd olunduğu kimi əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 43, 48, 58, 72, 87, 88 və 270-ci maddələrinin məzmunundan da göründüyü kimi əmək fəaliyyəti anlayışı yalnız işçilərə aid olan məfhum olmaqla, əmək fəaliyyətilə işəgötürən deyil, işçi məşğul olur. Təsadüfi deyildir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində əmək münasibətlərindən irəli gələn tələblər üzrə iddiaçılar deyil, məhz əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Yəni, əmək münasibətlərinin tərəfləri həm işəgötürən, həm də işçi hesab olunur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsində əmək münasibətləri anlayışının əvəzinə əmək fəaliyyəti anlayışının istifadə olunması həmin normanın yalnız işçilərə aid olmasını təsdiq etməkdədir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarır (MPMnin 152.1.5 maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.5. maddəsində göstərilən tələblərə cavab vermədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli və onunla bağlı 29 mart 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli və onunla bağlı 29 mart 2024cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-957/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-957/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver