Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-959/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Əhmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli e-2(060)-721/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları olan 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 22 yanvar 2009-cu il təvəllüdlü X5 mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzildən çıxarılması, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10 mikrorayon, ev 13-də yerləşən 11 saylı mənzil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 12 aprel 2022-ci il tarixli ********** nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının gəlinidir. O, 23 fevral 2006-cı ildə iddiaçının oğlu X2 ilə rəsmi nikaha daxil olmaqla xüsusi mülkiyyət hüquqi əsasında həyat yoldaşına məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. 2021-ci ilin fevral ayına kimi cavabdeh həmin mənzildə yaşadıqdan sonra onlarla yola getməmiş, həyat yoldaşı və uşaqları ilə birlikdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində kirayə ev tapıb ora köçüb orada yaşamağa bağlamışlar. Lakin, iddiaçı bir ana kimi oğlunun və nəvələrinin kirayə qalmasına ürəyi dözmədiyi üçün 01 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzili alaraq cavabdehin və ailə üzvlərinin həmin mənzilə köçüb yaşamalarına icazə vermişdir. Cavabdeh öz həyat yoldaşı ilə yola getmədiyi üçün aralarında olan nikah pozulmuşdur. Hal-hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilə özü köçüb yaşamaq istəsə də, cavabdeh həmin mənzildən çıxmır və qəti şəkildə çıxmayacağını bildirir. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 01 aprel 2022-ci il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Muradova Nuranə Kamal qızı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzili 59.800 manata İddiaçı satmışdır.
5. ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli ********* qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
6. Sumqayıt şəhəri İcra Hakimiyyəti 16 saylı MKS-i tərəfindən 07 dekabr 2022ci il tarixli 1397 saylı forma arayışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13də yerləşən 11 saylı mənzildə Cavabdeh azyaşlı uşaqları X4 və X6 ilə faktiki qeydiyyatsız yaşayırlarf.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli e-2(060)-721/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddianın təmin edilməsi, Cavabdeh azyaşlı uşaqları 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 22 yanvar 2009-cu il təvəllüdlü X6 ilə mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13də yerləşən 11 saylı mənzildən çıxarılması, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunn Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun yaranması üçün heç bir müqavilə bağlanmamışdır, cavabdehin iddiaçının oğlu ilə olan nikahı Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixdə pozulmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 və 228.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 217, 191, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-721/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10 mikrorayon, ev 13-də yerləşən 11 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adınadır. O, 23 fevral 2006-cı ildə iddiaçının oğlu X2 ilə rəsmi nikaha daxil olmaqla xüsusi mülkiyyət hüquqi əsasında keçmiş həyat yoldaşına məxsus olan Sumqayıt şəhəri, 13 mikrorayon, ev 47, mənzil 59-a gəlin köçmüş və 2021-ci ilin fevral ayına kimi həmin mənzildə yaşadıqdan sonra Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində kirayə ev tapıb ora köçüb orada yaşamağa bağlamış, bir müddət sonra isə birgə nikah dövründə topladıqlrı vəsait hesabına 01 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 13-də yerləşən 11 saylı mənzili alaraq həmin mənzilə köçmüşlər. O, həmin mənzilin keçmiş həyat yoldaşının adına alındığını bilmiş, lakin sonradan ona məlum olmuşdur ki, bu mənzil onun adına deyil, iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı ona bildirmişdir ki, həmin mənzili uşaqlarından birinin adına keçirəcəkdir. Lakin o, keçmiş həyat yoldaşına qarşı nikahın pozulması barədə iddia qaldırdıqdan sonra o da məhkəmədə ona qarşı mənzildən çıxarma barədə iddia qaldırmışdır. Məhkəmə iddiaçını bu mənzilin mülkiyyətçisi kimi qəbul etməklə belə bir qənaətə gəlmişdir ki, o, uşaqları ilə bu mənzildən çıxarılmalıdır. Halbuki, bu mənzil iddiaçının adına olsa da mənzil onunla keçmiş həyat yoldaşının birgə vəsaiti hesabına və birgə nikah dövründə əldə edilmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
19. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində yanlışlığa yol versə də tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 10 mikrorayon, ev 13-də yerləşən 11 saylı mənzil İddiaçı məxsusdur. Cavabdeh isə iddiaçının keçmiş gəlinidir. Cavabdeh 23 fevral 2006-cı ildə iddiaçının oğlu X2 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçının razılığı ilə 01 aprel 2022-ci il tarixdə mübahisə predmeti olan mənzilə köçərək orada yaşayırlar. Cavabdeh öz həyat yoldaşı ilə yola getmədiyi üçün aralarında olan nikah pozulmuşdur. İddiaçı mülkiyyət hüquqlarının pozulduğunu iddia edərək araşıdırlan iddia tələbini irəli sürmüşdür.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi qət edilmişdir.
22. Qənamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, şikayətin dəlili olaraq mənzil iddiaçının adına olsa da həmin mənzilin iddiaçının oğlu ilə birgə nikah dövründə və ümumi vəsaitləri hesabına aldıqlarını göstərmişdir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Məhkəmə kollegiyası qeyd olunan huquq normalarının göstərişi, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanmaqla, apellyator tərəfindən şikayətin dəlilləri ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Odur ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
28. İşin hallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilə 01 oktyabr 2009-cu il tarixdən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin qüvvədə olduğu vaxtda köçmüşdür.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
32. Konstitusiya Məhkəməsi qeyd olunan qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir
33. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.
34. Məhkəmə kollegiyası şərh olunan hüquq normalarına əsasən işin faktiki hallarına qiymət verib hesab edir ki, cavabdeh mübahisə predmeti olan evin mülkiyyətçisi iddiaçının gəlini olmaqla, qayınanadan (İddiaçı) ailə qanunvericiliyinə əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından ailə üzvü hesab edilə bilməz.
35. Məhkəmə kollegiyasının qənaitincə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yaranmır.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən daxili inamı formalaşdıraraq araşıdırılan münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli e-2(060)-721/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.