Məhkəmə qərarları › İş №2(105)-965/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-965/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-965/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evə köçürülmə, pasport qeydiyyatına alınma və istifadə hüququnun tanınması tələbinə dair Quba Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(027)- 18/2010 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qətnaməsi ilə (hakim E.Camalov) iddianın təmin edilməsi, İddiaçı Quba şəhəri, Fətəli Xan küçəsi, 2a saylı evin 34-cü mənzilinə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülməsi və pasport qeydiyyatına alınması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Quba Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərardadı ilə (A.Babayev) cavabdeh Quba Rayon Məhkəməsinin 2(027)-18/2010 nömrəli 12 yanvar 2010-cu il tarixli qətnaməsindən mülki iş üzrə Cavabdeh1 vəkili tərəfindən verilmiş apellyasiya şikayəti və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu şikayəti vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-18/2010 nömrəli 12 yanvar 2010-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Quba Rayon Məhkəməsinin 2(027)- 18/2010 nömrəli 06 mart 2023-cu il tarixli qərardadından Cavabdeh1 vəkili tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Quba şəhəri, Fətəli Xan küçəsi, 2a saylı evin 34-cü mənzilinə köçürülməsi, istifadə hüququnun tanınması və həmin evə pasport qeydiyyatına alınma barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Quba Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, şikayətin elektron kabinet vasitəsi ilə göndərilməsi qaydası olaraq iki qayda göstərilir ki, bunlardan biri elektron imza ilə imzalanmış məhkəmə aktından şikayətlərin verilməsi qaydasıdır, digəri isə əl imzası ilə imzalanmış məhkəmə aktından şikayətin verilməsi qaydasıdır. O, işin ili köhnə (2010-cu ilin işidir) olduğu üçün və məhkəmə aktı əl imzası ilə imzalanmış məhkəmə qətnaməsi olduğu üçün həmin qətnamədən, əl imzası ilə imzalanmış məhkəmə aktından şikayətin verilməsi qaydasına uyğun apellyasiya şikayətini aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərmiş və eləcə də bir nüsxəsini də poçta vasitəsi ilə də göndərmişdir. (bu vəkil kabinetinin portalından çıxarışda aydın göstərilib) Ona görə də hesab edir ki, Quba Rayon Məhkəməsi 2(027)-18/2020 nömrəli, 12 yanvar 2010-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytarmaqda əsassız olub. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi geri qaytarılmanın əsası kimi şikayətin elektron kabinet vasitəsilə verilmədiyinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu mənada məhkəmə kollegiyası şikayətin elektron qaydada verilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq elektron kabinet vasitəsilə verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli və onunla bağlı 13 mart 2023cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar