Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-966/2025 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Gülağa Abdulhəmid oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı avtomobil gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: avtomobil gediş-gəliş yolunun açılması, servitut) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi İsmayılov Cehrul Gülağa oğlunun, cavabdeh cavabdeh1, cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 Qardaşəmi oğlu(son məhkəmə iclasında iştirak etməmişdir) İddiaçı İsmayılov Gülağa Abdulhəmid oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı avtomobil gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. 1.İşin halları 2.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən, qeydiyyat nömrəsi ********** olan ##.##.2017-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Ərməki kəndində yerləşən 0,15 ha torpaq sahəsi İsmayılov Gülağa Abdulhəmid oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi 303011008386 olan, ********** qeydiyyat nömrəli ##.##.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri 28-ci məhəllədə yerləşən Quba Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan 0,034 ha torpaq sahəsi cavabdeh1 adına yüklü edilmişdir. 4.İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının ## ###### 2024cü il tarixli, *-**-**/***/**** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli 3-21-3-34/2- *****/**** saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayon Ərməki kəndində yerləşən İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə baza məlumatlarında olan DWJ xəritələrində gediş- gəliş yolu nəzərdə tutulub, lakin DWJ xəritələrində həmin yol şimal-qərb tərəfdən 2.1 metr, cənub-şərq tərəfdən isə 1.3 metr ölçüdə göstərildiyi müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsi (xəritə materiallarında nəzərdə tutulmuş gediş-gəliş yolu) cavabdehlər tərəfindən istifadə olunmadığı müəyyən edildi. İki qonşu arasında xəritə materialları üzərində ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur.Həmin mübahisəli torpaq sahəsinə cavabdehlər tərəfindən maneə yaradılıb-yaradılmamasının cavablanması ƏMDX-nin * saylı ərazi idarəsinin mütəxəssislərinin səlahiyyətləri daxilində deyildir. 5.## ###### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli “Mütəxəssis rəyinin verilməsi haqqında” məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçının və cavabdehlərin iştirakı ilə mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində araşdırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayon Ərməki kəndində yerləşən İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayon Ərməki kəndində yerləşən İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə baza məlumatlarında olan DWJ xəritələrində gediş-gəliş yolu nəzərdə tutulub, lakin DWJ xəritələrində həmin yol şimal-qərb tərəfdən 2.1 metr, cənub-şərq tərəfdən isə 1.3 metr ölçüdə göstərilmişdir. İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolu hal-hazırda mövcud deyil. Mübahisəli torpaq sahəsi (xəritə materiallarında nəzərdə tutulmuş gediş-gəliş yolu) cavabdehlər tərəfindən istifadə olunmur. İki qonşu arasında xəritə materialları üzərində ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur. Həmin mübahisəli torpaq sahəsinə cavabdehlər tərəfindən müdaxilə olunub-olunmamasının cavablandırılması ƏMDX-nin * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssislərinin səlahiyyətləri daxilində deyildir. İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə gediş-gəliş üçün alternativ avtomobil yolu mövcud deyil. İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadə olan yol bələdiyyə mülkiyyətinə aiddir. 6.##.##.2026-cı il tarixli MEB-***-**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0,15 ha torpaq sahəsinə gediş-gəliş avtomobil yolunun açılması üçün həmin torpağa gedən yol qonşu sahələrinin hasarı 1,0 (bir) metr enişlənməlidir. Cavabdehlər cavabdeh1 məxsus hasarın çəkilməsi məqsədəmüvafiqdir. Ayrı-ayrılıqda hər bir qonşunun torpağının hasarının çəkilməsi nəticəsində görülə biləcək işlər üzrə daş hasarın 1 metr içəri çəkilməsi əsas və məqsədəmüvafiq variantdır. Quba rayonu Ərməki kəndində mübahisəli ərazidə torpaq sahəsinin orta bazar qiyməti (1 sot) 1,100 (bir min bir yüz) manat təşkil edir. 7.İş üzrə qəbul edilmiş məhkəmə aktı 8.Birinci instansiya məhkəməsində icraat 9.İsmayılov Gülağa Abdulhəmid oğlu iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Ərməki kəndində 0,15 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evinə cavabdehlərdən biri və ya hər ikisinin ərazisindən keçməklə avtomobil gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o və ata-babaları Quba rayonu Ərməki kəndində yerləşən evlərində 70 ildən çoxdur ki, yaşayırlar. Evi arxa hissədən dalan, sağ və sol tərəfdən isə qonşu əraziləri ilə əhatə olunur. Evə giriş sadəcə ön hissədəndir. Həmin ərazi 70 ildən çoxdur ki, yol kimi istifadə edilirdi. Lakin ən son olaraq qonşu cavabdeh1 oraya hasar çəkmişdir. Bununla da onların evə gələn avtomobil yolu bağlanmış və evə giriş çıxışımız mümkünsüz hala gəlmişdir. Belə olan halda hər hansı bir fövqəladə vəziyyətdə, məsələn yanğınsöndürən və ya tibbi xidmət maşını oraya daxil ola bilməyəcək. Həmçinin, ona məxsus evin texniki pasportunda həmin ərazi yol kimi göstərilmiş və onun ərazisinin darvaza və giriş hissəsinin oradan olmağı göstərilmişdir. Hazırda heç bir çıxış yolu olmadığı üçün cavabdehlər kimi qeyd edilən cavabdeh1 və (və ya) cavabdeh2 məxsus ərazidən onun evinə gediş gəliş yolunun açılması barədə qətnamə qəbul edilməlidir. 11.Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Aydın Babayev) 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 170.1, 170.2, 175.1, 175.2 və 255.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. 13.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri 14.Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı İsmayılov Gülağa Abdulhəmid oğlu qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a.İddiaçı İsmayılov Gülağa Abdulhəmid oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk öncə qeyd etmək istəyir ki, hakim qətnamədə bütün halları və sübutları araşdırdığını və bunlara əsasən qətnamə qəbul etdiyini bildirsə də, həqiqətdə belə olmamışdır. Birinci instansiya məhkəməsinin hakimi cavabdehlərin ifadəsini əsas götürmüş və sübutlara məcmu şəkildə qiymət verməmişdir. Cavabdehlər iddiaçının bostan sahəsindən keçidinin olmasını bildirsələr də həqiqətdə belə bir sahə mövcud deyildir və ev qarşıdan və yan tərəflərdən qonşu hasarlarla, arxa hissədən isə meşəlik ərazi ilə əhatə edilmişdir. İddiaçı Gülağa İsmayılov məhkəmə iclasında evinə getmək üçün heç bir avtomobil yolu olmadığını qeyd etsə və bunu kifayət qədər sübutlarla əsaslandırsa da, məhkəmə iddia ərizəsini əsassız olaraq təmin etməmişdir. Belə ki, işin hallarından da göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının ## ###### 2024-cü il tarixli, 3-16-16/2- **/**** saylı ekspert rəyində də qeyd edilmişdir ki, Quba rayon Ərməki kəndində yerləşən İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə baza məlumatlarında olan DWJ xəritələrində gediş- gəliş yolu nəzərdə tutulub, lakin DWJ xəritələrində həmin yol şimal-qərb tərəfdən 2.1 metr, cənub-şərq tərəfdən isə 1.3 metr ölçüdə göstərildiyi müəyyən olunmuşdur. Həmçinin iki qonşu arasında xəritə materialları üzərində ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur. Sözügedən ekspert və mütəxəssis rəylərindən də aşkar şəkildə görünür ki, yol cənub şərq tərəfdən 1.3 metr ölçüdədir. Hesab etsək ki ən ensiz avtomobilin eni təqribən 1.5-1.6 metrdir, bu zaman həmin əraziyə necə avtomobil girə bilər? İddiaçının digər tərəfdən yolunun olması hissəsində isə rəydə və iş materiallarında heç bir araşdırma aparılmamış, sadəcə cavabdehlərin ifadəsi əsas götürülmüşdür. Halbuki həmin əraziyə əyani şəkildə baxılsa və yerli baxış iclası təyin edilsə idi, hakim iddiaçıya məxsus əraziyə avtomobil yolunun olmadığını əyani şəkildə görmüş olardı. Həmçinin iddiaçının öz evinə yolunun olmamasını Ərməki kənd bələdiyyəsi də təsdiq edə bilər. Belə ki, Ərməki kənd bələdiyyəsinin nümayəndəsi şifahi olaraq bu halı təsdiq etsə də, yazılı arayış da apellyasiya instansiyasına təqdim ediləcəkdir. Bütün yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçının hüquqları Quba rayon məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur və qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməklə iddia tələbi təmin edilməlidir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Bildirmək istəyir ki, iddiaçı Gülağa İsmayılovun evinə giriş üçün yeganə yolu məhz qonşuların ərazisindən (əvvəlki yol) olsa da, məhkəmə Mülki Məcəllənin qeyd etmiş olduğu normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, mülki iş üzrə maddi normalar düzgün tətbiq edilməmişdir. Hazırkı qətnamə ilə iddiaçının evinə girmək üçün olan bütün imkanları mümkünsüz olmuşdur. Belə ki ərazidə hər hansı bir fövqəladə vəziyyət olarsa, məsələn yanğınsöndürən və ya tibbi xidmət maşını oraya daxil ola bilməyəcəkdir. Bu isə təkcə mülki hüquqların deyil, iddiaçının konstitusion hüquqlarının belə pozulmasına gətirib çıxaracaqdır. «Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradır.» Yuxarıda sadalananlardan da görünür ki, məhkəmə işi hərtərəfli araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.» Hesab edir ki, apellyasiya icraatı zamanı yuxarıda qeyd edilən hallar nəzərə alınaraq apellyasiya şikayəti təmin edilərək yeni qətnamə qəbul edilməlidir. Bildirmək istəyir ki, məhkəmə iddiaçının keçid ehtiyacının servitut qoyulmadan təmin edilə bilinməsi halını araşdırmamış və sadəcə cavabdehlərin ifadəsinə əsaslanmışdır. Halbuki yuxarıda da qeyd etdiyi kimi, hakim bununla bağlı Ərməki kənd bələdiyyəsinə sorğu versəydi və ya ekspert qarşısında düzgün suallar qoymuş olsaydı və ya ən azından yerli baxış iclası keçirərək əraziyə əyani baxış keçirsəydi bu halları aşkara çıxara bilərdi. Birinci instansiya məhkəməsi bu halları araşdırmayaraq əsassız qətnamə qəbul etmişdir. 16.Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. 18.Apellyasiya icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İsmayılov Cehrul Gülağa oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi 20.Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə1 Qardaşəmi oğlu (son məhkəmə iclasında iştirak etməmişdir) hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 21.Tətbiq edilən hüquq 22.Azərbaycan Respublikasının Mülki Məcəlləsi 23.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 24.Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 25.Maddə 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 26.Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 27.Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 28.Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 29.Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 30.Maddə 255. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. a.Azərbaycan Respublikası Torpaq Məcəlləsi b.Maddə 54. Servitut bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: - torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək. - torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; - torpaq sahəsində drenaj işləri aparmaq; - torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); - torpaq sahəsindən mal-qaranı keçirmək; - yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; - torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; - qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; - qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; - torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; - qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. c.Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. 31.Maddə 84.1 Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 32.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 33.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 38.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 39.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 40.Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 42.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. 44.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 46.Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, Quba rayon Ərməki kəndində yerləşən İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə baza məlumatlarında 2.1 metr - 1.3 metr ölçüdə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin yolun cavabdehlər tərəfindən istifadə olunmadığını müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı servitutla bağlı mülki qanunvericiliyinin normalarına istinad etməklə Quba rayonu, Ərməki kəndində 0,15 ha torpaq sahəsində yerləşən ona məxsus fərdi yaşayış evinə cavabdehlərdən biri və ya hər ikisinin ərazisindən keçməklə avtomobil gediş-gəliş yolunun açılmasını məhkəmədən xahiş etmişdir. 47.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. 48.İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, iddiaçının ona məxsus torpaq sahəsinə gediş-gəliş yolu mövcud olsa da, iddiaçı faktiki olaraq cavabdehlərə məxsus olan torpaq sahəsələrinin hesabına həmin yolu genişləndirilməsini və avtomobil yolunun açılmasını tələb edir. 49.Əvvəla qeyd olunmalıdır ki, iddiaçı iddiasını və apellyasiya şikayətinin dəlillərini sevitutla bağlı normalarla əsaslandırsa da, servitutun nədən ibarət olmasını (torpağın ölçüsünü, koordinatlarını və s.), hansı müddətə, hansı məbləğdə kompensasiya (haqq) ödəməklə müəyyən edilməsini öz xahişində ətraflı göstərməmişdir. 50.Digər tərəfədən, apellyasiya icraatı zamanı aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, iddiaçının torpağına avtomobil yolunun açılmasına cavabdehlər razılıq verməmiş, tərəflər arasında kompensasiya (haqq) barədə hər hansı razılıq əldə olunmamışdır. 51.Məhkəmə kollegiyası qeyd edir ki, servitutun mahiyyəti başqasına məxsus torpaq sahəsindən və ya daşınmaz əmlakdan məhdud şəkildə istifadə etməsidir. Kollegiya vurğulayır ki, servitutla yüklü edilmiş torpaq sahəsindən tərəflər birlikdə istifadə etməli, həmin hissə servitut verənin mülkiyyətində qalmalıdır. Yəni, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Beləliklə, qanunun mənasından görünür ki, servitut müəyyən edilərkən iddiaçı ilə yanaşı mülkiyyətçi olan cavabdehlərin də hüquqları qorunmalıdır. 52.Lakin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, İsmayılov Gülağa Abdulhəmid oğluna məxsus 0.15 ha torpaq sahəsinə 2.1 metr - 1.3 metr ölçüdə gediş-gəliş yolu mövcud olsa da, cavabdehlərə məxsus torpaq sahəsinin bir hissəsi hesabına avtomobil yolunun açılması (hasar çəkilməklə yerinin dəyişdirilməsi) faktiki olaraq cavabdehlərin həmin torpağın bir hissəsindən məhrum olunması və mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. 53.Həmçinin, hazırkı işin hallarından da göründüyü kimi servitutun verilməsi üçün iddiaçı tərəfin təklifi cavabdehlərin maraqlarına uyğun olmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə avtomobil yolunun cavabdehin mülkiyyətində olan torpaq sahəsinə istifadə hüququnu məhdudlaşdırmadan təmin edilməsi mümkünsüzdür. 54.Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. 55.Belə ki, yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlərin mülkiyyət hüquqlarını pozmadan iddiaçıya məxsus torpaq sahəsinə avtomobil yolunun açılması mümkün deyildir. 56.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 57.Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmişdir. 58.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 59.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İsmayılov Gülağa Abdulhəmid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-966/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-966/2025
10.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver