Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-968/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, X1 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Şamaxı rayon Göylər Bələdiyyəsinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(074)-53/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(074)-53/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim E.Z.Hümbətov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Şamaxı rayon Göylər Bələdiyyəsinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın istifadəsinə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, JN-0883 saylı 41006018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, ona məxsus olan 3422,03 kv.m-dən ibarət torpaq sahəsindən çıxarılması, onların həmin sahədən istifadəsinə son qoyulması, torpağın onun əməli istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini onunla əsaslandırdı ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyil. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon Göylər bələdiyyəsinin sədri X7 izahat verib bildirib ki,X4 Uçotunun nəticələri gələnə kimi vaxt lazımdır. Tərəfindən ona yer təklif olunsa da razı olmamışdır. Respublika Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2020-cı il tarixli 10/821 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən kompleks yerquruluşu planında mülkiyyətə verilmiş pay torpaqlarının konfiqurasiyası faktiki naturada istifadə vəziyyətini əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir.JN-883 saylı 41006018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən 2,16 ha torpaq sahəsi faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir və dəqiq yerini (müəyyən etmək mümkün deyildir. Bunların heç biri ilə razı deyil. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Şamaxı Rayon Məhkəməsinin 2(074)-53/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, 1999-cu ildən həmin ərazini əkib becərir. İndi iddiaçının həmin torpağın ona aid olduğunu bildirməsi düzgün deyildir. Həmin torpaq sahəsi ona məxsusdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-53/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-53/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh3 və Şamaxı rayon Göylər Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın istifadəsinə qaytarılması tələbinə dair iddiasını təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. İş materiallarında olan JN-883 saylı 41006018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətindən görünür ki, İddiaçı, X8, X9, X5 Şamaxı rayon, AİK-nın 04.04.2001-ci il tarixli qərarı ilə Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən 2,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-838 saylı 41006018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətindən görünür ki, Cavabdeh3 və onun ailə üzvlərinə Şamaxı rayon, AİK-nın 04.04.2001-ci il tarixli qərarı ilə Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən 2,70 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-822 saylı 41006018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətindən görünür ki, Cavabdeh1 və onun ailə üzvlərinə Şamaxı rayon, AİK-nın 04.04.2001-ci il tarixli qərarı ilə Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən 3,22 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-824 saylı 41006018 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının surətindən görünür ki, X2 və onun ailə üzvlərinə Şamaxı rayon, AİKnın 04.04.2001-ci il tarixli qərarı ilə Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən 2,15 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 iyun 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli ərazidən götürülmüş döngə nöqtələrinin koordinatları elektron kadastr məlumat bazasında mövcud olan Göylər kəndinə aid xəritə materialları ilə araşdırılan zaman məlum olmuşdur ki, kompleks yerquruluşu planında mülkiyyətə verilmiş pay torpaqlarının konfiqurasiyası faktiki naturada istifadə vəziyyətini əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. JN-883 saylı 41006018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən 2,16 ha torpaq sahəsi faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün olmadığından cavabdehlər tərəfindən istifadə edilməsini müəyyən etmək olmadı. Mübahisəli torpaq sahələrinin mövcud vəziyyətinə dair sxem tərtib edilmişdir. Qeyd: Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2020-ci il tarixli, 10/821 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən kompleks yerquruluşu planında mülkiyyətə verilmiş pay torpaqlarının konfiqurasiyası faktiki naturada istifadə vəziyyətini əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir. JN-883 saylı 41006018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən 2,16 ha torpaq sahəsi faktiki naturada istifadə vəziyyəti ilə uyğunsuzluq təşkil edir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün olmadığından cavabdehlər tərəfindən istifadə edilməsini müəyyən etmək olmadı. Mübahisəli torpaq sahələrinin mövcud vəziyyətinə dair sxem tərtib edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tələbini, cavabdehlərin sahibliyində olan 3422,03 kv.m-dən ibarət torpaq sahəsinin digər mülkiyyətçilərlə yanaşı onun ümumi mülkiyyətində olması ilə əsaslandırsa da, iddiasının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. X14 Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə də cavabdehlərin sahibliyində olan 3422,03 kv.m-dən ibarət torpaq sahəsinin digər mülkiyyətçilərlə yanaşı iddiaçının ümumi mülkiyyətində olması halı təsdiq edilməmişdir. Beləliklə iş üzrə olan sübutlarla cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması, bununla da digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin sahibliyində olması təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması, bununla da cavabdehlərin digər mülkiyyətçilərlə yanaşı ümumi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmələri təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də iddia rədd edildiyindən, ekspertə və mütəxəssisə verilməli olan məbləğlər iddiaçıdan tutulmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(074)-53/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-968/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-968/2021
13.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver