Məhkəmə qərarları › İş №2(105)-968/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-968/2023

14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-968/2023 14.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli, 2(060)-5155/2017 nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) Ərizəçi Dəvəçi rayonu Sarvan kənd kolxozunda 01 may 1974-cü il tarixdən 01 aprel 1978-ci il tarixə kimi kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 19 sentyabr 2022-ci il tarixli, 2(105)-1843/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Ərizəçi maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(105)-1843/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Hazırkı iş üzrə Ərizəçi Dəvəçi rayonu Sarvan kənd kolxozunda xx.xx.1974-cü il tarixindən xx.xx.1978-ci il tarixə kimi kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilmişdir. Həmin normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-in 308-ci maddəsi). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (1.3.). Həmin Qərarının 1.4-cü bəndinə müvafiq olaraq lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Baxılan iş üzrə ərizəçi xx.xx.1974-xx.xx.1978-ci illərdə Dəvəçi rayonu Sarvan kənd kolxozunda kolxozçu kimi işləməsi faktının müəyyən olunmasını xahiş edir. Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsini işlədiyi barədə sənədləri əldə edə bilməməsi ilə əsaslandırmış, lakin müəyyən edilməsini xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, o cümlədən əvvəllər işlədiyi hüquqi şəxsin sənədlərin saxlanmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki ərizəçinin əvvəllər işlədiyi hüquqi şəxsin mövcud olması (hətta həmin şəxsin ləğv prosesində olması, yaxud fəaliyyətini müvəqqəti dayandırması) hazırkı ərizə üzrə xüsusi icraatın həyata keçirilməsini istisna edir. Belə olan halda hüquqi pozulmuş şəxs müvafiq hüquqi şəxsə (onun idarəetmə orqanlarına və ya səlahiyyətli şəxsinə) müraciət edərək pozulmuş hüququnun aradan qaldırılmasını tələb etməli, zərurət olduqda isə müvafiq vəzifələrin həmin şəxslərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Lakin baxılan iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi barədə qənaətə gəlmək mümkün olmadığı halda birinci instansiyası məhkəməsi ərizəyə mahiyyəti üzrə qiymət verərək, yekunda ərizəni təmin etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli və ərizəçiyə DSMF orqanına qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.5, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar