Məhkəmə qərarları › İş №2(105)-970/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-970/2022

17.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-970/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum etmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(067)-2740/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 10.08.2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı, yəni qızı X10 ölümündən sonra açılmış mirasa dair ləyaqətsiz vərəsə tanınması və onun mirasa dair vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(067)-2740/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(067)-2740/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh 2005-ci ildə qızı Raiza ilə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin tarixdə də qızı cavabdehin yaşadığı Xaçmaz rayonu,Köhnə Xudat kəndinə gəlin köçmüşdür. Aralarında rəsmi nikah 20.05.2009-cu il tarixdə bağlanmışdır. Onların birgə nikahından 2 uşaqları vardır. 02.08.2020-ci il tarixdə cavabdeh qısqanclıq zəminində həyat yoldaşı, yəni qızı Raisa Rəşidovanı döyərək ona çoxnömrəli ağır xəsarətlər yetirmiş, nəticədə qızı Raisa həmin xəsarətlərdən 10.08.2020-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı cavabdehin barəsində AR CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanmiş və cavabdeh həbs olunmuşdur. İstintaq zamanı cavabdeh ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qəsdən öldürdüyünü və buna görə peşman olmadığını bildirmişdir. Mərhum qızının ölümündən sonra miras qalan bəzi əmlaklar vardır. Belə ki, Xaçmaz rayonu, Bostançı kəndində yerləşən və tam mülkiyyət hüququ ilə ona məxsus yaşayış evinin yerləşdiyi 0.30 ha torpaq sahəsi onun və digər 4 nəfər ailə üzvlərinin, o cümlədən qızı Tarverdiyeva ( Rəşidova) Raisa Sədrəddinovanın adına Bostançı kəndi ərazisindən 3.13 ha torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, qanunsuz qətnamə çıxartmış, mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmamış, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin edilməmişdir.İşi hərtərəfli deyil,qeyriobyektiv və qərəzli şəkildə araşdırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, qızı Rəşidova Raisa vəfatından sonra nə öz adından, nə də nəvələrinin adından mirasın qəbulu ilə əlaqədar notariat kontoruna müraciət etməmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı vaxta qədər o nəvələrinin üzərində qəyyum təyin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı miras əmlakını qəbulu ilə bağlı müvafiq DNK-ya müraciət etmədiyindən onun iddia tələbi üzrə subyektiv hüququ yaranmışdır. Qeyd edir ki, 28.11.2021-ci il tarixdə Xaçmaz rayonu 1 nömrəli Notariat Ofisinə müraciət edərək qeyd etmişdir ki, ləyaqətsiz vərəsə ilə bağlı işin mübahisəli xarakterini nəzərə alaraq məhkəmədə mübahisələndiridiyindən iş dayandırılsın. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(067)- 2740/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(067)- 2740/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 nömrəli Cəzaçəkmə Müəssisəsindən ünvanladığı ərizəsindən görünür ki, iddia ərizəsi və apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddia tələbində göstərilən əmlaklardan ona və uşaqlarına çatacaq paydan istifadə edəcəklər. Odur ki, ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə kollegiyası məruzəçi ha¬ki¬min məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki iş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN 0008 nömrəli 30208028 nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 25.03.1998-ci il tarixli 03 nömrəli qərarına əsasən X2, X5, X3, X4 və X1 mülkiyyətinə 3,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********45-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Bostançı kəndində yerləşən 0,30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam İddiaçı Mövlud oğlunun, torpaq sahəsi ümumi birgə İddiaçı Mövlud oğlunun, X7, X8, X6 və X9 adına 02.06.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 10.08.2020-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsi iddiaçının miras əmlakın qəbulu ilə bağlı müvafiq DNK-ya müraciət etməməsi və MM-nin 1139-cu maddəsinə əsasən onun iddia tələbi üzrə subyektiv hüququ yaranmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının miras əmlakın qəbulu ilə bağlı müvafiq DNK-ya müraciət etməli olmasını düzgün müəyyən etsə də, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Hazırki gündə isə ləyaqətsiz vərəsə hesab edilən şəxsin, eləcə də iddianı qaldıran şəxsin həmin əmlakı miras qismində qəbul etməsinə dair sübutlar mövcud deyildir, həmçinin iddiaçının mübahisəli əmlaklara dair mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsi müəyyən edilmir. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının istinad etdiyi notariat orqanına müraciətinə, eləcə də miras qoyanın uşaqlarına himayəçi-qəyyum təyin edilməsi barədə məktubuna qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən Xaçmaz rayon 1 nömrəli Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı vərəsəlik işi ilə bağlı Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək istədiyini, işin mübahisəli xarakterini nəzərə alaraq işin dayandırılmasını və onlara məhkəməyə müraciət etmək üçün tövsiyyə xarakterli məktub verilməsini xahiş etmişdir. Göründüyü kimi, mübahisəli əmlakın iddiaçı tərəfindən miras qismində qəbul edilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Eyni zamanda mirasqoyan şəxsin övladlarına himayəçi-qəyyum təyin edilməsi də miras əmlakın miras kimi iddiaçı tərəfindən qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk əvvəl mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərək mirası qəbul etməli, bundan sonra cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi qeyd edilən iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına əməl etməməsinə diqqət yetirməmiş, iddia ərizəsini AR Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən ərizəni baxılmamış saxlamamış, iddiaya mahiyyəti üzrə baxmış, nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən onu da qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl miras əmlakın qəbulu ilə bağlı müvafiq notariat ofisinə müraciət etməli, o, mirası qəbul etdikdən sonra hazırki iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, apellyasiya şikayətində göstərilən dəlilləri araşdıraraq belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365, 391 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(067)-2740/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar