Məhkəmə qərarları › İş №2(105)-971/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-971/2021

30.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-971/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, İddiaçı, cavabdeh Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi X7 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2432/2020 saylı qətnaməsindən cavabdeh Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Ş.F.Mahmudovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2432/2020 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdeh Xaçmaz Rayon Baytarlıq İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı tələbinə dair iddiası təmin edilib, Xaçmaz Rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində olan xx xxxx 2020-ci il tarixli 16 saylı əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin ştatdankənar işçi sanitar (xadimə) vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxma müddəti üçün "xx xxxx 2020-ci il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Ş.F.Mahmudov apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2432/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz Rayon Baytarlıq İdarəsinə xx.xx.2008-ci ildə gözətçi işinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə həmin təşkilatda xadimə işinə keçirilmişdir. Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri şərəflə yerinə yetirmişdir. xx xxxx 2020-ci ildə işçiləri Ağabəy Məmmədovun ad günü olmuş, karantin dövrü olmasına baxmayaraq rəis Ş.Mahmudov və onun saxtakarlığında iştirak edən əlaltıları məclis qurub, yeyib içəndən sonra sərxoş rəis ondan və bacısından qonaqlıqda istifadə etdikləri qabların yuyulmasını tələb etmişdir. Onlar imtina etdiklərinə görə əsəbiləşən Ş.Mahmudov orada olan 5-6 nəfərə üzünü tutub demişdir ki, Gülnarə və Lenura bacıları ilə işləmək istəmir, siz də deyin ki, biz də istəmirik. xx.xx.2020-ci il tarixli, 16 nömrəli əmri alanda bilmişdir ki, heç bir nöqsanı olmayan onu və bacısı Lenuranı qanunsuz və əsassız olan əmrlə 31 ilin işçisini işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, o işinə bərpa edilib məcburi işburaxmaya görə 3 aylıq əmək haqqısı ödənilməlidir. Müdiriyyət Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla onun əmək müqaviləsini müəssisənin X3 qabaqcadan razılığı alınmaqla ləğv edə bilərdi. X1 işdən azad edilməsinə razılıq verən belə bir əsaslı qərarı olmamışdır. Müəssisənin X1 işdən azad edilməsinə razılıq verən qanunauyğun qərarı yoxdur. Çünki belə bir iclas keçirilməmişdir. X4 təşkilatına əsaslandırılmış yazılı təqdimatı olmamışdır. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən cavabdeh təşkilatın rəhbəri intizam tənbehini ona intizamı pozmasını aşkar etdiyi gündən bir ay keçənə qədər verə bilər. İnztizam xətasının baş verdiyi müddət əmrdə və protokolda göstərilməmişdir. Çünki o, intizamsızlıq etməmişdir. Müdiriyyət əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla ləğv etsə də, həmin məcəllənin 71.2-ci maddəsinin tələbini pozmuşdur. Onun əmək funksiyasını pozmasının vəzifə borcunu yerinə yetirməməsinin nədən ibarət olmasını iş yerində istehsalın əmək və icra intizamının əmək kollektivinin hüquqlarını və ya qanunla qorunan mənafeyinə ziyan vurmasını aşkar etmədiyi üçün əmrdə qeyd etməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbini pozub əmrin ləğv edilməsi üçün əsas hesab olunan təqdimatı Həmkarlar İttifaqı təşkilatı yığıncağının qanunauyğun protokol qərarı, intizam tənbehinin verilməsinə əsas olan halları özündə əks etdirən əmrdə göstərilən əsaslar olmadan əmək müqaviləsini ləğv edən əmr vermişdir ki, bu qanunun tələbinə əsasən əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Ş.Mahmudovun xx.xx.2020-ci il tarixli, 16 nömrəli əmrini və həmkarlar təşkilatının uydurma və yalan protokolunu qanunsuz və əsassız hesab edərək məhkəməyəqədər əmək mübahisəsinə baxmalı olan həmkarlar təşkilatının yerli komitəsinə xx.xx.2020-ci ildə ərizə verərək əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqı verilməsi barədə ərizə vermişdir. O, ailənin qazanc gətirən yeganə üzvüdür və işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Ona görə də, Xaçmaz Rayon Baytarlıq İdarəsinin onun barəsində xx.xx.2020-ci il tarixli, 16 saylı əmrinin ləğv edilməsi, əvvəlki xadimə işinə bərpa edilməsi və orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Ş.F.Mahmudov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı barəsində olan xx xxxx 2020-ci il tarixli, 16 saylı əmr ilə həmin gün tanış olmuş, iddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bu halı təsdiq etmişdir. O, əmək kitabçasını həmin gün idarədən almaqdan imtina etdiyi üçün əmək kitabçası iddiaçının ev ünvanına 2020-ci ilin iyul ayının sonlarında poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. O, işdən çıxarıldığı vaxtdan müxtəlif ünvanlara şikayət ərizələri ilə müraciət etmiş və xx xxxxxx 2020-ci il tarixdə işdən çıxarıldığı gündən 3 aydan artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ərizə ilə müraciət edib, iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşə baxan hakim ərizəni qəbul edib, tanış olduqdan sonra iddiaçıya yönəldici suallar verərək orta məktəbi hansı əlifba ilə bitirdiyini, iddiaçı orta məktəbi kiril əlifbası ilə bitirdiyini bildirdikdən sonra ondan latın qrafikalı əlifba ilə yazıb oxuya bilib-bilməməsini soruşmuş, iddiaçı da hakimin ondan hansı cavabı gözlədiyini başa düşərək latın qrafikalı əlifba ilə yazıb oxuya bilmədiyini bildirmişdir. Hakim iddiaçının bu cavabından sonra elan etmişdir ki, iddiaçı savadsızdır. Sonradan da qətnaməsində iddiaçının “savadsız” olması daha geniş şəkildə şərh edilərək iddiaçının iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsini təmin etməmişdir. Hazırki işdə birinci instansiya məhkəməsi İddiaçı bacısı olan Lenuranın iddiaçı olduğu işə baxaraq xx xxxxxxx 2020-ci il tarxdə iddiasının təmin edilməsi barədə qətnamə çıxartmışdır. Hər iki işdə iddianın predmeti və əsası eynidir. Birinci instansiya məhkəməsi İddiaçı savadsız olması və bu əsasla iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə gəldiyi qənaəti tamamilə əsassızdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçını onun şifahi olaraq “latın qrafikalı əlifbası ilə yazıb oxumağı bacarmıram” sözlərindən savadsız olması kimi qələmə verməsi tamamilə əsassızdır. İddiaçı izahatında göstərmişdir ki, orta məktəbi bitirmişdir, yəni o, orta təhsillidir. Savadız o şəxsi hesab etmək olar ki, onun ümumiyyətlə heç bir təhsili olmasın, hər hansı əlifba ilə yazıb oxumağı bacarmasın. Çox güman ki, iddiaçı gözləmə mövqeyində bacısı Lenuranın iddia ərizəsi üzrə məhkəmə qərarının qəbul edilməsini gözləmiş, nəticə müsbət olduğundan özü də həvəsə gələrək hazırki iddianı işdən çıxarıldığı gündən 4 aydan sonra vermişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Xaçmaz rayon Baytarlıq İdarəsinin müdiri Ş.F.Mahmudov vapelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Baytarlıq İdarəsinin xx xxxx 2020-ci il tarixli, 16 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin ştatdankənar sanitarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən tutduğu vəzifədən azad edilərək xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. 2020-ci ilin iyul ayında əmək kitabçasının və əmrin surəti rəsmi qaydada poçtla İddiaçı göndərilmişdir. İş materiallarında olan məktubun surətindən görünür ki, İddiaçı məxsus əmək kitabçası xx xxxx 2020-ci il tarixdə ona göndərilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Xaçmaz Rayon Baytarlıq İdarəsinin xx.xx.2018-ci il tarixli, 51 nömrəli əmrinə əsasən xx xxxxxx 2018-ci il tarixdən həmin idarədə xadimə vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən tutduğu vəzifədən azad edilərək xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Xaçmaz Rayon Baytarlıq İdarəsinin rətkibində fəaliyyət göstərn Diaqnostik kabinetin müdiri tərəfindən Xaçmaz Rayon Baytarlıq İdarəsinə ünvanlanmış məlumatdan görünür ki, İddiaçı əmək intizamını pozması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Xaçmaz X15 Mərkəzinin xx xxxx 2020ci il tarixli, 03/477 saylı məktubundan görünür ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşı İddiaçı iş gününün müxtəlif vaxtlarında dəfələrlə etik qaydalara riayət etmədən əmək qanunverciliyinin tələblərini kobud şəkildə pozaraq intizamsızlıqlar etmişdir. Rəhbərlik tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, yenə də mütamadi olaraq intizamsızlıq etməkdə davam etmişdir. Əmək kollektivinin üzvlərinin demək olar ki, hamısı onun intizamsızlığından şikayətlənmiş və bu səbəbdən idarədə işləməyin mümkün olmadığını bildirmişlər. Nəticədə yaranmış vəziyyət idarənin həmkarlar təşkilatında geniş şəkildə müzakirə olunaraq əməkdaşın işdən çıxarılması barədə yekdilliklə qərar qəbul edilmişdir. Xaçmaz Rayon Baytarlıq İdarəsinin həmkarlar təşkilatının xx xxxx 2020-ci il tarixli, 4 saylı icla protokolundan görünür ki, İddiaçı daxili nizam-intizam qaydalarını pozuğununa görə işdən çıxarılması məsələsi müzakirə edilmiş və onun işdən çıxarılmasına razılıq verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X12 ifadəsində bildirmişdir ki, 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə iddiaçının vəzifəsi ixtisara düşdüyündən İddiaçı sonradan başqa işə keçirilib. İddiaçı işlədiyi müddətdə işini yarıtmaz yerinə yetirmiş və daim davamiyyətsiz işçi olmuşdur. X2 ifadəsində göstərmişdir ki, iddiaçı ilə bir yerdə işləməkləri çətindir. Yersiz söz-söhbətlər olur. İddiaçı və o sanitar işləyirlər və eyni işi yerinə yetirirlər. İddiaçı işini səliqəsiz yerinə yetirdiyi üçün dəfələrlə mübahisələri olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, İddiaçı ilə heç bir ədavəti yoxdur. O, ərizəsində göstərmişdir ki, Həmkarlar İttifaqı onun müraciətinə baxmamışdır, halbuki onun belə bir müraciəti olmamışdır. O, daim əmək intizamı pozmuş və öz vəzifəsinin icrasını yerinə yetirməmişdir. İddiaçı işə bərpa barədə iddia ərizəsini məhkəməyə gec verməsinə səbəb savadsız olması, latın qrafikasında azərbaycan dilində yazıb-oxumağı bilməməsi, həmçinin Covid-19 virusunun mövcud olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinin xx xxxx 2020-ci il tarixli, 16 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin ştatdankənar sanitarı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsə də, əmr tərtib edilərkən iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi, bu pozuntunun məhz nədən ibarət olması məlum deyildir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinin xx xxxx 2020-ci il tarixli, 16 saylı əmri ilə İddiaçı adlı başqa bir şəxsin də əmək müqaviləsinə xitam verilmişdir. Hər iki əmrdən müəyyən olunur ki, əmrlər fərdi şəkildə bir şəxs barəsində verilib, buna baxmayaraq hər iki əmr eyni tarixdə və eyni nömrə ilə, yəni “16” saylı nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı işə bərpa barədə iddia ərizəsini məhkəməyə gec verməsi barədə hala münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-cı maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Xaçmaz Rayon Baytarlıq İdarəsinin İddiaçı barəsində olan xx xxxx 2020-ci il tarixli, 16 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin ştatdankənar işçi sanitar (xadimə) vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün "xx xxxx 2020-ci il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz rayon baytarlıq idarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi barədə iddianı təmin etdikdə haqlı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüququ aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisəsində fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 84-cü maddəsinin birinci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda zəruri məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı işə bərpa barədə iddia müddətinin ötürülməsi kimi hallara savadsız olması, latın qrafikasında azərbaycan dilində yazıb-oxumağı bilməməsi, həmçinin Covid-19 virusunun mövcud olması qeyd olunsa da, sadalanan hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində ötürülmüş müdətin bərpa edilməsi üçün nəzərdə tutuluş halların təsir altına düşmür. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanıb hesab edir ki, cavabdeh Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Ş.F.Mahmudovun verdiyi apelyasiya şikayəti təmin edilib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2432/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Xaçmaz rayon Baytarlıq İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının işəgötürəndən tutulub ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Xaçmaz rayon Baytarlıq İdarəsinin rəisi Ş.F.Mahmudovun verdiyi apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2432/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Xaçmaz Rayon Baytarlıq İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulub ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar