Məhkəmə qərarları › İş №2(105)-971/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-971/2022

16.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-971/2022 16.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi İbadov Məmmədağa Teymur oğlunun iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iş üzrə Qobustan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(026)-333/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 1000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı, 04 may 2018ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 263.1-1 -ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmişdir. Həmin hökmə əsasən “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə təqsirləndirilən şəxs X5 1095 manat pul alınıb Cavabdeh verilməlidir. Bundan sonra Cavabdeh aldığı əlillik dərəcəsinə görə 4000 manat pul və avtomobilin təmirinə görə isə 1000 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul Cavabdeh bank hesabına köçürülmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikalı Ali Məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə qeyd edilmişdir ki, X9 tərəfindən Cavabdeh aldığı xəsarətə görə 14.016 manat və avtomobilə dəymiş ziyana görə isə 1095 manat pul ödənilmişdir. Həmçinin Nəsimi Rayon Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh sığorta hadisəsi ilə bağlı pul ödəməli deyildir. Çünki həmin xərclər X9 tərəfindən tam olaraq ödənilmişdir. Ona görə də, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş ümumilikdə 5000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, 40 qəpik xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(026)-333/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Sığorta Şirkəti tərəfindən Cavabdeh ödənilmiş 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının Cavabdeh alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. (hakim Mirələm Quliyev) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Mübahisələndirilən qətnamədə məhkəmə Cavabdeh hansı qrup əlillik dərəcəsi müəyyən edildiyini göstərməmişdir. Halbuki İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh bank hesabına köçürülmüş sığorta ödəniş pulları cavabdehin aldığı 1 qrup əlillik dərəcəsinə görə ödənilmişdir. “X11” klinikasının reanimasiya şöbəsində müalicə üçün X9 tərəfindən ödənilən 14016 (on dörd min on altı) AZN yalnız cari məsrəflərin bir hissəsi olmuşdur. Qeyd olunan müalicə zamanı və sonradan Cavabdeh öz vəsaiti hesabına davam olunan müalicə üçün xərcləmiş digər məbləğlər olub-olmadığını məhkəmə araşdırmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi İbadov Məmmədağa Teymur oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, oğlu hal-hazırda İ qrup əlildir. İşləmir, özünü idarə edə bilmir. İddiaçı isə 4 il sonra məhkəmədə iddia qaldıraraq ödənilmiş pulu geri istəyir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 məhkəmə kollegiyasına borcun bağışlanmasına dair arayış təqdim etdi və məhkəmə aktının qəbul olunmasını məhkəmənin mükahizəsinə buraxdı. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(026)- 333/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı 04 may 2018-ci il tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmasına görə 1095 manat dəymiş ziyan X5 alınıb zərərçəkmiş şəxs Cavabdeh оğluna verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(105)-356/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Qobustan rayon Məhkəməsinin 1(026)-7/2018 saylı 04 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə X8 Azərbaycan Respublikası CM-nin 263.11-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və hökmün digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1161/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X8 və X1 qarşı əmlaka vurulmuş ziyana görə ödənilmiş pulun subroqasiya qaydasında tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2020-ci il tarixli 2(103)-4803/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASCnin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1161/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(102)-1559/2021 saylı qərarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4803/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sığorta Şirkəti ASC 22 oktyabr 2018-ci il tarixli 11651 saylı ödəniş tapşırığından görünür ki, 3000 manat məbləğində pul Cavabdeh bank hesabına ödəmişdir. İddiaçı Sığorta Şirkəti ASC 23 oktyabr 2018-ci il tarixli 11739 saylı ödəniş tapşırığından görünür ki, 1000 manat məbləğində pul Cavabdeh bank hesabına ödəmişdir. İddiaçı Sığorta Şirkəti ASC 13 dekabr 2018-ci il tarixli 14082 saylı ödəniş tapşırığından görünür ki, 1000 manat məbləğində pul Cavabdeh bank hesabına ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və Mülki Məcəllənin 1091.1, 1091.2, 1093.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. İşdən görünür ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmək qabiliyyətini itirmiş, ona müddətsiz İ dərəcəli əlillik təyin olunmuşdur. Məhkəmə kollegiyası tərəflərin barışığa gətirilməsi üçün hüquqi əsasları tərəflərə ətraflı izah etmiş, bu imkan tükənənə qədər onlara barışığın təşviq edilməli olması əsasından çıxış edərək məhkəmə baxış iclasını təxirə salmış və işin barışıq yolu ilə həll edilməsi üçün tərəflərə vaxt verilmişdir. Belə ki, “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına İddiaçı Sığorta Şirkəti ASC-nin zərərlərin tənzimlənməsi idarəsinin rəisi tərəfindən imzalanmış borcun bağışlanmasına dair arayış təqdim etmişdir. Arayışda qeyd olunmuşdur ki, Qobustan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(026)-333/2021 saylı qətnaməsi üzrə Cavabdeh tutulmalı olan 5000 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri cənab Azər Əliyev tərəfindən bağışlanılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən məbləğ iddiaçı tərəfindən bağışlanmış, mübahisə artıq həllini tapmışdır. MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(026)-333/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(026)-333/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 5000 (beş min) manat pulun qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar