Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-971/2025 15.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X14 və X1 ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2159/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 16/26 saylı, xx.xx.2024cü il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün X4 və 5 nəfərdən ibarət ailə üzvləri (X9, X10, X11, X12, X5) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 16 nömrəli binada 26 nömrəli 4 otaqlı mənzillə təmin edilmişdir.
2. İşdə olan MKİS-in mühəndisləri Əhməd Abdullayev, sahə nəzarətçisi Elçin Yaqubov və sahə nəzarətçisi Rüstəm Rütəmov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi üzrə MKİS-in nəzarətində olan ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan X4 və ailə üzvlərinin qeyd edilən ünvanda yaşamadıqları məlum olmuşdur. Hazırda Cavabdeh ailəsi ilə birlikdə bina 16, mənzil 26 ünvanında qanunsuz olaraq yaşayır.
3. İşdə olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlarda göstərilmişdir ki, ünvan 2 ünvanı xx.xx.2017-ci ildə X3 müvəqqəti yaşamaq üçün verilmişdir. V.Ələkbərova hazırda həmin mənzildə yaşamır. Cavabdeh 10 gün müddətinə həmin evi təhvil verməsi barədə xəbərdar olunaraq, əks halda Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən evin zəbt olunması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma və mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyalarının Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 16 saylı binada yerləşən 26 nömrəli mənzildən çıxarılması və 16/26 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edılir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 noyabr 2024-cü il tarixli 16/26 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X4 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 16 saylı binada, 26 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan sahə rəisi tərəfindən aparılan araşdırma nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 16 saylı binada yerləşən 26 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilərək qanunsuz olaraq yaşadığları məlum olmuşdur. Cavabdehə mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, ona mübahisəli mənzili jekin rəisi təhvil vermişdir. Sonra onu işdən çıxardılar. Bu hadisə ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Onun mənzilə dair heç bir müqaviləsi yoxdur. İddia tələbinin rədd edilməsini xahiş edir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2159/2025 saylı qətnaməsi ilə (hakim Mirnəsir Mihəsənli) iddia təmin edilmiş, Cavabdeh ona məxsus əşyaları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 16 saylı binada yerləşən 26 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəllənin 6.0.2, 17.3.2, 91.1.5, 91.3, 99.4, 98.1, 98.2, 99.1, 99.6, 100.3-cü maddələrinin, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun qaldığı ev yanmışdır və hal-hazırda ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. O, bu mənzildən çıxarılsa faktiki olaraq yaşamağa heç bir yeri yoxdur. Onun qeyd edilən müahisəli mənzildən çıxarıldığı təqdirdə qeyd olunan müvafiq icra hakimiyyəti orqanları ona alternativ olaraq müvəqqəti məskunlaşma yeri təqdim etməlidir. Çünki mənzildən çıxarılacağı təqdirdə onların yaşamağa heç bir yeri yoxdur. O artıq 9 aydan çox müdətdir ki, ünvan 4 ünvanında yaşayır. Bu ünvanda yaşamaq üçün Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçmiş nümayəndəsi ilə razılığa gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
14. Maddə 6. Mənzil münasibətləri 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: (...) 6.0.2. xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; (...)
15. Maddə 17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.
16. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: (...) 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; (...) 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
17. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin təyinatı Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
18. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
19. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
20. Maddə 100. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”
3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri 3.1. Məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
24. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (...)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
27. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlı yaşayış sahəsidir və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir. Həmin mənzil xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən 5 nəfər ailə üzvü ilə birlikdə məcburi köçkün X2 müvəqqəti istifadəsinə verilmişdir. Hazırda mənzildə Cavabdeh yaşayır.
34. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini başqasının istifadəsinə vermək hüququ yoxdur.
35. İş materiallarından görndüyü kimi cavabdeh məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aid olan xüsusi təyinatlı yaşayış sahəsində müqavilə və ya heç bir digər əsas verən sənəd olmadan istifadə edir.
36. Cavabdeh apellyasiya şikayətində onun qaldığı evin yandığını, mübahisəli mənzildə isə yaşamaq üçün Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçmiş nümayəndəsi ilə razılığa gəldiyini göstərsə də, kollegiya qeyd edir ki, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə kirayə müqavilələri əsasında verilir.
37. Belə ki, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir.
38. Qaydanın 2.6-cı bəndinə əsasən, kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir.
39. Cavabdeh isə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aid olan mübahisəsi gedən xüsusi təyinatlı yaşayış sahəsində yaşamasına əsas verən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı onun həmin mənzildə qanunsuz olaraq yaşamasına istinad edərək mövcud iddia tələbini irəli sürmüşdür.
40. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Sadıqov X6 rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 16 saylı binada yerləşən 26 nömrəli mənzildə qanuni əsas olmadan yaşadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
44. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-2159/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.