Məhkəmə qərarları › İş №2(105)-976/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-976/2022

27.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-976/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏTNAMƏSİ iş № 2(105)-976/22 (Açar sözlər: dəmir tor hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın qanunsuz sahiblikdən qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X6 və Cavabdeh5 nümayəndəsi X7 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-489/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 27 aprel 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və arvadı Şamaxi rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevnanın hər birinin qanunsuz zəbt etdikləri ona məxsus 0,46 ha torpaq sahəsini, Cavabdeh3 0,24 ha və onun arvadı Topçubaşova (Namazova) Tünzalə Kamal qızının qanunsuz zəbt etdikləri 0,17 ha torpaq sahəsinin, Cavabdeh5 Əlmuxtar oğlunun qanunsuz zəbt etdiyi 0,13 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahələrinin ətrafında metal tordan çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, həmin torpaq sahələrinin onun əməli istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 fevral 2021-ci il tarixdə gəlini X3 Şamaxi rayonu Qızmeydan kəndində yerləşən 6,35 ha torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsi əvvəllər cavabdehlər tərəfindən zəbt olunmuşdur. Müşkünaz onları məhkəməyə vermiş, məhkəmə həmin torpaqların boşaldılması, orada olan dəmir tor hasarın sökülməsi barədə qətnamə qət etmişdir. Qətnamə icra olunmuş dəmir tor hasar sökülərək ərazidən çıxarılmışdır. Lakin bir müddət sonra cavabdehlər yenidən həmin yerdə əvvəlki qaydada dəmir tor çəkmiş və ərazini zəbt etmişlər. Hazırda da həmin ərazi onun mülkiyyətindədir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər zəbt etdikləri torpağı geri qaytarmaq istəmirlər. Cavabdeh1 və arvadı Şamaxi rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevna hər biri 0,46 ha, Cavabdeh3 0,24 ha, onun arvadı Topçubaşova (Namazova) Tünzalə Kamal qızı 0,17 ha, Cavabdeh5 Əlmuxtar oğlu 0,13 ha torpaq sahəsi zəbt edərək hasarlamışlar. Cavadehlərin iddia tələbinə qarşı yazılı etirazları daxil olmamışdır. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli, AN-İ№ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X8, X9, X10 və X1 rayonu Qızmeydan kəndində yerləşən ümumi sahəsi 6,3511 ha olan torpaq sahəsini birgə qaydada İddiaçı 5000 manata satmışlar. Şamaxı rayonu Qızmeydan kəndində yerləşən 6,3511 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquq sahibi İddiaçı adına 09 mart 2021-ci il tarixdə AA 596389 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” barədə sənəd tərtib olunmuş və həmin torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüquqlarının (reyestr nömrəsi **********18) qeydiyyata alınmasına əsas olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-489/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı dəmir tor hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın onun istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 və arvadı Şamaxi rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevnanın hər birinin qanunsuz zəbt etdikləri 0,46 ha, Cavabdeh3 0,24 ha, onun arvadı Topçubaşova (Namazova) Tünzalə Kamal qızının qanunsuz zəbt etdikləri 0,17 ha və Cavabdeh5 Əlmuxtar oğlunun qanunsuz zəbt etdiyi 0,13 ha iddiaçının mülkiyyətində olan torpaq sahəsinin boşaldılması və həmin sahələrin ətrafında metal tordan çəkilmiş hasarların cavabdehlərin hesabına sökülərək həmin torpaq sahələrinin iddiaçının istifadəsinə qaytarılması qət edilmişdir. (hakim Natiq İsmayılov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, cavadehlərin iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi təsdiqini tapdığından cavabdehlər Cavabdeh1 və arvadı Şamaxı rayonu Qızmeydan kəndində yaşayan Cavabdeh2 Yevgeniyevna hər birinin qanunsuz zəbt etdikləri 0,46 ha, Cavabdeh3 0,24 ha, onun arvadı Topçubaşova (Namazova ) Tünzalə Kamal qızı qanunsuz zəbt etdikləri 0,17 ha, Cavabdeh5 Əlmuxtar oğlu qanunsuz zəbt etdiyi 0,13 ha iddiaçının mülkiyyətində olan torpaq sahəsi boşaldılmalı, həmin sahələrin ətrafında metal tordan çəkilmiş hasarlar cavabdehlərin hesabına sökülməli və həmin torpaq sahələri iddiaçının əməli istifadəsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 164.1, 164.2-ci maddələri, Torpaq Məcəlləsinin 111-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 217, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri eyni məzmun daşımaqla onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsi 23 dekabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, guya iddiaçının torpaq sahəsi zəbt edilmişdir. Əslində bu zəbt olunma heç bir sənəddə öz əksin tapmır. Çünki məhkəmə ekspertizası keçirilməmiş və ümumiyyətcə məhkəmə iclası olmamışdır. İddiaçı adına olan Şamaxı rayonu Qızmeydan kəndində yerləşən torpaq sahısinə aid mülkiyyət sənədi Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Məhkəmə bütün bunları bilə-bilə qəsdən qəzrəzli qətnamə qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişlər. Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 23 dekabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Mülki Məcəllənin 157.4 və 164.2-ci maddələri və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə görə cavabdehlərdən Cavabdeh3 istifadəsində olan 0,24 ha, onun arvadı Topçubaşova (Namazova) Tünzalə Kamal qızının istifadəsində olan 0,17 ha torpaq sahələri İddiaçı mülkiyyətidir, cavabdehlər iddiaçının mülkiyyətinə qəsd ediblər. Mülkiyyət hüququna qəsd edilməsinə dair mülki işin araşdırması ilk onu tələb edirdi ki, iddiaçının mülkiyyət hüququnun olduğu iddia olunan torpaq sahəsi, mübahisə predmeti torpaq sahəsi olduğu təsdiqini tapsın. Lakin hazırda belə bir hal mövcud deyildir və Sumqayıt İnzibati Məhkəməsinin 10.12.2021-ci il tarixli, 2-1(118)- 1574/2021 saylı qərarı ilə Şamaxı rayonu Qızmeydan kəndində yerləşən 6,3511 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının (reyestr nömrəsi **********18) qeydiyyata alınmasına əsas olmuş AA №596389 saylı “Torpaq sahəsinin planı və ölçüsü” əsassız və qanunsuz olması səbəbindən ləğv edilmişdir. Deməli iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 6,3511 ha torpaq sahəsinin koordinatları məhkəmə qərarı ilə məchul, qeyrimüəyyən hala gəlmişdir. Belə olan halda iddiaçının koordinatları məchul olan torpağa mülkiyyət hüququna qəsd edilməsindən söhbət gedə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 nümayəndəsi X15 apellyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş AA 596389 saylı “Torpaq sahəsinin plan və ölçüsü” barədə sənəd əsasında iddiaçının mülkiyyət hüququnun pozulmasına istinad etmiş və cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-1574/2021 nömrəli qərarı ilə iddiaçılar Cavabdeh4 və Cavabdeh3 cavabdeh DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 6.3511 ha torpaq sahəsinin üzərində İddiaçı adına verilmiş AA 596389 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin ləğv edilməsi tələbinə dair iddia təmin edilib, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş AA 596389 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ləğv edilmişdir. Həmin qərarla müəyyən olur ki, Cavabdeh3 1989-cu il tarixdə Şamaxı rayonu Astraxanova kəndi (indiki Qızmeydan kəndi) ərazisində ümumi sahəsi 0,48 ha olan torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmişdir. Qeyd olunan ərazi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci ii tarixli, 16 sayli qərarı ilə onun mülkiyyətinə verilmişdir. 14 sentyabr 2001-ci il tarixdə Şamaxı rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi qeyd olunan ərazidəki tikilinin 34.3 kvm yan hissəsi də daxil olmaqla, umumilikdə 57.6 kvm sahənin üzərində Cavabdeh3 mülkiyyət hüquqları qeydə alınmışdır. (33 sayli reyestr və 149 saylı inventar işi). Şamaxı rayonu X5 11 noyabr 1998-ci il tarixli, 16 saylı qərarı əsasında 27 dekabr 2005-ci il tarixində “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə (JN-158A/ KOD ********) tərtib edilmişdir. Cavabdeh4 15 iyul 1992-ci il tarixdə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində ümumi sahəsi 0.24 ha olan yaşayış təyinatlı torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Qeyd olunan ərazi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 16 saylı qərarı ilə onun mülkiyyətinə verilmişdir. Əlavə olaraq 0,09 ha torpaq sahəsi də Qızmeydan bələdiyyəsinin 14.03.2005-ci il tarixli, 07 saylı qərarı ilə Cavabdeh4 mülkiyyətinə verilmişdir. Qeyd edilmiş ərazidə Şamaxı rayonu X2 və Mülkiyyət Hüquqlannın Qeydiyyat İdarəsi tərəfindən iki otaq - 22.4 kvm yaşayış sahəsi və 22.4 kvm köməkçi sahəsi olan fərdi yaşayış evinin üzərində Cavabdeh4 mülkiyyət hüququ qeydə alınmışdır. (594 saylı reyestr va 245 saylı inventar işi). 2005-ci il tarixdə isə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 16 saylı qərarı və Qızmeydan bələdiyyəsinin 14.03.2005-ci il tarixli, 07 saylı qərarı əsasında ümumilikdə 0.34 ha “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə (JN-158A/ KOD ********) tərtib edilmişdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli, 2(074)-01/2010 saylı qətnaməsi ilə X11 və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 02 iyul 2003-cü il tarixli, 03 saylı qərarı ilə kənd təsərüfatı istehsalı üçün verilmiş 14,56 hektar “Torpağın mülkiyyət hüququna dair” JN 0266 nömrəli, 41003018 kodlu Dövlət Aktına uyğun cizgilərdə göstərilən sərhədlər daxilində torpaq sahəsi naturada ölçülərək X4 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Şamaxı rayon icra bölməsinin icra məmuru tərəfindən torpaq sahəsinin yeri Müşkinaz Əhmədovanın nümayəndəsinə yerində göstərilmiş və bu barədə akt tərtib edilmişdir. Lakin torpaq sahəsinin cizgilərinin yerində Müşkinaz Əhmədovaya göstərilməsinə baxmayaraq X14 Komitəsinə bu barədə məlumat verilməmişdir. Ona görə də Müşkinaz Əhmədovanın adına verilmiş dövlət aktında olan koordinatlar dəyişdirilmədən saxlanılmışdır və həmin dövlət aktında olan koordinatlar yeni mülkiyyətçi İddiaçı verilən AA 596389 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədində öz əksini tapmışdır. Eyni zamanda həmin qərarla müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 6.3511 ha torpaq sahəsinə görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanarkən torpağa dair koordinatlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş dövlət aktlarında qeyd olunmuş koordinatların əsasında aparılmışdır. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli qətnaməsinin icrası DTXK tərəfindən icra edilmiş olsaydı tərəflərin hazırkı problemlə üzləşməyə bilərdilər. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəzərədə tutulub. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Lakin keçmiş mülkiyyətçi İddiaçı adına torpaq sahəsi qeydiyyatdan keçirilən zaman təqdim olunmuş torpağın koordinatları DƏDRX-in 14 saylı Ərazi İdarəsinin tərəfindən köçürülərək yeni verilmiş “Torpaq sahəsinin plan və ölçü” sənədi verilərkən torpaq sahəsinin yerini müəyyən etmədən hüquqlarını qeydiyyata almışdır. Halbuki, bu cür halda qeydiyyat orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən zəruri olan mərçəkmə və inventarlaşma aparılması hüququ var idi. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində Cavabdeh4 və Cavabdeh3 hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması nəticəsinə gələrkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş AA 596389 saylı “Torpaq sahəsinin plan və ölçüsü” barədə sənədi və həmin sənəd əsasında mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas götürərək iddiaçının mülkiyyət hüququnun pozulmasına istinad etmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)- 1574/2021 nömrəli qərarı ilə Şamaxı rayonu Qızmeydan kəndində yerləşən 6,3511 ha torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının (reyestr nömrəsi **********18) qeydiyyata alınmasına əsas olmuş AA №596389 saylı “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənəd əsassız və qanunsuz olması səbəbindən ləğv edilmiş və hazırda qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətləri qanuni və əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(074)-489/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı dəmir tor hasarın sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın onun istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar