Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-976/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı İZ aktının verilməsi, səhhətə vurulmuş maddi və mənəvi ziyana görə pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X18 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı İZ aktının verilməsi, səhhətə vurulmuş maddi və mənəvi ziyana görə pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-1515/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, İddiaçı həmin cəmiyyətə quşabaxan vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bir ay müddətinə bağlanmışdır.
2. İddiaçı 24 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində “Azərquşçuluq" MMC-yə məxsus olan, Fərhad adlı şəxsin idarə etdiyi avtobusla yaşadığı Abşeron rayonu, Muşviq qəsəbəsindən Bakı-Şamaxı Yevlax yolunun 45-ci km-nin yaxınlığında yerləşən “Azərquşçuluq" MMC-yə gedərkən, Bakı-Şamaxı yolunun 45-ci km-nə çatdıqda avtobusun sürücüsü avtobusun nasaz olduğunu, bəzən yolu dönüb quşçuluğun ərazisinə girə bilməyəcəyini deyərək, avtobusda olan işçilərə avtobusdan düşərək yolun əks istiqamətə piyada keçmələrini bildirmişdir. Bu zaman İddiaçı və digər iki şəxs, yəni Günay Həsənova və Nuranə Qurbanova ilə birlikdə yolu keçərkən soldan rayon istiqamətində hərəkətdə olan minik avtomobili onları vurmuşdur. Hadisə zamanı İddiaçı və digər həmin iki şəxs xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. İddiaçı almış olduğu xəsarətlərdən cərrahi əməliyyat olunmuş və uzun müddət müalicə almışdır. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlanılmış, hadisəni törədən şəxs X3 əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən bu Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş, X8 tərəfindən İddiaçı və X4 dəymiş ziyanın tam ödənildiyi, həmin zərərçəkmiş şəxslər tərəfindən Gülyar Rəcəbova qarşı şikayət olmadığı nəzərə alınaraq, barəsində həmin fakt üzrə sonuncunun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan hissəsinə xitam verilmiş, X9 şikayəti olduğundan, ona münasibətdə X8 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)- 422/2021 saylı qərarına əsasən, X3 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işi üzrə icraata CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 9:30-da işə gələn zaman istehsalatda bədbəxt hadisə faktının müəyyən edilməsi, İZ aktının verilməsi və cavabdehdən maddi və mənəvi ziyana görə 55.000 manat pulun birdəfəlik, bundan sonra aylar üzrə aldığı əmək haqqının alınıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən müəssisədə quşabaxan vəzifəsinə qəbul olunmuşdur. Müqavilədə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi bir aylıq sınaq müddətinə olmasına baxmayaraq müqavilə davam etmişdir. 24 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində işlədiyi “Azərquşçuluq" MMC-yə məxsus olan Fərhad adlı şəxsin idarə etdiyi avtobusla yaşadığı Abşeron rayonu, Muşviq qəsəbəsindən Bakı-Şamaxı- Yevlax yolunun 45-ci km-nin yaxınlığında yerləşən işlədiyi Cavabdeh MMC-yə gedərkən avtobusda ondan başqa 10-11 nəfər işçi olmuşdur. Bakı-Şamaxı yolunun 45-ci km-nə çatdıqda sürücü avtobusu yolun sağında saxlamışdır. Həmin vaxtı hava qarlı və küləkli, yer sürüşkən olmuşdur. Sürücü avtobusun nasaz olduğunu, bəzən yolu dönüb quşçuluğun ərazisinə girə bilməyəcəyini demiş və onlara avtobusdan düşüb yolun əks istiqamətə piyada keçmələrini bildirmişdir. Onlardan əvvəl bəzi işçilər artıq yolu keçmişdilər. O, Günay Həsənova və Nuranə Qurbanova yolu keçərkən soldan rayon istiqamətində hərəkətdə olan “Mercedes Benz 190” markalı avtomobil onları vurmuşdur. Xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, Cavabdeh MMC-nin direktor müavini və "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləmiş X10 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onlar müvafiq olaraq “Azərquşçuluq" MMC-də direktor müavini və "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyirlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)- 422/2021 saylı qərarı ilə hadisəni törətmiş “Mercedes Benz 190” markalı avtomobilin sürücüsü X8 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata CM-nin 263-cü maddəsnin “Qeyd” hissəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyətindən azad edilmişdir. İşəgötürən cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin müəssisədə quşabaxan kimi işə qəbul olunmuş və müqavilənin müddəti bir aylıq xx.xx.2021-ci il tarixə kimi olan müddəti bağlanmış, lakin bədbəxt hadisə baş verənə kimi aralarında faktiki olaraq əmək münasibətləri davam etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə işəgötürən ilə əmək münasibətlərinin davam etməsi, bədbəxt hadisənin isə işdən evə qayıdarkən yolda baş verdiyi öz təsdiqini tapmışdır. Məhkəmə Tibbi və Pataloji Anatomiya Birliyinin canlı şəxsin ekspertizasına dair xx.xx.2021-ci il tarixli 15 Ə saylı rəyində, onun hadisə nəticəsində; qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, üz sümüklərində hər iki almacıq, hər iki əng, burun və alt çənə sümüyünün sağ tac çıxıntısının qapalı yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qan sızma ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların qançır şişkinliyi, hər iki dodağın əzilmiş cırılmış yaraları, alın nayihəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər almağı əksini tapmışdır. Həmin cinayət işinin ibtidai istintaqı zamanı ifadə verən Cavabdeh MMC-nin rəis müavini və "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X14 göstərmişdir ki, xx.xx.2021-ci ildə sürücü Fərhad idarə etdiyi sərnişin daşıma nəqliyyatı nasaz olduğundan o, avtobusun nasaz oldugu yerə getmiş, hava şəraiti pis oldugundan, yəni qar yağdığından və çovğun olduğundan o, işçilərdən 5 nəfərini öz avtomobili ilə götürüb şirkətə daxil olmuş, işçilərdən çoxu piyada yolu keçib işə gəlmişlər. O, geri qaydanda hadisə yerinə 20 metr qalmış “Mersedes Benz 190” markalı avtomobilin işçilərdən üçünü yolun ortasında vurduğunu görmüşdür. Ağır vəziyyətədə olan onu, yəni İddiaçıi avtomobilinə qoyub dərhal təcili-tibbi yardıma çatdırmışdır. Digər iki nəfər işçini şirkət maşını təcili tibbi yardıma aparmışdır. Bu ifadə ilə onun işəgötürən ilə əmək münasibətlərinin davam etdiyini, 9:30 radələrində şirkətin avtobusu ilə işə gəldiyini və işə gələn zaman bədbəxt hadisənin baş verdiyi bir daha öz təsdiqini tapır. Lakin, cavabdeh məsuliyyətdən yaxa qurtarmaq üçün qanunla üzərinə qoyulmuş vəzifə borcunu yerinə yetirməmiş, bədbəxt hadisə faktını aktlaşdırmamış, ona İZ aktı verməmiş, əksinə boş ağ vərəqlərə imza etdiməklə guya işdən azad olunmağını süni rəsmiləşdirmişdir. Bununla da, onun hüquqlarını və azadlıqlarını kobud şəkildə pozmuşdur. Uzun müddət və hal-hazıra kimi müalicə olunduğundan iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə və Cavabdeh MMC-yə rəsmi ərizə ilə müraciət etməsinə baxmayaraq üç aydır ki, heç bir cavab verilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur.
5. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəyə müraciət edərək, İZ aktının verilməsi və cavabdehdən maddi və mənəvi ziyana görə 55000 manat pulun birdəfəlik, bundan sonra aylar üzrə aldığı əmək haqqının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia ərizəsini etiraf etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddiası anlaşılmazdır. İstintaq getdiyi zaman məhkəmə nəzarəti qaydasında şikayət verə bilərdi. Bu gün artıq məhkəmənin qanuni qüvvəsini almış aktı var. Bütün hərtərəfli araşdırma olunmuşdur. İddiaçı təqsirləndirilən şəxsdən maddi qarşılığını alaraq şikayətini geri çəkmişdir. İndi isə şirkətdən nəsə ala biləcəyini düşünür. Şirkət tərəfindən iddiaçı işləmədiyi dövrdə də əmək haqqı verilmişdir. Maddi yardım da təklif edilmişdir. Ona görə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İşə götürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, İddiaçı həmin cəmiyyətə quşabaxan vəzifəsinə təyin edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bir ay müddətinə bağlanmışdır. Müqavilənin 4.15-ci bəndinə əsasən, işçi işə gəlib-getməsi üçün nəqliyyatla təmin edilir.
8. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında “üz sümüklərinin hər iki tərəf almacıq, burun, əng sümüklərinin, sağ tərəf alt çənənin tac çıxıntısının yerini dəyişmiş sınıqları, üst dodağın cırılmış yarası” diaqnozu ilə müalicədə olmuşdur.
9. Prime Hospital tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli baş beynin aktından görünür ki, İddiaçı müayinəsi zamanı “Beyin parenximasında ocaqlı və həcmli proses aşkar olunmur. Üz sümüklərində çox sayda yerdəyişmiş və qəlpəli sınıqlar. Paranazal sinusları dolduran postravmatik möhtəviyyat” aşkar edilmişdir.
10. Medi-Style Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı müayinəsi zamanı “bu əlamətlər sol tərəfdə daha ifadəli olmaqla hər iki üz sinirinin aksonal degenerasiyalı neyropatiyası ilə uyumludur” diaqnozu qoyulmuşdur.
11. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanasında “üz sümüklərinin sınıqlarının cərrahi əməliyyatdan sonrakı vəziyyəti. Açığ dişləm, alt çənənin məhdud hərəkəti” diaqnozu ilə müalicə olunmuşdur.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-422/2021 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işi üzrə icraata CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən, X3 əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən bu Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş, X8 tərəfindən İddiaçı və X4 dəymiş ziyanın tam ödənildiyi, həmin zərərçəkmiş şəxslər tərəfindən Gülyar Rəcəbova qarşı şikayət olmadığı nəzərə alınaraq, barəsində həmin fakt üzrə sonuncunun Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə olan hissəsinə xitam verilmiş, X9 şikayəti olduğundan, ona münasibətdə X8 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur.
13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-1515/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi rədd edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iş prosesində baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş zərəri və işsiz qaldığı dövr üçün əldən çıxmış qazancı tələb etsə də, iddiaçıya maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətləri (əməlləri) və bu hərəkətin (əməlin) nəticəsi arasında səbəbli əlaqə öz təsdiqini tapmamış, bununla bağlı sübutlar mövcud deyildir. Göründüyü kimi, hadisə iddiaçı şirkətə məxsus avtomobildən düşdükdən sonra baş vermiş, hadisəni törədən şəxs avtobus deyil, başqa şəxs olmuş və ona görə də həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüş və iddiaçının xəsarət alması ilə əlaqədar hadisəni törətmiş şəxs tərəfindən iddiaçıya dəymiş maddi ziyan tam olaraq ödənildiyindən, hadisəni törtəmiş şəxs məsuliyyətdən azad edilmişdir. Bu fakt Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-422/2021 saylı qərarında öz təsdiqini tapmışdır. Burdan tam aydın olur ki, mülki hüquq pozuntusunu törədən şəxs MMC-nin işçilərinə xidmət göstərən avtobus sürücüsü deyil, “Mercedes Benz 190” markalı avtomobillin sürücüsü X8 olmuşdur.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 239, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il 27 nömrəli Qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Plenum Qərarının, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il 27 nömrəli Qərarı ilə təsdiq olunmuş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə təhqiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 196-cı maddəsinə əsasən, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Həmin Məcəllənin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Həmin məcəllənin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Məhkəmə iş üzrə müvafiq ekspertizanın təyin olunmalı olduğu halda bunu etməmiş, öz mülahizəsi əsasında qətnaməni əsassız olaraq qəbul etmiş və qanunla qorunan mülkiyyət hüquqlarını pozmaqla qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsində prossesual hüquq normalarının pozuntusuna yol verilmiş, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verilməmiş, bununla da ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmişvə nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının sonuncu iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
23. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
24. Maddə 217. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları
1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.
25. Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydaları:
26. 1.4-cü bənd. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. 1.5-ci bənd. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır.
36. Qərara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.
37. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər.
38. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.
39. İş materiallarından müəyyən olunur ki, əməmk müqaviləsi Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bir ay müddətinə bağlansa da, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2-ci bəndinə əsasən müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən işçilərin səhhətinin pozulması təhqiq edilməli hal olsa da, həmin Qaydaların 1.4-cü bəndinə görə istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən cinayət törədilməsi halı müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir.
41. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-422/2021 saylı qərarının surətindən görünür ki, X8 24 fevral 2021-ci il tarixdə saat 09:30 radələrində idarə etdiyi “Mercedes Benz 190” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 45-ci kilometrliyində Şamaxı istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməyərək, həmin vaxtı yolu sağdan sola keçən piyada X12, X7 və İddiaçı avtomobilin qabaq hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X1 diz oynağında və sağ aşağı ətrafında hərəkətlərin məhdudluğu ilə, oynağa mayenin toplanması ilə və oynağın bağlarının travmatik cırılması ilə nəticələnən sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin geniş həcimli qançır-şişkinliyi, hemartrozu, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmiş yarası, çanaq nahiyəsinin yumşaq toxumalarının əziyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, İddiaçı qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, üz sümüklərində-hər iki almacıq, hər iki əng, burun və alt çənə sümüyünün sağ tac çıxıntısının qapalı yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızına ilə müşayiət olunan hər iki gözətrafı yumşaq toxumaların qançır-şişkinliyi, hər iki dodağın əzilmişcırılmış yaraları, alın nahiyəsinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, X2 daxili qanaxma ilə miişayət olunan, dalağın travmatik cırılması, sol baldır sümüklərinin yuxarı 1/3-nin, sağ baldır sümüklərinin orta 1/3nin qapalı, çoxqəlpəli yerdəyişən sınıqları, sol baldır nahiyəsinin yuxarı 1/3-nin əzilmişcırılmış yarası, sağ əlin arxa səthin və sağ əlin 3-cü barmağının sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olmuşdur.
42. Qərardan həmçinin görünür ki, İddiaçı ifadəsində göstərmişdir ki, 24 fevral 2021ci il tarixdə saat 09:30 radələrində işlədiyi "xxxx" MMC-yə məxsus olan Fərhad adlı şəxsin idarə etdiyi avtobusla yaşadığı Abşeron rayonu, Müşviq qəsəbəsindən Bakı-Şamaxı- Yevlax yolunun 45-ci km-nin yaxınlığında yerləşən işlədiyi "xxxx" MMC-yə gedərkən avtobusda ondan başqa 10-11 nəfər işçi olmuşdur. Bakı-Şamaxı yolunun 45-ci km-nə çatdıqda sürücü avtobusu yolun sağında saxlamışdır. Həmin vaxtı hava qarlı və küləkli, yer sürüşkən olmuşdur. Sürücü avtobusun nasaz olduğunu, bəzən yolu dönüb quşçuluğun ərazisinə girə bilməyəcəyini demiş və onlara avtobusdan düşüb yolun əks istiqamətə piyada keçmələrini bildirmişdir. Onlardan əvvəl bəzi işçilər yolu keçmişlər. O, Günay Həsənova və Nuranə Qurbanova yolu keçərkən soldan rayon istiqamətinə hərəkətdə olan minik avtomobili onları vurmuşdur. Onlar da xəsarət aldıqları üçün onları xəstəxanaya aparmışlar. Sürücünü əvvəllər tanımamış, hadisə baş verdiyi gündən “Mercedes” markalı avtomobilin sürücüsü Gülyar Rəcəbov onun sağalması üçün maddi köməkliklər göstərmişdir. X19rşı şikayət və tələbi olmamışdır.
43. Qərardan həmçinin görünür ki, yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X15 tərəfindən qəbul edilmiş 21 may 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarla X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsindən bu Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş, X8 tərəfindən İddiaçı və X4 dəymiş ziyanın tam ödənildiyini, həmin zərərçəkmiş şəxslər tərəfindən Gülyar Rəcəbova qarşı şikayət olmadığını nəzərə alaraq barəsində həmin fakt üzrə sonuncunun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan hissəsinə xitam verilmiş, X9 şikayəti olduğunu nəzərə alaraq Günay Həsənova ilə münasibətdə X8 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işi üzrə İddiaçı X2 zərərçəkmiş şəxs qismində fəaliyyətinə xitam verilmişdir.
44. Göründüyü kimi baş vermiş cinayət hadisəsi zamanı iddiaçının xəsarət almasında və sağlamlığının pozulmasında cavabdehin təqsirli olması halı müəyyən olunmur, cinayət törədilərkən isə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış, həmin əməlin törədilməsində təqsirli bilinmiş X6 Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunmuş və G.Rəcəbov ilə iddiaçı arasında barışıq olduğundan və dəymiş ziyan iddiaçıya ödənildiyindən cinayət işi üzrə icraata xitam verilmişdir.
45. İddiaçı istehsalatda baş vermiş hadisə faktına istinad edərək həmçinin maddi və mənəvi zərərin ödənilməsi tələbini irəli sürsə də, hazırkı iş üzrə cavabdeh tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması və iddiaçının xəsarət almasında onun təqsirli olması işin araşdırılmış halları ilə təsdiqini tapmır.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-1515/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.