Məhkəmə qərarları › İş №2(105)-984/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-984/2024

22.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-984/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba- Xaçmaz Regional Təhsil İdarəsinə və Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən Xaçmaz rayonunun Ləcət kənd orta məktəbin 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli əmrinin ləğv edilməsi, onun işdən azad edildiyi gündən işə bərpa edildiyi günə qədər məcburi boşdayanma dövrü üçün cavabdeh Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi tərəfindən ona əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdən Xaçmaz rayonunun Ləcət kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi “əsasında” həmin məktəbin direktorunun, 04 sentyabr 2023-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, işəgötürən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin direktorunun 04 sentyabr 2023-cü il tarixli əmri qanunsuz və əsassızdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin əsaslandığı hallar Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin direktorunun, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi “əsasında” 04 sentyabr 2023-cü il tarixli əmri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023 -cü il tarixli, 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində təhsil verənlərin sertifikatlaşdırma Qaydasının 5-4-cü bəndi”-nə əsaslandırılmışdır. Həmin əmrin verilməsinə əsas kimi xx.xx.2023-cü il tarixdə keçirilmiş sertifikatlaşmada onun iştirak etməməsi olub. Sertifikatlaşmanın aparıldığı xx.xx.2023-cü il tarixdə xəstə olmuş və bu barədə məktəb direktoruna “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin və Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli qanunsuz və əsassız əmr qəbul edilmişdir. Faktla bağlı Azərbaycan Respublikası Mediasiya Şurasının 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Həmin müraciətlə bağlı 50 manat İMS haqqı və 10 manat karguzarlıq xərci ödəmişdir. Göründüyü kimi cavabdehlərin günahı səbəbindən ona 70 manat məbləğində əlavə zərər dəymişdir. Hesab edir ki, Xaçmaz rayonunun Ləcət kənd orta məktəbinin 04 sentyabr 2023-cü il tarixli əmri ləğv edilməli, işdən azad edildiyi 04 sentyabr 2023-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi boşdayanma dövrü üçün əmək haqqı və 1 saylı Mediasiya təşkilatına ödənilmiş 70 manat məbləğində zərərin əvəzinə 70 manat məbləğində pul cavabdeh Xaçmaz rayonunun Ləcət kənd orta məktəbi və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən ona ödənilməlidir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbin ibtidai sinif müəllimi işinə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müvafiq olaraq iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmədiyi və sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxtda deyil, işə başladığı tarixdən sonra xitam verilmişdir. Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri yalnız İddiaçı deyil, təkrar sertifikatlaşmadan keçməyən bütün təhsilverənlərə şamil edilməklə onların əmək müaviləsinə xx.xx.2023-cü il tarixədək xitam verilməsini nəzərdə tutur. İddiaçı isə həmin tarixdə əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində, yəni işdə olduğu vaxt xitam verilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 42, 454, 68, 70-ci maddələrinə, Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5-ci bəndinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinə baxarkən hüquqi müstəvidə düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Belə ki, iddiaçı ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməklə xitam verilməsini nəzərdə tutur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı birinci sertifikatlaşdırmada iştirak etmiş və uğur qazanmamışdır. Məlum olduğu kimi iddiaçı onkoloji xəstədir və mütəmadi olaraq müayinələrdən keçərək müalicə alır. 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iddiaçının səhhəti ilə əlaqədar iştirakı qeyri-mümkün olmuş və bununla əlaqədar imtahanda iştirak edə bilməyəcəyi barədə müvafiq təhsil müəssisəsinə məlumat vermişdir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən şəxlsər 1 il müddətinə iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. İddiaçının təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ məhdudlaşdırılmaqla, əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Əmək qabiliyyətinin olmaması barəsində çıxarışdan görünür ki, o faktiki olaraq üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak edə bilməmişdir. Onunla işəgötürən arasında əmək müqaviləsinə xx.xx.2023-cü tarixdə xitam verilmiş və hüququ pozulmasaydı əldə edə biləcəyi əmək haqqı gəlirlərindən məhrum edilmişdir. Məhkəmə mübahisəyə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla ədalətli qərar qəbul etməlidir. İddiaçının üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak edə bilməməsi nəticəsində məhkəmənin, Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli , 155 nömrəli qərarının ümumi müddəalarını, Elm və Təhsil Nazirinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinin 2.1-ci bəndini düzgün tətbiq etməməsi maddi hüquq normasının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Onun tərkrar sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak edə bilməməsi, onun iştirak etmə hüququnun pozulmasına və onunla işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin xitam edilməsi əsası kimi çıxış edə bilməz. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli , 155 nömrəli qərarının 5.2-ci bəndi üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətinə iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olmasını nəzərdə tutur. O faktiki olaraq üzrlü səbəblərdən sertifikatlaşdırma imtahanının ikinci şans mərhələsində iştirak edə bilməmişdir. O hazırda onkoloji xəstədir. Sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak edə bilməmişdir. Üzrlü səbəbdən iştirak edə bilmədiyindən sertifikatlaşdırma imtahanında iştirak edilməsinə şəraitin yaradılması ayr-seçkilik hesab edilə bilməz. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı 15 sentyabr 2015-ci il tarixindən Ləcət kənd tam orta məktəbində ibtidait sinif müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. 2022-ci ilin sentyabr ayında səhhətində yaranmış problemlərlə əlaqədar olaraq tibb müəssisinə müraciət etmiş nəticədə təmsil etdiyi şəxsə onkoloji diaqnoz qoyulmuş və xəstəliyi ilə bağlı mütəmadi olaraq müalicələr almışdır. Eyni zamanda 2022-ci ilin sentyabr ayına qədər artıq birinci sertifikatlaşdırma imtahanı keçirilmişdir. İddiaçı həmin imtahanda iştirak etmiş və uğur qazanmamışdır. Hesab edir ki, Qaydaların 5.2-ci bəndində birinci və ya ikinci sertifikatlaşdırma deyil, ümumi sertifikatlaşdırma nəzərdə tutulmuşdur. İddiaçı faktiki olaraq imtahanda iştirak etməyən deyil, iştirak edə bilməyən statusundadır. 04 sentyabr 2023-cü il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu zaman Nazirlər Kabinetinin qeyd etdiyi qərarı və Elm və Təhsil Nazirliyinin 05 sentybar tarixli qərarına istinad olunmuşdur. Təmsil etdiyi şəxs səhhətiylə əlaqədar işə çıxa bilməmişdir. Onkoloji xəstəlik ən ağır kateqoriyalı xəstəlik, bu xəstəlikdən əziyyət çəkən şəxs isə əhalinin həssas qrupuna məxsus şəxs hesab olunur. Şəxs bir dəfə sertifikatlaşdırma imtahanında iştirak etmədiyi təqdirdə bir il müddətində iş yeri saxlanılmaqla ikinci sertifikatlaşdırma imtahanında iştirak üçün şərait yaradılır. Təmsil etdiyi şəxsin ikinci sertifikatlaşdırma imtahanında iştirak edə bilməməsi onun hüququnun məhdudlaşdırılması kimi təfsir olunmamalıdır. Qərarın 5.3-cü bəndində təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyən şəxslər nəzərdə tutulmuşdur. Hesab edir ki, iştirak etməyən və iştirak edə bilməyən şəxs anlayışlarını fərqləndirmək lazımdır. Burada üzrlü səbəblər var. Əməliyyatdan sonra iddiaçıya kimya-terapiya həyata keçirilmiş, müalicələr davam etdirilmişdir. Əməliyyat nəticəsində sağ süd vəzi və bəzi limfalar götürülmüşdür. 04 sentyabrda 2023-cü il tarixdə işə çıxmasına icazə verilmiş və işə çıxanda müqaviləyə xitam veriliyi məlum olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, sertifikatlaşdırma imtahanı iki mərhəldən ibarətdir. Birinci sertifikatlaşdırma imtahanından keçə bilməyən şəxslərlə əlaqədar üzrlü hallar nəzərdə tutulmuşdur. Lakin ikinci imtahanda iştirak etməyən şəxslərə münasibətdə üzrlü hallar nəzərdə tutulmamışdır. Elm və Təhsil Nazirliyinin qərarında imtahanda iştirak etməməli şəxslərin siyahısı verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh1nə rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin olmadan işin baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməyən Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 04 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir.

14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinin 2.1-ci bəndindən görünür ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin edilməsi əmr edilmişdir.

15. İş materiallarında olan əmək qabiliyyətinin olmaması barədə vərəqələrdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək,xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023cü il tarixdən xx.xx.2023-c il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilədək iddiaçının müalicəsi davam etdirilmiş və həmin tarixlərdə o əmək qabiliyyətli olmamışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

18. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

19. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir.

21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmədiyi və sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxtda deyil, işə başladığı tarixdən sonra xitam verilmişdir. Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri yalnız İddiaçı deyil, təkrar sertifikatlaşmadan keçməyən bütün təhsilverənlərə şamil edilməklə onların əmək müaviləsinə xx.xx.2023-cü il tarixədək xitam verilməsini nəzərdə tutur. İddiaçı isə həmin tarixdə əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində, yəni işdə olduğu vaxt xitam verilmişdir.

22. İşin mübahisəsiz hallarına əsasən iddiaçı 2022-ci ilin avqust ayında keçirilən birinci sertifikatlaşdırmada iştirak etmiş, lakin uğur qazanmamış, 2022-ci ilin sentyabr ayında səhhətində yaranmış problemlərlə əlaqədar olaraq tibb müəssisinə müraciət etmiş, nəticədə ona onkoloji xəstəliklə bağlı diaqnoz qoyulmuş, xəstəliklə bağlı mütəmadi olaraq müalicələr həyata keçirilmiş, 19 may 2023-cü il tarixdə isə süd vəzindən əməliyyat olunmuş, müalicələr aldığı müddət ərzində yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək əmək qabiliyyəti olmamış hesab olunaraq müvafiq vərəqələrə əsasən işdən azad hesab olunmuşdur. Əmək qabiliyyətinin olmaması səbəbindən işdən azad olunduğu müddətdə, yəni 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşdırma keçirilmiş, lakin iddiaçı həmin sertifiatlaşdırmada iştirak etməmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin maddi hüquq normasını səhv təfsir edərək düzgün olmayan nəticəyə gəlmişdir.

24. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi iddiaçı ilk sertifikatlaşdırmada uğur qazanmamış, xx.xx.2023-cü il tarixdə keçirilmiş növbəti sertifikatlaşdırmada isə üzrlü səbəbdən, yəni xəstəliyi ilə bağlı müalicəsinin davam etidirilməsi ilə əlaqədar iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan Qaydanın 5.2-ci bəndində nəzərdə tutulan təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs anlayışı şəxsin qəsdən, kobud ehtiyyatsızlıq, səhlənkarlıq, etinasızlıq səbəbindən və əsaslı, kifayətedici üzürlü səbəb olmadan sertifikatlaşdırmda iştirak etməməsi halını özündə ehtiva etməkdədir. Şəxsin üzürlü səbəbdən seritfikatlaşdırmada iştirak edə bilməməsi isə həmin şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas ola bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsassız və qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi isə Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.2-ci bəndini düzgün təfsir etməyərək səhv nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir.

25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(067)-346/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Xaçmaz rayonunun Ləcət kənd orta məktəbin 04 sentyabr 2023-cü il tarixli, 38 nömrəli əmri ləğv edilsin. İddiaçı işə bərpa edilməklə, işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqısı ödənilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 60 (altımış) manat pul cavabdehlərdən tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar