Məhkəmə qərarları › İş №2(105)-987/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-987/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-987/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, AR Respublika Xammal və X15 Mərkəzi «xxxx» MMC-yə və "Cavabdeh1" ASC-yə qarşı hərracın nəticələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1962/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1962/2020 saylı qətnaməsi ilə İddiaçı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, AR Respublika Xammal və X15 Mərkəzi «xxxx» MMC-yə və "Cavabdeh1" ASC-yə qarşı hərracın nəticələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. (hakim G.Tanrıverdiyeva) İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1962/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 ASC, «xxxx» MMC və Sumqayıt şəhər üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında xx xxxx 2017-ci il tarixli, 36/01 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, habelə həmin mənzilin üzərində mülkiyyət hüququ uzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyatın əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil onun mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla mülkiyyətindən çıxarılmışdır. Belə ki, X10 xx xxxxxx 2014-cu il tarixində Cavabdeh1 ASC-dən şəxsi məqsədlər üçün 36 ay müddətinə, illik 20% olmaqla 100000 ABŞ dolları məbləğində kredit götürmüş, kreditin əsas təminatı kimi ona məxsus olan ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5107/fl4 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilmiş, əsas borc üzrə 92554,71 ABŞ dolları, faiz borcu üzrə 24448,89 ABŞ dolları, cərimə (dəbbə) üzrə 100 ABŞ dolları, ümumilikdə 117103,6 ABŞ dolları kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu pulun X4 tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tələbin onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilə və X9 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsinə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 52 000 (əlli iki min) manat müəyyən edilmişdir. Ona məxsus ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzil Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin 36/01 nömrəli, xx xxxx 2017-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 52 000 manat məbləğində müəyyən edilmiş, lakin “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 44200 manat və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 33150 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. Bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyat aparılmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışla ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzil onun mülkiyyətindədir. Lakin hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş və hərracın keçirilməsindən onun xəbəri olmamışdır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru tərəfindən İddiaçı hərracın keçirilməsi ilə əlaqədar olaraq məlumatlandırılmamışdır. Cavabdeh1 ASC-nin xx xxxxxx 2016-cı il tarixli məktubu ilə Sumqayıt şəhər İcra İdarəsindən və Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-dən iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Lakin buna baxmayaraq, Sumqayıt şəhər İcra İdarəsi hərracın keçirilməsi ilə bağlı olaraq hərrac idarəsinə məktub göndərmişdir. Eyni zamanda, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2016-cı il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 2 saylı Ərazi İdarəsinə göndərilən məktubunda ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin açıq hərracda satılaraq mənzilin üzərində olan qadağanın götürülməsini və həmin mənzilin Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin həmin mənzil xx xxxx 2017-ci il tarixində açıq hərrac keçirilərək satılmışdır. İpoteka saxlayan “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.4.2-ci maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında xx xxxx 2017-ci il tarixli, 36/01 nömrəli yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2017- ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olmaqla etibarsız olduğundan, həmin müqavilə əsasında Cavabdeh1 ASCnin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsassızdır. Yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1962/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayəti iddiası ilə eyni məzmunlu olub “İpoteka haqqında” Qanunun 36.1, 36.4.2 və Mülki Məcəllənin 416.1-ci maddələrinə istinad edilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh "Cavabdeh1" ASC-nin nümayəndəsi X11 şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, qeyd edilən hərrac qanuni əsaslarla keçirilmişdir və onun nəticələrinin etibarsızlığı üçün heç bir əsas mövcud deyildir. İddiaçı bu üsulla beş il bundan əvvəl qəbul edilmiş məhkəmə qətnaməsinin icrasına mane olmaq istəyir. Baxmayaraq ki, qətnamə artıq icra edilmişdir. İş üzrə İddiaçı oğlu, cavadehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və «xxxx» MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işə iddiaçı və adları qeyd edilən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5107/f-14 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, xx.xx.2014-cü il tarixli 5107/f-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 92554,71 ABŞ dolları əsas, 24448,89 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 117103,6 (bir yüz on yeddi min bir yüz üç dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) kredit borcu və ipoteka predmetinə tutmanın yönədilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 61 (altmış bir manat) manat borcun cavabdeh X4 iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-14-01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 16 saylı mənzilə və X12 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-14-01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan 0.225 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 6 saylı mənzilin hərracda ilkin satış qiymətinin 52.000 (əlli iki min) manat müəyyən edilməsi, ipoteka predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üçün nəzərdə tulmuş xüsusi mülkiyyətdə olan 0.225 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 6 saylı mənzil və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan 0.225 ha torpaq sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olan məbləğin 117103,6 (bir yüz on yeddi min bir yüz üç dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 61 (altmış bir manat) manatın iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin X8 qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 36/01 nömrəli protokolun surətindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 ASC İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzilini 33150 (otuz üç min bir yüz əlli) manata almışdır. Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx xxxx 2017-ci il tarixli müqavilənin surətinə əsasən, “xxxx” MMC (satıcı) ilə Cavabdeh1 ASC (alıcı) arasında alqı-satqı müqaviləsi imzalanmış və Cavabdeh1 ASC İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzilini 33150 (otuz üç min bir yüz əlli) manata almışdır. Yenə iş materiallarına əlavə edilmiş RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 16 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində ********** qeydiyyqt nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İşdəki Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2016-cı il tarixli sifarişindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzilinin ilkin satış qiyməti 52000 manat müəyyən edilərək hərracın keçirilməsi “xxxx” MMC-yə sifariş olunmuş, bu barədə icra icratının tərəflərinə məlumat verilmişdir. İş materiallarında olan Respublika Xammal və X15 Mərkəzi “xxxx” MMC-nin xx xxxx 2016-cı il tarixli, 01/2913-1 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzili ilkin satış qiyməti 52.000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxxxxx 2016-cı il tarixdə, saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbədə) ünvanında keçirilməsi barədə tələbkar Cavabdeh1 ASC-yə və borclular İddiaçı, həmçinin X8 bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. Yenə iş materiallarında olan Cavabdeh1 ASC-nin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və “xxxx” MMC-yə göndərdiyi xx xxxxxx 2016-cı il tarixli, 3186 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsində mübahisələndirildiyi üçün icra icraatının dayandırılması xahiş edilmişdir. Yenə də iş materiallarında olan Respublika Xammal və X15 Mərkəzi “xxxx” MMCnin xx xxxxxx 2016-cı il tarixli, 01/2776 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzili ilkin satış qiyməti 15% aşağı salınaraq 44200 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxxxxxxx 2016-cı il tarixdə, saat 12:00-da Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbədə) ünvanında keçirilməsi barədə tələbkar Cavabdeh1 ASC-yə və borclular İddiaçı, həmçinin X8 bildiriş bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. İşdəki Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsində dəyişdirilmədən saxlandığından, yəni icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından ipoteka predmeti barəsində nəzərdə tutlmuş hərracın davam etdirilməsi “xxxx” MMC-dən xahiş edilmişdir. İşdə olan Respublika Xammal və X15 Mərkəzi “xxxx” MMC-nin xx xxxxx 2017-ci il tarixli, 01/1662 nömrəli bildirişin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzili ilkin satış qiyməti 44200 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxx 2017-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbədə) ünvanında keçirilməsi barədə tələbkar Cavabdeh1 ASC-yə və borclu İddiaçı bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. Yenə işdə olan “xxxx” MMC-nin xx xxxx 2017-ci il tarixli, 01/2364 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzili üzrə hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxx 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İcra İdarəsindən məhkəmə qərarını yekunlaşdırarkən ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatına məlumat verilməsi xahiş olunmuş, məktub müvafiq icra qurumuna və icra icraatının tərəflərinə göndərilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini və cavabdehin nümayəndəsini dinləyib hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 1962/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakı normalara əsaslanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Yenə həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən(hərrac keçirilərkən qüvvədə olan qaydada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən(hərrac keçirilərkən qüvvədə olan qaydada) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Yenə həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” AR Qanununun 17.1 və 17.1.7-ci maddələrinin tələblərinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Yenə həmin Qanunun 19.1 və 19.1.6-cı maddələrinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılır. İstinad edilən Qanunun 19.2-ci maddəsinə görə isə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsilə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək cəmi 117103,6 (bir yüz on yeddi min bir yüz üç dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) kredit borcu və ipoteka predmetinə tutmanın yönədilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 61 (altmış bir manat) manat borcun cavabdeh X4 iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-14-01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 16 saylı mənzilə və X12 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-14-01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan 0.225 ha torpaq sahəsinə yönəldilməsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 16 saylı mənzilin hərracda ilkin satış qiymətinin 52.000 (əlli iki min) manat, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.225 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması və satışdan əldə olan məbləğin 117103,6 (bir yüz on yeddi min bir yüz üç dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 61 (altmış bir manat) manatın iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin X8 qaytarılması qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və icra icraatına başlanılmışdır. Lakin sonradan həmin qətnamədən şikayət verildiyindən icraat dayandırılmış, lakin həmin şikayətlər təmin edilmədiyindən, yəni birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qaldığından, icra icraatı davam etdirilmişdir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi xx.xx.2017-ci il tarixli məktubla hərrac təşkilatına müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsində dəyişdirilmədən saxlandığından, yəni icraatın dayandırılmasına əsas olmuş hal aradan qalxdığından ipoteka predmeti barəsində nəzərdə tutlmuş hərracın davam etdirilməsi “xxxx” MMC-dən xahiş edilmişdir. Bundan sonra, Respublika Xammal və X15 Mərkəzi “xxxx” MMC xx xxxxx 2017-ci il tarixli, 01/1662 nömrəli bildirişlə məlumat vermişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan Sumqayıt şəhəri, 18ci mikrorayon, 25V saylı evin 16 saylı mənzili ilkin satış qiyməti 44200 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxx 2017-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbədə) ünvanında keçirilməsi barədə tələbkar Cavabdeh1 ASC-yə və borclu İddiaçı bildiriş göndərilmiş, bu barədə kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. “xxxx” MMC xx xxxx 2017-ci il tarixli, 01/2364 saylı məktubla bildirmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzili üzrə hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxx 2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İcra İdarəsindən məhkəmə qərarını yekunlaşdırarkən ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul etdiyi son qərarla hərrac təşkilatına məlumat verilməsi xahiş olunmuş, məktub müvafiq icra quruuna və icra icraatının tərəflərinə göndərilmişdir. Bundan sonra isə hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 36/01 nömrəli protokol tərtib olunmuş, həmin protokolla keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 ASC İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzilini 33150 (otuz üç min bir yüz əlli) manata almışdır. Bu barədə “xxxx” MMC (satıcı) ilə Cavabdeh1 ASC (alıcı) arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2017-ci il tarixli müqavilə imzalanmış, daha sonra bank mülkiyyətçi kimi hüquqlarını xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. İddiaçı hesab edir ki, həmin hərrac təşkilatı hərracın keçirilməsi qaydalarında bir neçə qanun pozuntusuna yol vermişdir. Belə ki, hərracın keçirilməsi barədə ona məlumat verilməmiş, hərraclar onun iştirakı olmadan keçirilmişdir. Lakin iş materiallarındakı sənədlərdən görünür ki, bütün hərraclar barədə icra icraatının tərəflərinə vaxtında məlumat verilmiş, bununla belə həmin məlumatlar kütləvi informasiya vasitəsi olan “Birja yenilikləri” qəzetində müxtəlif vaxtlarda dərc edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırki halda sübut etmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir. İş materiallarından da görünür ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmamışdır. İş materiallarına əlavə edilmiş daha öncə sadalanan hərracın keçrilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarından da aydın görünür ki, mübahisəli mənzilə dair hərrac mövcud qanunlar çərçivəsində, o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Daha öncə qeyd olunduğu kimi iddiaçı məhkəməyə heç bir mötəbər, legitim, əsaslı şübhədən kənar sübut təqdim edə bilməmişdir. Hazırda hərracın nəticələrinin etibarsız hesab edilməsi, habelə mübahisəli mənzilə dair Cavabdeh1 ASC-nin adına verilmiş reyestrdən çıxarışın ləğv olunması üçün iş materiallarında əsaslı sübut yoxdur. İddia ərizəsində göstərilən dəlillər isə iş materaillarında olan mötəbər sənədlərlə təkzib olunur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə görə tələb və etirazlarının əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1962/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar