Məhkəmə qərarları › İş №2(105)-992/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-992/2021

09.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-992/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli İnternattipli Gimnaziyasının vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli İnternattipli Gimnaziyasına qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4986/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Suqmayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4986/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. (hakim Ə.Ələkbərov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4986/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli İnternattipli Gimnaziya tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 61 saylı əmrin etibarsız hesab edilməsi, onun öz əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı ildə anadan olmuş və orta təhsilini başa vurmaqla 2002-2006-cı illərdə Sumqayıt Musiqi Texnikumunda təhsil almış, xx.xx.2011-ci ildı isə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. O, xx.xx.2008-ci ildə General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli İnternattipli Gimnaziyaya analıq məzuniyyəti yerinə X9 rəhbəri vəzifəsinə işə qəbul edilmiş, sonradan həmin vəzifədə çalışan rəhbər işinə qayıtmamış və o, işləməkdə davam etmişdir. Lakin xx.xx.2020-ci il tarixində onun xəbəri olmadan AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (müddətin bitməsi) onunla əmək müqaviləsinə xitam verilmişdir. O, bunun səbəbi ilə maraqlandıqda isə ona bildirilmişdir ki, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin müqavilənin müddəti başa çatdığı üçün işdən çıxarılmışdır. Ona nə həmin müqavilənin surəti, nə də işdən çıxma barədə əmrin surəti verilməmiş, son haqq-hesab ödənilməmişdir. Həmin vaxt ondan öz xahişi ilə işdən çıxmağı barədə ərizə yazmağı tələb olunmuş, lakin o, ərizə yazmadığı üçün bu maddə ilə işdən çıxarılmışlar. Onunla bir dəfə, yalnız 2008-ci ildə işə götürülən vaxt müqavilə bağlanmış və sonradan həmin analıq məzuniyyətində olan işçi işdən çıxmış və onunla əmək münasibətləri davam etdirilmişdir. 12 il bu müəssisədə işləmiş və işlədiyi bu müddətdə hər hansı bir inzibati pozuntuya yol verməmişdir. Bundan başqa, o, 2 uşaq anasıdır, uşaqları 3 və 6 yaşlarındadırlar. O, bankdan ipoteka krediti götürmüşdür, lakin işdən çıxarılmağı onun üçün olduqca çətin və əlverişsiz bir vəziyyətin yaranmasına, çətinliklərlə üz-üzə qalmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia tələbi ilə eyni məzmun daşımışdır. O, əlavə olaraq bildirmişdir ki, işdən çıxarılarkən müəssisədə ona başqa vəzifə təklif edilməmiş, işdən qəfil çıxarılmışdır. Həyat yoldaşı fəhlə işlədiyindən qazancı azdır və bu səbəbdən götürdüy ipoteka kreditini ödəməkdə çətinlik çəkəcəkdir. Məhkəmə qətnaməsində heç bir əsaslandırma aparılmadan onun haqlı iddiası rədd olunmuşdur. O, həmin müəssisədə 12 il işlədiyi üçün onun müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməlidir və belə olan halda, ona müddətli əmək müqaviləsinin şərtlri tətbiq edilə bilməzdi. Məhkəmə iclasında dindirilmiş şahid ifadələrinin heç bir hüquqi əsası ola bilməz, çünki onlar cavabdeh qurumda hazırda da işləyirlər və rəhbərliyin mənafeyinə uyğun ifadə verməlidirlər. Bu hallara isə məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən və cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 61 saylı əmr qanunsuz olduğundan qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, tələbin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi X11 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, apelyasiya şikayəti əsassızdır, buna görə də şikayət rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin verdiyi diplomdan görünür ki, İddiaçı həmin universitetdə bakalavr təhsili almışdır. Yenə iş materiallarında olan xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Yenə də iş materiallarında olan xx.xx.2015-ci il tarixli AR TN Sumqayıt şəhər Təhsil şöbəsinin verdiyi arayışdan görünür ki, təhsil şöbəsi X6 General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli X1 X3 vəzifəsinə qəbul edilməsinə etiraz etmir. İşdə olan xx.xx.2015-ci il tarixli, 25 nömrəli əmrdən görünür ki, X7 xx.xx.2015-ci il tarixdən internat məktəbə Uşaq X3 təyin edilmişdir. Yenə işdə olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli İnternattipli Gimnaziyası üzrə X7 ilə xx.xx.2015-ci ildə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Yenə də işdə olan xx.xx.2020-ci il tarixli, 61 nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşdəki xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı əmək kitabçasını götürüb imza etməkdən imtina etmişdir. İş materiallarında olan AZ-İİİ 336046 saylı və AZ-İİİ 986764 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı Murad və Dəniz adlı azyaşlı uşaqları vardır. İşdə olan xx.xx.2008-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 3 il müddətinə (müddətli), xx xxxxxx 2011-ci ilədək analıq məzuniyyəti yerinə Uşaq X3 vəzifəsinə işə qəbul edilmişdir. Yenə işdə olan General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli İnternattipli Gimnaziyanın direktorunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə göndərdiyi xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, məktəbin əsas işçisi müddətsiz əmək müqaviləsi ilə çalışmış X8 xx.xx.2008-ci il tarixdən Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən 126 təqvim günü olmaqla hamiləlik və doğuşa görə məzuniyyətə çıxmışdır və Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən xx.xx.2009-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Lalə İbrahimovanm analıq məzuniyyətində olması ilə əlaqədar olaraq onun yerinə müddətli əmək müqaviləsi ilə ( analıq məzuniyyəti yerinə) İddiaçı xx.xx.2008-ci il tarixindən işə qəbul edilmişdir. Lalə İbrahimova x xxxxxx 2008-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyətdə , uşağın xroniki xəstəliyi olmasına görə ödənişsiz məzuniyyətdə olmuşdur, xx.xx.2014-cü il tarixdə işə qayıtmış və xx.xx.2015-ci il tarixində öz xahişi ilə ərizəsinə əsasən işdən azad olunmuşdur. Lalə İbrahimovanın sosial məzuniyyəti dövründə işə götürülmüş (müddətli analıq məzuniyyəti yerinə)İddiaçı xx.xx.2014cü il tarixdən Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən hamiləlik və doğuşa görə məzuniyyətə çıxmış xəstəlik vərəqəsinə əsasən məzuniyyət müddəti xx xxxx 2014-cü il tarixə qədər uzadılmış və xx.xx.2014-xx.xx.2017-ci il tarixə kimi Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi növbəti dəfə 2-ci hamiləlik və doğuşa görə məzuniyyət müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək təqdim etdiyi xəstəlik vərəqəsinə əsasən uzadılmış və nəhayət xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona qismən ödənişli sosial məzuniyyət verilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən hal-hazırda davamlı olaraq fasiləsiz sosial məzuniyyət hüququndan istifadə edir. Eyni zamanda X8 isə xx.xx.2008-ci ildən xx.xx.2014-cü il tarixədək fasiləsiz olaraq sosial məzuniyyət hüququndan istifadə etmişdir. Gimnaziyanın əsas işçisi olmuş Lalə İbrahimova xx.xx.2015-ci il tarixdən işdən azad olunduğu üçün Sumqayıt şəhər Təhsil Şöbəsinin xx.xx.2015-ci il tarixli, 187 nömrəli məktubuna əsasən X7 əsas işçi kimi müddətsiz müqavilə ilə işə qəbul edilmişdir (analıq məzuniyyəti yerinə müddətli əmək müqaviləsi ilə işləyən İddiaçı sosial məzuniyyətdə olduğu müddətdə). Analıq məzuniyyəti yerinə müddətli əmək müqaviləsi ilə işləyən İddiaçı xx.xx.2020-ci il tarixdən qismən ödənişli sosial məzuniyyətin müddəti bitəcək. Məzuniyyət bitdikdən sonra İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73.2 maddəsinə əsasən xitam verilməsinin qanunauyğun olub-olmaması barədə rəy verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 7 saylı region üzrə X5 işdəki xx xxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, 1999-cu il iyul ayından qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası tam göstərilmişdir. Belə ki, Əmək Məcəlləsinin 73.2-ci maddəsində işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda, həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4986/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. İş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixdə İddiaçı General M.Əsədov adına Sumqayıt İnteqrasiya Təlimli İnternattipli Gimnaziyaya analıq məzuniyyətində olan müddətsiz əmək müqaviləsi əsasında işləyən Lalə İbrahimovanın yerinə X9 rəhbəri vəzifəsinə işə qəbul edilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin dövr ərzində iddiaçı 2 dəfə analıq məzuniyyətində olmuşdur. 2-ci analıq məzuniyyətində olduğu dövrdə Lalə İbrahimova öz ərizəsi əsasında işdən çıxmışdır. Daha sonra isə Lalə İbrahimovanın yerinə Aidə Baxşəliyeva işə götürülmüş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Yaranmış mübahisəli məqamla əlaqədar təhsil müəssisəsinin rəhbəri xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciərt etmiş, məzuniyyəti bitdikdən sonra İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73.2 maddəsinə əsasən xitam verilməsinin qanunauyğun olub-olmaması barədə rəy verilməsi xahiş edilmiş, Xidmətdən isə xx xxxx 2020-ci il tarixdə yuxarıda qeyd edilmiş rəy verilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən iddiaçının işdən azad olunması barədə xx.xx.2020-ci il tarixli, 61 nömrəli əmr verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsin əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Yenə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Qeyd edildiyi kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmuşdur və orada iddiaçının 3 il müddətinə, yəni xx xxxxxx 2011-ci ilədək analıq məzuniyyəti yerinə Uşaq X3 vəzifəsinə işə qəbul edilməsi göstərilmişdir. Lakin işdən görünür ki, iddiaçı bu müqavilənin bitmə tarixinə bir müddət qalmış 2 dəfə fasiləsiz analıq məzuniyyətinə çıxmışdır və bu müddət, onun işəgötürənlə müddətsiz əmək müqaviləsi bağlaması mənasına gəlmir. Analıq məzuniyyətindən qayıtdıqdan sonra isə iddiaçı müvafiq əmrlə işdən azad edilmişdir. İşdən görünür ki, bu zaman işəgötürən tərəfindən əmək qanunvericiliyinin heç bir tələbi pozulmamışdır və buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4986/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar