Məhkəmə qərarları › İş №2(105)-992/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-992/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-992/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzil hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı cehiz əşyalarının çıxarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzildə yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, ilkin iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlk İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzilə Cavabdeh ilə bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun həmin ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, mənzil 101, cavabdeh keçmiş qayınatası Cavabdeh Şahralı oğlunun adınadır. X3 ilə 08.02.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 17.08.2011-ci il təvəllüdlü Elnar adlı bir övladları olmuşdur. Hazırda nikahları Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Evləndikləri gündən qeyd edilən mənzilə gəlin köçmüş və 2011-ci ilin avqust ayına qədər cavabdehlərlə birgə mübahisəli mənzildə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2205/2020 saylı və 05.10.2020-ci il tarixli qətnamməsi ilə sübuta yetirilirmişdir. Cavabdehlər hal-hazırda onu mənzilə buraxmırlar. O, hal-hazırda valideynlərinin yanında yaşamağa məcburdur. O, azyaşlı uşağı ilə birlikdə ömrü boyu valideynlərinin yanında yaşaya bilməz. Uşaq onun uşağı olduğu qədər də cavabdehin nəvəsidir. Bu günə kimi onun həmin evdə yaşamağına imkan verilmir. Hesab edir mübahisəli evə olan hüquqları olduğundan cavabdehin onun yaşadığı evdən çıxartmağa haqqı yoxdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus cehiz əmlaklarının istifadəsində və sahibliyində olan mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. Belə ki, cavabdeh oğlu ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonralar münasibətləri pisləşmiş, aralarında daim sözsöhbət olmuş və cavabdeh oğlunu tərk edib getmişdir. Tərəflərindən ailənin bərpası üçün görülmüş tədbirlər heç bir müsbət nəticə verməmişdir. Məhkəmə qətnaməsi ilə onların arasında olan rəsmi nikah pozulmuşdur. Artıq onların arasında həm rəsmi, həm də faktiki olaraq ər-arvad münasibəti mövcud deyildir, ailə həm rəsmi, həm də faktiki olaraq dağılmışdır. Bununla əlaqədar olaraq bir neçə dəfə cavabdehə müraciət edərək cehiz əmlaklarının mənzildən çıxarılmasını xahiş etsələr də, cavabdeh onların xahişlərinə məhəl qoymamışdır. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin cehiz əşyaları mənzilində xeyli yer tutmaqla onun öz mənzilində istifadə hüququnu məhdudlaşdırır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ona məxsusdur və faktiki olaraq onun istifadəsində və sahibliyindədir. 2014-cü ildən iddiaçı ona məxsus evdə yaşamır. Onun mənzildə heç bir hüququ yoxdur. Ümumiyyətlə yaşayış sahəsi ilə bağlı tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. Məhkəmə tərəfindən bir çox maddi və hüquq normaları pozulmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(060)-9083/2021 saylı qətnaməsini ləğv edərək, iş üzrə ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə cavabdeh R.S.Baxşəliyev, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə ilk iddia üzrə iddiaçı G.S.Baxşəliyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd edərkən, iddiaçının mübahisəli evdə yaşamaq hüququnun əldə etməsi və bununla bağlı olaraq əmlakın orada qanuna uyğun qalmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 23.08.2021-ci il tarixli, 2075 saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı ərazi 3/3, ev №101 sənədsiz fərdi yaşayış evinin sahibi olan Cavabdeh məxsus evə İddiaçı, Cavabdeh oğlu X3 ilə 2010-cu ildə ailə həyatı quraraq həmin evə gəlin köçmüş və həmin ünvanda C.B.Baxşalızadə 17.08.2011-ci ildə X1 dünyaya gətirmişdir. Göstərilən mənzildə C.S.Baxşalızadə 2019-cu ilə qədər daimi yaşamışdır. Aktın doğruluğunu qonşular: C.Ağammədov, S.Cəbiyev, komitənin sədri Ş.Məmmədov öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2205/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı-cavabdeh C.B.Baxşalızadənin cavabdeh-iddiaçı Cavabdeh, cavabdehlər X4, X5 və Baxşəliyevə qarşı “mənzilə köçürmə tələbinə dair” və cavabdeh-iddiaçı R.Ş.Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizələri əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ №350391 saylı, 21.04.2020-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, C.R.Baxşalızadə ilə İddiaçı ilə olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 21.04.2020-ci il tarixdə ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 23.08.2021-ci il tarixli, 2044 saylı arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 nömrəli fərdi yaşayış evində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 14.10.2021-ci il tarixli, ******* saylı arayışından görünür ki, Hüseynova Gülnar Sayəddin qızı Sumqayıt şəhəri, Nizami küçəsi, 111-də qeydiyyatdadır. Hazırda iddiaçı-cavabdeh İddiaçı mübahisəli Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzilə Cavabdeh ilə bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun həmin ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə tələb irəli sürmüşdür. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və X6 haqqında» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2011-ci ildən yarandığını, yəni iddiaçının mübahisəli evə cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq, həmin ildən yaşamasını, tərəflər arasındakı hazırkı mənzillə bağlı hüquq münasibətləri 2009-cu ildən sonra əmələ gəldiyindən, hazırki mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin predmetinin qanunsuz tikili olan fərdi ev təşkil etdiyindən mübahisə üzrə qanunun analogiyası tətbiq edilməli və Mənzil Məcəlləsinin aşağıdakı normaları rəhbər tutulmalıdır: Belə ki, hüquqi statusu məlum olmayan (qanunsuz tikili) yaşayış sahələrində köçürülmə və ya bu tip mübahisələrə baxılması ilə əlaqədar bir başa maddi hüquq norması mövcud deyil. 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla icarədarın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə kollegiyası ilk iddia üzrə Cavabdeh mübahisə olunan evin onun istifadəsində və sahibliyində olması barədə dəlilə qiymət verərək hesab edir ki, həmin dəlil qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X7rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallıqdan qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı 2011-ci ildən mübahisəli evdə yaşaması, cavabdehlə ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqları bərpa edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə ilkin iddia tələbinin fərdi yaşayış evinə dair iddiaçının istifadə imkanlarının müəyyən edilməsi barədə iddia tələbini həmin hissədə təmin etmir. Belə ki, sözügedən fərdi yaşayış evinə dair heç bir sənəd olmadığı üçün həmin evdə istifadə imkanlarının müəyyən edilməsi tələbi əsassızdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh oğlu ilə nikaha daxil olduqdan sonra cavabdeh-iddiaçının və onun ailə üzvlərinin razılığı ilə mübahisəli evə gəlin gəlmiş və öz cehiz əşyalarını həmin evdə yerləşdirmiş və 8 ilə yaxın həmin evdə yaşamışdır. Ona görə də iddiaçı-cavabdehin həmin hissədə yaşamaq hüququ vardır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianın təmin edilməməsi barədə qərara gəlmişdir. Bundan başqa, hazırkı iş üzrə ilk iddia tələbini qismən təmin edərək, iddiaçıcavabdehi sözügedən mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edir və belə olan halda qarşılıqlı iddia tələbinin rədd edilməsi üçün bir əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X7rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallıqdan qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 29 dekabr 2021-ci il tarixli 2(060)- 9083/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar