Məhkəmə qərarları › İş №2(105)-993/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-993/2023

08.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-993/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafari və X11 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı İsmayılova Sərfınaz Rəhman qızının cavabdeh Qulıyev Teymurşah Babaverdı oğluna qarşı "evə köçürülmə" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(031)-1/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Şabran şəhəri, X.Əhmədov küçəsi, 116-da yerləşən Cavabdeh yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia ərizəsinə dəqiqləşmə verərək, Şabran şəhəri, X.Əhmədov küçəsi, 117-də yerləşən Cavabdeh yaşadığı evə uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu X2 ilə xx.xx.2018-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci ildə X7 və xx.xx.2019-cu ildə X9 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il qətnaməsi ilə boşanmışlar. Boşanan vaxta kimi cavabdehə məxsus evdə uşaqları ilə yaşamış, sonra isə iki uşaqla onu evdən çıxarmışlar. Ona görə də o, ünvan 4n Cavabdeh evinə uşaqları ilə birlikdə köçürülməyi barədə məhkəmədə iddia qaldırmışdır və iddianın təmin edilməsini xahiş edir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. AZ-İV seriyalı 313032 saylı və AZ-İV seriyalı 156795 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2018-ci ildə Şanisə Quliyeva və xx.xx.2019-cu ildə Teymur Quliyev anadan olmuş, ataları X2, anaları İddiaçıdır.

6. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-750/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X2 arasında 31 iyul 2018-ci il tarixdə Şaban rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 120 nömrə ilə qeyd edilmiş nikah pozulması, boşanmadan sonra 23 avqust 2018-ci il təvəllüdlü X7 və 26 avqust 2019-cu il təvəllüdlü X3 İddiaçı yanında qalmaları qət edilmişdir.

7. "xxxx" QSC tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli sorğuya cavab məktrubundan görünür ki, ünvan 1 ünvanında yerləşən kazarma tipli xidməti dəmir yolu evi "xxxx" QSC-nin İnfrastruktur departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinin balansındadır. Sözügedən ünvanda yerləşən kazarma tipli dəmir yolu evi 1970-ci ildə dəmir yolu işçisi kimi X4 verilmişdir. Cavabdeh 1979-cu ildən həmin ünvanda qeydiyyata alınmış və hal-hazırda orada yaşayır.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Şabran şəhəri, X.Əhmədov küçəsi, 117 ünvanında yerləşən evə dar arxiv sənədləri aşkar edilməmişdir.

9. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti apellyasiya məhkəməsi tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Şabran Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(031)-1/2023 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia tələbinin təmin edilməsi, İddiaçı Şabran şəhəri, X.Əhmədov küçəsi, 117 ünvanında yerləşən Cavabdeh yaşadığı evə uşaqları ilə birlikdə köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 228.5-ci maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4, 30.1, 30.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216 və 237-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

12. Cavabdeh Qulıyev Teymurşah Babaverdı oğlu apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, o, Şabran Rayon Məhkəməsinin 2(031)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini əsassız və qeyriobyektiv hesab edir. Şabran Rayon Məhkəməsinin hazırkı qətnaməsində qeyd olunan “məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olması nəticəsinə gəlir” cümləsi məhkəmə tərəfindən gəlmiş səhf nəticədir. Göründüyü kimi məhkəmədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə formal cəhətdən istinad edilsə də, həmin maddə səhf təfsir edilmişdir. Bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bildirir ki, X2 onun oğludur. İddiaçı isə gəlini olmuşdur. X2 ilə İddiaçı birgə nikahlarından xx.xx.2018-ci ildə Şahnisə və xx.xx.2019-cu ildə Teymur adlı uşaqları olmuşdur. Cəsarətlə Sərfinaz təxminən 2019-cu ilin noyabr-dekabr aylarında kirayə çıxmışlar, gedərkən əmlaklarını da aparmışlar. 2020-ci ildə Cəsarət Rusiya Federasiyasına işləməyə getmişdir. Pandemiya düşdüyü üçün bir il işləyə bilməmişdir. Oğlu 1 il Rusiya Federasiyasında qalmış, Sərfinaz təxminən 3 ay kirayədə daha sonra isə anasının yanında yaşamışdır. Cəsarət gələndən sonra bir müddət oğlu və Sərfinaz bir yerdə yaşasalar da, lakin sonradan yola getməyib ayrılmışlar. Sərfinaz ünvan 4n evdə yaşadığı müddət ərzində onunla da yola getməmiş, mütəmadi münaqişlər və mübahisələr yaratmışdır. Nəticədə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-750/2022 saylı qətnaməsi ilə İddiaçı ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. Yaşadığı ünvan 4n ev iki otaqdan ibarətdir. Həmin ev atasından qalan evdir. ünvan 1 ünvanında yerləşən kazarma tipli xidməti dəmir yolu evi "xxxx" QSC-nin İnfrastruktur departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinin balansındadır. Sözügedən ünvanda yerləşən kazarma tipli dəmir yolu evi 1970-ci ildə dəmir yolu işçisi kimi X4 verilmişdir. Şabran şəhəri, X.Əhmədov küçəsi, 117-də yerləşən yaşayış evi atası X1 adınadır. Göründüyü kimi həmin ev atasına məxsusdur və o, sadəcə olaraq həmin evdə qeydiyyatdadır. Üstəlik həmin evə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da mövcud deyildir. Sərfinaz və qeyriləri müqavilə əsasında belə həmin evdən istifadə hüququ əldə edə bilməz. Sərfinazın özü və uşaqları üçün hazırkı qətnamə ilə əldə etdiyi əsassız hüququn dövlət qeydiyyatı belə mümkünsüzdür. Yəni, qeyd edir ki, Sərfinaza övladları ilə birlikdə heç bir hüquqi əsas olmadan həmin evə köçürülmə hüququ verilmişdir. Bu hüquq evdə yaşamaq və istifadə hüquqlarını da özündə birləşdirir. Qeyd etmək istəyir ki, atası 1941-1945-ci illlər böyük vətən müharibə veteranı olmuşdur. Atası 1994-cü ildə vəfat etmişdir. Həmin evin bir otağında qardaşı, birində də o, yaşayır. Sərfinaz qardaşı olan otaqda yaşamışdır. Sərfinaz həmin evdə yaşadığı müddətdə qardaşı Biləcəridə kirayədə yaşamışdır. Halhazırda otaqların birində qardaşı yaşayır. Sərfinaz, 2 övladı qardaşına məxsus Şabran şəhəri kazarma 116 ünvanında qeydiyyatdadırlar. Sərfinaz və övladları ünvan 4n evdə qeydiyyatda belə deyildirlər. Sərfinazı həmin evə oğlu gətirmişdir. Həmin fərdi yaşayış evində Sərfinaza müvəqqəti olaraq yaşamağa icazə verilmiş, sonradan onlar kirayə tutduqları evə çıxmışlar. Sərfinaz hal-hazırda Şabran şəhərində yerləşən anasına məxsus fərdi yaşayış evində yaşamaqdadır. Qeyd edir ki, bir torpaq sahəsində Sərfinazın anası tərəfindən inşa edilmiş 2 fərdi yaşayış evi vardır ki, onların birində Sərfinaz övladları ilə birlikdə yaşamaqdadır. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Cavabdeh, onun nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.

16. İddiaçı X5 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 66.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.

21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq təmin etmişdir.

24. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edərək birinci instansiya məhkməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı mövqeyini aşağıdakı şəkildə əsaslandırır:

25. Məhkəmə kollegiyiası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla, xüsusi təyinatlı yaşayış sahəsidir. Mənzil cavabdehin mülkiyyətində deyildir. Həmin mənzil 1970-ci ildə cavabdehin atasına dəmir yol işçisi olduğu üçün istifadə etməsi üçün müvəqqəti verilmişdir. Cavabdehin atası 1994-cü il tarixdə ölmüşdür. Cavabdeh 1979-cu ildən həmin mənzildə qeydiyyatda olmaqla mənzilə sahiblik və istifadə edir. Mənzil üçüncü şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansındadır. İddiaçı cavabdehin oğlu ilə 2018-ci ildə ailə qurduqdan sonra ailə üzvü olaraq həmin mənzilə köçürülmüş və birgə təsərrüfat aparmışlar. İddiaçı cavabdehin keçmiş gəlinidir.

27. Göründüyü kimi iddiaçı mübahisəli mənzilə 01 oktyabr 2009-cu il tarixdən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin qüvvədə olduğu vaxtda köçmüşdür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mənzilə bağlı tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəları tətbiq edilməlidir.

28. Məhkəmə kollegiyası mübahisənin qanuni həlli ilə bağlı ilk öncə mübahisəli mənzilin hüquqi rejiminin müəyyən edilməsini zəruri hesab edir.

29. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara qiymət verərək qeyd edir ki, hüquqi rejiminə görə mübahisə predmeti olan mənzil xidməti yaşayış sahəsidir. Xidməti yaşayış sahələri dövlət mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid olmaqla həmin yaşayış sahələri ayrı-ayrı kateqoriyalardan olan şəxslərin sosial müdafiəsi üçün verilir. Kirayəçi ailə üzvlərini və digər qohumları da yaşayış sahəsinə köçürmək hüququna malik olmaqda, kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynlər aiddir.

30. «Digər qohumlar» ifadəsinə aydınlıq gətirərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

31. Göründüyü kimi iddia tələbi mənzilə köçürülmə ilə bağlıdır.

32. Konstitutsiya məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə mənzilə köçürülmə ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır (Bax A.M.Cavidanın şikayəti üzrə 14 noyabr 2008-ci il tarixli qərar).

33. Qeyd edildiyi kimi mübahisə predmeti olan mənzil xidməti yaşayış sahəsi olmaqla dövlət mülkiyyətinə aiddir, cavabdeh həmin yaşayış sahəsinin mülkiyyətçisi deyildir, həmin mənzildən kirayə müqaviləsi əsasında müvəqqəti istifadə hüququna malikdir. İddiaçı mübahisə predmeti olan evin kirayəçisi Cavabdeh gəlinidir. Ailə qanunvericiliyinin 15-ci fəslinə istinadən məhkəmə kollegiyası qeyd edir ki, gəlinin qayınatadan özünün saxlanılmasını tələb etmək hüququ qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçı (gəlin) cavabdeh qismndə çıxış edən qayınatadan (Cavabdeh) ailə qanunvericiliyinə əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından ailə üzvü hesab edilə bilməz. Bu baxımdan iddiaçının mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək səlahiyyəti yaranmamışdır. Odur ki, mənzilə köçürülmə tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur.

34. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(031)-1/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Qulıyev Teymurşah Babaverdı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(031)-1/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İsmayılova Sərfınaz Rəhman qızının cavabdeh Qulıyev Teymurşah Babaverdı oğluna qarşı "evə köçürülmə" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar