Məhkəmə qərarları › İş №2(105)-994/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-994/2023

21.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-994/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(074)-134/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 baş direktoru Namiq Cəlilova qarşı sonuncu xəbərdarlıqla, şiddətli töhmətin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 baş direktoru X4 tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, 138 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinin ləğv edilməsini, qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyası, N.Tusi adına X1 (ŞAR) baş direktoru X4 13 iyul 2022-ci il tarixində, 138 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona şəxsi işinə tikilməklə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Əmrdə yazılmışdır ki, o, 06 iyul 2022-ci il tarixdə ŞAR-ın Elmi Şurasının genişləndirilmiş iclasında guya üzürsüz səbəbə görə iştirak etmədiyinə və bu əsasda müəssisənin daxili nizamintizamını pozmuşdur. Həqiqətən də ŞAR-ın icraçı direktoru N.Z.İsmayılovun bildirişi əsasında ultimativ tələblə 06 iyul 2022-ci il tarixli qeyri-səlahiyyətli iclasda iştirak etməyə çağırılmışdır. Həmin bildirişdə yazılanlardan aydın görünür ki, onlar onu ittiham etmişlər. Bildirişdə yazıldığına görə guya ki, “doktorluq” iddiaçısı Canməmməd Rüstəmovun çoxsaylı səhvlərini, fərziyyələrini və plagiat işlərini üzə çıxarmaq bütövlükdə ŞAR-ın elmi fəaliyyətini gözdən salmaq imiş. Odur ki, ona təqdim edilən bildirişlə və barəsində verilmiş əmrdə yazılanlarla razılaşmır. Çünki iclasdan qabaq ərizə ilə ŞAR-ın rəhbərliyinə müraciət edərək səhhətilə əlaqədar Bakıya uzaq məsafəyə gedə bilməyəcəyini bildirmişdir. Digər tərəfdən isə “elmlər doktoru” iddiasına düşən Canməmməd Rüstəmovun yazdığı dissertasiyaya rəy və münasibətini isə yazılı şəkildə Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasına (AAK) göndərmişdir. Ona görə də xx.xx.2022-ci il tarixli qeyrisəlahiyyətli iclasda deyəcək yeni sözü əslində yox idi, bütün fikirlərini rəydə yazmış və həmin rəyin surəti də baş direktor Namiq Cəlilovun əlində idi. Yazdığı haqlı və əsaslı rəyi onsuza da müzakirə edə bilərdilər və etdilər də. Bu həm də onu göstərir ki, ŞAR-ın baş direktoru Namiq Cəlilov heç bir elmi savadı olmayan Canməmməd Rüstəmova havadarlıq edir. Haqlı olduğuna görə bu işin yekununda AAK tərəfindən birinci dəfə 10 dekabr 2021-ci il tarixdə, ikinci dəfə isə 24 iyun 2022-ci il tarixdə iddiaçı C.N.Rüstəmovun “doktorluq” dissertasiyası üzrə müdafiə işinin ləğv olunması onu göstərdi ki, haqlıdır. Lakin haqq işi və düzgünlük Namiq Cəlilovu razı salmadığına görə o işçiləri təhdid etməyini davam etdirir. Çünki o, çox qanunsuz əməllərlə məşğul olur. ŞAR-ın bütün infrastrukturunu məhv etmişdir və olan-qalanı da dağıtmaqla məşğuldur. Namiq Cəlilov həqiqi elmlə məşğul olanları xoşlamır və bu səbəbdən o həqiqi elmlə məşğul olanları bir-bir ŞAR-dan işdən azad etmişdir və onun bu çirkin niyyətli əməli hazırda yenə davam edir. Bu iddia ərizəsinə əlavə etdiyi 1813 saylı 03 oktyabr 2022-ci il tarixli arayışın əslindən görünür ki, şənbə günü xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsində olmuşdur. Həkim müayinəsi zamanı ona müalicə olunmağı üçün bülleten açılması məsələsi müzakirə edildi və bu məsələnin nəticəsini ertəsi gün xx.xx.2022-ci il tarixdə telefonla ona bildirəcəklərini dedilər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan bülletendə olacağı qabaqcadan tam bəlli olmadığına görə həmin gün səhər saat 09.00-da ŞAR-da iş tabelinə iş yerinə gəlməyi barədə imza etmişdir. Lakin üstündən heç bir dəqiqə keçməmiş Şamaxı RMX-dan telefonla zəng edib bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən onun bülletendə olmağını təsdiq ediblər. Odur ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan etibarən bülletendə olmağına dair ŞAR-ın dəftərxanasına yazılı şəkildə məlumat verərək dərhal iş yerindən ayrılıb evə getmişdir. Həmin gün-yəni xx.xx.2022-ci il tarixdə axşam saat 19:23-də ŞAR-ın dəftərxanasından email elektron-poçt ünvanına ona ŞAR-ın baş direktoru tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə əmr göndərilmişdir. Bu iddia ərizəsinə daxil etdiyi ŞARın rəhbərliyi tərəfindən verilmiş 39 saylı, 10 avqust 2022-ci il tarixli arayışda yazılanlardan görünür ki, 2022-ci ildə iyulun 13-dən 22-dək bülletendə olmuşdur. Beləliklə, aşkar görünür ki, ŞAR rəhbərliyi, o cümlədən baş direktoru onun bülletendə olduğunu rəsmi qaydada bildikdən sonra, o, qəsdən bülletendə olduğu müddətdə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Halbuki, ŞAR-ın baş direktoru Namiq Cəlilov xx.xx.2022-ci il tarixdə ŞAR-ın Elmi Şurasının sözügedən qeyri-səlahiyyətli iclasında iştirak edə bilmədiyinə görə, ona 06 iyul-12-iyuİ 2022-ci il tarixlərində hər hansı töhmət verilməsini elan edə bilərdi. Lakin o, belə qanunsuz əməllərini bilə-bilə törədir və həm də deyir ki, o, respublikada heç kimdən qorxub çəkinmir və hər zaman dövlətimizin qanunlarını istədiyi kimi poza bilər və pozur da. O, bununla əslində hamıya qarşı əzələ nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi işçinin bülletendə olduğu müddətdə ona hər hansı inzibati tənbeh (şiddətli töhmət və s) cəzası verilməsini qadağan edir. ŞAR-ın baş direktoru N.S.Cəlilovun intizam qaydasında əsassız olaraq onu çox ciddi cəzalandırması haqsızlıqdır. Ona qarşı edilmiş belə haqsız və qərəzli münasibət yaxın vaxtlarda onu işdən azad etmək üçün bir bəhanədir. İxtisası üzrə peşəkar, təcrübəli və yüksək ixtisaslı mütəxəssisdir. Peşə fəaliyyəti üzrə yaşının bu vaxtında haqsız olaraq artıq ikinci dəfə şəxsi işinə tikilməklə belə şiddətli, ağır inzibati tənbeh cəzası onun indiyədək qurduğu karyera və mənəviyatına yaraşmayan dözülməz bir qara ləkədir. Kollektivdə həmişə nümunəvi, yüksək dərəcədə intizam və məhsuldar bir işci kimi tanınmışdır. 1974-cü ildən başlayaraq rəsədxana kollektivi tərəfindən dəfələrlə ictimai təşkilatlara rəhbər seçilmişdir. Hal-hazırda ŞAR-da X2 sədridir. Təqdim etdiyi sənədlərdən aşkar görünür ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət cəzası ona bülletendə olduğu müddətdə verilmiş və bu əsasda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Odur ki, ona verilmiş həmin şiddətli töhmət cəzası ləğv edilməlidir. Digər tərəfdən isə bu məsələdə günahkar olmadığına görə hesab edi ki, ŞAR-ın rəhbərliyi tərəfindən verilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” cəzası ləğv edilməklə yanaşı, ayrı-seçkiliyə və qərəzçiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndi əsasında işəgötürənin özü cəzalandırılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əliyev X6 Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-134/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsi işin bütün faktiki hallarını araşdırmadan, iş üzrə bütün sübutlara hüquqi qiymət vermədən və tətbiq edilməli olan qanunları və ya normativ aktları tətbiq etmədən və həmçinin qətnamədə yazılmış qanunları və normativ aktları düzgün tətbiq və təfsir etməməklə onun hüquqlarını pozmuşdur. Ona görə də bu qətnamədən ciddi narazı qalıb apellyasiya şikayəti verir. İş materiallarına daxil edilmiş əmək qabiliyyətinin olmaması sənədindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək stasionar müalicədə olmuşdur. Odur ki, ŞAR-ın rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixdə səhər saat 09.00-dan başlayaraq xx.xx.2022-ci il tarixinədək onun bülletendə olduğu hesab edilmiş və buna uyğun olaraq xəstəlik bülleteni üzrə bütün əmək-haqqı hesablanmışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə ona müdiriyyət tərəfindən hər hansı inzibati tənbeh cəzası verilməsi tam qanunsuz hərəkətdir. Qeyd edir ki, onun xx.xx.2022-ci il tarixdə günün səhər vaxtı iş tabelinə imza etməyi onun işdə olmağına dair əsas hesab edilə bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia ərizəsində qeyd etdiyi halların əsaslı olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddia tələbi inzibati tənbeh tədbirinin ləğvi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 189-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Maddənin məzmununa görə qanunvericilik intizam tənbehinin işçiyə işdə olduğu iş günü ərzində verilməsi imkanını nəzərdə tutur. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verlə bilməz. İşdən görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin bu zaman iddiaçının həmin tarixdən əmək qabiliyyətini müvəqqəti itirilməsini nəzərə alınmamışdır. Göründüyü kimi işəgötürən tərəfindən intizam tənbehinin verilməsi zamanı Əmək Məcəlləsinin 189-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Lakin iddianı rədd edən birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, X1 baş direktoru X5 tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 138 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi ləğv edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. X1 baş direktoru X4 tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 138 saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar