Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-999/2025 11.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3889/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2021-ci il təvəllüdlü övladı X2 ilə birlikdə Abşeron rayonu, Xocasən-Sulutəpə qəsəbəsi, R.Abdullayev (Söyüdlər) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-3889/2025 saylı qərardadı ilə yuxarıda qeyd olunan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
3. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırki iddia ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib etməmiş, MPM-nin 149.2-ci maddəsinin tələblərini pozmuş, köçürülmək istədiyi yaşayış sahəsinə dair hər hansı sənədi iddia ərizəsində göstərməmişdir. Bu isə MPM-nin 39.1-ci maddəsinə əsasən mübahisə üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsini çətinləşdirir.
4. İddiaçı həmin qərardaddan şikayət vermişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3889/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin geri qaytarılması üçün heç bir prosessual əsas mövcud olmamışdır. Məhkəmə isə bu prosessual normalara istinad etsə də, onun məzmununu düzgün başa düşməmiş, düzgün şərh etməmiş və nəticədə prosessual normalarda nəzərdə tutulmayan əsasla (sübutların əlavə edilməməsi) iddia ərizəsini geri qaytarmaqla onun hüququnu pozmuşdur. Sənədsiz evin sənədini iddia ərizəsinə əlavə etməməsi iddia ərizəsinin geri qaytarılmasına əsas ola bilməz. Bu cür sənədsiz evlərə dair evə köçürülmə barədə iddialara məhkəmələrdə çoxlu sayda baxılmış və heç birində bu evin sənədləri tələb edilməmişdir. Belə olan təqdirdə qərardad ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 149. İddia ərizəsinin forması və məzmunu (...) 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. (...)
9. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.
10. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; (...) 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
11. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)
13. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.
14. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
16. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, iddiaçıların şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. İşdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib Abşeron rayonu, Xocasən-Sulutəpə qəsəbəsi, R.Abdullayev (Söyüdlər) küçəsi, döngə 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsi iddiaçının MPM-in 149.2-ci maddəsinin tələblərini pozması qənaətinə gələrək göstərmişdir ki, iddiaçl köçürülmək istədiyi yaşayış sahəsinə dair hər hansı sənədi iddia ərizəsində göstərməmişdir. Bu isə MPM-nin 39.1-ci maddəsinə əsasən mübahisə üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsini çətinləşdirir. Həmçinin, iddiaçıya izah etmişdir ki, köçürülmək istədiyi evə dair yalnız hüquq müəyyənedici sənədlər deyil, digər hüquqlara dair sənədlər də (kommunal xidmətlər barədə müqavilə, saldo və ya abonent haqqında məlumatlar, yaşayış yeri üzrə arayış, evin yerləşdiyi torpaq sahəsinə dair qərar və ya sərəncamlar və s.) iddia ərizəsinə əlavə edilə bilər.
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin MPM-in tələblərinə riayət edilməklə verilməsi prosessual qənaət prinsipinə uyğun olaraq onun hüquqlarının müdafiəsi üçün məhkəmədə mübahisənin tez və düzgün həllinə imkan yaradacaqdır.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3889/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3889/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.