Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-10/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Lətifzadə Elgün Rəhim oğlu və Babayev Firudin Seyfəddin oğluna qarşı mülkiyyətində olan torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması və özbaşınalıq hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(018)-222/2020 saylı qətnaməsindən cavabdeh Lətifzadə Elgün Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(018)-222/2020 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbi qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********81 reyestr nömrəli qeydiyyat tarixi 21 iyun 2019-cu il olan çıxarışa əsasən Astara rayonu Siyakü kəndində yerləşən 0,26546 hektar torpaq sahəsinin 0,04 hektar hissəsinin cavabdeh Lətifzadə Elgün Rəhim oğlu tərəfindən, 0,10 hektar hissəsinin isə cavabdeh Babayev Firudin Seyfəddin oğlu tərəfindən azad olunması qət edilmişdir. Cavabdeh Lətifzadə Elgün Rəhim oğlu tərəfindən Astara Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(018)-222/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən zəbt olunmuş 0,26546 ha torpaq sahəsinin alınıb ona verilməsi və cavabdeh şəxslərdən özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Astara rayonun Siyakü kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,26546 ha torpaq sahəsini qohumlarından alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsi adına ********** nömrəli Torpağa mülkiyyət hüququna dair Çıxarışla verilmişdir. Qeyd etdi ki, adına olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Aralarında olan mübahisəni həll etmək üçün Astara rayon İcra Hakimiyyətinin və Dövlət reyestri şöbəsinin işçiləri dəfələrlə həmin ərazidə olmuş və həmin ərazinin ona aid olduğu barədə cavabdehlərə bildirmişlər. Buna baxmayaraq cavabdehlər həmin torpaq sahəsini zəbtdən azad etməmişlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Lətifzadə Elgün Rəhim oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsi mülki iş materiallarını tam və obyektiv araşdırmamış, işin faktiki hallarına mülki qanunvericiliyin tələblərinə düzgün hüquqi qiymət verməmiş, bu da qanunsuz və əsassız qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Astara rayonunda aparılmış torpaq islahatı düzgün aparılmamışdır. Cavabdeh Lətifzadə Elgün Rəhim oğlu tərəfindən Astara Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(018)-222/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə təmin edilməməsi xahiş edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Astara Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(018)- 222/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İş materiallarında olan Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı Astara rayonun Siyakü kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Astara rayonu Siyakü kəndində yerləşən 0,26546 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad Layihə-Tədqiqat idarəsi tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli M-098 saylı mütəxəssis rəyinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 24 avqust 2020-ci il tarixli 10/1963 nömrəli rəyinin surətindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********81 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Astara rayonun Siyakü kəndi ərazisində yerləşən 0,26546 ha torpaq sahəsinin cavabdeh Lətifzadə Elgün Rəhim oğlu tərəfindən 0,04 ha hissəsi və cavabdeh Babayev Firudin Seyfəddin oğlu tərəfindən 0,10 ha hissəsi istifadə edilir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. İşdən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu Siyakü kəndində yerləşən 0,26546 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ekspertiza tədqiqatının predmeti olmasına baxmayaraq, cavabdeh Lətifzadə Elgün Rəhim oğlunun mülkiyyətinə verilmiş Astara rayonu Siyakü kəndində yerləşən 0,1979 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə müqayisəli tədqiqatı aparılmamış, birinci instansiya məhkəməsi İddiaçı mülkiyyətinə verilmiş Astara rayonu Siyakü kəndində yerləşən 0,26546 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh Lətifzadə Elgün Rəhim oğlunun mülkiyyətinə verilmiş Astara rayonu Siyakü kəndində yerləşən 0,1979 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, əgər üst-üstə düşmürsə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt-edib etməməsini aydınlaşdırmalı olduğu halda aydınlaşdırmadığından Şirvan Apellyasiya Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(106)45/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli 10/8057 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********30 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********81 (qeydiyyat tarixi: xx.xx.2018 qeydiyyat nömrəsi **********) reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən Lətifli (Letifzadə) Elgün Rəhim oğlunun mülkiyyətində olan Astara rayonun Siyakü kəndində yerləşən 0.1979 ha kənd təsərrüfatı təyinatlı topaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********30 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********81 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan 0.26546 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********68 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən Lətifli (Lətifzadə) Elgün Rəhim oğlunun mülkiyyətində olan 0.1979 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********30 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********81 reyestr nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan 0.26546 ha torpaq sahəsinin 0.04 ha hissəsinin Lətifli (Lətifzadə) Elgün Rəhim oğlu tərəfindən istifadə edildiyi müəyyən edilir. Məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh Lətifzadə Elgün Rəhim oğlunun apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassızlığı qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan 0.26546 ha torpaq sahəsinin 0.04 ha hissəsi Lətifzadə Elgün Rəhim oğlu tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdeh Lətifzadə Elgün Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(018)-222/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdeh Lətifzadə Elgün Rəhim oğlundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Lətifzadə Elgün Rəhim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli 2(018)-222/2020 saylı qətnaməsi cavabdeh Lətifzadə Elgün Rəhim oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul vəsaiti cavabdeh Lətifzadə Elgün Rəhim oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-10/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-10/2023
28.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver