Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-10/2025 03.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), X9 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X10, cavabdehlər Cavabdeh2, Cavabdeh10, Cavabdeh7 oğlunun, Cavabdeh11 və Cavabdeh4nın iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğlu, X11, Cavabdeh6 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 16 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən X6 xüsusi mülkiyyətində olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 153.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3 (üç) il müddətinə İddiaçı MMC-yə icarəyə vermişdir. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh8, Cavabdeh9 Müseyib oğlu, X12, X11 və Cavabdeh10, onların ailə üzvlərinin, cavabdehlərlə birlikdə işləyən digər şəxslərin bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar və sair daşınar əşyaları) ilə birlikdə X4 məxsus, icarə müqaviləsi əsasında İddiaçı MMC-nin istifadəsində olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması, həmçinin cavabdehlər tərəfindən tikilmiş tikili, yarım tikili və torpağa bitişik qurğuların onların hesabına əvəzi ödənilmədən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X4 məxsus, icarə müqaviləsi əsasında İddiaçı MMC-nin istifadəsində olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən 24,89 ha hissədə torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmədiyini göstərərək iddia tələbinin həmin hissədə nəzərə alınmamasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 məxsus İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən 153 torpaq sahəsi 16 dekabr 2019-cu il tarixli icarə müqaviləsi ilə İddiaçı MMC-yə icarəyə verilmişdir. Torpaq sahələrində İddiaçı MMC-nin istifadəsində toxum saxlama anbarları olmaqla, iddiaçı, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq kənd təsərrüfatı mallarının istehsalı məqsədilə həmin ərazilərə külli miqdarda sərmayə qoyaraq geniş kultivasiya işləri görmüş, torpaq sahəsini suvarmaq və əkmək üçün yararlı vəziyyətə gətirmişdir. Lakin cavabdehlər uzun müddətdir ki, heç bir hüquqi əsas olmadan icarə hüququ əsasında şirkətə məxsus torpaq sahəsinin müəyyən hissələrini qanunsuz zəbt edərək həmin ərazilərdə fərdi yaşayış evi növündə tikili və yarım tikili qurğular inşa edir, əkin və digər kənd təsərrüfatı işləri həyata keçirir, habelə heyvandarlıq və digər şəxsi məqsədlər üçün həmin torpaq sahəsindən qanunsuz istifadə edirlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar ərazidən çıxmamış və bununla da iddiaçının icarə müqaviləsi üzrə hüquqlarına zidd olaraq qanunsuz fəaliyyətlərini davam etdirmişlər. Ona görə də mübahisənin qanuni yolla həll edilməsi üçün məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğlu, X12, X11 və Cavabdeh10 iddianı qəbul etməyərək uzun illərdir mübahisə predmeti olan torpaq sahəsində yaşadıqlarını, başqa yaşayış yerlərinin olmadığını, qeyd olunan ərazidə təsərrüfat işləri ilə məşğul olduqlarını və təsərrüfatlarını idarə etmək üçün başqa yerlərinin olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişlər. İmişli Rayon Məhkəməsinin (hakim Q.Hacıyev) 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4nın, Cavabdeh5, Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 oğlunun, Cavabdeh8, Cavabdeh9 Müseyib oğlunun, X7, X8 və Cavabdeh10, onların ailə üzvlərinin, onlarla birlikdə işləyən digər şəxslərin bütün əmlakları (məişət əşyaları, istehsal vasitələri, heyvanlar və sair daşınar əşyaları) ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış **********56 reyestr nömrəli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ******* nömrəli çıxarışa əsasən X4 məxsus, 16 dekabr 2019-cu il tarixli icarə müqaviləsi əsasında İddiaçı MMC-nin istifadəsində olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən torpaq sahəsindən çıxarılması, qeyd olunan torpaq sahəsində cavabdehlər tərəfindən tikilmiş tikili, yarım tikili və torpağa bitişik qurğular onların öz hesabına çəkilən xərclərin əvəzi ödənilmədən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təqdiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulub X2 hesabına ödənilməsi, iş üzrə mütəxəssis rəyinin təqdim olunmasına görə hesablanmış 1186,30 (bir min yüz səksən altı manat otuz qəpik) manat məbləğində mütəxəssis xərcinin cavabdehlərdən müştərək qaydada tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğlu və X11 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin şikayətinə görə, o, şirkətin torpaq sahəsini zəbt etməmişdir. O, kolxoz vaxtı həmin ərazidə yerləşən fermaya gedib orada işləmişdir. Kolxoz dağılandan sonra qalıb həmin ferma tikilisind yaşamışdır. Ailə qurmuş, uşaqları orada doğulmuşdur. 3 övladı var- 1 oğlu İİ Qarabağ müharibəsində iştirak etmişdir, 1 oğlu isə epilepsiya xəstəsidir. Onun uşaqları ilə köçməyə başqa yeri yoxdur. Hazırda iddiaçı heç bir əsas olmadan yaşadığı həmin evin məhkəmə yolu ilə sökülməsini tələb edir. Həmin tikili keçmiş kolxoz vaxtı tikilmişdir. O, həmin əraziyə kolxoz üzvü kimi düşmüşdür. Torpaq satılırdısa- birinci növbədə ona təklif olunmalı idi. Onların xəbəri olmadan, yaşadıqları torpaq sahəsinin hansısa kənar şəxslərə satılması düz deyil. İddiaçıya İmişli rayonu Şahverdili kəndində torpaq sahəsi verilib. O, torpaq sahəsinin kənar şəxslərə qanunsuz satılmasının araşdırılması barədə məhkəməyə vəsatət vermiş, lakin məhkəmə vəsatəti əsassız olaraq rədd etmişdir. O, torpaq sahəsinin kənar şəxslərə satılması barədə sənədlərin ləğv edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh9 Müseyib oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onun şikayətinə görə, o, torpaq sahəsinə qanunsuz düşməmişdir. O, torpaqların erməni işğalına məruz qalandan sonra qeyd edilən torpaq sahəsində məskunlaşmışdır. Hazırda başqa yaşayış yeri yoxdur. Doğma yurduna dövlət əli ilə köçürüləndən sonra sözügedən torpaq sahəsini boşaldacaqdır. Onun ailə üzvlərinin köçməyə başqa yeri olmadığı halda, iddiaçı heç bir əsas olmadan yaşadığı həmin evin məhkəmə yolu ilə sökülməsini tələb edir. O, həmin əraziyə məcburi köçkün kimi düşmüşdür. Doğma yerlərinə qayıdana kimi onlara müvəqqəti məskunlaşdıqları yerdə yaşamağa imkan verməlidirlər. Cavabdeh X11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onun şikayətinə görə, o həmin torpaq sahəsinə qanunsuz düşməmişdir. O, torpaqların erməni işğalına məruz qalandan sonra qeyd edilən torpaq sahəsinə məskunlaşmışdır. Hazırda başqa yaşayış yeri yoxdur. Doğma yurduna dövlət əli ilə köçürüləndən sonra sözügedən torpaq sahəsini boşaldacaqdır. Onun ailə üzvlərinin başqa yerə köçməyə yeri olmadığı halda, iddiaçı heç bir əsas olmadan yaşadığı həmin evin məhkəkə yolu ilə sökülməsini tələb edir. O həmin əraziyə məcburi köçkün kimi düşmüşdür. Doğma yerlərinə qayıdana kimi onlara müvəqqəti məskunlaşdıqları yerdə yaşamağa imkan verməlidirlər. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onun şikayətinə görə, şirkətin torpaq sahəsini zəbt etməmişdir. O, kolxoz vaxtı həmin ərazidə indiyənə kimi yaşayır. Hazırda başqa yaşayış yeri yoxdur. Onun ailə üzvlərinin başqa yerə köçməyə yeri olmadığı halda, iddiaçı heç bir əsas olmadan yaşadığı həmin evin məhkəmə yolu ilə sökülməsini tələb edir. Ona ev verilənə kimi həmin ərazidə yaşamağa imkan verilməlidir. Cavabdeh6 apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onun şikayətinə görə, şirkətin torpaq sahəsini zəbt etməmişdir. O, kolxoz vaxtından həmin ərazidə yaşayır. Hazırda başqa yaşayış yeri yoxdur. Ona ev verilənə kimi həmin ərazidə yaşamağa imkan verilməlidir. Cavabdeh11 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onun şikayətinə görə, o, şirkətin torpaq sahəsini zəbt etməmişdir. O, kolxoz vaxtından fermada işləmişdir. Kolxoz dağılandan sonra qalıb həmin fermada yaşamışdır. Orada alə qurmuş, uşaqları orada doğulmuşdur. Başqa yaşayış yeri olmadığı halda, iddiaçı heç bir əsas olmadan yaşadığı həmin evin məhkəmə yolu ilə sökülməsini tələb edir. Həmin tikili keçmiş kolxoz vaxtı tikilmişdir. O həmin əraziyə kolxoz üzvü kimi düşmüşdür və həmin torpaq satılırdısa, ilk növbədə ona təklif olunmalı idi. Onların xəbəri olmadan, yaşadıqları torpaq sahəsinin hansısa kənar şəxslərə satılması düz deyil. Cavabdeh7 oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Onun şikayətinə görə, şirkətin torpaq sahəsini zəbt etməmişdir. O, kolxoz vaxtından həmin ərazidə fermada işləmişdir. Kolxoz dağılandan sonra qalıb həmin fermada yaşamışdır. Uşaqları orada doğulmuşdur. Onun ailə üzvlərinin başqa yaşayış yeri olmadığı halda, iddiaçı heç bir əsas olmadan yaşadığı həmin evin məhkəmə yolu ilə sökülməsini tələb edir. Həmin tikili keçmiş kolxoz vaxtı tikilmişdir. O, həmin əraziyə kolxoz üzvü kimi düşmüşdür. Həmin torpaq satılırdısa, ilk növbədə 30 ildən artıq müddətdə orada yaşayanlara təklif olunmalı idi. Onların xəbəri olmadan, yaşadıqları torpaq sahəsinin hansısa kənar şəxslərə satılması düz deyil. İzahatlar P r o s e s s u a l m ə s əl ə l ə r Apellyasiya baxışında iştirak edən Cavabdeh2 nümayəndəsi, həmçinin cavabdeh olan Cavabdeh10 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Cavabdeh2 faktiki olaraq orada yaşayır, onun başqa yerə getmək imkanı yoxdur. Özü orada yaşamır. Qardaşı 35 ildir orada yaşayır, kolxoz dağılanda sonra həmin torpaq sahəsini ona veriblər və 1992-ci ildən ailəsi ilə birlikdə arada yaşayır. Cavabdeh4 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 2002-ci ildə ailə qurmuş və ora gəlin gəlmişdir. Həyat yoldaşı vəfat edib, oğlu ilə birlikdə yaşayır. Cavabdeh7 oğlu apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 1971-ci ildə orada anadan olmuşdur və hazırda orada yaşayır. Qeyd olunan torpaq sahəsini almaq istədikdə ona bildirdilər ki, orada məcburi köçkünlər yaşayır, bu səbəbdən həmin torpaq sahəsini sənədləşdirə bilməz. Cavabdeh11 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, orada anadan olmuş və hazırda orada yaşayır. Torpaq sahəsi və ev ona mərhum atası Cavabdeh12 qalıb. İddiaçı MMC məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin məhkəməyə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğlu, X11, Cavabdeh6 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Kollegiya işə cavabdehlərin apellyasiya şikayəti həddində, onlara aid hissədə baxır. İşin hallarından görünür ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən 153.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 01 dekabr 2016-cı il tarixdə tam mülkiyyət hüququ ilə X3 xüsusi mülkiyyəti olaraq qeydiyyatdan keçmiş, onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. 16 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən X6 xüsusi mülkiyyətində olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 153.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3 (üç) il müddətinə hazırki iş üzrə İddiaçı MMC-yə icarəyə vermişdir. İddiaçı MMC icarə müqaviləsi əsasında istifadəsinə verilmiş, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmçinin cavabdehlər tərəfindən tikilmiş tikili, yarım tikili və torpağa bitişik qurğuların onların hesabına əvəzi ödənilmədən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 16 sentyabr 2021- ci il tarixli, 10/3216 saylı rəyinə görə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsinincavabdehlər: X11 və Cavabdeh1 8.20 ha, Cavabdeh3 1.18 ha, Cavabdeh5 1.90 ha, X12 1.10 ha, Cavabdeh9 Müseyib oğlu 1.13 ha, Cavabdeh4 0.75 ha, Cavabdeh6 0.25 ha, Cavabdeh11 0.60 ha, Cavabdeh7 oğlu və Cavabdeh8 1.95 ha, Cavabdeh2 və Cavabdeh10 3.70 ha hissəsindən istifadə edir. Hazırki mülki işlə əlaqəli başqa məhkəmə mübahisələri də olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, iddiaçılar Cavabdeh2, Cavabdeh4nın, Cavabdeh6, Cavabdeh11 və Cavabdeh7 oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə, X4 və İddiaçı MMC-yə qarşı reyestrdən çıxarışın ləğv edilməsi və icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2-1(120)-1043/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə icraata xitam verilmiş, qərardaddan şikayət verilməmiş və qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə icraat iddiaçılar Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh11 və Cavabdeh7 oğlunun cavabdehlər İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinə və X13 qarşı İmişli rayonu Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarının və bələdiyyə ilə X16 arasında bağlanmış İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisindən 153 ha torpaq sahəsinin X1 barədə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2-1(120)-138/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan şikayətə iddiaçıların apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Kollegiya hazırki iş üzrə izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 164.1, 164.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməlidir. Tətbiq edilən və ya nəzərdən keçirilən normalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 159-ci maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçının tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmədə ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İlk növbədə Kollegiya onu qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- əmlaka (əşyaya) sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddiaçı torpaq sahəsini icarəyə götürən şəxs olsa da həmin əmlakın tam olaraq onun sahibliyinə verildiyi müəyyən edilmir. O, mülkiyyətçi olaraq deyil, icarəyə götürən kimi sahibliyinin pozulduğunu iddia edir. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və sonrakı maddələr də sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa- vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hazırki halda iddiaçının torpaq sahəsinin mübahisəli hissəsinin sahibi olmasını, başqa sözlə həmin əşyanın onun sahibliyinə verilməsini müəyyən etməmişdir. Qanunun tələbinə görə, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində təmin edilməsi düzgün deyil. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələri də təşkil etmir. Belə ki, bu maddələr öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı (vindikasiya və neqator) iddiaları nəzərdə tutur. Vindikasiya tələbinin və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Belə ki, iddiaçı mülkiyyətçi və ya torpağa faktiki sahibliyi həyata keçirən şəxs deyil. Bununla belə, sözügedən normaların tətbiqinin Mülki Məcəllənin 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Kollegiya vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə hüquqları nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Tələb hüquqları isə hüquq sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ– Mülkı Məcəllə, m. 567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ– Mülkı Məcəllə, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aid deyil. Ona görə də kreditor müqavilədən irəli gələn tələbini müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə ortaya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər. Qanunverici, Mülki Məcəllənin 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, Mülki Məcəllənin 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları”adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı. Hazırkı işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir. Belə olan halda, iddianın Mülki Məcəllənin 157.8-ci maddəsi ilə təmin edilməsi də qanuni və əsaslı sayıla bilməz. İddiaçının tələbi mülkiyyətçi ilə bağlanan icarə müqaviləsinə əsaslanır. İşin hallarından görünür ki, icarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməklə torpaq sahəsi tam olaraq iddiaçıya təhvil verilməmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfi olan (icarəyə verən) mülkiyyətçiyə qarşı deyil, üçüncü şəxslər olan cavabdehlərə qarşı yönəlmişdir. Belə halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğlu, X11, Cavabdeh6 və Cavabdeh4 tərəfindən ayrıayrılqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- X11, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğluna, onların ailə üzvlərinə, onlarla birlikdə işləyən digər şəxslərə və onların əmlakına aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğlu, X11, Cavabdeh6 və Cavabdeh4 tərəfindən ayrı-ayrılqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. İmişli Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(036)-133/2021 nömrəli qətnaməsi qismən- X11, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh11, Cavabdeh7 oğlu, Cavabdeh9 Müseyib oğluna, onların ailə üzvlərinə, onlarla birlikdə işləyən digər şəxslərə və onların əmlakına aid hissədə ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-10/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-10/2025
03.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver