Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1012/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Əbilov Əbil Mahmud oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “həyətyanı sahədə yerləşən sanitar qovşağa aid quyunun istismarının dayandırılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 09 sentyabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sanitar qovşağa (tualet) aid anbarın istifadəsinin dayandırılması və yeni tikiləcək anbarın mülkiyyətində olan su quyusundan uzaq məsafədə (ən az 5 metr) tikilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən sanitar qovşağa (tualet) aid anbarın istifadəsinin dayandırılması və yeni tikiləcək anbarın mülkiyyətində olan su quyusundan uzaq məsafədə (ən az 5 metr) tikilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, onun işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir və məhkəmə tərəfindən o, hazırki mülki işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ƏMDX DƏDKR PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (qeydiyyat tarixi: xx.xx.2021, qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********92- 10301) əsasən tam payla xüsusi mülkiyyətindədir və o, öz ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh1 da onunla həmin ünvanda qonşuluqda yaşayır. Həyətində 100 illik su quyusu var və bu quyudan bütün məhəllə sakinləri istifadə edir. Hətta bunun üçün qonşulara 3 ədəd qapı da qoyulmuşdur. 2022-ci ildə Bakı şəhərindən gələn nəvəsi öz evlərinə qayıtdıqdan (ayrı-ayrı vaxtlarda 2 dəfə) sonra kəskin qastroenterit (ishal) diaqnozu ilə Funda Klinikasına yerləşdirilmiş və orada müalicə almışdır. Quyularının suyunun dadı və rəngi dəyişdiyindən həyətdəki su çəni və borular dəyişdirilmiş, su quyusu isə təmizlənmişdir. Lakin buna baxmayaraq 2022-ci ilin mayın 25-də adi uroloji əməliyyatdan bir gün sonra vəfat edən və qanında patogen mikrob-stafilokokkus epidermais tapılan qardaşından sonra sudan daha çox şübhələnmişlər. Həmin vaxt məlum olmuşdur ki, qonşusunun, yəni cavabdehin həyətində onların su quyusuna çox yaxın məsafədə, təxminən 2 metr kənarda sanitar qovşağın (tualet) anbarı yerləşir. Bundan sonra quyunun suyunu mikrobioloji və fizikokimyəvi analizə vermişlər. Nəticədə məlum olmuşdur ki, quyunun suyu zəhərlidir və içməyə yararlı deyildir. Hal-hazırda cavabdehlə dəfələrlə bu məsələ barədə söhbətlər aparılmasına baxmayaraq sanitar qovşağın anbarından istifadəni davam etdirir. Bu isə onların konstitusiya və qanunlarla qorunan hüquqlarının pozulması, həmçinin sağlamlıqlarının təhlükə altına düşməsi deməkdir. Bununla bağlı həyat yoldaşı X1 və o, ayrı-ayrılıqda polis orqanına və ekologiya və təbii sərvətlər idarəsinə müraciət etmişlər. Lakin, heç bir müsbət nəticə əldə olunmadığından məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qonşuluğunda cavabdehlərə məxsus evin həyətyanı sahəsində sanitar qovşağa aid quyu inşa edilərkən tikinti və sanitar qaydalara riayət edilməmiş və aidiyyəti dövlət orqanlarından həmin quyunun tikintisi ilə əlaqədar müvafiq icazə alınmamışdır. Həmçinin onun həyətində olan su quyusu 80 ildir ki, inşa edilmişdir, mübahisələndirdiyi çirkab quyusu isə 2015-ci ildə tikilmişdir. Cavabdehin həyətyanı sahəsində başqa kanalizasiya quyusu mövcuddur və o, mübahisələndirdiyi kanalizasiya quyusunun istismarını dayandıraraq, həmin quyudan istifadə edə bilər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Lənkəran şəhəri, X6 küçəsi ev 101 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi onun xüsusi mülkiyətindədir. İş üzrə digər Cavabdeh1 onun anasıdır. İddia tələbində mübahisələndirilən kanalizasiya anbarı onun həyətyanı sahəsində 2015-ci ildə inşa edilmişdir. Anbar inşa edilərkən bütün texniki şərtlərə riayət edilmişdir. Anbarın üstü və yan divarları betonlanmışdır, aşağı hissəsi isə betonlanmamış və qum təbəqədən ibarət qalmışdır. İddiaçının onun həyətində yerləşdiyini bildirdiyi kanalizasiya anbarı onun həyətində deyil, əmisinə məxsus digər həyətyanı sahədə yerləşir və onun həmin anbardan istifadəsi mümkün deyildir. Həmçinin onun həyətyanı sahəsi çox kiçik ölçülü olduğuna görə orada digər kanalizasiya anbarı inşa edə bilmir. İddiaçının isə həyətyanı sahəsi genişdir və orada yeni su quyusu qazdırmaq imkanı var. Hətta o, iddiaçıya təklif etmişdir ki, öz hesabına ona həyətində yeni su quyusu inşa etdirsin, iddiaçı buna razı olmamışdır. Eyni zamanda iddiaçının həyətində Xanbulan su anbarından çəkilmiş içməli su xətti vardır ki, o, həmin su xəttindən də istifadə edə bilər. Həmçinin ona məxsus olan evin üvnanı əvvəllər M.M.Axund küçəsi 81 olmuş, hazırda isə ünvan nömrəsi 101-dir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Anar Pənahov), iddia tələbinin qismən təmin edilməsi, Lənkəran şəhəri, X6 küçəsi ev 101 ünvanında yerləşən çirkab quyusunun istifadəsinin dayandırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Axundova X4 Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz göndərərək, cavabdehin həyətində onların suyu quyusuna yaxın məsafədə təxminən 2 metr məsafədə sanitar qovşağın anbarı yerləşir. Bundan sonra quyunun suyunu mikrobioloji və fizikokimyəvi analizə vermişdir. Nəticə məlum olmuşdur ki, quyunun suyu zəhərlidir və içməyə yararlı deyildir. Hal-hazırda cavabdehlər onunla dəfələrlə bu məsələ barədə söhbətlər aparılmasına baxmayaraq sanitar qovşağın anbarından istifadəyə davam edirlər. Ona görə də qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi X7 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı iddianın təmin olunmayan hissəsini mübahisələndirməmiş, yalnız cavabdeh iddianın təmin olunan hissəsi ilə razılaşmamış və apellyasiya qaydasında mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin; 79.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzlarıntikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiqlənmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları”nın 3.3 maddəsinə əsasən şəxsi ev ərazilərində tutumların, həyət ayaqyolularının və çirkab quyusunun yerləşdirilməsi ev sahibləri tərəfindən müəyyən olunur. Həmin qaydaların 5-ci maddəsinə əsasən: 5.1 Kanalizasiya sisteminə birləşdirilməmiş evlərdə və digər ev təsərrüfatlarında əmələ gələn maye məişət tullantılarının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla (bərk fraksiyaların ayrılması üçün) təmin olunmuş, divarları və dibi sukeçirməz olan çirkab quyusu hazırlanır. Həyətdə bir neçə ayaqyolu olduqda çirkab quyusu ümumi olmalıdır. 5.2 Həyət ayaqyoluları yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20- 100 metr məsafədə olmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Lənkəran şəhəri, X6 küçəsi ev 101 ünvanında yerləşən torpaq sahəsin və onun üzərində inşa edilmiş yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir.. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsin və onun üzərində inşa edilmiş yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.. İşdə olan “Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”ndən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 19 saylı məktubda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yaşayan Cavabdeh1 və şikayət edən ünvan 7 ünvanında yaşayan İddiaçı qızma məxsus həyətyanı sahəsinə baxış keçirilmişdir. Kələntərlilər küçəsi 19 ünvanında su quyusu mövcuddur. Su quyusu uzun illər qabaq inşa edilmişdir və həyətyanı sahədə əhatə olunmuş hasarın 0,5 metrliyində yerləşir. Həyətdə eyni zamanda mərkəzləşdirilmiş Xanbulan dəryaçaya məxsus su xətti istifadə olunur. - M.M.Axund küçəsi ev 81 ünvanına baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, Cavabdeh1 məxsus həyətyanı sahədə çirkab sularının axıdılması üçün şambo tikilmişdir. Şambo şikayətçi İddiaçı məxsus su quyusu arasındakı məsafə 1 m məsafədə yerləşir. Beton örtüklə üstü bağlanmışdır. Həyətyanı sahədə çirkab sularının axıdılması üçün evin arxa tərəfində alternativ şambo vardır. Verilən məlumata görə şambo ildə 1 dəfə təmizlənərək daşınır. - Tərəfimizdən Cavabdeh1 tövsiyə olundu ki, şambo ilə su quyusu arasındakı məsafə az olduğundan su quyusunun çirklənmə ehtimalı vardır. Ona görə də şambonun istifadəsi dayandırılsın. Həyətdə evin arxasında yerləşən çirkab sularının axıdılması üçün alternativ şambodan isrifadə edilsin. - Həyət ayaq yolları yaşayış binalarından, uşaq bağçalarından, məktəblərdən, əhalinin istirahət yerlərindən mümkün qədər 20-100 metr məsafədə olmalıdır. (Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 İyul 1735 nömrəli fərmanı). - Qeyd: Payız-qış mövsümündə yeraltı qurunt sularının səviyyəsinin qalxması ilə əlaqədar quyu sularında çirklənmə ehtimalı yüksəkdir. Ona görə də Kələntərlilər küçəsi ev 19 ünvanında yaşayan İddiaçı qızma tövsiyə olundu ki, quyu suyu texniki su olduğundan içməyə yararlı deyil. Buna görə də istifadələrində olan Dövlət tərəfindən verilən “Xanbulan” mərkəzi su xəttindən istifadə etsinlər. Birinci instansiya məhkəməsində “Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”nin direktoru İlqar Axundov izahatında bildirmişdir ki, mübahisəli ünvanda, yəni ünvan 8 edilmiş sanitar qovşağa aid kanalizasiya anbarına və Nəzirə Kələntirlinin mülkiyyətində olan torpaq sahəsində yerləşən su quyusuna baxış keçirilərək, sakinlərə bununla əlaqadar müəyyən tövsiyələr verilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, su quyusu daha əvvəllər, kanalizasiya anbarı isə sonradan inşa edilmişdir. Su quyusu ilə kanalizasiya anbarının arasındakı məsafə 2 metrdən də az olmasına görə anbardan su quyusuna tullantı sularının axması ehtimalı var. Lakin anbarın üstü beton qatı ilə örtüldüyündən bunu dəqiq olaraq müəyyən etmək mümkün olmamışdır. Nəzərli Kələntərlinin həyətyanı sahəsində “Xanbulançay” su anbarından çəkilmiş içməli su xətti mövcuddur. Bu səbəbdən ona sağlamlıq üçün təhlükə ehtimalı olduğu üçün içmək üçün suyu su quyusundan deyil, qeyd edilən içməli su xəttindən istifadə etməsi tövsiyə edilmişdir. Apellyasiya icraatı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə ekoloji ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən mülki iş materialları geri qaytarılaraq, 24 iyun 2024-cü il tarixli qərardadda qoyulmuş sualların müəyyən edilməsinin xüsusi bilik tələb etmədiyindən iş üzrə ekspertizanın keçirilməsindən imtina edilmişdir. Bundan sonra kollegiya tərəfindən aidiyyəti üzrə qərarda qoyulan suallara aydınlıq gətirilməsi üçün Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu verilmiş və Mərkəzdən birinci instansiya məhkəməsindəki icraat zamanı verilən rəylə eyni məzmunlu rəy verilmişdir. Belə ki, mübahisəli ünvanda, yəni ünvan 8 edilmiş sanitar qovşağa aid kanalizasiya anbarına və Nəzirə Kələntirlinin mülkiyyətində olan torpaq sahəsində yerləşən su quyusuna baxış keçirilərək, sakinlərə bununla əlaqadar müəyyən tövsiyələr verilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, su quyusu daha əvvəllər, kanalizasiya anbarı isə sonradan inşa edilmişdir. Su quyusu ilə kanalizasiya anbarının arasındakı məsafə 2 metrdən də az olmasına görə anbardan su quyusuna tullantı sularının axması ehtimalı var. Lakin anbarın üstü beton qatı ilə örtüldüyündən bunu dəqiq olaraq müəyyən etmək mümkün olmamışdır. Nəzərli Kələntərlinin həyətyanı sahəsində “Xanbulançay” su anbarından çəkilmiş içməli su xətti mövcuddur. Bu səbəbdən ona sağlamlıq üçün təhlükə ehtimalı olduğu üçün içmək üçün suyu su quyusundan deyil, qeyd edilən içməli su xəttindən istifadə etməsi tövsiyə edilmişdir. Həmçinin işin araşdırılmış hallarından və iş materialları ilə müəyyən olunmuşdur ki, Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 101 ünvanında inşa edilmiş çirkab quyusu müvafiq sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olmadan inşa edilmişdir. Həmin çirkab quyusundan iddiaçının ünvanında yerləşən su quyusuna zərərli həyat üçün təhlükəli maddələrin sızması ehtimalı vardır. Həmçinin su quyusu çirkab quyusundan daha əvvəl inşa edilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən həmin çirkab quyusunun istismarının dayandırılmasını tələb etsə də cavabdehlər hələ də həmin quyudan istifadəni davam etdirirlər. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış iddiaçının mülkiyyətindədir və o, öz ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh1 da onunla həmin ünvanda qonşuluqda yaşayır. İddiaçının həyətində 100 illik su quyusu vardır. Həmçinin həmin su quyusundan təxminən 1 metr aralıda qonşu torpaq sahəsində sanitar qovşağa aid kanalizasiya anbarı inşa edilmişdir. İddiaçı isə həmin anbardan axan çirkab sularının hesabına həyətində olan su quyusunun çirkləndiyini və həmin suyun artıq istifadəyə yararsız olduğunu bildirir. İş üzrə alınmış mütəxəssis rəyində də şambo ilə su quyusu arasındakı məsafənin az olduğundan su quyusunun çirklənmə ehtimalının olduğu, ona görə də şambonun istifadəsinin dayandırılması və həyətdə evin arxasında yerləşən çirkab sularının axıdılması üçün alternativ şambodan istifadə edilməsi məqsədə müvafiq hesab edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehlər qonşu torpaq sahəsinin mülkiyyətçiləri kimi, öz həyətyanı sahələrində olmasına baxmayaraq çirkab sularının axıdılması üçün istifadə etdikləri quyu şəhərsalma və tikinti normalarına uyğun inşa edilməyərək iddiaçının istifadə etdiyi su quyusundan 1 metr aralıda yerləşmiş, nəticədə həmin suyu quyusuna çirkab sularının axıdılması üçün real təhlükə yaratmışdır. Cavabdeh2 apelyasiya icraatı zamanı da izahatında həmin çirkab sularının axıdılması üçün quyunun kənarlarını və üzərini beton ilə hördürdüyünü bildirsə də, həmin quyunun aşağı hissəsinin torpaq olduğunu və heç bir beton qatı ilə örtülmədiyini bildirmişdir. Bu isə onu göstərir ki, cavabdehlər qonşular arasında olan “bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər” tələbinə laqeyd yanaşaraq digər qonşu torpaq sahəsinin mülkiyyətçisini ziyanlı və torpaq sahəsinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərə məruz qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə, yəni “Lənkəran şəhəri, X6 küçəsi ev 101 ünvanında yerləşən çirkab quyusunun istifadəsi dayandırılsın” mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqni tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-419/2024 saylı, 18 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1012/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1012/2024
09.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver