Məhkəmə qərarları › İş №2(106)-1014/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1014/2025

08.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1014/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X3 və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğulunun, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(036)-233/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-də xəstə X4 üzərində apardığı cərrahiyyə əməliyyatı zamanı onun sağlamlığına vurduğu zərərin əvəzi olaraq ödədiyi 21200, vəkillərə ödədiyi 1000 manat və dövlət rüsumu olaraq ödədiyi 157 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 İddiaçı MMC və Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 25000 manat və mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı son 4-5 ildir ki, babasil xəstəliyindən əziyyət çəkib. 2017-ci ildə müalicə olunmaq üçün “Medika Hospitala” müraciət etmiş və həkim Cavabdeh qəbulunda olmuşdur. Müəyyən yoxlamalardan sonra həkim ona bildirmişdir ki, xəstəliyi müalicə ilə keçib-gedən deyil, əməliyyat olunmalıdır, vaxtında əməliyyat olunmasa, gələcəkdə ağır fəsadlar yarada bilər. İddiaçı həkimdən bu tip əməliyyatları edib-etməməsi ilə maraqlanmış, Cavabdeh belə əməliyyatların onun tərəfindən dəfələrlə keçirildiyini, hər birini də uğurlu əməliyyat etdiyini bildirmiş, bu əməliyyatın da uğurlu olacağı və onun tez bir vaxtda sağlamlığının bərpa olacağı barədə vədlər vermişdir. İddiaçı həkimin vədlərinə aldanaraq əməliyyat olunmağı ilə bağlı razılığa gəlmiş və 2017-ci ildə həkim Cavabdeh tərəfindən əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 3 gün müddətində Hospitalda saxlanılmış və müalicə almışdır, lakin ağrıları keçməmiş, əksinə daha da şiddətlənmişdir. İddiaçı bu barədə həkimə dedikdə, hər dəfə ona bildirmişdir ki, ağrılar bir müddət olmalıdır. Əməliyyat olunduqdan 3 gün keçdikdən sonra yaxınlarının köməkliyi ilə evə dönmüş, lakin vəziyyətində heç bir yaxşılaşma olmamışdır, əksinə vəziyyəti günü-gündən pisləşmişdir. Dəfələrlə həkimə zəng edərək vəziyyətinin düzəlmədiyini, pisləşdiyini bildirsə də cavabdeh hər dəfə tezliklə yaxşılaşacağını bildirmişdir. Evdə yataq şəraitində müalicəsini davam etdirsə də, yaranmış ağrılar keçməmiş, əksinə şiddətlənmişdir. Yaxınlarının köməkliyi ilə xx.xx.2018-ci ildə "xxxx"a getmiş və həkimə bu xəstəlikdən əməliyyat olunan şəxslərin uzağı 2-3 gündən sonra tam sağalaraq ayağa qalxdığını demiş və əməliyyatını düzgün aparmadığını, yoğun bağırsağının çöldə qaldığını bildirmişdir. Cavabdehdən əməliyyatdan sonra onun səhhətilə maraqlanmamasının səbəbini soruşmuş, həkim yenə də ona məsləhətlər verərək vəziyyətinin keçirilmiş əməliyyata uyğun olduğunu bildirmiş və tezliklə yaxşılaşacağı barədə vədlər vermişdir. İddiaçı müalicə olunmaq üçün bir neçə özəl kilinikalara və bilavasitə babasil xəstəliyi ilə bağlı əməliyyatlar aparmış həkimlərə müraciət etmişdir. Müvafiq müayinələrdən sonra onun əməliyyatının həkim tərəfindən düzgün aparılmaması, eləcə də düzgün müalicə təyin olunmaması təsdiqlənmiş və müraciət etdiyi həkimlərdən heç biri onun müalicəsini boynuna götürməmişdir. O, həkim səhlənkarlığının və həkimin uğursuz əməliyyatının qurbanı olmuşdur. 3 ildən artıq bir müddətdir yataq xəstəsi olaraq əzab-əziyyətlər çəkir, sağlamlığının bərpa olunmasına, müalicəsinə, dərmanlarına xeyli məbləğdə (10000 manatdan yuxarı) xərci çıxsa da, səhhəti düzəlmir. İddiaçı dəfələrlə həkim Cavabdehla görüşərək niyə onun əməliyyatını, müalicəsini düzgün aparmaması, onu əzab-əziyyətlərə, əlavə xərclərə salması, onu müalicə edərək sağlamlığını bərpa etməsi ilə bağlı danışmaq istəsə də, cavabdeh hər dəfə görüşmək istəməmiş, onun vəziyyəti ilə belə maraqlanmamışdır. Həkim Cavabdeh onun üzərində apardığı əməliyyata, müalicəsinə laqeyd münasibət göstərərək öz xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə, səhlənkar hərəkətlərinə, ona verdiyi işgəncələrə, çəkdiyi əzablara-əziyyətlərə görə cavabdeh barəsində müvafiq hüquqi tədbirlərin görülməsini, məsuliyyətə cəlb olunmasını və haqq etdiyi cəzanı almasını istəmişdir. Xətai Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Mənəvi ziyana görə 20000 manat, maddi ziyana görə 1200 manat , cəmi 21200 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən ("xxxx") tutularaq X6 ödənilməsi qət edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Məhkəmə iddianı təmin edərkən Mülki Məcəllənin 1099cu maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, Cavabdeh İddiaçı MMC-nin əmək müqaviləsi əsasında işçisi olduğundan, həkimin səhvindən vurulmuş ziyana görə MMC məsuliyyət daşımalıdır. Onlar Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli 2(011)- 412/2022 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2819/2023 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onlar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2819/2023 saylı qətnaməsindən Ali Məhkəməyə kasasiya şikayəti vermişlər. Məhkəmə işə yazılı icraat qaydasında baxaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 2819/2023 saylı qətnaməsini dəyişdirmədən saxlamışdır. Qətnamə qüvvəyə minərək icraya yönləndirilmişdir və onlar cavabdeh olaraq xx.xx.2024-cü il tarixdə BD1 saylı ödəniş tapşırığı ilə 21200 manat pulu iddiaçının hüquqi varisi X5 AZ54AİİB410100H**********110 saylı kart hesabına ödəmişlər. Ancaq zərərin yaranmasına səbəb həkim - cərrah Cavabdeh hərəkətləri olduğu üçün onlar ödədiyi pulu ondan geri tələb edirlər. Cavabdeh kilinikada baş həkim vəzifəsində işləmiş və klinikanın fəaliyyətinin təşkili və idarə edilməsinə bilavasitə məsul şəxs olmuşdur. Məhkəməyə təqdim olunmuş Cavabdeh əmək müqaviləsi və MMC-də tətbiq olunan “Baş həkimin vəzifə təlimatı”ndan da müəyyən olunur ki, Cavabdeh baş həkim kimi klinikanın bütövlükdə tibbi fəaliyyətini əlaqələndirmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təşkil etmək, müəssisənin struktur bölmələrinin fəaliyyətini məqsədəuyğun əlaqələndirmək, əhaliyə göstərilən tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək və sair bu vəzifələrin icrasına məsul olmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(036)-233/2025 saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddia qismən təmin edilmiş, Cavabdeh 21200 manat, vəkilə ödənilmiş 400 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 153,6 manat hissəsi olmaqla, ümumilikdə 21753.60 manat məbləğində pulun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: 17 oktyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı MMCnin nümayəndəsi iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 157 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin hazırlanması üçün Bakı şəhər 13 saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)-412/2022 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq 21200 manat məbləğində pul vəsaiti X5 hesabına pul köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin 693/KEŞ nömrəli rəyindən görünür ki, 1947-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Səlimə Əliyevanın adma "xxxx"da tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Kombinə olunmuş hemorroy İV st” diaqnozu düzgün təyin edilmişdir. Səlimə Əliyevanın üzərində "xxxx"da icra edilmiş “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün seçilsə də, texniki olaraq düzgün yerinə yetirilməmişdir. Belə ki, Səlimə Əliyevanın mütəxəssis müayinəsi zamanı onda anal torun tonusunun zəif olduğu, düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. Bu patoloji hal anal sfinktorun çatmamazlığı ilə əlaqədardır və icra edilmiş “Hemorroidektomiya” cərrahiyyə əməliyyatı zamanı sfinktorun zədələnməsi nəticəsində əmələ gəlmişdir. Belə ki, “Hemorriodektomiya” cərrahiyyə əməliyyatı zamanı “LigeSure” cihazının texniki qüsurlu icrası sfinktorun zədələnməsinə səbəb ola bilər. Bu da sonradan qeyd olunan fəsadların yaranmasına gətirib çıxarmışdır. Buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkim-cərrahdır. Səlimə Əliyevada anal sfinktorun çatmamazlığı çapıq dəyişiklikləri ilə əlaqədar müalicəni çətinləşdirir, qeyd edilən patologiya konservativ terapiya və ya cərrahiyyə əməliyyatı yolu ilə aradan qaldırıla bilər. Səlimə Əliyevanın mütəxəssis müayinəsi zamanı aparılmış diqital rektal müayinədə onda anal sfinktorun tonusunun zəif olduğu və düz bağırsağın tam bağlanmadığı müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən iddia tələbində aidiyyət məsələsi pozulmuşdur. Belə ki, məhkəmə prossesi kommersiya hüquqi şəxsinin əmək müqaviləsi çərçivəsində işçisinə qarşı qaldırdığı iddia tələbidir. Belə olduğuna görə də, bu halda məsələ kommersiya məhkəməsinin predmetinə aiddir. İddiaçı İmişli Rayon Məhkəməsinə müraciət edərək aidiyyat məsələsini pozmuşdur. Əgər xəstənin sağlamlığına dəymiş zərər ondan asılı bir səbəb olsa idi, iş Xətai Rayon Məhkəməsində olanda və X4 iddiası əsasında işə baxılarkən yekun qərar çıxarıldığı zaman hakim zərərin ödənilməsini "xxxx" MMC ilə birlikdə ona da yönləndirərdi. Lakin iş məhkəmə icraatında olmuş və işə hüquqi qiymət verilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası qismən təmin olunaraq ümumilikdə 21200 manat məbləğində maddi ziyanın "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra isə "xxxx" MMC tərəfindən qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmiş xx.xx.2023-cü il tarixli qətnamə ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya vermək hüququndan istifadə edən "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin nəticəsi ilə də apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qətnamə qüvvəyə minərək iş icraya yönləndirilmiş və klinika tərəfindən iddiaçıya 21200 manat zərər ödənilmişdir. Bundan əlavə, iddia ərizəsində xəstə X1 dəymiş ciddi ziyanın həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilsə də, bu belə deyil. X2 ilə müqavilə bağlamış əməliyyat olunmasına razılığını bildirmişdir. Həkim öz həkimlik vəzifəsini və cərrahi əməliyyatı klinikanın ona verdiyi tibbi avadanlıqlar vasitəsi ilə həyata keçirir. Ona klinika tərəfindən təqdim olunan cihaz ilə cərrahiyyə əməliyyatını keçirmişdir. Daha sonra klinikada da məlum olmuşdur ki, əslində cihaz müasir “LigaSure” cihazı adı ilə xəstəxanaya satılmış, lakin daxili texniki göstəriciləri tamamilə başqa bir məlum olmayan cihaz olaraq qurulmuşdur. Məlumat üçün bildirir ki, bu cihazlar arasında radiodalğa fərqi mövcuddur ki, bu da əməliyyata əsaslı təsir göstərir. Klinikaya satılan bu cihaz texniki göstəricilərinə uyğun bir cihaz olmamışdır. Klinika isə ona həyata keçirdiyi cərrahi əməliyyat üçün nəzərdə tutulan cihaz adı ilə bunu vermişdir və o, da əməliyyat zamanı həmin cihazdan istifadə etmişdir. Buradan görünür ki, əməliyyatın istiqamətini taktiki olaraq tamamilə düzgün şəkildə götürsə də, klinikanın səhlənkarlığı səbəbindən keyfiyyətsiz cihaz alaraq onu əməliyyat üçün istifadəyə yararlı olaraq təqdim etməsi əməliyyatı texniki cəhətdən uğursuz nəticələndirmişdir. Bu barədə ekspert rəyində də məlumat mövcuddur ki, texniki cəhətdən nasazlıqlar yarandığı rəydə də təsdiqlənir. Bu səbəbdən də hesab edir ki, cihazın yararlı olub-olmaması ilə bağlı, eyni zamanda əməliyyatın texniki cəhətlərinin yoxlanılması ilə bağlı rəy verilməsindən ötrü əlavə texniki ekspertizanın keçirilməsi də işin daha geniş araşdırılaraq yekun qərar verilməsindən ötrü zəruri idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu qeyd etdikləri nəzərə alınmayaraq və belə bir ekspertiza keçirilərək heç bir rəy əldə edilmədi. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərkibi işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. MM-in 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Cavabdehin apellyasiya şikayətinin təhlili və iş üzrə bütün sübutlar məcmu halda araşdırıldıqda, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni, əsaslandırılmış və ədalət prinsipinə uyğun hesab edilir. Cavabdehin apellyasiya arqumentləri isə işin mahiyyəti baxımından qeyri-məqbul və qətnamənin ləğv olunması üçün yetərli hüquqi və faktiki əsaslar yaratmır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında əmək münasibətləri mövcud olmuş və ürsəlov Şamxal İsmayıl oğlu əmək funksiyasını yerinə yetirərkən X6 qarşı tibbi müdaxilə zamanı səhvə yol vermişdir. Məhkəmə bu müdaxilənin nəticəsində iddiaçının sağlamlığına xəsarət yetirildiyini və bu xəsarətin əmək vəzifələrinin icrası zamanı törədildiyini əsaslı surətdə müəyyən etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 21200 manatın tutulması ilə bağlı qərar tam əsaslı hesab olunur. Qeyd edilməlidir ki, reqres hüququ mülki hüququn zərərin ödənilməsi ilə bağlı mexanizmlərində mühüm yer tutur. Onun əsas funksiyası birinci növbədə zərərçəkmişin hüquqlarını dərhal təmin etmək, daha sonra isə zərərin əsl səbəbkarına hüquqi məsuliyyəti ötürməkdir. Bu mexanizm mülki hüquqda ədalət, məsuliyyətin fərdiləşdirilməsi və kompensasiya prinsipinin həyata keçirilməsində vacib rol oynayır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmışdır. Nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(011)- 412/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, mənəvi ziyana görə 20000 manat, maddi ziyana görə 1200 manat, cəmi 21200 manat məbləğində pul vəsaiti “Pətək T.A" MMC-dən ("xxxx") tutularaq X6 ödənilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(103)-2819/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(011)-412/2022 nömrəli qətnaməsindən İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-412/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(102)- 1965/2024 nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2819/2023 nömrəli 07 dekabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(036)-233/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar