Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-102/2023 13.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X1, Cavabdeh1, digər Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İbrahim oğlu və Astara rayonu Siyəkü bələdiyyəsinə qarşı “pay torpaq sahəsinə gedən yolun və torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddiası əsasında mülki iş üzrə Astara Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(018)-64/2022 saylı qətnaməsindən (hakim Z.İbrahimov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İbrahim oğlu və Astara rayonu Siyəkü bələdiyyəsinə qarşı “pay torpaq sahəsinə gedən yolun və torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən əmlak pay torpaq sahəsinə gedən yolun, qanunsuz zəbt etdikləri və tikinti apardıqları əmlak pay torpaq sahəsinin buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarına əsasən ona və ailə üzvlərinə Torpağa mülkiyyət hüququna dair JN-135 Kod 80108018 Dövlət Aktı ilə 0.28 ha və JN-137 kod 80108018 Dövlət Aktı ilə 0.53 ha əmlak torpaq payı verilmişdir. Həmin əmlak pay torpaq sahələrindən tərəflərindən sitrus meyvə ağacları əkilərək istifadə edilmişdir. Lakin 20 avqust 2021-ci il tarixindən etibarən Astara rayon Vaqo kənd sakinləri Cavabdeh1, Cavabdeh2 İbrahim oğlu tərəfindən əmlak pay torpağına gedən yol tutulmuş, pay torpağı üzərində qanunsuz tikililər aparılmışdır. Cavabdehlərə bununla bağlı irad tutmalarına baxmayaraq, cavabdehlər onları nalayiq söyüşlərlə təhqir etmiş və onu döymüşlər. Bu barədə dəfələrlə ərazi üzrə nümayəndəliyə və bələdiyyə sədrinə şikayət etməsinə baxmayaraq, heç-bir tədbir görülməmişdir. Cavabdehlər isə bundan istifadə edərək onların əmlak pay torpaqlarını buraxmamaqla, qanunsuz olaraq üzərində tikili aparırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, idia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vekrərək təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddia tam əsassızdır. Onlar heç kəsin torpaq sahəsini zəbt etməmiş, iddiaçının torpaq sahəsində heç bir tikili tikməmiş və iddiaçının pay torpağına gedən yolu zəbt etməmişlər. Özlərinə məxsus torpaq sahələri vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 mart 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Astara rayonu Vaqo kəndində 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı torpaq sahəsini zəbt etməmişlər, əksinə İddiaçı onlara məxsus torpaq sahəsini zəbt etmişdir. Birinci instansiya məhkəməsində digər Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə Cavabdeh1 göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, əlavə olaraq göstərmişlər ki, İddiaçı onlara məxsus torpaq sahəsini zəbt etdiyi üçün ona qarşı iddia qaldıracaqlar. Astara Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(018)-64/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən yolun 641 kv.metr hissəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və yolun həmin 641 kv.metr hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin olunmayan, yəni iddiaçının mülkiyyətində olan əmlak pay torpaq sahəsinin zəbtdən azad edilməsi və pay torpaqlarında cavabdehlər Cavabdeh1, Cavabdeh2 İbrahim oğlu tərəfindən inşa edilmiş tikilinin sökülməsinin təmin olunmaması hissədə ləğv olunması və iddianın həmin hissədə də, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan əmlak pay torpaq sahəsi həqiqətən zəbt edilmişdir və pay torpaqlarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikili inşa edilmişdir. Birinci instansiya məhkəməsi işin həqiqi halları üzrə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi vəsatətlərini tam göstərməmiş və təmin etməmişdir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə nəticəsini əsaslandırarkən təkrar məhkəmə tikinti-texniki ekspertizasının 635 saylı 18 aprel 2022-ci il tarixli rəyinə istinad etməsi qismən qanuni və əsaslı olsa da, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan əmlak pay torpaq sahəsinin zəbt edilməsi və pay torpaqlarında cavabdehlər tərəfindən tikili inşa edilməməsi barədə nəticəsi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatətlərinə heç bir əhəmiyyət verməmiş, müvafiq vəsatətləri təmin etməmiş, bununla da qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, işin tam, hərtərəfli və obyektiv həlli üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu, heç kəsin torpağını və yolunu zəbt etmədiyini, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyinin bunu sübut etdiyini bildlirib, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmədə Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirib, Cavabdeh1 izahatı ilə oxşar məzmunda izahat verərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh Astara rayonu Siyəkü bələdiyyəsi məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdeh Astara rayonu Siyəkü bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi yalnız İddiaçı tərəfindən apellyasiya qaydasında, iddianın təmin olunmayan hissəsində mübahisələndirildirilir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsi isə mübahisələndirilən hissədə qətnamənin əsaslılığını yoxladığından, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0135 Kod 80108018 Dövlət Aktından görünür ki, X8 və ailə üzvlərinə, o cümlədən İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-137 Kod 80108018 Dövlət Aktından görünür ki, X9 və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı ailə üzvü kimi birgə mülkiyyətçilər sırasında deyildidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 mart 2018-ci il tarixdə verilmiş **********61-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Vaqo kəndində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 41.3 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09 sentyabr 2021-ci il tarixdə verilmiş **********35 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Siyəkü kəndində yerləşən 0.0665 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə mütəxəsis qismində cəlb edilmiş “X7” MMC-nin 18 aprel 2022-ci il tarixli 635 saylı mütəxəsis rəyinə əsasən 80108018 KOD seriyalı JN 0135 nömrəli və 80108018 KOD seriyalı JN 0137 nömrəli şəhadətnamələrə əsasən İddiaçı istifadəsinə verilmiş 0.28 və 0.53 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmamışdır. Lakin, həmin torpaq sahələrinə gedən mübahisəli ümumi istifadə üçün nəzərdə tutulan yolun 641 kv.metr hissəsi cavabdehlərin istifadəsində olması müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Astara rayonu Siyaku kəndində yerləşən və Torpağın Mülkiyyətə verilməsinə dair 80108018 KOD seriyalı JN 0135 nömrəli və 80108018 KOD seriyalı JN 0137 nömrəli şəhadətnamələrə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.28 və 0.53 ha torpaq sahəsi və həmin torpaq sahələrinə gedən yolda hər-hansı bir tikili inşa edilməməsi müəyyən olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsasında aparılan araşdırma zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin mütəxəsisləri cəlb edilməklə, aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. İddiaçı JN-137 Kod 80108018 Dövlət Aktına əsasən ayrılmış 0.53 ha torpaq sahəsi üzərində hər hansı bir hüquqlara malik olmadığından, ekspertiza tədqiqatı qarşısında yalnız iddiaçının pay sahibi olduğu JN-0135 Kod 80108018 Dövlət Aktına əsasən ayrılmış 0.28 ha torpaq sahəsi ilə bağlı aşağıdakı suallar qoyulmuşdur: 1)İddiaçı və ailə üzvlərinə Astara rayon Aqrar İslahatı Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə verilmiş (Torpağa mülkiyyət hüququna dair JN-0135 Kod 80108018 Dövlət Aktı) Astara raynu Siyəkü kəndində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edilsin. 2)Ərazinin kompleks yerquruluşu xəritəsinə əsasən qeyd olunan torpaq sahəsinə yolun haradan nəzərdə tutulduğu və həmin yolun zəbt olunub-olunmaması, torpaq sahəsinə alternativ yolun olub-olmaması müəyyən edilsin? 3)Qeyd olunan torpaq sahəsinin zəbt edilib-edilməməsi, üzərində tikili işlərinin aparılıb-aparılmaması, təyinatı üzrə istifadə edilib-edilməməsi müəyyən edilsin. 4)Ekspert iş üçün əhəmiyyət kəsb edən, lakin qarşısında qoyulmayan suallar ətrafında da, öz rəyini əsaslandıraraq verə bilər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7667 saylı ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışdır: Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı əsasında JN-0135 Kod 80108018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Astara rayonu siyakü kəndi ərazisində yerləşən 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üç hissədən ibarət olmaqla, mübahisəli ərazidə yerləşən 0.1220 ha hissəsinin koordinatları və göngə nöqtələri müəyyən edilmişdir. JN-0135 Kod 80108018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan qeyd olunan 0.1220 ha torpaq sahəsinə gediş-gəliş yolunun həmin torpaq sahəsinin cənub istiqamətindən olması və faktiki olaraq açıq olması, yəni tutulmaması, eyni zamanda 0.1220 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməməsi, torpaq sahəsinin üzərində tikili işlərinin aparılmadığı və təyinatı üzrə istifadə edildiyi müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». İddiaçının üzərində hüquqlarının pozulduğunu bildirərək mübahisənin predmetinə çevirmiş olduğu Torpağa mülkiyyət hüququna dair JN-137 Kod 80108018 Dövlət Aktında qeyd olunan 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin torpaq sahəsi X9 və ailə üzvlərinə Astara rayon Aqrar İslahat Komissiyasının 24 may 2003-cü il tarixli 01 saylı qərarı ilə cizgidə göstərilən sərhəd daxilində verilmişdir. İddiaçı nə ailə üzvü kimi həmin Dövlət Aktında birgə mülkiyyətçilər sırasında deyildidir, nədəki iş materialları ilə həmin torpaq sahəsi üzərində hansısa hüquqlara malik olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçı Babayev X6 mülkiyyət hüququna dair JN-137 Kod 80108018 Dövlət Aktında qeyd olunan 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmamamışdır. Məhz bu baxımdan mülki işin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin olunarkən, həmin torpaq sahəsi ekspertizanın tədqiqat predmetinə çevrilməmişdir. İddiaçının ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0135 Kod 80108018 Dövlət Aktında qeyd olunan 0.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi üç hissədən ibarət olmaqla, mübahisəli ərazidə 0.1220 ha hissəsi yerləşir, mübahisəli ərazidə yerləşən hissəyə gediş-gəliş yolu torpaq sahəsinin cənub istiqamətindəndir və açıqdır, yəni tutulmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin mübahisəli ərazidə yerləşən 0.1220 ha hissəsi cavabdehlər tərəfindən istifadə edilmir, üzərində tikili işləri aparılmamışdır və təyinatı üzrə istifadə edilir. Göründüyü kimi qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçının dəlilləri ekspertizanın rəyi ilə təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin isə səlahiyyətləri qətnamənin mübahisələndirilən hissədə təftişi ilə məhdudlaşdığından, mübahisələndirilən hissənin isə iddianın təmin olunmayan hissəsi təşkil etdiyindən, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli 2(018)-64/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mülki iş üzrə apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-102/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-102/2023
13.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver