Məhkəmə qərarları › İş №2(106)-102/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-102/2024

08.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-102/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X11 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)380/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər-Cavabdeh1, Cavabdeh2 və onların uşaqlarının Beyləqan rayonunun Aşıqalılar kəndində yerləşən, xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu, ümumi sahəsi 120 kv.m olan mişar daşından tikilmiş yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, 22 avqust 2019-cu il tarixində Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsəsən Beyləqan rayonunun Aşqallar bələdiyyəsindən 0.12 ha həyatyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan, qeydiyyat taraxli xx.xx.2019-cu il olan, reyestr nömrəsi **********23 olan Çıxarış verilmişdir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2019cu il, reyestr nömrəsi **********23 olan Çıxarışla xüsusi mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələrinin torpaqları olan sahədə özünə məxsus olan yaşayış evi tikdirmişdir. O, qardaşı Cavabdeh1 ailəli olduğu üçün, həmçinin qardaşı arvadı Gülnar ilə valideynləri və eləcə də Calal arasında narazılıq olduğuna görə ailələrinin dağılmaması üçün onların müvəqqəti olaraq xüsusi mülkiyyətində olan torpaq sahəsində tikmiş olduğu, ümumi sahəsi 120 kv.m olan mişar daşından tikilmiş yaşayış evinə köçüb yaşamalarına icazə vermişdir. Hazırda öz evinə köçüb yaşamaq istəyir. Gülnarın isə gəlin köçdüyü valideyinlərinə məxsus evdə yaşamasına valideyinləri etiraz etmir. Ona görə də qardaşı- Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 onun xüsusi mülkiyyətində inşa etmiş olduğu 120 kv.m ümumi sahəsi olan yaşayış evindən çıxmalarını tələb etsə də, onlar yaşayış evindən çıxmamışlar. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehlər-Cavabdeh1, Cavabdeh2 və onların uşaqlarının Beyləqan rayonunun Aşıqalılar kəndində yerləşən, xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu, ümumi sahəsi 120 kv.m olan mişar daşından tikilmiş yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etdi və izahatında göstərdi ki, mübahisəli ev qardaşı Vüsalın mülkiyyətindədir. Evi qardaşı tikdirmişdir. Cavabdeh2 ilə ailə qurarkən Gülnar onun valideynlərinə məxsus evə gəlin köçmüşdür. Uzun müddət orada yaşamışlar. Son vaxtlar Cavabdeh2 ailədə narazılıq salmış, onunla və onun anası ilə yola getməmiş, ailədə narazılıq yaratmışdır. Ailəsi dağılmamaq üçün qardaşı Vüsal yeni tikdirdiyi evi müvəqqəti yaşamaq üçün onlara vermişdir. Lakin orada yaşadıqları müddətdə də Gülnar ilə yola getməmişlər. Sonradan Gülnar ilə ayrılmışlar. Yaşadıqları ev qardaşı Vüsala məxsusdur. Vüsal həmin evi öz vəsaiti hesabına tikdirmişdir. O, həmin evin tikintisinə heç bir vəsait xərcləməmişdir. Arabir qardaşı işdə olanda qardaşı tərəfindən ustalara verilən pulu o aparıb çatdırmışdır. Həmin ərazidə onun da 0,12 ha torpaq sahəsi vardır. Lakin həmin torpaq sahəsi boşdur, orada hər hansı bir tikinti işləri aparılmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, Cavabdeh1lə ailə qurduqdan sonra Calalın anasına məxsus evə gəlin köçmüşdür. Sonradan Calala məxsus ,12 ha torpaq sahəsində özlərinə məxsus ev tikdirib ailəsi ilə birlikdə həmin evdə 4 il yaşamışdır. Əri Calal kredit götürüb həmin evi tikmişdir. İddiaçı evin tikintisinə heç bir vəsait xərcləməmişdir. Evin kommunal xərclərin də Cala ödəmişdir. Sonradan Calalla aralarındakı ailə münasibəti pozulmağa başlamışdır. Evin tikintisi ilə bağlı əlində heç bir sənədi olmasa da, evin bütün xərclərini əri Calal çəkmişdir. Ev tikilən ərazi də onlarındır, Vüsalın deyildir. Vüsala məxsus torpaq sahəsi də onlarla qonşuluqdadır. Vüsal və Calal onu evdən çıxarmaq üçün belə bir yola əl atmışlar Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X15 ifadəsində göstərdi ki, iddiaçı Vüsal və cavabdeh Calal onun əmisi nəvəsidirlər. Özü fərdi əməklə məşgul olmaqla suvaqçıdır. Vüsal və anası onu çağıraraq tikdirdiyi evi suvamağı ondan xahiş etmişdir. 2018-ci ildə evi suvamış və əmək haqqı müqabilində 900 manat pulu Vüsal ona vermişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X12 ifadəsində göstərdi ki, İddiaçı sifarişi əsasında onun həyətinə daş və iki maşın qum gətirmiş daşın və qumun pulunu ona İddiaçı vermişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X16 ifadəsində göstərdi ki, İddiaçı xahişi ilə tikdirdiyi evin üstünü qardaşı ilə birlikdə vurmuşdur. Zəhmət haqqı olaraq 600 manat pulu ona İddiaçı vermişdir. Həmçinin dam örtüyü materiallarını onun qardaşı ilə Vüsal birgə gedib alıb gətirmişlər. Məhkəmə iclasına dindirilən şahid X17 ifadəsində göstərdi ki, o, fəhləliklə məşğuldur. Sözügedən evin tikintisində 2016-2017-ci illərdə iştirak etmişdir. Onu ustalar çağırmış və pulu da ustalardan alımşdır. Evin tikintisi zamanı hər iki qardaş Vüsal və Calal orada olmuşlar və göstəriş vermişlər. Onun yanında kiməsə pul verilməmişdir. Onlrara yeməyi Vüsalın anası hazırlamışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilib dindirilən şahid X18 ifadəsində göstərdi ki, iddiaçıvə cavabdehlə qohumlu əlaqələri olmamışdır. Özü bənnadır. 2018-ci ildə mübahəsi evi Vüsalın sifarişi ilə tikmişdir. Zəhmət haqqını 2 dəfə Calal, qalanlarını isə Vüsal vermişdir. Evin kim üçün tikildiyini bilməmişdir. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilib dindirilən şahid X4 ifadəsində göstərdi ki, o, bənnadır. Təxminən 2017-2018-ci illərdə usta İlqar ona sifariş götürdüyünü deyib onu özü ilə birlikdə ev tikməyə aparmışdır. O, heç kimdən pul almamış, pulu İlqar alıb ona da vermişdir. Evin tikintisi zamanı Vüsalla birlikdə Calalı da orada görmüşdür. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilib dindirilən şahid X1 ifadəsində göstərdi ki, fəhlə kimi mübahisəli evin tikintisində iştirak etmişdir. Həmin evə onu usta İlqar aparmışdır. Ona pulu İlqar vermişdir. Evin tikintisində Vüsalla birlikdə Calala da iştirak etmişdir. Eşitdiyinə görə ev Calal üçün tikilmişdir. Məhkəmə iclasında dindirilən şahid X19 ifadəsində göstərdi ki, o, Aşqallar bələdiyyəsinin sədridir. Sözügedən ev İddiaçı məxsus olmaqla Vüsala məxsus torpaq sahəsində tikilmişdir. Həmin ərazidə Cavabdeh1 məxsus 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində hər hansı bir tikili yoxdur. Məhkəmə iclasında dindirilən şahid Beyləqan rayon İHB-in Aşqalları bələdiyyəsinin sədri X5 ifadəsində göstərdi ki, sözügedən mübahisəl ev İddiaçı məxsus torpaq sahəsində tikilmişdir. Lakin evi kimin tikdirdiyini bilməmişdir. Təsərrüfat başına kitabda ev İddiaçı adına qeydı alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)380/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə (X20) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə Beyləqan rayonunun Aşıqalılar kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu, ümumi sahəsi 120 kv.m olan mişar daşından tikilmiş yaşayış evindən çıxarılmaları qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)380/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və onların nümayəndələrinə məlumat verilməsinə baxmayaraq tərəflər və onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, nümayəndə Vəkil1 ərizə ünvanlıyaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bu barədə sübut təqdim edə bilməmişdir. Odur ki, kollegiya tərəflərin və onların nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlilləri həddində, Beyləqan Rayon Məhkəməsinin 2(020)380/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Avropa İnsan Hüquqları Məhkəməsi 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. X24 Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X3rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)380/2023 saylı, 31 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş AN-İ0645223 saylı 22 avqust 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Beyləqan rayonunun Aşqalları kəndində yerləşən Beyləqan rayon Aşqallar bələdiyyəsinə məxsus 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı 400 manata satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayon Aşqallar kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Torpaq daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019cu ildə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Beyləqan rayon Aşqallar kəndində ümumi sahəsi 120 kv metr olan mişar daşından tikilmiş yaşayış evi AN0645223 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi üzrə yerləşir və İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş AN0645224 saylı 22 avqust 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Beyləqan rayonunun Aşqalları kəndində yerləşən Beyləqan rayon Aşqallar bələdiyyəsinə məxsus 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 400 manata satılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Beyləqan rayon Aşqallar kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Torpaq daşınmaz əmlakın dövlət rüyüstrində 65 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu ildə qeydə alınmışdır. İş materiallarından müəyyən edilmişdir ki, Beyləqan rayonunun Aşqalları kəndində yerləşən Beyləqan rayon Aşqallar bələdiyyəsinə məxsus 0,12 ha həyətyanı torpaq sahəsi İddiaçı 400 manata satılmışdır. Həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan, qeydiyyat taraxli xx.xx.2019-cu il olan , reyestr nömrəsi **********23 olan Çıxarış verilmişdir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2019-cu il, reyestr nömrəsi **********23 olan Çıxarışla xüsusi mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələrinin torpaqları olan sahədə İddiaçı özünə məxsus yaşayış evi tikdirmişdir. İddiaçı qardaşı Cavabdeh1 ailəli olduğu üçün və valideynləri ilə Cavabdeh1 arvadı Gülnarla narazılıq olduğuna görə xüsusi mülkiyyətində olan torpaq sahəsində tikmiş olduğu, ümumi sahəsi 120 kv.m olan mişar daşından tikilmiş yaşayış evinə onların müvəqqəti köçüb yaşamalarına icazə vermişdir. Hazırda iddiaçı qardaşı- Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 xüsusi mülkiyyətində inşa etmiş olduğu 120 kv.m ümumi sahəsi olan yaşayış evindən çıxmalarını tələb etsə də, onlar yaşayış evindən çıxmamışlar. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddiaya etirazından müəyyən edilir ki, o, Cavabdeh1lə ailə qurduqdan sonra Calalın anasına məxsus evə gəlin köçmüşdür. Sonradan Calala məxsus,12 ha torpaq sahəsində özlərinə məxsus ev tikdirib ailəsi ilə birlikdə həmin evdə 4 il yaşamışdır. Əri Calal kredit götürüb həmin evi tikmişdir. İddiaçı evin tikintisinə heç bir vəsait xərcləməmişdir. Evin kommunal xərclərin də Cala ödəmişdir. Sonradan Calalla aralarındakı ailə münasibəti pozulmağa başlamışdır. Evin tikintisi ilə bağlı əlində heç bir sənədi olmasa da, evin bütün xərclərini əri Calal çəkmişdir. Ev tikilən ərazi də onlarındır, Vüsalın deyildir. Vüsala məxsus torpaq sahəsi də onlarla qonşuluqdadır. Vüsal və Calal onu evdən çıxarmaq üçün belə bir yola əl atmışlar Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Kollegiya qeyd edir ki, apelyasiya icraatı zamanı qeyd edilən mübahisənin hərtərəfli tam və obyektiv araşdırılması üçün məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 16 may 2024-cü il tarixli, 3-16-16/2-10/7071 saylı eskpert rəyi ilə müəyyən edilmişdir ki, Mübahisəli Beyləqan rayonu, Aşıqalılar kəndində yerləşən, ümumi sahəsi 120 kv.m olan, mişar daşından tikilmiş yaşayış evi qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsində yerləşir. Göründüyü kimi mübahisəli ev iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. Həmin evə onun gözlənilən mülkiyyət hüququ vardır. İddiaçı istənilən vaxt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib qeyd olunan evə mülkiyyət hüququnu qeydə aldıra bilər. Qanunda nəzərdə tutulmuş qaydada dövlət mülkiyyət hüququnun qorunmasına təminat verir. Cavabdehlər iddiaçının ailə üzvləri deyildir, onunla bir təsərrüfatı idarə etmirlər. Cavabdeh2 qeyd olunan evə yox, iddiaçının valideynlərinə məxsus evə gəlin köçmüşdür. İddiaçının valideynləri onun gəlin köçdüyü evdə yaşamasına etiraz etmirlər. Cavabdehlər mübahisəli evə iddiaçının istəyi ilə müvəqqəti olaraq köçmüşlər. İddiaçıya məxsus torpaq sahəsinin yaxınlığında cavabdehlər məxsus torpaq sahəsi vardır. Məhkəmədə də mübahisəli evin tikildiyi torpaq sahəsinin iddiaçıya məxsus olduğu öz təsdiqini tapmışdır. Cavabdehlər həmin evin tikintisinə hər hansı bir vəsait sərf etmişlərsə iddiaçıdan tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir Kollegiya hesab edir ki, cavabdehin onunla Cavabdeh1 birlikdə birgə nikah dövründə öz vəsaitləri hesabına tikilməsini iddia etdiyi ev əslində Cəlal Quliyevin deyil İddiaçı məxsus həyətyanı torpaq sahəsində yerləşir. Həmçinin Cavabdeh2 da iddiaçının saxlamalı olduğu şəxslər kateqoriyasına aid olmadığından cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə Beyləqan rayonunun Aşıqalılar kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu, ümumi sahəsi 120 kv.m olan mişar daşından tikilmiş yaşayış evindən çıxarılmalıdırlar” qənaətini əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu isə onu göstərir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)380/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 manat cavabdeh X6 alınaraq X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar