Məhkəmə qərarları › İş №2(106)-1021/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1021/2024

30.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1021/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X6 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X6 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şirvan Meşəbəyliyinin 8-ci dolayının 24-cü kvartalında zəbt etdiyi 2,5 ha torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyət gətirilməsi və iddiaçya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 2(057)-427/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X6 Mərkəzinin Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsi əsasında qeydə alınmış 2(057)-427/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh Cəbrayıl rayonu Horuvlu kəndində qeydiyyatdadır. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul olunmuşdur. Ona görə də, mülki iş aidiyyəti üzrə baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilməlidir. Cəbrayıl Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(072)-321/2024 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X6 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X6 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin Şirvan Meşəbəyliyinin 8-ci dolayının 24-cü kvartalında zəbt etdiyi 2,5 ha torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyət gətirilməsi və iddiaçya təhvil verilməsini tələb etmişdir. İşə əsasən hazırkı mülki iş üzrə tələb iddiaçının torpaq sahəsinin cavadehin qeyri-qanuni sahibliyindən götürülməsi barədədir. Mübahisəli torpaq sahəsi isə Şirvan şəhərinin inzibati ərazi dairəsində (səh. 12 və 22) yerləşir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ərazi aidiyyətinə görə məhkəmələr arasında yaranan fikir ayrılığına hüquqi qiymət verərək hesab edir ki, Salyan Rayon Məhkəməsinin aidiyyəti üzrə mülki işi Cəbrayıl Rayon Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası Salyan Rayon Məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq normasının pozulması ilə bağlı gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın digər - 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Habelə MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X2rşı” iş üzrə 28 may 1985-ci il tarixli, “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 9-cu maddəsinə əsasən meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. MPM-in 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin normanın məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 02 iyun 2021-ci il tarixli qərarına əsasən qeyd olunur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Göründüyü kimi, hazırkı iddia iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X6 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi məhz yuxarıda şərh olunan daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddialar növünə aiddir. Belə olan halda, mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) (Şirvan Meşəbəyliyinin 8 saylı meşə dolayı) Şirvan şəhərinin ərazisində yerləşdiyindən mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. MPM-in 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X6 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş Şirvan Şəhər Məhkəməsində baxılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 39.1, 45.1, 45.4, 45.5, 263, 264, 400 və 403-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı (Sabirabad) X6 Mərkəzinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan həmin müddətdə kassasiya şikayəti verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar