Məhkəmə qərarları › İş №2(106)-1022/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1022/2023

28.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1022/2023 28.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “işə bərpa tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-124/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru X9 tərəfindən onunla bağlanmış 196 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 189-K nömrəli, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması nəzərə alınaraq, müqavilə müddətinin həmin tarixədək uzadılmaqla iddiaçının “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Konsultativ poliklinika şöbəsinin tibb bacısı vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1972-1975-ci illər ərzində Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Məktəbinin mamalıq ixtisası üzrə tam kursu bitirmişdir (diplom №006016). Lakin ixtisası üzrə iş olmadığı üçün ilk əmək fəaliyyətinə 1975-ci il tarixdən Neftçala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi başlamışdır. 1982-ci ilin 06 sentyabr tarixindən 11 noyabr 1982-ci il tarixədək olan dövrdə Azərbaycan SSR Səhiyyə Nazirliyi M.Əlizadə adına orta tibb və əczaçılıq təhsili işçiləri ixtisaslaşma (təkmilləşdirmə) EKQ üzrə tibb bacısı ixtisası üzrə orta tibb (əczaçılıq) təhsili işçiləri təkmilləşdirmə məktəbinin kurslarında olmuş, bu barədə ona xx.xx.1982-ci il tarixdə 1582 nömrəli vəsiqə də verilmişdir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən heç bir irad və ya tənbehi olmamışdır. Yaxşı işlədiyi üçün 4 dəfə fəxri fərmanla təltif olunmuşdur. 20 mart 2019-cu il tarixdə 65 yaşı tamam olmasına baxmayaraq, işdə qalmaq üçün Sertifikasiyadan keçmiş və bundan sonra əvvəlcə 1 il, sonra da 4 dəfə hər dəfə 3 aylıq müddətə olmaqla, cəmi 2 il müddətinə müdiriyyətlə iddiaçı arasında əmək müqaviləsi bağlanmışdır. Axırıncı 3 aylıq müqavilənin müddəti 20 iyun 2021-ci il tarixdə başa çatdığı halda, eyni zamanda iddiaçının ixtisası üzrə xəstəxanada birbaşa mütəxəssis olmadığı halda və ona kəskin ehtiyac olduğu halda cavabdeh tərəfindən müqavilə müddəti başa çatmamış xx.xx.2021-ci il tarixdə iddiaçının yaşı bəhanə edilərək 189-K nömrəli əmrlə onunla bağlanmış 196 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, indiyədək həmin əmək müqaviləsinin surəti də iddiaçıya verilməmişdir. Neftçala Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(053)-124/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Əli Tağıyev) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(053)-124/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Belə ki, iddiaçı ilə xx.xx.2020-ci ildə 3 ay müddətinə bağlanmış müqavilənin müddətinin qurtarma tarixi xx.xx.2021-ci il tarixə təsadüf edir. Bu tarixə qədər, hələ xx.xx.2021-ci ildə yeni müqavilə bağlanmışdır. Belə bir müqavilə bağlanmasaydı belə, Əmək Məcəlləsinin 73.1-ci maddəsindən də göründüyü kimi, bir həftə ərzində tərəflərdən heç birinin xitam barədə tələbi olmadığından, eyni müddətə uzadılmalı idi. Çünki 2021-ci il üçün iş vaxtı normasında bildirilmişdir ki, Əmək Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli, 483 nömrəli Qərarına əsasən, 2021-ci ildə Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart günləri iş günü hesab edilmir. 1 aprel 2021-ci il müqavilə müddətinin bitmə tarixinin 8-ci gününə düşdüyü üçün müqavilə eyni müddətdə uzadılmalı idi. Neftçala Rayon Məhkəməsinin iddiaçının əmək müqaviləsinə xitam verilməsini qanuni sayması əmək qanunvericiliyinin normasının səhv tətbiq etməsi, yanlış təfsir etməsidir. Neftçala Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsinin 3-cü səhifəsinin 2-ci abzasında göstərilmişdir ki, işdə olan İcbari Tibbi Sığorta üzrə X12 Ərazi X5 “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin X4ması şöbəsinin baş mütəxəssisi Babək Tağızadəyə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli, 46 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il tarixdə Neftçala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışmış İddiaçı ilə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 3 aylıq müddətə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə göndərilmiş 196 saylı əmək müqaviləsi bildirişinin məlumatlarında texniki səhv nəticəsində xx.xx.2021-ci il tarixi qeyd edilməklə yanaşı, xitamın əsası kimi Əmək Məcəlləsinin 73.1-ci maddəsi qeyd edilmişdir. Bu səhvlərin düzəldilməsi üçün xx.xx.2021-ci il tarixdə 59 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 müraciət edilsə də, bugünədək səlahiyyət verilmədiyi üçün sistemdə düzəliş edilməmişdir. Birinci növbədə, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasına həsr olunmuşdur. Belə ki, işəgötürən texniki səhv etdiyini düşünərək əslində bunu etməsi başqa əmək qanunvericiliyi normasını pozmamış olsaydı, düzgün normanı seçmişdi. O səbəbdən ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı üçün ümumiyyətlə əsas ola bilməz. Çünki dövlət müəssisələrində çalışmanın son yaş həddinə çatma 65 yaşa çatdıqda bağlanılan müqavilənin xitamı üçün əsas kimi çıxış edir, amma iddiaçı ilə bağlanmış müqavilə 65 yaşdan sonra bağlanan müddətli müqavilə olduğundan bu müqavilənin müddətinin müddətinin bitməsinə görə xitam edilməsi Əmək Məcəlləsinin 73-cü maddəsinə əsaslanmaqla olur. Neftçala Rayon Məhkəməsinin cavabdehin əslində buna hüququ olsaydı, düzgün etmiş olduğu bir hərəkəti texniki səhv adlandırmasını qəbul etməsi qanun normasını səhv təfsir etməsinin başqa bir variantıdır. Qətnamənin 6-cı səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, 01 aprel 2021-ci il tarixdə sonuncu müqavilənin müddəti bitdiyindən, həmçinin iddiaçı çalışmanın son yaş həddinə çatdığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra məhkəmə bu qeyd olunanlara istinadən iddianın əsassız olduğunu hesab etmişdir. Göründüyü kimi, əmək müqaviləsinə yuxarıda göstərilən əsaslardan yalnız biri ilə xitam verilə bildiyi halda, cavabdeh məhkəmədə iki fərqli əsas olduğunu bildirmiş, məhkəmə isə bunu qanuni və əsaslı hesab etmişdir. Məhkəmə işəgötürənin iddiaçının 196 nömrəli əmək müqaviləsinə xitam verməsi haqqında xx.xx.2021-ci il tarixli, 189-K nömrəli əmrini qanuni əsas hesab edərək qətnamə qəbul etmişdir. Ancaq dəfələrlə həm işəgötürəndən, həm də proses zamanı məhkəmədən sözügedən 196 saylı müqaviləni tələb etsə də, həmin müqavilə gətirilməmiş, onun yerinə hal-hazırda cəza çəkən keçmiş baş həkim Zahidov Telmanla xx.xx.2006-cı ildə müddətsiz olaraq bağladığı əmək müqaviləsinin üstünə əlyazma şəklində 196 yazaraq sanki həmin müqavilə qismində təqdim edilmişdir. Bu məsələ ilə bağlı həmin müqavilənin üstündə əlyazma şəklində nömrə yazmaqla manipulyasiya edilməsi barədə xx.xx.2022-ci il tarixdə Neftçala rayon prokurorluğuna ərizə ilə müraciət etmiş və prokurorluq xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Əmək Məcəlləsinin 73.1 və 76-cı maddələrinin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(106)-2234/2022 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(053)-124/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(106)- 2234/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(102)-1248/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(106)-2234/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı 12 sentyabr 1975-ci il tarixdən Neftçala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı çalışmış, 20 mart 2019-cu il tarixdə pensiya yaşına çatmış, 20 mart 2019-cu il tarixli əmrlə onun çalışma müddəti daha bir il, sonradan müvafiq əmrlərlə hər dəfə 3 ay, sonuncu dəfə isə 17 dekabr 2020-ci il tarixli, 304-K nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən daha 3 ay müddətinə artırılmışdır. İddiaçı ilə bağlanmış sonuncu müqavilə müddətli əmək müqaviləsi olmaqla, müqavilənin 3 aylıq müddəti 2021-ci ilin 20, 21, 22, 23 və 24 mart tarixləri qeyri-iş günləri olması nəzərə alınmaqla 25 mart 2021-ci il tarixdə başa çatır. İşəgötürən “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktorunun 01 aprel 2021-ci il tarixli əmri ilə iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi kimi çalışmanın yaş həddinə çatması ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi işəgötürənin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin həm onun çalışmanın yaş həddinə çatması, həm də müddətli əmək müqaviləsinin müddətinin başa çatması ilə bağlı olduğunu, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının çalışmanın yaş həddinə çatması ilə bağlı olduğunu göstərmiş, hər iki məhkəmə əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürənin əmrində iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsi göstərildiyindən həmin əmrin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə olması istisna edilir. İddiaçının çalışmasının yaş həddinin 20 mart 2019-cu il tarixdə başa çatması, həmin tarixdə onunla müddətsiz əmək müqaviləsinə xitam verilməsi, sonradan bir neçə dəfə müddətli əmək müqavilələri bağlanması isə əsas verir ki, iddiaçı ilə 17 dekabr 2020-ci il dekabr tarixində bağlanmış müqavilə müddətli əmək müqaviləsi olmuşdur. Bu müqaviləyə Əmək Məcəlləsi 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilə bilərdi. İşçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə göndərilmiş 196 nömrəli əmək müqaviləsinin bildirişinin məlumatlarında xitamın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi qeyd olunması kağız üzərində yazılmaqla verilmiş əmrin qeydiyyatına aid məsələdir, bu hal kağız üzərində yazılmış əmrin məzmununu dəyişmir. Təkrar apellyasiya baxışı zamanı məhkəmənin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, o, həqiqətən də xx.xx.2019cu ildə 65 yaşına çatmışdır. Lakin xx.xx.2019-cu ildə orta tibb işçilərinin sertifikasiyasından keçmişdir. Sertifikasiya 5 il müddətinə verilmişdir. O, 65 yaşına çatdıqdan sonra onun əmək müqaviləsi 1 il müddətinə uzadılmış, sonradan isə 4 dəfə, hər dəfə 3 ay olmaqla, yenə də əmək müqaviləsinin müddəti uzadılmışdır. Qeyd edilən müddətlərdə iddiaçı əmək müqaviləsi üzrə işləmişdir. xx.xx.2021-ci il tarixində onun əmək müqaviləsi 3 ay müddətinə yenə də uzadılmalı olsa da, cavabdeh təşkilat tərəfindən uzadılmamış, onunla hər hansı yeni müqavilə imzalanmamışdır. Lakin iddiaçı hesab edir ki, o, orta tibb işçilərinin sertifikasiyasından keçdiyinə görə onun əmək müqaviləsinin müddəti sertifikasiyanın müddətinin sonunadək hər dəfə 3 ay olmaqla artırılmalıdır. Həmçinin, əmək müqaviləsi bildirişi ilə bağlı sosial arayışda da onun əmək müqaviləsinin 07 iyun 2021-ci il tarixində qüvvədən düşməsi göstərilmişdir. Ona görə də hesab edir ki, ən azından bundan sonra 3 ay müddətində işləməlidir. İddiaçı qeyd etdi ki, onun əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə də işdən azad edilməsi üçün əsas olan maddə səhv göstərilmiş, Ali Məhkəmə də öz qərarında bu halı vurğulamışdır. Bu səbəbdən də həmin əmr ləğv edilərək, iddiaçı öz işinə bərpa olunmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 çıxış edərək bildirdi ki, iddiaçının əmək müqaviləsi bildirişi ilə bağlı elektron sosial arayış xəstəxananın kadrlar şöbəsinin əməkdaşı tərəfindən sistemə səhv işlənilmişdir. İddiaçı ilə sonuncu əmək müqaviləsinin müddəti 20 mart 2021-ci il tarixində başa çatmış, onun əmək müqaviləsinə 01 aprel 2021-ci il tarixində xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron sistemə səhv işləmiş kadrlar şöbəsinin əməkdaşı barəsində müvafiq tədbirlər görülmüşdür. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrdə isə xəstəxananın hüquqşünası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə yanlış olaraq istinad etmiş, bununla bağlı, TƏBİB tərəfindən ona irad bildirilmişdir. Əslində isə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməli idi. Elektron sistemə əmək müqaviləsi bildirişi yüklənilərkən də düzgün olaraq həmin normaya istinad edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(102)-1248/2023 saylı qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. İşdəki İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1975-ci il tarixində Neftçala rayon Mərkəzi Xəstəxanasında işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (yaş həddinə çatması ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdəki işəgötürən Neftçala rayon Mərkəzi Xəstəxanası ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 196 nömrəli əmək müqaviləsinin (kontraktının) surətindən görünür ki, işçi İddiaçı ilə həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neftçala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 40-K nömrəli İddiaçı çalışma müddətinin uzadılması haqqında əmrindən görünür ki, Neftçala rayon X1 poliklinika şöbəsinin tibb bacısı (qardaşı) İddiaçı çalışma müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən 12 ay uzadılması və əmək müqaviləsinə müvafiq dəyişikliklərin qeyd edilməsi əmr edilmişdir. İşdəki Neftçala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 133 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı – publik hüquqi şəxsin poliklinika şöbəsinin tibb bacısının əmək müqaviləsinin Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər (3 ay) müddətinə uzadılması və əmək müqaviləsinə müvafiq dəyişikliklərin qeyd edilməsi əmr edilmişdir. İşdəki Neftçala rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli, 310 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı – publik hüquqi şəxsin poliklinika şöbəsinin tibb bacısının əmək müqaviləsinin Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər (3 ay) müddətinə uzadılması əmr edilmişdir. X15 Sığorta üzrə X12 Ərazi X5 “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 304-K nömrəli İddiaçı çalışma müddətinin uzadılması haqqında əmrindən görünür ki, “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Konsultativ poliklinika şöbəsinin tibb bacısı (qardaşı) İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən 3 ay uzadılması və əmək müqaviləsində müvafiq dəyişikliklərin qeyd edilməsi əmr edilmişdir. X15 Sığorta üzrə X12 Ərazi X5 “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 189-K nömrəli əmrindən görünür ki, “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Konsultativ poliklinika şöbəsinin tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanmış 196 nömrəli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmiş, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi direktorun qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə qeyd edilmişdir. İşdəki praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AT 050333 seriya nömrəli sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı 06 fevral 2019-cu il tarixində orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində tibb bacısı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. İşdəki əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi İddiaçı ilə işəgötürən “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə bildiriş xx.xx.2021-ci il tarixində sistemə daxil edilmişdir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun həmin şöbəyə “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciətinə baxılmışdır. Müraciətdə o, işəgötürən tərəfindən qanunsuz olaraq vaxtından əvvəl əmək müqaviləsinin ləğv edildiyini, 2021-ci ilin yanvar ayında əmək məzuniyyətində olduğu zaman haqqı ödənilmədən, rəsmiləşdirilmədən işə cəlb olunduğunu bildirmiş və hüquqlarının bərpa olunmasına, habelə, əmək məzuniyyətindən geri çağırılaraq işlədiyi üçün xəstəxana tərəfindən müvafiq haqqın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Onun yazılı izahatı, habelə xəstəxanadan təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.1975-ci il tarixdən xəstəxanada tibb bacısı işləmiş və xx.xx.2019-cu ildə 65 yaşı tamam olmuş, əvvəlcə bir il, sonra da 4 dəfə (hər dəfə 3 aylıq müddətə) olmaqla, cəmi 2 il müddətinə, yəni onun 67 yaşı tamam olanadək çalışma müddəti uzadılmışdır. xx.xx.2021-ci ildə əmək müqaviləsi ləğv edilərkən kağız üzərində Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən əmr verilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məlumatlarında texniki səhvə yol verilərək xitamın əsası kimi həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsi (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) qeyd edilmişdir. Bu nöqsanın aradan qaldırılması üçün “Əmək müqaviləsi bildirişi” altsistemində müvafiq düzəlişlərin edilməsi məqsədilə X10 Xidmətinin müvafiq şöbəsinə müraciət etmək hüququnun olduğu xəstəxana rəhbərliyinin nəzərinə çatdırılmışdır. Digər tərəfdən, İddiaçı əmək məzuniyyətində olarkən 2021-ci ilin yanvar ayında heç bir əmrlə rəsmiləşdirilmədən işə cəlb olunmuşdur. İşə başladığı gündən etibarən ona əmək haqqı hesablanmamış və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilməmiş və yaxud işə başladığı gündən etibarən əmək haqqı hesablanmamış, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutularaq sonradan yenidən məzuniyyət pulu hesablanmaqla əmək məzuniyyəti verilməmişdir. Xəstəxana rəhbərliyi tərəfindən əmək məzuniyyəti dövründə o, işə cəlb edilərkən Əmək Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Həmin qanun pozuntusuna görə xəstəxananın direktoru X9 barədə inzibati xətalar haqqında iş üzrə icraata başlanılmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən təqsirli bilinərək 03 noyabr 2021-ci i tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdəki Tibbi Ərazi X5 “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin X10 Xidmətinin Salyan Regional Ərazi şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 676 nömrəli məktubdan görünür ki, xəstəxanada çalışmış İddiaçı 2021-ci ilin yanvar ayında əmək məzuniyyətində olmasına baxmayaraq, işə çıxaraq əmək funksiyalarını icra etdiyi üçün ona əmək məzuniyyəti dövründə işlədiyi günlər üçün əmək haqqının hesablanıb ödənilməsi təmin edilmişdir. İşdəki Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin həmin publik hüquqi şəxsin X4ması şöbəsi İnsan Resursları Departamentinin baş mütəxəssisi Babək Tağızadəyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 46 nömrəli məktubdan görünür ki, xx.xx.1975-ci il tarixdən Neftçala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışmış İddiaçı ilə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə göndərilmiş 196 nömrəli əmək müqaviləsi bildirişinin məlumatlarında texniki səhv nəticəsində xx.xx.2021-ci il tarix qeyd edilməklə yanaşı, xitamın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi qeyd edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilən texniki səhvə düzəliş edilməsi məqsədilə səlahiyyət verilməsi üçün xx.xx.2021-ci il tarixli, 591 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 müraciət olunmuşdur. Lakin bugünə kimi səlahiyyət verilmədiyi üçün sistemdə düzəliş edilməmişdir. İş materiallarının 139-140-cı vərəqlərində olan sosial arayışın surətindən görünür ki, İddiaçı ilə “Neftçala rayon Mərkəzi Xəstəxanası” arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixində qüvvədən düşməsi barədə sistemə əmək müqaviləsi bildirişi daxil edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1975-ci ildən etibarən Neftçala rayon Mərkəzi Xəstəxanasında çalışmağa başlamışdır. O, xx.xx.2019-cu il tarixində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi kimi müəyyən edilmiş 65 yaşına çatmışdır. Bundan sonra əmək müqaviləsi xx.xx.2020-ci il tarixədək 12 ay müddətinə uzadılmışdır. Sonradan isə hər dəfə 3 ay olmaqla, onun əmək müqaviləsi 4 dəfə uzadılmış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti sonuncu dəfə xx.xx.2020-ci il tarixində uzadılmışdır. İddiaçının özü də qəbul edir ki, onun əmək müqaviləsi sonuncu dəfə xx.xx.2020-ci il tarixində 3 ay müddətinə uzadılmışdır. Bundan sonra, işəgötürənin xx.xx.2021-ci il tarixli, 189-K nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı apellyasiya şikayətinin əsas dəlilləri kimi onun əmək müqaviləsinin müddəti bitdikdən 8 gün sonra xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilməsinin yolverilməzliyini, əmək müqaviləsinə xitam verilməsi barədə olan xx.xx.2021-ci il tarixli əmrdə Əmək Məcəlləsinin yanlış maddəsinə istinad edilməsini və əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron sistemə yerləşdirilməsi zamanı müqavilənin xx.xx.2021-ci il tarixində qüvvədən düşməsinin qeyd edildiyini göstərmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli, 483 nömrəli Qərarına əsasən, 2021-ci ildə Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart günləri iş günü hesab edilmir. 1 aprel 2021-ci il müqavilə müddətinin bitmə tarixinin 8-ci gününə düşdüyü üçün müqavilə eyni müddətdə uzadılmalı idi. Məhkəmə kollegiyası bildirir ki, 2021-ci ildə Novruz bayramı ilə əlaqədar qeyri-iş günü hesab edilən günlərdən 20 və 21 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən, 25 və 26 mart tarixləri də iş günü olmamışdır. Belə olan halda isə iddiaçının qeyd edilən dəlili əsaslı hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, xx.xx.2021-ci il tarixində iddiaçının müddətli əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olmuşdur. Belə ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi onun sonuncu – xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində baş tutmuşdur və hazırda xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas mövcud deyil. Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsinə əsasən, əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Hazırkı iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli əmrdə onun xitam verilməsi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi qeyd edilmiş, lakin əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron sistemə yerləşdirilməsi zamanı Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə istinad edilmişdir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin səhv normasına istinad edilməsi səbəbindən xəstəxananın hüquqşünasına TƏBİB tərəfindən irad bildirilmişdir. Eləcə də, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişində və elektron sosial arayışda iddiaçının əmək müqaviləsinin qüvvədən düşməsi tarixinin xx.xx.2021-ci il tarixi olaraq qeyd edilməsi də xəstəxananın kadrlar şöbəsinin əməkdaşının səhvi ucbatından baş vermiş, bu səbəblə həmin əməkdaş barəsində müvafiq tədbirlər görülmüşdür. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin həmin publik hüquqi şəxsin X4ması şöbəsi İnsan Resursları Departamentinin baş mütəxəssisi Babək Tağızadəyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 46 nömrəli məktubdan da görünür ki, qeyd edilən texniki səhvə düzəliş edilməsi məqsədilə səlahiyyət verilməsi üçün xx.xx.2021-ci il tarixli, 591 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 müraciət olunmuşdur. Lakin bugünə kimi səlahiyyət verilmədiyi üçün sistemdə düzəliş edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli sonuncu əmək müqaviləsi müddətli olmuş, 3 ay müddətinə bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti bitdikdən sonra 1 həftə ərzində cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Əmrdə Əmək Məcəlləsinin səhv normasına istinad edilməsi isə mübahisənin faktiki hallarının dəyişməsinə səbəb olan hal kimi çıxış edə bilməz. İddiaçının özü də etiraf etmişdir ki, onun əmək müqaviləsi sonuncu dəfə xx.xx.2020-ci il tarixində 3 ay müddətinə uzadılmış, bundan sonra hər hansı əmək müqaviləsi bağlanmamışdır. Həmçinin o da nəzərə alınmalıdır ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişi və elektron sosial arayış kağız üzərində yazılmaqla verilmiş əmrin qeydiyyatı ilə əlaqədardır. Həmin əmək müqaviləsi bildirişi və sosial arayış iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixində verilmiş əmrin qeydiyyatı ilə əlaqədar olduğundan hüquqi cəhətdən ondan üstün hesab edilə bilməz və belə olan halda həmin bildiriş və sosial arayışda tarixin xx.xx.2021-ci il olaraq göstərilməsi əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə əsas verə bilməz. Bundan əlavə, iddiaçı apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixində sertifikasiyadan keçdiyinə görə sertifikasiya müddətinin sonuna qədər onunla əmək müqaviləsinin müddətinin uzadılmalı olduğunu hesab edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci hissəsindən də göründüyü kimi, sertifikasiya Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilir. Lakin bu hal əmək müqaviləsinin müddəti başa çatmış işçinin yenidən onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasını tələb etməsi üçün əsas kimi çıxış edə bilməz. Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(053)-124/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar