Məhkəmə qərarları › İş №2(106)-1023/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1023/2025

17.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1023/2025 17.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X7 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 1.47 ha torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi və ya pul tələbi barədə iddia ərizəsi üzrə Cavabdeh1 tərəfindən mülki işə baxan məhkəmənin bütün hakimlərinə edilmiş etiraza Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 1.47 ha torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi və ya pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh1 məhkəməyə yazılı vəsatət təqdim edərək mülki işə Beyləqan Rayon Məhkəməsinin hakimi X3 və ümumiyyətlə Beyləqan Rayon Məhkəməsinin bütün tərkibi tərəfindən baxılmasına etiraz etdiyini bildirmişdir. O, izahatında göstərmişdir ki, İddiaçı ona, habelə Cavabdeh2 və Cavabdeh3 qarşı 1.47 ha torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi və ya pul tələbinə dair Beyləqan Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırkı mülki iş üzrə iddiaçının qızı X4 əvvəllər həmin məhkəmədə işləmişdir. Həmin vaxt Günay Teymurova şahid qismində aktda adı olan Sahil Quliyevin barəsində olan inzibati xəta üzrə olan işlə bağlı sənədə imza etdirərək sonradan həmin sənədin mətninə kompyuterdə yazılma mətn əlavə etməklə guya ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini 4500 manata iddiaçıya satmalarına dair qəbz tərtib edərək məhkəməyə təqdim etmişdir. Eyni zamanda o və digər cavabdehlər İddiaçı və onun qızı Günay Teymurova ilə bir kənddə yaşayırlar. Bu səbəbdən də, iddiaçı və onun qızı tərəfindən onun vəkil tutmasına baxmayaraq, məhkəmədə onların xeyrinə qərar çıxarılacağını qabaqcadan kənddə hər kəsə bildirmişlər. Ona görə də, iddiaçının qızı Günay Teymurova əvvəllər Beyləqan Rayon Məhkəməsində işlədiyini görə onun məhkəməyə təsir imkanına malikdir, ona görə də ədalətli məhkəmə araşdırılması aparılmasına inamı yoxdur. Beləcə, mülki işin Beyləqan Rayon Məhkəməsinin hakimi X2 tərəfindən və ümumiyyətlə Beyləqan Rayon Məhkəməsinin bütün tərkibi tərəfindən baxılmasına etiraz edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 hər biri ayrı-ayrılıqda vəsatətin təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 vəsatətin əsassız olmasını bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edilən etirazla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi insanların pozulmuş hüquq və azadlıqlarının məhkəmə təminatını təsbit edir. “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə məhkəmələrin müstəqilliyi və qərəzsizliyi insanların ədalətli məhkəmə araşdırması hüququnda ehtiva olunan əsas elementlərdən biridir. Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə və fidyələrə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Müəyyən hallarda hakimin prosesin gedişindəki zahiri davranışı belə, məhkəmənin qərəzsizliyini şübhə altına alan hal kimi Avropa Məhkəməsinin araşdırma predmeti və istinad nöqtəsi olur. Hakimin bir tərəfin müraciətlərinə təbəssümlə yanaşması, digər tərəflə fərqli rəftar, bir tərəflə mülayim davranıb, digər tərəfə aqressivlik göstərməsi belə Avropa dəyərləri baxımından hakimin qərəzsizliyini şübhə altında qoyan ciddi faktlar sayılır. “Kraska İsveçrəyə qarşı” işdə (19 aprel 1993-cü il) Avropa Məhkəməsi 6-cı maddənin 1-ci bəndinin pozulması barədə nəticəyə gəlməyə çox yaxın idi. Həmin işdə hakimlərdən biri prosesin gedişində öz davranışı ilə tərəflərdən birinə əks mövqedə dayandığını açqaydın büruzə verirdi. Yalnız işə 5 nəfər hakimdən ibarət tərkibdə baxılması və bu zaman digər 4 hakimin tərəfsizliyi bu işdə İsveçrə məhkəməsini qərəzli hesab edilməkdən qurtardı. Məhkəmənin müstəqilliyi və qərəzsizliyi çox həssas məsələdir və hətta hakimin gündəlik iş şəraitinin necə təşkil və təmin olunmasından da asılı ola bilər. Bəzən sadəcə zahiri əlamətlərə görə bu dəyərlər şübhə altına alına bilər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının həmin aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (22 iyun 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özüözünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.http://eqanun.az/files/code/data/0/c_c_9.htm MPM-in 22.5-ci və 22.6-cı maddələrinə görə əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. MPM-in 23.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə tərkibi mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, tərəflərin gələcəkdə qəbul olunacaq qətnamənin qanuniliyi və əsaslılığına şübhə yaranmaması üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 1.47 ha torpaq sahəsinin alqısatqısına dair əqdin etibarlı hesab edilməsi və ya pul tələbi barədə mülki iş üzrə Cavabdeh1 tərəfindən edilmiş etiraz təmin olunmalı, mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə - Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 19-22, 263-264-cü-cü maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Etiraz təmin olunsun. İş baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar