Məhkəmə qərarları › İş №2(106)-103/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-103/2025

02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-103/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-95/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh iddia qaldıraraq mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qızılkənd kəndində yaşayır. İslahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə İmişli rayonu Qızılkənd kəndi ərazisində A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri verilmiş və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 2015-ci ildə atası X7 tərəfindən 3000 manata Cavabdeh müvəqqəti istifadəsinə verilmiş və ərazisində kənd təsərrüfatı məhsulları yetişdirilərək indiyədək istifadə olunmuşdur. Cavabdeh həmin torpaq sahəsini qaytarmaqdan imtina etmiş və ona məxsus olan A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha və A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də zəbt edərək özünküləşdirmişdir. Ona görə də, mülkiyyətdə olan İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə iddia qaldırmışdır. A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********21) hal-hazırda real bazar dəyəri 18.000,0 manat və illik icarə haqqı 2500 manat məbləğ təşkil edir. Cavabdeh torpağın yeddi illlik icarə haqqını və yaxud istifadə etdiyi müddətdə əldə etdiyi qazancı verəcəyi halda həmin məbləği ödəməyə etiraz etmir. Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 2.2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən 3000 manat məbləğində maddi vəsaitin hazırkı bazar qiymətləri ilə ölçülən 18000 manat dəyərində ekvivalenti və 141,61 manat dövlət rüsumu alınıb onların xeyrinə ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvlərinin mülkiyyətində olan JN 0042 saylı Dövlət aktına əsasən 042 saylı planda (A 693763 nömrəli) yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini payçılar - X8, İddiaçı, X2, X9 və X11 ilə bağladığı xx.xx.2015-ci il tarixli müqavilə əsasında cəmi 3000 manat ödəməklə əldə etmişdir. X8 ailə üzvlərinə məxsus olan torpaq sahəsini yaşayış yerindən uzaqda olduğuna görə satmış və həmin pula evinin yaxınlığında yerləşən başqa torpaq sahəsi almışdır. Müqavilə Qızılkənd bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş və Dövlət aktının əsli ona verilmişdir. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha torpaq sahələri X5 tərəfindən eyni qaydada əldə edilmiş və ona məxsus olan ərazilərlə dəyişdirilmişdir. A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin hazırkı real bazar dəyəri 18000 manat təşkil edir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-95/2024 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli (reyestr nömrəsi: **********36) planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli (reyestr nömrəsi: **********38) planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli (reyestr nömrəsi: **********37) planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli (reyestr nömrəsi: **********21) planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilməsi, İddiaçı 18000 (on səkkiz min) manat pulun alınıb Cavabdeh ödənilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manatın İddiaçı tutulub "xxxx"MMC-nin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********21) xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********38) xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********37) xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********36) xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (xx.xx.2022-ci il tarixli 4Ə-22 nömrəli Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən). JN 0042 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətinə əsasən 042 saylı planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə X8, İddiaçı, X2, X9 və X6 ümumi mülkiyyətinə verilmişdir. X8, İddiaçı, X2, X9 və X11 ilə 2-ci tərəf Cavabdeh tərəfindən imzalanaraq İmişli rayonu Qızılkənd bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2015-ci il tarixli Müqavilənin surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən 2,23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh 3000 manata satılmışdır. İmişli RİHB Qızılkənd KİƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 818 saylı arayışa əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən 1,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin qiyməti münbitliyindən və məhsuldarlığından asılı olaraq 8000-10000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli UNİ/F xx-xx/2024 saylı Ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********21) xx.xx.2024-cü il tarixinə bazar qiyməti 18000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 0028/25№-li qiymətləndirmə hesabatından görünür ki, İmişli rayonu Qızılkənd kəndində yerləşən 2,2259 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı dövrə real bazar dəyəri 9200 (doqquz min iki yüz) manat təşkil edir. Hazırkı dövrə uyğun olaraq torpaq sahəsində yaxşılaşdırma işləri müəyyən edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində İmişli rayonu Qızılkənd kəndində 4 massivdə 0,3107 ha, 1,0972 ha,1,4127 ha və 2,2259 ha torpaq sahəsi vardır. Bu barədə mülkiyyət hüququ Çıxarışla təsdiq olunur. Onun torpaq sahəsi 2015-ci ildə atası X7 tərəfindən Cavabdeh müvəqqəti istifadə etmək üçün verilmişdi. Hazırda cavabdeh həmin torpaq sahəsini boşaldıb ona qaytarmır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edir, dövlətdən subsidiya alır. O, 8 ildir ki, onun torpaq sahəsindən qeyri-qanuni istifadə edərək qazanc götürür. Həmin maddi hüquq normasına əsasən ümumi iddia müddəti 10 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. İddiaçı isə 2015-ci ildə, 8 il əvvəl ona pul verdiyini göstərməklə indiki məzənnə ilə pul tələb edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, qiymətləndirici rəyində qeyd edildiyi kimi, torpağın münbitləşdirilməsi və yaxşılaşdırılması üzrə hər hansı tədbirin aparılıb-aparılmaması müəyyən edilməmişdir. Bu qənaətə gəlmək üçün torpaq sahəsinə yerində baxış keçirilməsi, torpaq nümunələrinin götürülərək laborator şəraitdə analiz edilməsi tələb olunurdu. Lakin həmin torpaq sahəsinə bu günə qədər heç bir şəxs tərəfindən baxış keçirilməmişdir. Torpaq sahəsi 2015-ci ildən bəri istifadəsindədir və o, ötən illər ərzində torpaqdan mütəmadi qaydada istifadə etmişdir. Həmin sahədə pambıq, taxıl və arpa əkilmiş, iki ildən bir gübrələmə işləri aparılmışdır. Torpağa vaxtında və lazımi qaydada qulluq göstərildiyinə görə məhsuldarlıq sabit qalmış, hər hansı azalma müşahidə edilməmişdir. Hazırda həmin kənddə torpağın 1 hektarının faktiki bazar dəyəri təxminən 8000 manat təşkil edir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, keçirilmiş son iclas zamanı apellyasiya şikayəti üzrə mövqe artıq təqdim edilmişdir. Hazırkı qiymətləndirmə məsələsinə gəldikdə isə bildirilməlidir ki, qarşı tərəf tərəfindən qiymətləndirmə aparılmış və müvafiq hesabat məhkəməyə təqdim edilmişdir. Həmin hesabatda torpaq sahəsinin dəyəri təxminən 8800–8900 manat intervalında müəyyən olunmuşdur. İddia müddətinə dair məsələ üzrə apellyasiya instansiyasına artıq müvafiq ərizə təqdim edilmişdir. Qiymətlə bağlı tərəfin prinsipial narazılığı olmasa da, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən 18000 manat məbləği mövcud bazar dəyərinə uyğun hesab edilmir və real vəziyyəti əks etdirmir. Bu baxımdan, həm tərəfin təqdim etdiyi hesabatda, həm də məhkəmə tərəfindən təyin olunan ekspertiza nəticələrində yaxın rəqəmlərin göstərilməsi həmin qiymətlərin faktiki bazar dəyərinə uyğun olduğunu təsdiq edir. 2015-ci il tarixli aktla bağlı razılaşdırılmayan məqam ondan ibarətdir ki, əgər məhkəmə müqaviləni etibarsız hesab edirsə, Mülki Məcəllənin tələbinə əsasən, tərəflər aldıqlarını qarşılıqlı şəkildə geri qaytarmalıdırlar. Bu halda qaytarılmalı əmlakın dəyəri də faktiki bazar qiyməti əsasında müəyyən edilməlidir. "xxxx" MMC tərəfindən hazırlanmış rəydə torpaq sahəsinin 9.200 manat məbləğində qiymətləndirilməsi ilə razıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Habelə MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. MM-in 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan, tərəflərin iradə azadlığı əsasında istənilən müqavilə bağlana bilər. Qeyd edilməlidir ki, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu zaman qeyd edilməlidir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, tərəflər arasında alğı-satqı münasibətləri və onların iradəsinin məzmunu müəyyən olunsa da, lakin müvafiq forma tələbinə əməl olunmaması həmin müqavilənin etibarsızlığına dəlalət edir. Belə ki, MM-in 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadının 20-ci bəndində qeyd edilir ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur. Beləliklə, MM-in 144.1-ci maddəsinə əsasən hazırkı müqavilənin notariat qaydasında təsdiqlənmədiyi nəzərə alındıqda, onun qanunvericiliyin məcburi göstərişlərinə zidd olaraq bağlanması etibarsızlıq halının yaranmasına səbəb olur. Eyni zamanda nəzərə alınmalıdır ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. O da göstərilməlidir ki, hər hansı hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləcə, qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi diqqətə çatdırır ki, İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə X8, İddiaçı, X2, X9 və X6 ümumi mülkiyyətinə verilmiş, xx.xx.2015-ci il tarixli Müqavilə əsasında İmişli rayonu Qızılkənd kəndində yerləşən 2,23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh 3000 manata satılmışdır. Qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 0028/25№-li qiymətləndirmə hesabatından görünür ki, İmişli rayonu Qızılkənd kəndində yerləşən 2,2259 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırkı dövrə real bazar dəyəri 9200 (doqquz min iki yüz) manat təşkil edir. Hazırkı dövrə uyğun olaraq torpaq sahəsində yaxşılaşdırma işləri müəyyən edilməmişdir. Beləliklə, mübahisəli torpaq sahəsinin hazırkı real bazar dəyəri 9200 manat məbləğdədir. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin hazırkı dəyəri təxminən 8800–8900 manat məbləğdə müəyyən olunur. Ancaq 18000 manat məbləğ əslində torpağın mövcud bazar dəyərinə uyğun hesab edilmir və real vəziyyəti əks etdirmir. "xxxx" MMC tərəfindən hazırlanmış rəydə torpaq sahəsinin 9200 manat məbləğində qiymətləndirilməsi ilə razıdır. Belə olan halda, məhkəmə tərkibi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 0028/25№-li qiymətləndirmə rəyini daha mötəbər hesab edir və şikayətçi olan tərəfin də mövqeyini nəzərə alır. Qeyd edilməlidir ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Hazırkı halda Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin İddiaçı geri qaytarılması qət edilmiş, qətnamə isə həmin hissədə mübahisələndirilməmişdir. Adıçəkilən torpaq sahəsinin dəyəri kimi tərəflər arasında razılaşdırılan (3000 manat) vəsaitin əvəzi qismində 9200 manat məbləğində müəyyən edilmiş onun hazırkı bazar dəyəri İddiaçı alınaraq Cavabdeh verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Qeyd edildiyi kimi bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq olunmadığından İddiaçı Cavabdeh aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. MM-in 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-95/2024 saylı qətnaməsi mübahisələndirilən - İddiaçı 18000 (on səkkiz min) manat pulun alınıb Cavabdeh ödənilməsi hissədə dəyişdirilməli, İddiaçı 9200 (doqquz min iki yüz) manat məbləğdə pul vəsaiti alınıb Cavabdeh ödənilməlidir. Bununla yanaşı, məhkəmə tərkibi iddia müddətinin tətbiqinə dair apellyasiya instansiyasına təqdim edilmiş ərizəyə hüquqi münasibət bildirilməsini prosessual cəhətdən yolverilməz hesab edir. Belə ki, birinci instansiya məhkəməsində tərəf məhkəmə iclasında iştirak etmiş, lakin bu barədə ərizə təqdim edilməmişdir. MM-in 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə tərkibi bildirməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 384.0.2.-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya Məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya Məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏRARVERDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2(036)-95/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin və İddiaçı 9200 (doqquz min iki yüz) manat məbləğdə pul vəsaiti alınıb Cavabdeh ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar