Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1031/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)-63/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)-63/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyətində olan Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı oğludur. Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A ünvanında yerləşən 2 mərtəbəli 5 otaqlı 125.3 kv m. yaşayış, 48.9 kv.m köməkçi sahədən ibarət yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ünvanda öz ailə üzvləri ilə birlikdə və cavabdeh də öz anası ilə yaşayır. Tikdirdiyi evə köçənədək də öz ailə üzvləri ilə birlikdə və cavabdeh də öz valideynləri ilə birlikdə mərhum atası X1 evində yaşamışlar və qeydiyyatda da orada olmuşlar. Mülkiyyətində olan fərdi yaşayış evi əvvəllər 2 mərtəbəli və 2 otaqdan ibarət olub. Evin tikintisini artıraraq hazırda 2 mərtəbəli 5 otaqlı ev tikdirmişdir. Təxminən 1986-cı il tarixdən cavabdeh və onun anasına evinin açıq balkonundan evə bitişik, yəni açıq balkon kimi istifadə etdiyi qeyri-yaşayış sahəsini çöl hissədən düzəldib yaşayış sahəsi kimi müvəqqəti olaraq ev alan müddətədək yaşamaları üçün vermişdir. Təxminən 2 il bundan əvvəl bankdan kredit götürmək istəyən zaman ona məlum oldu ki, cavabdeh onun xəbəri və razılığı olmadan hərbi xidmətdən qayıdandan sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olan Şirvan şəhəri Ş.Şükürov küçəsi 11A saylı evin pasport qeydiyyatına düşmüşdür. Bundan sonra dəfələrlə cavabdehə evinin qeydiyyatından çıxmağını bildirmiş olsa da, bu günədək onun evində pasport qeydiyyatında qalmaqdadır. Hazırda isə cavabdehin bildirdiyinə görə vərəsə kimi onun özünün qanuni vərəslərin olduğu halda, ondan vərəsə kimi pay istəyir. Cavabdehin ona məxsus fərdi yaşayış evində heç bir hüququ olmadığı halda, pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını pozur və mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir. İlkin olaraq, cavabdehin qeydiyyatdan çıxarılması üçün ərizə ilə Şirvan şəhər polis şöbəsinə müraciət etmiş və oradan ona göndərilmiş xx.xx.2023-cü il tarixli 2-M- 10271/2023 saylı cavab məktubunda göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh faktiki olaraq mübahisəli ünvanda yaşamır. Cavabdeh ailəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən tikilidə (1981-ci ildən) yaşayırlar. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Şirvan şəhər İHB-nin 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 7255 №-li arayışından görünür ki, o və Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadırlar. Həmçinin məhkəmənin sorğusuna əsasən Şirvan şəhər polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13- 11/2-30611/23 №-li cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh Şirvan şəhəri Şirin Şükürov küçəsi ev 11A ünvanında 2012-ci il tarixdən qeydiyyatdadır. Lakin şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə araşdırma nəticəsində müəyyən etdiyini qeyd etsə də, lakin iş materiallarına əlavə edilmiş sənədlərdə Cavabdeh ünvan 4 evdə yaşamasına dair sübut növü olan dəlil yoxdur. Əksinə, iş materialına əlavə edilmiş sənədlərdə onunla cavabdehin ünvan 3 ünvanda pasport qeydiyyatında olması təsdiqini tapır. Həmçinin birinci instansiya məhkəməsi araşdırmada cavabdehin öz anası ilə 1981-ci ildən yaşadığını müəyyən etdiyini göstərsə də, lakin həmin dəlildə öz təsdiqini iş materialına əlavə edilmiş sənədlərdə sübuta yetirilmir. Bundan başqa, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh ünvan 4 ünvanda yaşayır. Lakin cavabdeh öz izahatında da göstərmişdir ki, Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı ev babasının mülkiyyətində olmuş və 2010-cu il tarixdə atası rəhmətə getmişdir, sonra əmisi, yəni o, evi özəlləşdirmişdir və iki əmisi həmin evləri aralarında bölmüşlər. O və ailə üzvləri bundan xəbəri olmamışdır. Həmçinin cavabdehin nümayəndəsi Nümayəndə mərhum əri Mirzəyev Rafiqlə 1981-ci ildə ailə həyatı qurmuş, ünvan 5 evə gəlin köçmüşdür. Elə həmin vaxtdan da o ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Oğlu Seyidrzanın həmin ünvan 3 evə qeydiyyata düşməsindən nə oğlunun, nə də ki, özünün xəbəri yoxdur. Göründüyü kimi, cavabdeh və onun nümayəndəsi izahatlarında həm təsdiqedici, həm də təkzibedici izahatlar verməklə tam sübuta yetirilir ki, Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı ev onun atası X1 mülkiyyətində ola bilməzdi və cavabdehin atası 2010-cu il tarixdə vəfat etdikdən sonra özü Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı evi də özəlləşdirə bilməzdi. Çünki, Nümayəndə mərhum əri Mirzəyev Rafiqlə 1981-ci ildə ailə həyatı qurmuş, ünvan 5 evə gəlin köçdüyünü bildirmişdir. Ona isə xx.xx.1984-cü il tarixdə ünvan 5 ünvanda 0,04 ha torpaq sahəsi və üzərində inşa edilməsi üçün 2 mərtəbəli və 2 otağlı evin tikilməsi üçün sənədləşdirilməklə verilmişdir. Belə olan halda cavabdeh necə ailəsi ilə birlikdə 1981-ci ildən yaşaya bilərdi və həmçinin o, həmin evi xx.xx.2009-cu il tarixdə özəlləşdirmişdir. Belə olan halda, 2010-cu ildən sonra necə özəlləşdirə bilərdi?. Həmçinin cavabdehin nümayəndəsi cavabdehin həmin evə necə psport qeydiyyatına düşməsindən nə onun, nə də oğlunun xəbəri olmadığını deməsi, ondan xəbər verir ki, 2012-ci il tarixdə cavabdeh onun razılığı olmadan evə pasport qeydiyyatına düşməsi ola bilsin ki, özünün iradəsi əsasında və yaxud ola bilsin ki, özünün iradəsindən asılı olmayaraq Şirvan şəhər polis şöbəsinin pasport qeydiyyatı bölməsinin bilərəkdən qeydiyyata salınmasından baş vermişdir. Hər iki onun razılığı olmadan cavabdeh papsort qeydiyyatına düşmüşdür. Bütün bu hallar ondan xəbər verməklə sübuta yetirilir ki, sözügedən evin mülkiyyətçisi olaraq onun iradəsinə zidd olaraq cavabdeh yaşamaqla və pasport qeydiyyatında olmaqla konstitusion baxımından onun mülkiyyət hüququnu pozur. Və birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqi baxımından kobud səhvə yol verməklə ciddi pozuntuya yol vermişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1984-cü ildə XDS-nin qərarı ilə torpaq onun adına verilmiş və orada tikinti işləri aparmışdır. Həmin torpaq sahəsi 2009cu ildə özəlləşdirilmişdir. Atası və qardaşı 2010-cu ildə rəhmətə getmişdir. Cavabdeh onun qardaşı oğludur. Torpaq sahəsində 2 ev mövcuddur. 11A ünvanı onun, 11 ünvanı isə atasının evi olub və qardaşı orada yaşayır. Qardaşı əvvəl Xırdalanda yaşamışdır, daha sonra 1989-99-cu illərdə bu evə köçmüşdür. 0.6 ha torpaq sahəsi atasına, 0.4 ha torpaq sahəsi ona verilmişdir. Ata evi balaca qardaşının evidir. Cavabdeh onun evində - birinci mərtəbədə yaşayır. Cavabdeh ona məxsus evdən istifadə hüququ olmamasına rəğmən, habelə onun xəbəri olmadan qeydiyyata düşərək orada qeydiyyatdadır və onun həmin evdən qeydiyyatdan çıxmasını istəyir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehin anasıdır. 1981-ci ildə mübahisəli evə gəlin köçmüşdür. Üç övladı orada dünyaya gəlmişdir. Torpaq sahəsində bir ev var. Həmin evi ortadan hasarla iki yerə bölüblər. Ora ata yurdudur. Onların orada yaşamaq hüquqları var. 11A bütöv ünvandır. Onlar birinci mərtəbə, qarşı tərəf isə yuxarıda yaşamışlar. Yoldaşının işi ilə əlaqədar olaraq cəmi 1-2 il Xırdalanda yaşamışlar. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)-63/2024 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 10 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Əli Bayramlı (indiki Şirvan şəhəri) Dəmir yol küçəsi döngə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi ev və 400 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhəri Şirin Şükürov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabında 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Şirvan şəhər polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-M-10271/2023 nömrəli məktubda qeyd edilmişdir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə, yaşayış yeri üzrə qeydiyyata alınması müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə, Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşların yaşayış yeri qeydiyyatdan çıxarılması qanuna ziddir. Məhkəmənin qanuna minmiş qətnaməsi olmadığı üçün həmin vətəndaşların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. İşdə olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 noyabr 2023-cü il tarixli 7255 nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh Şirvan şəhəri Ş.Şükürov küçəsi ev 11A saylı ünvanında qeydiyyatdadırlar. İşdə olan Cavabdeh Şirvan şəhəri Ş.Şükürov küçəsi ev 11 ünvanına qeydiyyata düşməsinə əsas olan sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna əsasən Şirvan şəhər polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-111/2-30611/23 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, şəxsin həmin ünvana qeydiyyata düşməsinə səbəb olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir və həmin şəxs Şirvan şəhəri Ş.Şükürov küçəsi ev 11A ünvanında 2012-ci il tarixdən qeydiyyatdadır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-668/2023 saylı qətnaməsi ilə miras əmlak olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına verilmiş 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 yanvar 2024-cü il tarixli 5-8-1/2-11/2024 nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanında İddiaçı və Cavabdeh qeydiyyatdadır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı fərdi yaşayış evindən istifadə hüququna dair mülkiyyətçi (İddiaçı) ilə cavabdeh arasında bağlanan və notarial qaydada təsdiqlənən hər hansı yazılı razılaşma olmamışdır. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən qeyd edilən daşınmaz əmlaka münasibətdə cavabdehlərin istifadə hüquqlarının yaranmadığını təsdiq edir və bu səbəbdən yaranmayan hüquq itirilə də bilməz. Kollegiya yuxarıda göstərilən mövqe ilə razılaşmır. Belə ki, İddiaçı ilə yanaşı Cavabdeh da ünvan 10 ünvanda yaşaması işin mübahisəsiz halıdır. Habelə iş materiallarından və apellyasiya şikayətinin dəlillərindən aşkar görünür ki, cavabdehin valideynləri, yəni iddiaçının mərhum qardaşı X6 ilə sonuncunun arvadı Nümayəndə 1981-ci ildən mübahisəli evdə yaşamışlar. Beləcə, X6 elə həmin vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Cavabdehin həmin ünvana pasport qeydiyyatına 2012-ci ildə düşməsinə baxmayaraq, anadan olandan (1997ci ildən) həmin ünvanda yaşaması mübahisəsizdir. Qeyd edilməlidir ki, işdə olan Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixli 10 nömrəli iclas protokolundan çıxarışdan aşkar görünür ki, Əli Bayramlı (indiki Şirvan şəhəri) Dəmir yol küçəsi döngə 1, 11A nömrəli sahədə tikilmiş 1 mərtəbəli 2 otaqlı fərdi evin və 400 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli seriya MH ******* nömrəli çıxarışla Şirvan şəhəri Şirin Şükürov küçəsində mülkiyyətində olan 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 125.3 m2 yaşayış, 48.9 m2 köməkçi sahədən ibarət 11A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 3 nömrəli reyestr kitabında 28 nömrəli vərəqdə qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh 1997-ci ildən etibarən mübahisəli ünvanda - ünvan 11 səbəbdən də onun adıçəkilən evdın istifadə hüququ yaranmışdır. Ancaq hazırda mübahisəli ev artıq tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uygun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmişdir) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. -İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd edilən Məcəllənin 54-cü maddəsinə əsasən İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmçinin İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bu zaman kollegiya bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Kollegiya mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Adıçəkilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “O.ROUK Birləşmiş Krallığa qarşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “Gillounun Birləşmiş krallığa qarşı” işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət verməmişdir. Belə ki, diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. İşdən göründüyü kimi, Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A-da yerləşən fərdi yaşayış ev xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Dövlət qeydiyyatına alınması iddiaçının həmin mübahisəli evə məhz göstərilən andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)- 63/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 3 evdən Cavabdeh istifadə hüququ itirilməli və Cavabdeh həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 78.1, 89.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(032)-63/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Şirvan şəhəri Şirin Şükürov küçəsi 11A saylı evdən Cavabdeh istifadə hüququ itirilsin və Cavabdeh həmin evdən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1031/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1031/2024
16.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver