Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1033/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X6, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şirvan Şəhər Məhkəməsinin (hakim E.Hümbətov) 17 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 4, 16 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ilkin iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 4, 16 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir. İşinhalları Şirvan şəhəri, S.Vurğun küçəsi, 4 saylı evin 16 nömrəli mənzili Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 07 nömrəli orderi əsasında X8 və onun ailə üzvlərinə verilmişdir. Orderdə sonuncunun ailə üzvləri qismində oğlu Elçin, qızları Gülşən və Könül göstərilmişdir. X12 15 sentyabr 2012-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Şirvan şəhəri, S.Vurğun küçəsi 04 saylı evin 16 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırılmışdır: X2 və anası İmanova (Qarayeva) Raziyə Tapdıq qızı 1959-cu il tarixdən nikahda olmuşlar. Bu nikahdan 7 övlad- 1) xx.xx.1960-ci il təvəllüdlü X9 (1999-cu ildə vəfat edib), 2) xx.xx.1960-ci il təvəllüdlü Hüseynova (İmanova) Çimnaz Mirdamət qızı (2009-cu ildə vəfat edib), 3) xx.xx.1961-ci il təvəllüdlü İskəndərova (İmanova) Gülgəz Mirdamət qızı (Hacıqabul rayonunda yaşayır), 4) xx.xx.1964-cü il təvəllüdlü Şahid1 (Bakı şəhəri, Binəqədi rayonunda yaşayır), 5) xx.xx.1968-ci il təvəllüdlü Sadıqova (İmanova) Könül Mirdamət qızı (2019-cu ildə vəfat edib), 6) xx.xx.1971-ci il təvəllüdlü iş üzrə Cavabdeh (2012-ci ilin fevral ayından Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yaşayır) və 7) xx.xx.1966-cı il təvəllüdlü İddiaçı olmuşdur. X2 xx.xx.1991-ci ildə, anası X12 xx.xx.2012-cı ildə vəfat etmişlər. Anası Raziyəyə məxsus ünvan 1 ünvanda yerləşən 47.05 kv.m təşkil edən 03 otaqdan ibarət mənzil vardır. Həmin mənzil anasına xüsusi mülkiyyət üzrə deyil, orderlə məxsusdur. 1993-cü il tarixli, 07 nömrəli order- Əli Bayramlı şəhər (indiki Şirvan şəhəri) İcra Hakimiyyəti başçısının 29 yanvar 1993-cü il tarixli, 102 nömrəli Sərəncamı ilə həmin mənzil X4 verilmiş və həmin orderdə ailə üzvləri kimi o və bacıları 1971 -ci il təvəllüdlü iş üzrə Cavabdeh və 1968-ci il təvəllüdlü Könül İmanova (2019-cu ildə vəfat etmişdir) qeyd edilmişdir. Bacısı Cavabdeh hələ anasının sağlığında ailə həyatı quraraq gəlin köçmüş və 2012-ci ilin fevral ayından həmin mənzildə yaşamır, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki evdə yaşayır. O anasına məxsus mənzildə fasiləsiz yaşamış, həmin mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və anası rəhmətə gedən gündən həyat yoldaşı və uşaqları ilə birlikdə həmin mənzildə yaşamaqdadır. Anasının yas mərasimini özü vermiş, mənzilin kommunal borclarını ödəmiş, mənzili 22.000 (iyirmi iki min) manat civarında əsaslı təmir etdirmiş və o vaxtdan evin kommunal xərclərini özü ödəmişdir. Bu barədə qonşuların iştirakı ilə tərtib edilmiş akt və yaşayış yerindən arayış ərizəyə əlavə olunur. Mənzili öz adına özəlləşdirmək istəyir, lakin orderdə kirayədarın ailə üzvü kimi Cavabdeh adı qeyd edildiyi üçün və həmin mənzildə pasport qeydiyyatında olduğu üçün bu hüquqlarını həyata keçirə bilmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, S.Vurğun küçəsi, 04 saylı evin 16 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini aşağıdakı kimi əsaslandırılmışdır: ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil anası X12 tərəfindən 19 sentyabr 2004-cü il tarixli Əli Bayramlı şəhər 2 saylı Notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət edilmişdir. Hazırda da həmin mənzil dövlət mənzil fondunun mülkiyyətindədir. Sahiblik və istifadə hüququ ilə ona məxsusdur. Orada qeydiyyatdadır. Özü 2-ci qrup əlildir, sahə poliklinikasında da qeydiyyatdadır, bu barədə Şirvan şəhər Mərkəzi xəstəxanasında ona verilmiş tibbi arayışı da ərizəyə əlavə etmişdir. Onun hazırda ikinci qrup əlil və xəstə olmaqla həmin ünvandan başqa yaşayış yeri yoxdur. Müvəqqəti olaraq Bakı şəhərində kirayəşin olaraq yaşayır. O mütəmadi olaraq ona vəsiyyət olunan və gələcəkdə miras əmlak toplusuna daxil ediləcək, özəlləşməsi gözləntisi olan evə gedib gəlmişdir. Ev anası tərəfindən ona vəsiyyət olunduğundan qardaşı ondan xahiş etmişdir ki, müvəqqəti olaraq orada yaşasın. O da buna etiraz etməmişdir. Son bir neçə aya kimi evin açarının bir nüsxəsi də onda olmuşdur. Daha sonra qardaşı evin açarını dəyişdirərək ona açar verməmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqı iddianı təmin edərkən, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53cü maddəsinin 1-ci hissəsinə, 3-cü hissəsinə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3, 157.4, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1246-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, “Saghinadze və başqaları Gürcüstana qarşı", № 18768/05, § 103, 27 may 2010-cu il tarixli qərarına, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 22.2-ci maddələrinə, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan yanlış hüquqi nəticəyə gəlmişdir. Cavabdeh tərəf notariat orqanına 10 ildən çox müddətdir ki, müraciət etməmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş 10 il olan iddia müddətini belə ötürmüşdür. Mübahisəli əmlak bir neçə şəxsin istifadəsində və sahibliyində olan özəlləşdirilməmiş dövlət əmlakı olsa belə, məhkəmə icarədarın əmlaka qanuni gözləntisi kimi mülkiyyət hüquqlarının mövcud olduğu qənaətinə gələrək miras əmlakın kütləsinə aid olmayan əmlak barədə öz fərziyyəsi əsasında miras əmlak kimi qiymətləndirmiş və bir neçə şəxsin ümumi sahibliyində və istifadəsində olan mənzil barədə özəlləşdirilməmiş, mülkiyyətində olmadığı, digər istifadəçilərin razılığı olmadan icarədar Raziyə İmanovanın verdiyi vəsiyyətnaməni düzgün hesab etmiş və diqqət etməmişdir. İddiaçı cavabdehin istifadə hüququ olduğu məsələsini mübahisələndirmir, onun istifadə hüququnu tanıyır. İddiaçı tərəf olaraq onlar, məhkəmə qətnaməsində qeyd edilən “cavabdehin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi müəyyən olunmamışdır” fikrinə tənqidi yanaşırlar və bu fikri qərəzli hesab edirlər. Çünki iş materialları ilə tamamilə sübut olunur ki, Cavabdeh 2012-ci il tarixdə rəsmi ailə quraraq Bakı şəhərinə gəlin köçmüş və o, vaxtdan bu günədək orada yaşayır və o vaxtdan bir gün də olsun mübahisəli mənzildə yaşamamışdır. İş üzrə mövcud olan qonşuların iştirakı ilə tərtib edilmiş və icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktda, məhkəmədə şahid qismində dindirilmiş 1 nəfər qonşu Şahid2 Əvəz oğlunun və şahid qismində dindirilmiş tərəflərin bacısı Şahid1 izahatları ilə bu fakt təsdiq edilir. İzahatlar Apellyasiya baxışına iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh qardaş və bacıdırlar. Şirvan şəhəri, S.Vurğun küçəsi, 4 saylı evin 16 nömrəli mənzili Əli-Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 07 nömrəli orderi əsasında X8 və onun ailə üzvlərinə verilmişdir. Orderdə sonuncunun ailə üzvləri qismində oğlu İddiaçı, qızları Cavabdeh və İmanova Könül göstərilmişdir. X12 15 sentyabr 2012-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan 02 iyun 2021-ci il tarixdə Şirvan şəhərində tərtib edilmiş və qonşular tərəfindən imzalanan akta görə, Şirvan şəhəri, S.Vurğun küçəsi, 04 saylı evin 16 nömrəli mənzilində yaşamış İddiaçı anası X12 15 sentyabr 2012-ci il tarixdə ona məxsus olan mənzildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mənzilin bütün kommunal xərclərini oğlu İddiaçı ödəmişdir. Həmçinin anası X5 dəfn xərclərini oğlu çəkmişdir. İddiaçı və onun həyat yoldaşı X13 hal-hazırda həmin ünvanda yaşayırlar. "xxxx" ASC-nin, “Azəriqaz”İB-nin və "Mənzil kommunal xidməti” üçün qəbzlərindən görünür ki, kommunal xərclər İddiaçı tərəfindən ödənilmişdir. Bundan başqa, işin aşağıdakı faktiki halları da müəyyən edilir. Cavabdeh ikinci dərəcəli əlildir. Diaqnoz: "M06 digər revmatoid artritlər, Revmatoidli artrit, poliartrit, seropozitiv oynaq visseral forma İİİ dərəcə aktivlikdə İV mərhələ. Ağırlaşma M 20.4. Çəkicəbənzər ayaq baş barmaqları (qazanılmış), Barmaqların çiçəkvarı deformasiyası.Ağırlaşma M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki əlin barmaqların deformasiyası, poliartrit əlamətləri, sümüklərin osteoprozu, hər iki pəncənin valgres vəziyyəti, barmaqların deformasiyası, daraq oynaqlarında poliartrit əlamətləri qeyd olunur.” Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X23 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli, 59 saylı arayışından görünür ki, Cavabdeh Şirvan şəhəri, S.Vurğun küçəsi, 04 saylı evin 16 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnamə ilə bağlı notariat orqanından daxil olmuş sənədlərdən bəlli our ki, X3-Bayramlı şəhəri S.Vurğun küçəsi, 04 saylı evin, 16 nömrəli 3 otaqlı mənzili qızı Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 02 fevral 2023-cü il tarixli məktunundan görünür ki, Dövlət Notariat Arxivində və Elektron notariat İnformasiya sistemində olan vərəsəlik işlərinə baxış keçirilərkən X5 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. X1 tərəfindən Şirvan şəhəri 2 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 2V-94 reyestr nömrəsi ila qoyulmuş vəsiyyətnamənin xx.xx.2023-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Şirvan şəhər İcra hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin 09 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhəri, S.Vurğun küçəsi, 4 saylı binanın 16 saylı mənzilinə ev sahibi X1nın ünvanına rəhbərlik etdiyi müddət ərzində heç bir kirayə müqaviləsi verilməmişdir. İş materiallarında olan "Mediasiya prosesinin tətbiqi barədə” arayışdan görünür ki, X15 tərəfindən nikahın pozulması tələbi ilə əlaqədar Cavabdeh Mirdaməd qızına təklif göndərilmişdir. Hazırkı tələbində ilkin iddia üzrə iddiaçı cavabdehin istifadə hüququnun itirilməsini tələb etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman (xx.xx.2009-cu il tarixədək) qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman Cavabdeh mənzildən istifadə hüququ olmuşdur. Bunu iddiaçı tərəf də inkar etmir. İlkin iddia üzrə iddiaçı tələbində və apellyasiya şikayətində cavabdehin ərə köçdüyü vaxtdan istifadə hüququnun itirilmiş hesab edildiyini tələb etmişdir. İddiaçı tələbində xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmişdir. Bununla bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İİ hissəsinin 8-ci və 9-cu bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X11 Məhkəməsi izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Müəyyən edilir ki, cavabdeh, ailə üzvləri ilə birgə ona məxsus evdə doğulmuş, orada yaşamışdır. Həmin ev onun daimi yaşayış yeridir. Onun evdə istifadə hüququ olmuşdur. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman (01 oktyabr 2009-cu il tarixədək) qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçı tələbində cavabdehin 2012-ci ildə ərə köçdüyünü iddia etməklə onun istifadə hüququnun itirildiyini iddia edir. İlkin iddia üzrə cavabdehin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi, ayrıca yaşayış sahəsinə malik olması müəyyən edilmir. İddiaçı tələbində cavabdehin 2012-ci ildə ərə köçdüyünü iddia etsə də, hələ nikahdan əvvəldən cavabdehin ərinə məxsus olmuş mənzilə onun (ilkin iddia üzrə cavabdehin) mülkiyyət hüququnun olduğu müəyyən edilmir. Üstəlik təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh əri ilə boşanma ərəfəsindədir. Bundan başqa, müəyyən edilir ki, mübahisəli mənzil 29 yanvar 1993-cü il tarixli order əsasında iddiaçı və cavabdehin anasına və İddiaçı, qızları Cavabdeh və Könüldən ibarət ailə üzvünün daimi istifadəsinə verilmişdir. Mənzil dövlət mülkiyyətində olsa da "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən Raziyə İmanovanın və orderdə adı olan ailə üzvlərinin əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüquqları olmuşdur. Bu hüquq xəyali deyil, real "gözlənilən mülkiyyət hüququ” olmuş, dövlət qarşısında hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Raziyə İmanovanın 19 sentyabr 2004-cü il tarixli vəsiyyətnamə ilə mənzili qızı Cavabdeh vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi bu hüquqa miras (miras əmlak) kimi baxmışdır. Belə ki, "mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, “Saghinadze və başqaları Gürcüstana qarşı", № 18768/05, § 103, 27 may 2010-cu il). Kollegiya məhkəmənin bu mövqeyi ilə də razılaşır Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Kollegiya qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh mübahisəli yaşayış sahəsində digər ailə üzvləri ilə bərabər istifadə hüququ olmuşdur. Onun daimi yaşamaq üçün başya yaşayış sahəsinə köçməsi, yəni yaşayış sahəsinə xitam verilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) aradan qalxdığı da müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İlkin iddia üzrə cavabdehin mübahisəli yaşayış sahəsində istifadə hüququnun mövcudluğu onun həmin yaşayış sahəsinə köçməsi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(032)-126/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-1033/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1033/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver