Məhkəmə qərarları › İş №2(106)-1043/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1043/2024

20.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1043/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X17 ibarət məhkəmə tərkibində, X32 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(032)-129/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-129/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddianın təmin edilməsi, İddiaçı Cavabdeh sahibliyində olan və faktiki yaşadığı Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evində cehiz əmlakının yerləşdiyi otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə el adəti üzrə toy edərək, 2001-ci il tarixdə ailə qurmuş və qayınatası X8 məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Nikahları isə rəsmi olaraq xx.xx.2005-ci il tarixdə Əli Bayramlı şəhər VVADQ şöbəsində (indiki Şirvan şəhər qeydiyyat şöbəsi) 120 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından 3 övladları, xx.xx.2002-ci il təvəllüdlü X9, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2009-cu il təvəllüdlü X16 dünyaya gəlmişdir. O, iş üzrə Cavabdeh ilə toydan 2 il sonra, yəni 2003-cü il tarixdən birgə nikah dövründə əldə etdikləri Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsində inşa etdikləri 2 mərtəbəli 06 otaqdan ibarət fərdi yaşayış evinə köçüb. Nikahları pozulan günədək, yəni 2019-cu il tarixədək orada yaşamışlar. 2006-cı il təvəllüdlü Əminə adlı qızı və 2009-cu il təvəllüdlü Əsgər adlı oğlu həmin evdə dünyaya gəlmiş, həmin fərdi yaşayış evində 16 ildən çox cavabdehlə birgə təsərrüfat aparmış, həm 2 mərtəbəli evin tikintisində, həm də həmin həyətdə sonradan kirayə vermək üçün inşa edilmiş 06 ədəd balaca evlərin tikintisində onun maddi və mənəvi köməkliyi olmuşdur. Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsi dörd bir tərəfdən daş hasarla hasarlanmışdır, həmin torpaq sahəsində ortada 2 mərtəbəli, mansarlı fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh adına həmin evə qaz və işıq sayğacı quraşdırılmışdır. Evin 1ci mərtəbəsində 3 otaq, 1 mətbəx, 1 balkon, ayrı-ayrı hamam və tualet vardır, evin 2-ci mərtəbəsində isə 2 otaq, 1 mətbəx, hamam və tualet vardır. Evin üstü yaşıl dəmir materialdan olan kirəmitlə örtülüdür, həyət darvazası da yaşıl rəngdədir. Bundan başqa, həyətdə cavabdehin uzun bir dəmir sexi vardır. Həmçinin həyətin hasarları boyunca 6 ədəd balaca ev inşa edilib ki, bu gün də həmin evlər cavabdeh tərəfindən ayrı-ayrı vətəndaşlara aylıq və günlük kirayəyə verilir. Ailəlik vaxtında həmin günlük kirayəyə verilən evlərin təmizlik işlərini də o, özü görmüşdür. Onların ailə münasibətlərinin pozulmasına səbəb hal-hazırda cavabdehlə rəsmi nikahda olan Ayna adlı qadın olmuşdur. Belə ki, boşanmamışdan 3-4 il əvvəl cavabdeh onun atası Ağazadədən onun adına rəsmiləşdirməklə gözəllik salonu obyektini alıb icarəyə vermək niyyətində olduğunu bildirmiş, atası Ağazadə yeznəsinə inanaraq cavabdehə bu məqsədlə 40000 manat məbləğində pul vermişdir. Lakin cavabdeh hiylə işlədərək gözəllik salonunu işlədən X20 ilə əlbir olaraq həmin obyekti onun adına rəsmiləşdirməmiş və sonda o, onların bu yaxın münasibətlərindən xəbər tutduqdan sonra, ailədə yaranmış uzun mübahisələr, söz-söhbətlərdən, dava-dalaşlardan sonra nikahları xx.xx.2019-cu il tarixində Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuş və cavabdeh elə həmin il Ayna Fətullayeva ilə rəsmi nikah münasibətlərinə girmiş və həmin nikahdan bir uşağı da vardır. Ancaq hal-hazırda cavabdeh həmin evdə Ayna və birgə nikahından doğulmuş uşaq və eləcə də, onun övladları Əminə və Əsgərlə birlikdə yaşayırlar. Ərəstun adlı oğlu hal-hazırda yetkinlik yaşına çatmış və Bakı şəhərində işləyib kirayədə yaşayır. Digər Əminə adlı qızı və Əsgər adlı oğlu hal-hazırda da cavabdehlə birlikdə həmin evdə yaşayırlar və o, uşaqları ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət saxlamağa da həmin ünvana gedir. O, bir dəfə bu məqsədlə uşaqları ilə həmin evə görüşə gedəndə Ayna onunla savaşmış, onu döymüş və məhkəmə qətnaməsi ilə X20 törətdiyi inzibati xətaya görə 300 manat inzibati qaydada cərimə olunmuşdur. Halhazırda da ona məxsus cehiz əmlakları, birgə nikah dövründə əldə etdikləri məişət əşyaları həmin evdədir. Həmin torpaq sahəsinin alınmasında, həm də evin tikintisində onun atası Ağazadə Zeynalovun maddi köməkliyi olmuşdur. Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 600.0 kv.m torpaq sahəsi hal-hazırda vəfat etmiş Şirvan şəhər sakinindən qeyri-rəsmi əlbəəl alındığı üçün həm torpaq sahəsi, həm də həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi sənədləşdirilməmişdir. Hal-hazırda həmin torpaq sahəsi və orada inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi sənədsizdir, küçə məlum olsa da, torpaq sahəsi və 2 mərtəbəli ev mövcud olsa da, həmin evin ünvanı, yəni nömrəsi qeyri-müəyyəndir, dəqiqləşdirilməmişdir. Bu barədə Şirvan şəhər Kommunal Kombinat Müəssisəsinin nümayəndəsi Balayevin və qonşuların iştirakı ilə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Həmin aktda həmin ərazi ünvan 3 ünvan kimi göstərilsə də, həmin torpaq sahəsi və orada tikilmiş evin ünvanının DƏDRK 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri və məhkəmənin həmin əraziyə yerli baxış keçirməsi nəticəsində dəqiqləşdirilməsi mümkün olacaqdır. Həmçinin, aktı imza etmiş qonşular bu faktı məhkəmədə təsdiq edə bilərlər və həmin ərazini əyani olaraq göstərə bilərlər. Hal-hazırda o, anasına məxsus Salyan rayonu Düzənlik kəndində yerləşən evdə yaşayır. Öz zəhməti olan, uşaqları yaşayan, 16 ildən çox özünün də yaşadığı, uzun illər cavabdehlə birgə təsərrüfat apardığı evdə habelə, cehiz əmlakının olduğu evdə yaşamağa cavabdeh icazə vermir və bu səbəbdən məhkəmə yolu ilə pozulmuş hüquqlarını həyata keçirmək məcburiyyətində qalmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçının köçmək istədiyi ev birgə nikah dövründə tikilmişdir. Halbuki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(032)-286/2019 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdehna qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 5 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin, Şirvan şəhəri F.Eynullayev küçəsində gözəllik salonu kimi fəaliyyət göstərən bir qeyri-yaşayış obyektinin, 3 sot torpaq sahəsinin ona çatan yarı hissəsinin və “Ford tranzit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarı hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi və Cavabdeh iddiaçı X5 qarşı “Ford tranzit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin alınması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, qeyd edilən qətnamə ilə onun iddiaçı ilə birgə nikah dövründə hər hansı bir daşınmaz əmlakımın olmaması qeyd edilmişdir. Məhkəmənin hazırkı qətnamədə iddiaçı ilə onun birgə nikah dövründə daşınmaz əmlak əldə etmələri qənaətinə gəlməsi başa düşülən deyil. Bundan əlavə, əgər iddiaçının yaşayış sahəsinə ehtiyacı var idisə, həmin vaxt iddiaçıya iddia qaldırmaq üçün nə mane olurdu? İddiaçı 27 oktyabr 2018-ci il tarixdə könüllü olaraq evi tərk edib getmişdir. Şirvan Şəhər Məhkəməsinin 14 iyul 2024-cü il tarixli 2(032)-498/2023 saylı qətnaməsi ilə İddiaçı ona qarşı ünvan 7 ünvanında yerləşən iki mərtəbəli altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsi barədə iddia tələbi rədd edilmiş və həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(032)-2019 saylı qətnaməsi ilə İddiaçı evə köçürülmə iddiası təmin edilməmişdir. 2018-ci ildə İddiaçı evi könüllü şəkildə tərk edib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Elnarə Fərəcova bildirmişdir ki, İddiaçı Bəhruz Əliyev adlı şəxslə illərlə birgə yaşamışdır. Bəhruz Əliyev vəfat etdikdən sonra Salyan rayonun Düzənlik kəndinə getmişdir. Ev 2018-ci ildən sonra tikilib. Həmin yerdə kiçik 1 otaqlı ev olub ki, orada yaşayıblar. 2018-ci ildən sonra isə 2 mərtəbəli ev tikilib. Bəhruzla münasibətdə olduqları vaxt yəqin ki, iddiaçının evə ehtiyacı olmamışdır deyə indi iddia qaldırmışdır. Ev qanunsuz tikilidir və həmin evin 1 otağı birgə nikah dövründə inşa edilmişdir. İddiaçının evdə cehiz əşyaları yoxdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2019-cu ildə Cavabdeh Ayna adlı şəxslə münasibətini öyrənmiş və bundan sonra ailədə mübahisə yaranmış, evi tərk etmişdir. Evdən çıxdıqdan sonra atasıgilə getmişdir. 2019-cu ildə boşanmış və yenidən ailə qurmamışdır. Bəhruz adlı şəxs evdə qalan kirayəçidir. Onunla heç bir münasibəti olmayıb və haqqında deyilənlər böhtan xarakteri daşıyır. Bütün otaqlarda bu gün belə cehiz əşyaları var. 5 ildir ki, atası evində qalır. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(032)-2019 saylı qətnaməsi ilə ev sənədsiz olduğu üçün iddia təmin edilməyib. Həmin torpaq sahəsi dəmiryol xəttinin yaxınlığında yerləşdiyi üçün torpağın çıxarışı yoxdur. Birinci instansiya məhkəməsində Cavabdeh bildirmişdir ki, İddiaçı ilə 2001-ci ildə ailə həyatı qurmuşlar. Həmin torpaq sahəsini 1200 dollara almışdır. 2009-cu ildə böyük evi tikməyə başlamışdir. 2018-ci ilə də evin bütün təmir işləri bitib və orada yaşamağa başlamışlar. xx.xx.2009-cu il təvəllüdlü X10 1 yaşı həmin evdə qeyd olunmuşdur. Ailə münasibətlərinin pozulmasına səbəb hal-hazırda cavabdehlə rəsmi nikahda olan Ayna adlı qadın olmuşdur. Belə ki, boşanmamışdan 3-4 il əvvəl cavabdeh iddiaçının atasından onun adına rəsmiləşdirməklə gözəllik salonu obyektini alıb icarəyə vermək niyyətində olduğunu bildirmiş, atası da cavabdehə inanaraq bu məqsədlə 40000 manat məbləğdə pul vermişdir. Lakin cavabdeh hiylə işlədərək gözəllik salonunu işlədən X20 ilə əlbir olaraq həmin obyekti iddiaçının adına rəsmiləşdirməmiş və sonda iddiaçı onların bu yaxın münasibətlərindən xəbər tutduqdan sonra ailədə yaranmış uzun mübahisələrdən və söz-söhbətlərdən sonra nikahları xx.xx.2019-cu il tarixində Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. 2019-cu ildən İddiaçı Salyan rayonun Düzənlik kəndində atasına məxsus evdə yaşayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(032)-129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(032)-166/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı Cavabdeh X14 ilə Şirvan şəhər Qeydiyyat şöbəsində xx.xx.2005-ci ildə 102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2002-ci ildə anadan olmuş X4, xx.xx.2006-cı ildə anadan olmuş X6 və xx.xx.2009-cu ildə anadan olmuş X7 ataları Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, cavabdeh X2 xx.xx.2002-ci ildə anadan olmuş X4, xx.xx.2006-cı ildə anadan olmuş X6 və xx.xx.2009-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin alınaraq ataları Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(032)- 286/2019 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 5 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin, Şirvan şəhəri F.Eynullayev küçəsində gözəllik salonu kimi fəaliyyət göstərən bir qeyri-yaşayış obyektinin, 3 sot torpaq sahəsinin ona çatan yarı hissəsinin və “Ford tranzit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarı hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsinin və Cavabdeh X5 qarşı “Ford tranzit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin alınması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(032)-813/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı uşaqları xx.xx.2006-cı ildə anadan olmuş X13 və xx.xx.2009-cu ildə anadan olmuş X15 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 19:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin Borclunun axtarışı haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(032)-166/2019 saylı icra sənədi üzrə borclu xx.xx.1981-ci il təvəllüdlü ünvan 8 ünvanında qeydiyyatda olan X11 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 36 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nümayəndəliyin 137 nömrəli ev təsərrüfatlarının uçotu kitabının səhifə 90, 13142 şəxsi hesab nömrəsində olan məlumatlara əsasən ünvan 9 ünvanı 4 otaqlıdır və ümumi sahəsi 48 kv.m-dir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 2881 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 11 ünvanında qeydiyyatda olmuş və hal-hazırda qeydiyyatdan çıxmışdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(032)-265/2023 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı döyərək ona fiziki ağrı yetirdiyindən inzibati xəta törətmiş X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğdə cərimə olunmuşdur. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli Şirvan şəhər Kommunal Kombinat Müəssisəsinin nümayəndəsi N.Balayev tərəfindən təsdiq olunmuş aktdan görünür ki, həqiqətən də İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə birgə nikahlarından doğulmuş üç nəfər uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən 600.0 kv.m (6 sot) həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evində 2003-cü il tarixindən 2019-cu il tarixinədək yaşamışlar. Hal-hazırda da həmin fərdi yaşayış evində Cavabdeh uşaqları ilə birgə yaşayırlar. Cavabdeh yaşadığı 600.0 kv.m (6 sot) torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evindən əlavə həmin torpaq sahəsində 6 ədəd balaca otaq da inşa edilmişdir. Həyət dörd bir tərəfdən daş hasarla hasarlanıb. Fərdi yaşayış evinin üstü yaşıl dəmir kirəmitlə örtülüb və həyət giriş qapısına yaşıl dəmir darvaza qoyulub. Cavabdeh yaşadığı fərdi yaşayış evinə giriş qapısı ilə üzbəüz olan qonşu Sahib (arvadı Qızılgül), həyət darvazasından solda olan qonşu Fərqanə, sağda olan qonşu Mehman (şəhid oğlu) adlı şəxslərdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli Şirvan regional Enerji Təchizatı və Satışı İdarəsinin məktubundan görünür ki, Cavabdeh abonent olaraq X19 ünvanı M.Əsədov küçəsi göstərilməklə **********3 saylı kodla qeydiyyatdadır. Belə ki, abonent Cavabdeh M.Əsədov küçəsində yerləşən yaşayış evinə 2009-cu il tarixdə enerji təchizatı müəssisəsi hesabına ”Smart kart” tipli sayğac quraşdırılmış və hal-hazırda da abonent göstərilən ünvanda həmin sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli X35 İstismar İdarəsinin məktubundan görünür ki, Şirvan şəhəri M.Əsədov 7 ünvanına xx.xx.2012-ci il tarixində “G-4” markalı ******* nömrəli sonradan ödənişli qaz sayğacı quraşdırılaraq təbii qaz istifadəçisi kimi Cavabdeh adına abonent qeydiyyatına alınmışdır. “AQİS” proqramında Cavabdeh ünvanı Şirvan şəhəri M.Əsədov 7 qeyd edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və qəbulu haqqında aktda Cavabdeh adı qeyd olunmuş, digər ailə üzvlərinin adı qeyd olunmamışdır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məhkəmə tərəfindən təyin edilmiş yerli baxışla əlaqədar Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə baxışın keçirilməsi mümkün olmamışdır. Mülki iş üzrə Cavabdeh həmin ünvandakı fərdi yaşayış evinin 2018-ci ildə inşa edildiyini və İddiaçı həmin ünvanda yaşamadığını, bu səbəbdən də yerli baxışın keçirilməsinə icazə vermədiyini bildirmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli Şirvan şəhər polis şöbəsinin məktubundan görünür ki, X4 2018-ci ildə X12 barəsində olan ərizəsinə əsasən toplanmış materialın saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. İş materiallarında olan videodisklərə baxış keçirilmiş və həmin videoyazıda xx.xx.2002-ci il təvəllüdlü X9 üçün keçirilmiş kiçik toy məclisinin və digər videoyazıda isə xx.xx.2009-cu il təvəllüdlü X7 doğum gününün Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən fərdi yaşayış evində qeyd edilməsi müəyyən edilmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlillərində cavabdeh göstərmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(032)-286/2019 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdehna qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 5 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin, Şirvan şəhəri F.Eynullayev küçəsində gözəllik salonu kimi fəaliyyət göstərən bir qeyri-yaşayış obyektinin, 3 sot torpaq sahəsinin ona çatan yarı hissəsinin və “Ford tranzit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarı hissəsinin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi və Cavabdeh iddiaçı X5 qarşı “Ford tranzit” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin alınması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Məhkəmədə izahatında iddiaçının nümayəndəsi bildirmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(032)-2019 saylı qətnaməsi ilə ev sənədsiz olduğu üçün iddiaları təmin edilməmişdir. Kollegiya qeyd edilənlərə əsasən diqqətə çatdırır ki, yuxarıda adıçəkilən (2(032)- 2019 saylı) mülki iş materiallarına nəzər saldıqda həmin işdə iddiaçının adıçəkilən mübahisəli ünvan 5 ünvanında 2 mərtəbəli fərdi yaşayış evinin yarı hissəsinin ona verilməsini xahiş etmişdir. Hazırkı tələb evə köçürülmə ilə bağlıdır ki, adıçəkilən iş üzrə qüvvədə olan qətnamə hazırkı iş üzrə preyudisial olmaqla hər hansı hüquqi nəticəyə səbəb ola bilməz. Habelə hazırkı mülki işin materiallarına baxarkən cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında (səh. 47) mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə - 2007-ci ildə tikildiyini və 2008-cildə ora ailəsi ilə birgə köçdüyünü etiraf etmişdir. Həmin fakt, nə növbəti proseslərdə verilmiş izahatlarla, protokola qeydlərlə, nə apellyasiya şikayətinin dəlilləri ilə təkzib edilməmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmçinin iş materiallarından görünür ki, Şirvan şəhəri M.Əsədov küçəsində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə inşa edilmiş və onlar 2019-cu il tarixədək orada yaşamışlar. Adıçəkilən ünvanda quraşdırılmış qaz və işıq sayğacları Cavabdeh adına olmuşdur. Kollegiya iş materiallarında, eləcə də tərəflərin izahatlarında göstərilənlərə əsasən hesab edir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin ər-arvad olduqları vaxt – birgə nikah döründə tikilmiş və hazırda həmin evdə iddiaçıya məxsus cehiz əşyalarının orda qalması da işin mübahisəsiz halıdır. Habelə iddiaçı cavabdehdən ayrıldıqdan sonra yaşamağa yeri olmadığı üçün valideynlərinə məxsus evdə yaşamışdır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 14 iyul 2024-cü il tarixli 2(032)-498/2023 saylı qətnaməsi ilə İddiaçı ona qarşı ünvan 7 ünvanında yerləşən iki mərtəbəli altı otaqlı evin birinci mərtəbəsində olan əmlaklarının yerləşdiyi otağa köçürülməsi barədə iddia tələbi rədd edilmişdir. Qeyd edilməlidir ki, adıçəkilən ünvan 7 ünvanı fərqli olmaqla X18 mülkiyyətindədir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evinin iddiaçı ilə ər-arvad olduqları birgə nikah dövründə tikilməsini bildirməsi onun tərəfindən iddiaçının mübahisəli evdən çıxarılmasının qanunsuzluğu mənasını verir. Halbuki, iddiaçı uşağı ilə birlikdə məcbur olaraq atasına məxsus evə köçüb orada məskunlaşmış, həmin vaxtdan da məhz qeyd edilən ünvanda yaşamaqda davam edir. Beləliklə, kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı köçmək istədiyi mübahisəli evdə yaşamaqdan qanunsuz məhrum edilmişdir. İşdən də göründüyü kimi, onların başqa yeri mövcud deyildir. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli evdə uzun müddət - 2008-ci ildən 2019-cu ilədək fasiləsiz şəkildə yaşamışdır. Bununla yanaşı, xüsusilə diqqətə çatdırılmalıdır ki, iddiaçını cehizlərinin bir hissəsi hazırda da həmin evdə yerləşir. Beləcə, qanunun normalarının tələblərinə və işin faktiki hallarına əsasən cavabdehlə yanaşı iddiaçı da ailəli olduğu müddət ərzində birgə nikah dövründə tikilmiş sözügedən evə faktik sahibliyə nail olmaqla sahiblik etdiyindən və nəticədə əmlak hüquqları yarandığından iddiaçının mənzilə köçürülmə tələbi əsaslıdır. Beləliklə, mübahisəli evin hər hansı mülkiyyətdə olması da iş üzrə sübuta yetirilmir. Tərəflər mübahisəli evdə nikahda olduqları müddət ərzində fasiləsiz və etirazsız yaşamış və cavabdeh iddiaçını uzun müddət yaşıdığı evdən qanunsuz məhrum etmişdir. Halbuki, Konstitusiyanın 43-cü maddəsinin 1 -ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Qeyd edilən normanın mənasına görə hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, özbaşına tikiliyə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırkı işdə, həmin hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi uzun müddət evdə yaşayıb və hazırda həmin yaşadığı evdən qanunsuz məhrum edilib. Belə ki, ailədə gərgin münasibətlər yarandığı və cavabdehlə nikahı pozulduğu üçün o, uşağı ilə birlikdə hazırda başqa ünvanda yaşamaq məcburiyyətində qalmışdır. Bu baxımdan, kollegiya hesab edir ki, yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının həmin evə qayıtmasına və yaşamasına cavabdehin imkan verməməsi və sair hallar əslində məhrumetmə hesab olunur. Həmçinin məhrumetmə o halda qanuni sayıla bilər ki, məhrumedilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və sair) yol verən şəxsin həmin ev üzərində hər hansı hüququ əmələ gəlmiş olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. İşdən də göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin hər hansı hüquqmüəyyənedici sənədi yoxdur və xüsusilə də, cavabdehin mülkiyyətində deyildir. Hazırkı iş üzrə iddia tələbinin evə köçürülmə hissəsinə düzgün hüquqi qiymət verərkən mütləq nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və başqa cür təfsir oluna bilməz. Həmçinin qeyd olunmalıdır ki, özlərinin inşa etdikləri evə münasibətdə tərəflər bərabər statusda olduqları üçün cavabdehin məruz qaldığı məhrum etmə (evə buraxılmaması) ilk vaxtdan qanunsuz olub və bu, aşağıdakı normaların tələblərində də irəli gəlir. Bu baxımdan, kollegiya hesab edir ki, tərəflər ər-arvad olduqları birgə nikah döründə sözügedən evə faktik sahibliyə nail olmaqla sahiblik etdiyindən və qanuna görə əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak hüquqları sayıldığından, iddiaçının tələbi mənzilə köçürülmə hissəsində açıq-aşkar əsassız olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mülki qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri və mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(032)-129/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar