Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1047/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(073)-97/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 11 yanvar 2023-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasarın cavabdehin hesabına sökülməsi, həmin sahəyə tökülmüş tikinti materiallarının götürülməsi, həmin yerə hasarın çəkilməsinə edilən maneələrin cavabdehə qadağan edilməsi, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 11 yanvar 2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) Cəlilabad Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(073)-97/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət etmədən, yəni məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları (qətnamənin əsassızlığına dair sübutları) göstərmədən yalnız apellyasiya şikayətində qətnaməni ləğv edib iddianın rədd edilməsini xahiş etmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət vermiş, şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini, Cəlilabad Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(073)-97/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin olunmasını, əks təqdirdə şikayətinin işlə birlikdə aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırılmışdır ki, o, Cəlilabad Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(073)-97/2023 saylı qətnaməsini tam olaraq əsassız hesab edir, bu və digər hallar barədə də apellyasiya şikayətində ətraflı qeyd etmişdir. Lakin məhkəmə tamamilə qanunsuz olaraq onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə tənzimlənən hüququnu kobud şəkildə pozmuşdur. O hesab edir ki, məhkəmə onun qətnamədən verdiyi apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir və bu barədə qəbul edilmiş 27 mart 2023-cü il tarixli qərardad qanuni sayıla bilməz. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 01 may 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Cəlilabad Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(073)- 97/2023 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cəlilabad Rayon Məhkəməsi 2(073)-97/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadında cavabdehin apellyasiya şikayətində MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət etmədən, yəni məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları (qətnamənin əsassızlığına dair sübutları) göstərmədən yalnız apellyasiya şikayətində qətnaməni ləğv edib iddianın rədd edilməsini xahiş etməsini qeyd etməklə, apellyasiya şikayətini geri qaytarsa da, cavabdeh tərəfindən konkret olaraq məhz hansı tələbin hansı şəkildə pozulduğunu göstərməmiş, yalnız MPM-in 361.1.4-361.1.6-cı maddəsində sadalanan tələblərin adını çəkməklə kifayətlənmişdir. Bundan başqa, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətə cavabdeh tərəfindən riayət edilib-edilməməsi yoxlanılmamış, onun apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş prosessual müddət ərzində verməsi müzakirə edilməmişdir. Belə ki, iş materiallarının 67-ci vərəqində olan xəbərnamədən görünür ki, qətnamənin surəti xx.xx.2023-cü il tarixində cavabdehin oğluna təqdim edilmiş, cavabdeh isə apellyasiya şikayətində qətnamənin alınma tarixini xx.xx.2023-cü olaraq qeyd etmişdir. İş materiallarının 73-cü vərəqində olan zərfin üzərindəki möhürdən cavabdeh tərəfindən apellyasiya şikayətinin rabitə orqanına verildiyi tarix dəqiq olaraq oxunmasa da, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, dövlət rüsumu xx.xx.2023-cü il tarixində ödənilmişdir. Odur ki, apellyasiya şikayətinin mümkünlüyünü yenidən yoxlayacaq məhkəmə qeyd edilən halları da nəzərə almaqla cavabdeh tərəfindən apellyasiya şikayətinin rabitə orqanına təhvil verilməsinin dəqiq tarixini müəyyənləşdirməli, onun tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən yenidən yoxlanılmalı, bu zaman hazırkı qərardadda müəyyən olunmuş göstərişlər nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair prosessual hüquq normaları pozulmuşdur. Odur ki, şikayət qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 385.1.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 27 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-97/2023 saylı, 11 yanvar 2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yenidən yoxlanılması üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1047/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1047/2023
14.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver