Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1049/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçı Saatlı Bələdiyyəsinin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Saatlı Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma, həmin torpaq sahəsinin iddiaçıya qaytarılması və əldən çıxmış fayda tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(055)-12/2023 saylı qətnaməsindən iddiaçı Saatlı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Saatlı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(055)-12/2023 saylı qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddiaçı Saatlı Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma, həmin torpaq sahəsinin iddiaçıya qaytarılması və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddiaçı Saatlı Bələdiyyəsindən ekspertiza xərcinə görə 50 (əlli) manatın alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi, mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc olan 153 (yüz əlli üç) manatın iddiaçı Saatlı Bələdiyyəsindən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı Saatlı Bələdiyyəsi Saatlı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(055)- 12/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Saatlı Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Saatlı Bələdiyyəsinin mülkiyyətində olan Saatlı şəhəri ərazisində yerləşən 6,65 ha torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması, 6,65 ha torpaq sahəsinin iddiaçıya qaytarılması və 14630 manat əldən çıxmış faydanın alınıb iddiaçı Saatlı Bələdiyyəsinin hesabına köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində iddia tələbi onunla əsaslandırılmışdır ki, ekspert rəyində mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyəti kimi qeydə alındığı göstərilsə də, nəzərə almaq lazımdır ki, həmin ekspert rəyində, eyni zamanda sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qadaları”na uyğun olaraq tərtib edilmiş Saatlı Bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyəti kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin Saatlı bələdiyyəsinə ünvanladığı məktublarla bir daha təsdiq olunur. Ona görə də, iddia əsaslı hesab olunmalıdır. Bundan başqa, cavabdehin bələdiyyəyə aid torpaq sahəsini qanunsuz istifadə etməsi nəticəsində iddiaçı əldə edəcəyi gəlirdən məhrum olmuş, torpaq sahəsini icarəyə verə bilməmişdir. Halbuki hazırda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin 1 illik icarə haqqı 100 manat məbləğ təşkil edir. Cavabdehin 22 il müddətində qanunsuz olaraq bələdiyyənin torpaq sahəsini zəbt etməsi nəticəsində iddiaçıya 14630 manat dəyərində maddi ziyan dəymişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Saatlı Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, mübahisəli 6,65 hektar toıpaq sahəsi Saatlı bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsinin 5,91 hektar hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi, 0,74 hektar hissəsi isə bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid su arxı ərazisidir. Saatlı bələdiyyəsinin müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və eyni zamanda həmin publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş məktublarda qeyd olunur ki, 13 saylı Şirvan ərazi idarəsinin mütəxəssisləri tərəfindən müvafiq olaraq monitorinq və çöl ölçmə işləri aparılmış, sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Aparılmış çöl ölçmə işlərinin nəticəsinə əsasən sözügedən torpaq sahəsinin ölçüsünün 6,65 hektar təşkil etdiyi aşakarlanmış və elektron kadastr məlumat bazasına əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 6,65 hektar torpaq sahəsinin 5.91 hektar hissəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi kimi, 0,74 hektar hissəsi isə bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid su arxı ərazisi kimi göstərilmişdir. Mübahisəli 6,65 hektar torpaq sahəsinin qonşuluğunda dövlət mülkiyyətində olan 19,69401 hektar “Axmaz göl” adlanan ərazi vardır. İş materiallarına əlavə edilmiş yerqiıqluşu plandan açıq şəkildə görünür ki, Saatlı bələdiyyəsinin mülkiyyətində olaıı 6,65 hektar torpaq sahəsinin, dövlət mülkiyyətində olan 19,69401 hektar torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Mübahisəli torpaq sahəsinin döngə nöqtələrinin koordinatları da göstərir ki, 6.65 hektar bələdiyyə torpağı, 19,69401 hektar dövlət torpağının hüdudları daxilində yox, sərhəddində yerləşir. İş materiallarında olan yerqurluşu plandan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və eyni zamanda həmin publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş məktublardan görünür ki, mübahisəli 6,65 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Lakin birinci instansiya məhkəməsi əsaslandırırlmamış ekspeıt rəyinə istinad edərək iddiamızı rədd etmişdir. Halbuki, həmin ekspert rəyində mübahisəli 6,65 hektar torpaq sahəsinin və eləcə də 19.69401 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ayrı-ayrılıqda göstərilməmişdir. Belə ki, əgər 6,65 hektar torpaq sahəsi ekspertin göstərdiyi kimi 19,69401 hektar torpaq sahəsinin hüdudları daxilindədirsə. o zaman həmin ərazinin ölçüsü 19,69401 hektar yox, daha çox olacaqdır. Nəzərinizə çatdırıram ki. nə daşınmaz əmlakın mütəxəssisləri tərəfindən və nə də ekspert tərəfindən mübahisəli ərazinin döngə nöqtələrinin koordinatları müəyyən edilməmişdir. Bu səbəbdən də Saatlı bələdiyyəsinin mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə göstərdiyi müvafiq orqanın vəzifəli şəxslərinə sorğu verə və ya ekspert rəyində birinci suala tam və aydın cavab verilmədiyinə görə əlavə ekspertiza təyin edə bilərdi. İddiaçı Saatlı Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmədə izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, DƏDRX-nin 13 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda mübahisəli torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. Lakin DƏDRX-nin 13 saylı ərazi idarəsinin hazırkı məktubuna əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması halında Saatlı Bələdiyyəsinin hazırkı iddianı qaldırmaq kimi hüququ mövcud deyildir. Cavabdeh məhkəmədə izahatında apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi 1979-cu il tarixdə Saatlı rayon İcrayyə komitəsinin qərarı ilə “Azərittifaq”ın Saatlı rayon X2 Sənaye Ticarət Birliyinin istifadəsinə verilmişdir. Həmin dövrdə bələdiyyə mövcud deyildi. Buna görə də, hazırkı iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Saatlı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(055)-12/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/111 nömrəli rəyindən görünür ki, mübahisə predmeti olan Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. (araşdırma zamanı 6.80 ha. müəyyən olunan) torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş Saatlı Bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X2 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, 19.69401 ha. torpaq sahəsinə 05 noyabr 2016-cı il tarixdə “Daşınmaz Dövlət Əmlakının yerləşdiyi torpaq sahəsinin və tikililərinin planı” (Baş plan) tərtib edilmiş və həmin baş plana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron kadastr məlumat bazasında registr nömrəsi 00354251 olan nömrə ilə Dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Mübahisə predmeti olan Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. (araşdırma zamanı 6.80 ha. müəyyən olunan) torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X2 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, Cavabdeh istifadəsindədir. Birinci instansiya məhkəməsində iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli - Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X2 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin rəyinə görə mübahisə predmeti olan Saatlı şəhəri ərazisində yerləşən 6.65 ha. torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X2 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, Cavabdeh istifadəsindədir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq tərtib edilmiş Saatlı Bələdiyyəsinin xəritəsində bələdiyyə mülkiyyəti kimi qeyd edilsə də, torpaqların mülkiyyət növünə uyğun olaraq elektron kadastr məlumat bazasında registr nömrəsi 00354251 olan nömrə ilə Dövlət mülkiyyəti kimi qeydiyyata alındığından dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qəbul edilmişdir. Beləcə, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan hazırkı iş üzrə iddiaçının sözügedən torpaq sahəsinə münasibətdə subyektiv hüququ yoxdur və belə olan halda, iddia tələbi də təmin edilə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının mövcud olmasını, daha sonra isə onların pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Hazırkı halda mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və cavabdeh tərəfindən torpağın istifadəsinin Saatlı bələdiyyəsinin mülkiyyət hüquqlarını pozmadığı müəyyən olunduğundan iddianın əldən çıxmış fayda tələbinə dair hissəsi də təmin oluna bilməz. Habelə, hazırkı iş üzrə ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən, həmçinin iddiaçının nümayəndəsi də bu barədə vəsatət vermədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına zərurət bilməmişdir. Odur ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/111 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(055)-12/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Belə ki, iddiaçının apellyasiya şikayətində iş materiallarında olan məktublarda mübahisəli ərazinin bələdiyyə mülkiyyəti kimi göstərilməsi, iş üzrə əlavə ekspertizanın keçirilməsi və digər dəlillər göstərilmişdir. Həm mütəxəssis, həm də ekspert rəyindən aşkar olur ki, qeyd edilən mübahisəli torpaq sahəsi “Azərittifaq”ın Saatlı rayon X2 Sənaye Ticarət Birliyinin istifadəsində olan 19.69401 ha. torpaq sahəsinin hüdudları daxilində yerləşməklə, 19.69401 ha. torpaq sahəsinə 05 noyabr 2016-cı il tarixdə “Daşınmaz Dövlət Əmlakının yerləşdiyi torpaq sahəsinin və tikililərinin planı” (Baş plan) tərtib edilmiş və həmin baş plana uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron kadastr məlumat bazasında registr nömrəsi 00354251 olan nömrə ilə Dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu hal, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 21 sentyabr 2023-cü il tarixli məktubu ilə də təsdiq edilir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş 02 sentyabr 2022-ci il tarixli N 268 məktubdan (səh. 122) da görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin həqiqətən də dövlət mülkiyyətində olmasını bilir və onun bələdiyyə mülkiyyətinə qaytarılması üçün müraciət etmişdir. Göründüyü kimi, işdə olan (səh. 8) yalnız bir məktubda mübahisəli torpağın bələdiyyə mülkiyyəti kimi göstərilməsi halı hazırda istinad edilən bütün mötəbər sübutların məcmusu ilə təkzib edilir ki, bu da hazırkı iddianın irəli sürülməsi (və təmin edilməsi) imkanını istisna edərək aradan qaldırır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Saatlı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(055)-12/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1049/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1049/2023
26.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver