Məhkəmə qərarları › İş №2(106)-1057/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1057/2025

14.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1057/2025 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X7 və X13 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, Astara Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlunun cavabdeh İbadov Aydın İbrahim oğluna (hüquqi varislər İbadov Seymur Aydın oğlu, İbadova İradə Aydın qızı, İbadova Nigar Aydın qızı və İbadova Rufina Aydın qızına) qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı və cavabdeh Astara şəhərində qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. ünvan 3 ünvanda 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi İbadov Aydın İbrahim oğlunun ayrıca mülkiyyəti, həmin torpaq sahəsi isə İbadov Aydın İbrahim oğlu, İbadova İradə Aydın qızı, İbadov Seymur Aydın oğlu və İbadova Səhərnaz Hacıbubayevnanın ümumi birgə mülkiyyəti kimi ##.##.2014-cü ildən qeydiyyatdadır. Hüseynov İsmayıl Hüseynqulu oğlunun xüsusi mülkiyyətində 0,0775 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ##.##.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İbadov Aydın İbrahim oğlu cavabdeh Hüseynov İsmayıl Hüseynqulu oğluna qarşı torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa ediməsi, digər qanunsuz tikililərin sökülməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, mülkiyyətində 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi vardır. Torpaq sahəsinə və fərdi yaşayış evinə aid ## ###### 2014-cü il tarixli Daşınmaz əmlakın Dövlət Reyestrində mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarış verilmişdir. Bundan əlavə, onun istifadəsində 0.20 ha torpaq sahəsi də vardır. O, həmin torpaq sahəsindən özü istifadə edir və həmin torpaq sahəsi də onun çəpərinin daxilində yerləşir. Hüseynov İsmayıl Hüseynqulu oğlu 2016-cı il tarixdə onun evinin qarşısında özünə mağaza tikməyə başlamış, 2017-ci ildə ondan 1 metr torpaq sahəsi verməyi xahiş etmiş, o da İsmayıl Hüseynova 1 metr torpaq sahəsi verməyə razılaşmışdır. Lakin sonradan İsmayıl Hüseynov onun çəpərini sökmüş və mülkiyyətində olan 0.03 ha torpaq sahəsini zəbt etmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və o, zəbt olunmuş torpaq sahəsini azad olunmasını tələb etmişdir. Lakin cavabdeh torpaq sahəsini azad etməkdən imtina etmişdir. Cavabdeh bu hərəkətləri ilə onun torpaq üzərində mülkiyyət hüququnu pozur və ondan istiladə etmələrinə imkan vermir. Bundan başqa, Hüseynov İsmayıl Hüseynqulu oğlu cavabdeh İbadov Aydın İbrahim oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlu tələbində göstərmişdir ki, 2016-cı ildə o, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in seriya RX ******* nömrəli çıxarışı əsasında xüsusi mülkiyyətində olan 0,0775 ha torpaq sahəsində anbar tikintisinə verilmiş icazə əsasında tikilini inşa etdirmişdir. Lakin inşa etdirdiyi həmin tikili A.İbadovun evinin qarşı tərəfində deyil, cənub tərəfindədir. 2016-cı ildə iddiaçının evinin cənub tərəfində anbar tikintisini başa vurandan sonra o, gələcəkdə avtomaşının həmin sahəyə daxil olmasının təmin olunması üçün cavabdehdən təxminən 2 metr enində olmaqla torpaq sahəsini ona satmağını xahiş etmişdir. Çünki anbarın sol tərəfindən təxminən 1 metr ölçüdə ona məxsus torpaq sahəsi var idi. Ona görə də bütövlükdə 3 metr torpaq sahəsinin boş olacağını və avtomaşının həmin sahəyə daxil ola biləcəyini nəzərə alıb 2 metr enində torpaq sahəsinin kifayət edəcəyini bildirmiş, bununla belə, A.İbadov təxminən 3 metrdən də çox torpaq sahəsini azad etmiş, əvvəlki setka çəpərini sökmuş, inşa ediləcək daş çəpərin bünövrə hissəsinin qazılmasında oğlu ilə birlikdə əvvəlcədən ip çəkməklə qazılmasında ona kömək etmiş və bundan sonra Lənkəran rayonundan dəvət etdiyi ustalar işə başlamışlar. Nə tikinti işinin aparıldığı 2016-cı ildə və nə də ondan sonrakı dövrdə A.İbadovla aralarında narazılıq və mübahisə olmamışdır. Həmin dövrdə həm iddiaçı özü, həm də onun arvadı ona bildirmişlər ki, istənilən vaxt notariat kontoruna getməklə alqı-satqı müqaviləsini rəsmiləşdirə bilərlər. 7 il keçəndən sonra A.İbadovun məhkəmədə belə bir iddia qaldıracağını ağlına belə gətirməmişdi. İddia ərizəsində A.İbadov 3 metr deyil, təxminən 1 metr enində torpaq sahəsini razılaşma yolu ilə ona verdiyini etiraf etmişdir. Əgər razılaşmadan kənara çıxmaqla A.İbadovun iradəsinə zidd olaraq 1 metr enində deyil, 3 metr enində torpaq sahəsini zəbt etmiş olsaydı, sonradan inşa olunacaq daş hasarın tikilməsində ona kömək etməzdi. A.İbadovla şifahi əqdin bağlanmış olduğunu təsdiq edən razılaşmanın olduğu anlaşılır. Daş hasardan şimal tərəfdə, yəni iddiaçı A.İbadovun mülkiyyətində və zəbtində olan həyətyanı torpaq sahəsinin giriş qapısı da dəyişdirilmiş və dəmir qapı qoyulmuşdur. Bundan əlavə, A.İbadov onunla şifahi qaydada razılaşarkən ailənin istifadəsində olan tualetin ona verdiyi torpaq sahəsində qalmasını nəzərə almaqla, eyni formada və ölçüdə deyil, fundamental tualet tikməyini və onun istifadəsinə verməyini tələb etdi. O da onun istdəyi formada və ölçüdə tualet tikdirməklə ona təhvil vermişdi. Nəhayət, A.İbadov dəmir darvazanın, tualetin və mişar daşından inşa etdirdiyi hasarın tikintisi ilə kifayətlənməyib və əlavə olaraq ona 3100 manat məbləğində pul verməyini tələb etmişdir ki, tərəfindən buna da əməl olunmaqla icra edilmişdir. Ona görə, A.İbadov onun həyətyanı sahəsində öz razılığı əsasında etdiyi yaxşılaşdırmaların əvəzini pulla ona ödəməlidir və ona verdiyi 3100 manat məbləğində pulu da qaytarmalıdır. Təxminən üç həftə əvvəl A.lbadovun evində olmaqla məhkəmədənkənar razılığa gələ biləcəklərini təklif etmiş, lakin A.İbadov bundan yayındığından məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və keçirilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə tərəfindən təyin oluna biləcək ekspertiza isə həyətyanı sahənin qarşısında qoyulmuş dəmir darvazanın qiyməti və usta xərcləri, tərəfindən inşa edilmiş tualetin tikinti materiallarının dəyəri və usta xərcləri, habelə təxminən 35-40 metr uzunluğunda mişar daşlarından inşa etdirdiyi hasarın və digər tikinti materiallarının dəyəri və usta xərcləri ilə bağlıdır. Bununla əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Bundan əlavə, ona məlumdur ki, A.İbadov tərəfindən razılaşma əsasında ona verdiyi təxminən 0,02 ha torpaq sahəsi onun mülkiyyətində deyil, istifadəsində olmuşdur. Başqa sözlə, həmin torpaq sahəsi A.İbadov tərəfindən zəbt olunmuş və ona görə də, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Ekspertizadan sonra mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müəyyən ediləcəyi halda, işin məhkəmə iclasında Astara bələdiyyəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir. Məhkəmə ilkin iddianı təmin edəcəyi halda, qarşılıqlı iddia üzrə cavabdeh İbadov Aydın İbrahim oğlundan 5200 (tualetin tikintisi üçün), 1500 (darvazanın qoyulması üçün) və 5200 manat (mişar daşlarından hörülmüş hasar üçün) olmaqla torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalara görə ümumilikdə 11900 (on bir min doqquz yüz) manat məbləğində pulu, nağd qaydada ödəmiş olduğu 3100 (üç min yüz) manat pulu Hüseynov İsmayıl Hüseynqulu oğluna qaytarmalıdır. Astara Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) ilkin iddia qismən təmin edilmiş, İbadov Aydın İbrahim oğlunun mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 0,0775 ha hissəsinin Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən azad edilməsi və Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən İbadov Aydın İbrahim oğlunun mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasarın 15 metr hissədə sökülməsi qət edilmiş, Hüseynov İsmayıl Hüseynqulu oğlunun İbadov Aydın İbrahim oğluna qarşı vurulmuş maddi ziyan tələbinə dair qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlu apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər P.Əhmədov, T.Kərimov və C.İmanov) ## ###### 2024-cü il tarixli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə qarşılıqlı iddia üzrə iddiaçı İsmayıl Hüseynov və onun vəkili tərəfindən birgə verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər R.Həsənov, A.Abbasov və Ə.Nurməmmədov) ## ##### 2025-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli qətnaməsi qismən– qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, təyin edilməli olan ekspertiza rəylərinə müvafiq olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmamış, işə baxılarkən mütəxəssis və ekspert rəyi ilə ziddiyyət təşkil edən məqamlara aydınlıq gətirilməmiş, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş ekspertizanın təyin edilməsi və keçirilməsi barədə vəsatətin yarımçıq təmin edilməsi əsaslarına isə ümumiyyətlə münasibət bildirilməmişdir. İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0775 ha hissəsi onun ərazi hüdudları daxilində olsa da Hüseynov İsmayıl Hüseynqulu oğluna faktiki olaraq (şifahi alğı-satqı müqaviləsi ilə) 3100 manata satılmış mübahisəli 0,0775 ha torpaq sahəsinə münasibətdə qət edilməli bir çox məsələlər həllini tapmamışdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarına və işin digər həqiqi və faktiki hallarına əsasən müəyyən edilməli olan, lakin qeyd edilməyən mübahisəsiz haldır ki, İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0775 ha hissəsi faktiki olaraq (şifahi alğı-satqı müqaviləsi ilə) 3100 manata Hüseynov İsmayıl Hüseynqulu oğluna satılmışdır. Bu halı təsdiq edən bir məntiq (hüquq düşüncəsi) də vardır. Belə ki, əgər İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0775 ha hissəsi Hüseynov İsmayıl Hüseynqulu oğluna satılmamışdısa, onda nə üçün keçən illər ərzində İbadov Aydın İbrahim oğlu orada yaşadığı halda, bu halı heç vaxt mübahisələndirməmişdir? Deməli, İbadov Aydın İbrahim oğlu bu halı mübahisələndirməməklə razılığını ifadə etmişdir. Mübahisəli 0,0775 ha həyətyanı torpaq sahəsi İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşirsə, faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) 3100 manata satdığı torpağı geri istəməyə haqqı çatmır. Əgər mübahisəli 0,0775 ha həyətyanı torpaq sahəsi İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirsə, faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) 3100 manata satdığı torpağı geri almaqla bərabər etibarsız olan şifahi əqd üzrə aldıqlarını geri qaytarmalıdır. Məhkəmə Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən “0,06 ha torpaq sahəsində inşa edilmiş” daş hasarın 15 metr hissədə sökülməsi qənaətinə gəlmişdir. İş üzrə mütəxəssis və məhkəmə mühəndis-texniki ekspertizasının rəyləri, habelə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə yuxarıda qeyd etdiyi halların müəyyən edilməsi Hüseynov İsmayıl Hüseynqulu oğlunun hüquqlarının kobud surətdə pozulduğunu deməyə əsas verir. Hüseynov İsmayıl Hüseynqulu oğlunun İbadov Aydın İbrahim oğluna qarşı vurulmuş maddi ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi ilə maddi hüquq normalarının tələbləri pozulmuşdur. Əgər ilk iddia təmin edilirsə, qarşılıqlı iddia da aşağıdakı hissələrdə təmin edilməli idi. Guya zəbt edilmiş mübahisəli 0,0775 ha həyətyanı torpaq sahəsindən Hüseynov İsmayıl Hüseynqulu oğlu çıxarılarkən onun tərəfindən faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) ödənilən 3100 manat pul ona qaytarılmalı, Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən inşa etdirilmiş daş hasarın 15 metr hissəsinin sonuncunun hesabına sökülməsi qət edilirsə, bununla əlaqədar vurulmuş ziyan da İbadov Aydın İbrahim oğlu tərəfindən ödənilməli idi. Prosessual məsələlər Qarşılıqlı iddia üzrə cavabdeh öldüyünə görə, mərhum İbadov Aydın İbrahim oğlunun uşaqları - İbadov Seymur Aydın oğlu, İbadova İradə Aydın qızı, İbadova Nigar Aydın qızı və İbadova Rufina Aydın qızı qarşılıqlı iddia üzrə cavabdeh İbadov Aydın İbrahim oğlunun hüquqi varisləri qismində cəlb olunmuş və onlar qarşılıqlı iddia üzrə cavabdeh kimi tanınmışlar. İş üzrə tərəflər sonuncu apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Cavabdeh İbadova İradə Aydın qızının nümayəndəsi və vəkili teleqram göndərmiş, mülki işin təxirə salınmasını xahiş etmişdir. Kollegiya mülki işin təxirə salınması üçün üzrlü səbəb olmadığından işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi qismən–qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilmiş və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Ona görə də apellyasiya qaydasında işə qarşılıqlı iddiaya dair hissədə baxılmalıdır. İşin hallarından görünür ki, Astara şəhərində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş Astara şəhəri, Qum küçəsi, *** nömrəli fərdi yaşayış evi İbadov Aydın İbrahim oğlunun, Astara şəhərində yerləşən 0.06 ha torpaq sahəsi İbadova İradə Aydın qızı, İbadov Seymur Aydın oğlu və İbadova Səhərnaz Hacıbubayevnanın ##.##.2014-cü ildən xüsusi mülkiyyətlərindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış). Astara Rayon Məhkəməsinin qüvvədə olan ## #### 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İbadov Aydın İbrahim oğlunun mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 0,0775 ha hissəsinin Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən azad edilməsi və Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən İbadov Aydın İbrahim oğlunun mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasarın 15 metr hissədə sökülməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. Qarşılıqlı iddia üzrə Hüseynov İsmayıl Hüseynqulu oğlu cavabdehdən ona vurulmuş maddi ziyanın ödənilməsi tələb etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov İsmayıl Hüseynqulu tələbində İbadov Aydın İbrahim oğlu ilə razılaşmaya uyğun olaraq Astara şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalara görə xərcləri - inşa etdiyi tualetin tikintisi, darvazanın qoyulması və mişar daşlarından hörülmüş hasar üçün çəkilən xərclərin, ümumilikdə 11900 (on bir min doqquz yüz) manat məbləğində xərci, eləcə də nağd olaraq cavabdehə verdiyi 3100 manat pulun ödənilməsini xahiş etmişdir. İddiaçı tələbində qarşılıqlı iddia üzrə cavabdehdən tualetin tikintisi üçün 5200 manat, darvazanın qoyulması üçün 1500 manat, mişar daşlarından hörülmüş hasar üçün 5200 manat, torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalara görə ümumilikdə 11900 (on bir min doqquz yüz) manat məbləğində pulu, eləcə də nağd qaydada ödəmiş olduğu 3100 (üç min yüz) manat pulu tələb etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən inşa edilmiş daş hasarın (15 metr hissəsi) qarşılıqlı iddia üzrə cavabdeh İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan (qarşılıqlı iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlunun istifadəsində olan həmin 0,0775 ha torpaq sahəsinin sərhəddində) ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi, qarşılıqlı iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən inşa edilmiş sanitar qovşağın İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi və qarşılıqlı iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlu tərəfindən qoyulmuş darvazanın İbadov Aydın İbrahim oğlunun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin sərhəddində olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2024cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur. İş materialları üzrə məhkəmələrin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, qarşılıqlı iddiaçı buna qanuni əsaslar olmadan ilkin iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmiş və həmin hissədə daş hasar inşa etməklə mülkiyyət hüquqlarının maneəsiz həyata keçirilməsinə mane olmuşdur. Bu səbəbdən ilkin iddiaçının həmin torpaq sahəsini özgəsinin qeyri-qanuni sahibliyindən geri tələb etməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə görə əsaslı olmuşdur. Qarşılıqlı iddiaya münasibətdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiaçı iddia tələbində göstərdiyi xüsusatları sübuta yetirə bilmədiyindən həmin iddia əsassız olmuşdur və bu səbəbdən qarşılıqlı iddia təmin edilməmişdir. Bununla yanaşı, işin halları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, tərəflər qonşu olmuşlar və onlara məxsus torpaq sahələri arasında olan əvvəl mövcud olmuş arakəsmə-hasar qarşılıqlı iddiaçı tərəfindən 2016-2017-ci illərdə sökülüb ilkin iddiaçıya məxsus torpaq sahəsinin içərisinə doğru sürüşdürülməklə yeni daş hasar inşa edilmişdir. Həmçinin, işin hallarından göründüyü kimi, ilkin iddiaçı tərəflər arasında bununla bağlı razılaşma olduğunu bildirmiş, lakin iddia etmişdir ki, qeyd edilən razılaşma üzrə o, qarşılıqlı iddiaçıya yalnız 1 metr enində torpaq sahəsini vermiş, qarşılıqlı iddiaçı isə torpaq sahəsinin 1 metr deyil, 3 metr hissəsini hasara alaraq öz torpaq sahəsinə qatmışdır. Lakin iş materiallarından ilkin iddiaçının qeyd edilən ünvanda yaşamaqla buna mane olmağa imkanı olduğu halda, hasar inşa edilən zaman buna hər hansı şəkildə etiraz etməsi müəyyən edilmir. Əksinə, ilkin iddiaçı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması barədə hazırkı iddianı hasar inşa edildikdən yalnız 6-7 il sonra qaldırmış, bütün bu müddət ərzində torpaq sahəsinin mövcud vəziyyətdə istifadə edilməsinə etiraz etməmişdir. Belə olan halda, ilkin iddiaçının qeyd edilən iddia tələbini irəli sürərkən vicdanlı davranması və hüquqlarından sui-istifadə etməsi məsələsi ortaya çıxır ki, bu hala birinci instansiya məhkəməsində qiymət verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin hazırki iş üzrə göstərişlərini də nəzərə alaraq Kollegiya hesab edir ki, maddi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbinə qiymət verilərkən bu hallar nəzərə alınmalı, qarşılıqlı iddiaçı tərəfindən tikildiyi müəyyən edilən mübahisəli tikililərin, o cümlədən sökülməsi qət edilmiş daş hasarın qarşılıqlı iddiaçı tərəfindən özbaşına deyil, ilkin iddiaçının buna hər hansı etirazının olmadığı şəraitdə inşa edilməsinə qiymət verilməli idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. ... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1 İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı nağd olaraq cavabdehə 3100 manat pulun verilməsi ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Bu hissədə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, tikinti işləri aparması ilə bağlı maddi ziyan tələbi üzrə iddiaçının tələbi keçərlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərində qeyd edildiyi kimi, özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (MM-nin 560.1-560.2, 560.3.4-cü maddələri), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır. Dəymiş ziyanın məbləğinin qarşılıqlı iddiaçı tərəfindən sübuta yetirilməməsi ilə bağlı da məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, mübahisəli ərazidə inşaat işləri hazırkı mübahisə yaranandan 6-7 il əvvəl yerinə yetirilmiş və bütün bu müddət ərzində hazırkı mövcud vəziyyətində mübahisəsiz qaydada istifadə edilmişdir. Bu isə şübhəsiz ki, həmin tikintiyə çəkilən xərcləri əks etdirən sübutların qorunub saxlanmasını və məhkəməyə təqdim edilməsini çətinləşdirir. Kollegiya vicdanlılıq prinsipi, vicdanlı davranışla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də xatırlatmağı zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Müəyyən edilir ki, qarşılıqlı iddiaçı tərəfindən çəkilən xərclərin müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizasının təyin edilməsi barədə məsələ qaldırılmış, lakin belə bir ekspertiza keçirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı əsasında qarşılıqlı iddia üzrə cavabdehlərə məxsus olan, Astara şəhərində yerləşən 0.06 ha torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən tualetin tikintisinə, darvazanın qoyulmasına və mişar daşlarından hasar çəkilməsinə sərf edilən vəsaitin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasında qeydiyyatdan keçmiş müstəqil qiymətləndirici şirkətin mütəxəssis rəyi alınmışdır. “xxxx” MMC-nin CVN/A**-***/** saylı mütəxəssis rəyinə görə qiymətləndiririmütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq Astara şəhəri, Qum küçəsində yerləşən 0,06 ha torpaq sahəsində tualetin tikintisinə, darvazanın qoyulmasına və mişar daşlarından inşa edilmiş hasarın təmir-tikintisinə sərf olunan vəsaitin dəyəri 8.225,09 (səkkiz min iki yüz iyirmi beş) manat, 09 qəpik təşkil edir. Kollegiya iş üzrə təqdim edilmiş mütəxəssis rəyini yazılı sübut olaraq qəbul edir və hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus torpaq sahəsində iddiaçının apardığı yaxşılaşdırmalara görə - inşa etdiyi tualetin tikintisi, darvazanın qoyulması və mişar daşlarından hörülmüş hasar üçün çəkilən xərclər qismində mütəxəssis rəyi ilə müəyyən edilən məbləğ qarşılıqlı iddia üzrə cavabdehdən alınıb iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, 8.225,09 (səkkiz min iki yüz iyirmi beş) manat, 09 qəpik məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisləri - İbadov Seymur Aydın oğlu, İbadova İradə Aydın qızı, İbadova Nigar Aydın qızı və İbadova Rufina Aydın qızından tutulub iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlunun xeyrinə ödənilməli, qarşılıqlı iddia qalan mübahisələndirilən hissədə təmin edilməməlidir. Apellyasiya şikayəti qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 110 manat cavabdehlərdən alınıb iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Hüseynov İsmayıl Hüseynqulu oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən – qarşılqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. İbadov Aydın İbrahim oğlunun hüquqi varisləri - İbadov Seymur Aydın oğlu, İbadova İradə Aydın qızı, İbadova Nigar Aydın qızı və İbadova Rufina Aydın qızından 8.225,09 (səkkiz min iki yüz iyirmi beş) manat, 09 qəpik məbləğində pul vəsaiti tutulub Hüseynov İsmayıl Hüseynqulu oğlunun xeyrinə ödənilsin. Qarşılqlı iddia qalan hissədə təmin eilməsin. Ödənilmiş dövlət rüsumuna görə İbadov Seymur Aydın oğlu, İbadova İradə Aydın qızı, İbadova Nigar Aydın qızı və İbadova Rufina Aydın qızından 110 manat alınınb Hüseynov İsmayıl Hüseynqulu oğlunun xeyrinə tutulsun. Qətnamədən qanunla müəyyən edilmiş qaydada 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar