Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-106/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçılardan İddiaçı1, Cavabdeh iştirakları ilə, birgə iddiaçılar İddiaçı1, X4, İddiaçı3, X5 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası əsasında mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(036)-1908/2022 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Birgə iddiaçılar İddiaçı1, X4, İddiaçı3, X5 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması, mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, JN 0086 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinin qanunsuz istifadəsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, İmişli rayonu Telişli kəndi ərazisində islahat nəticəsində beş nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə cəmi 2.12 ha torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN-0086 saylı Dövlət aktında göstərilmiş 0086 saylı plan əsasında yeri təyin edilmişdir. Ötən ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparılarkən istifadəsində olan torpaq sahəsinin X6 ailə üzvlərinin mülkiyyətinə verilmiş 0087 saylı planda sərhədləri göstərilmiş torpaq sahəsinə daxil olduğu aşkar edilmiş və həmin ərazidən çıxarılmışdır. Bundan sonra ölçmə aparılaraq onun ailə üzvlərinin mülkiyyətində olan 0086 saylı planda sərhədləri göstərilmiş torpaq sahəsinin koordinatları təyin edilmiş və ərazinin Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdeh torpaq sahəsinin buraxılmasını dəfələrlə tələb etməsinin və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlərinin nəticəsi olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etmyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, heç bir torpaq sahəsini zəbt etməmişdir. Ailə üzvləri ilə birlikdə İmişli rayonu Telişli kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. İmişli rayonu Telişli kəndi ərazisində islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin yeri “Torpağa mülkiyyət hüququna dair” JN-0085 saylı Dövlət aktında göstərilmiş 0085 saylı plan əsasında təyin edilmiş və torpaq sahibi kimi ona təhkim edilmişdir. İndiyədək mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən istifadə etmiş və əlavə torpaq sahəsi zəbt etməmişdir. Ona görə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçmə işlərinin nəticəsi ilə razı deyil və iddia tələbini əsassız hesab edir. İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(036)-1908/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh birgə iddiaçılar İddiaçı1, X4, İddiaçı3, X5 və İddiaçı4 ümumi mülkiyyətində olan JN 0086 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən istifadəsinə son qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 148.2, 152.5, 157.2 və 239.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bir tərəfdən X6 və ailə üzvlərinin mülkiyyətində olan 0087 saylı planda yeri təyin olunan torpaq sahəsi ilə, digər tərəfdən isə Cavabdeh (X1) ailə üzvlərinin mülkiyyətində olan 0085 saylı planda yeri təyin olunan torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı1 ilə X9 arasında 2.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı yaranmış mübahisə sonuncunun xeyrinə həll edildiyi üçün, 0086 saylı planda yeri təyin olunan İmişli rayonu Telişli kəndində yerləşən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə Cavabdeh qanunsuz sahibliyindədir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(036)-1908/2022 saylı qətnaməsi ilə torpaq mülkiyyətçisi olaraq onun və ailə üzvlərinin pay torpaq sahələri üzərində qanunla qorunan və müdafiə edilən hüququları kobud şəkildə pozulmuşdur. Ona görə də qarşı tərəf olaraq qeyd olunan qətnamədə gəlinən nəticədən razı deyil. İmişli Rayon Məhkəməsində mübahisələndirilən torpaq sahəsi ilə bağlı iddia tələbi üzrə işə baxılarkən, torpaq mülkiyyətçisi olaraq onun pay torpağı üzərində möcud olan qanuni hüquqları nəzərə alınmamışsır. 1998-ci ildən indiyədək xüsusi mülkiyyətində olan 1.90 ha pay torpaq sahəsindən çıxarılmağı barədə İmişli Rayon Məhkəməsinin qətnaməsində gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur. Belə ki, qeyd edilən pay torpaq sahəsinin onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olmasını təsdiq edən JN 0085 saylı kod 90717018 saylı 25 may 2005-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı vardır. Ona görə də iddiaçı tərəfin iddiası tamamilə əsassızdır. Məhkəmədə idda tələbi üzrə işin halları tam ətraflı və obyektiv araşdırılmamış, yalnız iddiaçı tərəfin əsassız izahatları əsasında düzgün olmayan qətnamə çıxarılmışdır. İmişli Rayon Məhkəməsinin çıxardığı qətnamə qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə razı deyildir, ekspert mübahisəli əraziyə onun iştirakı olmadan baxış keçirmişdir. Ona görə yenidən ekspertizanın keçirilməsini istəyir. Məhkəmədə iddiaçılardan İddiaçı1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin bildirdikləri həqiqəti əks etdirmir. Ekspert mübahisəli əraziyə baxış keçirəndə cavabdeh olmuşdur. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər iddiaçıların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilərək ləğv olunması xahiş olunduğundan, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edə tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehə münasibətdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş qonşu torpaq sahəsinin mülkiyyətçisi X9 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə İmişli rayonu Telişli kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. İmişli rayonu Telişli kəndi ərazisində islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə cəmi 5.88 ha torpaq sahəsi verilmiş və “Torpağa mülkiyyət hüququna dair” JN-0087 saylı Dövlət aktında göstərilmiş 0087 saylı plan əsasında yeri təyin edilmişdir. Ötən ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işləri aparılarkən 0087 saylı planda göstərilmiş 2.32 ha torpaq sahəsinin İddiaçı1 istifadəsində olduğu aşkar edilmiş və həmin ərazi geri alınmışdır. İş materiallarına əlavə edilmiş JN-0086 Kod 90717018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 27 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə birgə iddiaçılar İddiaçı1, X4, İddiaçı3, X5 və İddiaçı4 İmişli rayonu Telişli kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxalində 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0085 Kod 90717018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 27 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinə İmişli rayonu Telişli kəndi ərazisindən cizgidə göstərilən sərhəd daxalində 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli 10/3429 saylı rəyinə əsasən JN-0086 Kod 90717018 Dövılət aktı ilə birgə iddiaçıların mülkiyyətinə verilmiş 2.12 ha və JN-0085 Kod 90717018 dövlət aktı ilə cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin döngə nöqtələrinin koordinatları üst-üstə düşmür, birgə iddiaçıların mülkiyyətində olan 2.12 ha torpaq sahəsi faktiki olaraq bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, işin müəyyən olunan hallarına əsasən tərəflərə islahat aparılan zaman verilmiş pay torpaqlarının döngə nöqtələrinin koordinatları üst-üstə düşmür, birgə iddiaçıların mülkiyyətində olan 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq bütövlükdə cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(036)-1908/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-106/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-106/2023
21.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver