Məhkəmə qərarları › İş №2(106)-1063/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1063/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1063/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh1, Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair mülk iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdelər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz istifadə etdiyi torpaq sahəsinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Parça Xalac kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş 1,78 ha torpaq sahəsinin onların sahibliyinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə Salyan rayonu Parça Xalac kəndində onlara məxsus 1,78 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpağı 2010-cu ildə 15 illik heç bir müqavilə olmadan icarəyə Cavabdeh1 vermişlər. Hazırda həmin yeri Cavabdeh1 qardaşı Cavabdeh2 əkir. 15 il tamam olduğu üçün torpağı geri istəsələr də, cavabdehlər torpağı qaytarmırlar. Dəfələrlə onlara şifahi xəbədarlıq etməklərinə baxmayaraq, cavabdehlər onlara məxsus torpaq sahəsindən çıxmırlar. Özlərinə məxsus cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsini istəyirlər. Cavabdehlər torpağı zəbt etdiyi üçün ərazi nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmişlər. Odur ki, iddianın təmin olunmasını və Salyan rayonu Parça Xalac kəndində yerləşən cavabdelər Cavabdeh1Salamat oğlu, Cavabdeh2 tərəfindən zəbt olunmuş 1,78 ha torpaq sahəsinin onların sahibliyinə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçılardan İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq iddianı müdafiə etdiklərini və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçılardan İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq, işə iddiaçılardan İddiaçı3, İddiaçı4 və İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh1 bildirmişdir ki, iddia ərizəsində yazılanlar tamamilə yanlışdır.Belə ki, iddiaçılar göstərirlər ki, guya 2010-cu ildə həmin torpaq sahəsini 15 illik müqavilə olmadan onların istifadəsinə vermişdir. Faktiki olaraq ərizədə göstərilən şəxslərdən Seyrandan başqa heç bir şəxsi görməmişlər və onlarla heç bir razılaşma olmamışdır. Seyran həmin vaxt pula ehtiyacı olduğundan və ali məktəbdə oxuyan uşaqlarının təhsil haqqını ödəmək üçün torpağını satırdı. Seyran torpağı onlara 5800 (beş min səkkiz yüz) manata satmış və dövlət aktının əslini vermişdir. Hətta həmin aktın arxasında qeyd etmişdir ki, həmin torpaq sahəsini həmin qiymətə satmışdır. 2020-ci ildə həmin torpaq sahəsini ehtiyacı olduğundan qardaşı Cavabdeh2 6000 (altı min) manata satmışdır. Bildirir ki, nə İddiaçı1 həmin torpaq sahəsini Elçinə satandan sonra heç bir alqı-satqı müqaviləsi bağlamamış, nə də özü torpağı qardaşı Elşənə 6000 manata satanda alqı-satqı müqaviləsi bağlamamışdır. Eləcə də həmin torpaq sahəsini DƏDRX-dən qeydiyyatdan keçirməmiş və çıxarış da almamışdır. Həmin torpaq sahəsinin nə qədər çətin olsa da, insanlıq naminə yenidən Seyrana və onun ailə üzvlərinə qaytaracağına razıdır. Lakin son halda həmin torpaq sahəsini satdığı 6000 (altı min) manat pulu qaytarandan sonra torpaqlarını qaytara bilər. Torpağı 2010-ci ildə alandan sonra torpaq sahəsini münbit hala salmaqdan ötrü xeyli işlər görmüş hər hrktarına 300 manatdan olmaqla lazerlə torpağı düzəltmiş və torpaq sahəsi üzərində zəruri kanallar qazdırmaqla xeyli işlər görmüşdür. Əgər Seyran xərclədiyi pulu qaytarmaqdan imtina etsə və torpağı tələb etsə, o da dəymiş ziyanla bağlı haqqını tələb edəcəkdir. Odur ki, iddianın əsassız və ədalətsiz olduğunu bildirərək, həmin iddianı qəbul etmir və iddiaya qarşı öz etirazını bildirmişdir. İddiaçı1 Əflarun oğlunun ondan aldığı 5800 (beş min səkkiz yüz) manat və onun sonradan həmin torpaq sahəsini 6000 (altı min) manata satdığını nəzərə alaraq, həmin 6000 manat pulu onlara qaytaracağı halda torpaq sahəsini iddiaçılara qaytarılmasına tam razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh2 da Cavabdeh1 dediklərini bir daha təsdiq edərək, ona dəymiş ziyan ödənildikdən sonra torpağın qaytarılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat: Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsi ilə (Hakim: Vəsilə Əliyeva) iddia tələbinin təmin edilməsi, cavabdelər Cavabdeh1 Səlamat oğlu və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus Salyan rayonu Parça Xalac kəndində yerləşən 1,78 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 özünə məxsus 1,78 ha torpaq sahəsini onun qardaşı Elçinə 2010-cu ildə 5800 manata satmış, lakin aralarında müqavilə bağlanmamışdır. Daha sonra qardaşı Elçin həmin torpağı 6000 manata ona satmışdır. O, vicdanlı əldə edəndir, pulunu verib torpaq almışdır və uzun illərdir ki, istifadə edir. Lakin iddiaçı qanunsuz olaraq torpağı tələb edir. İddiaçı ona verdikləri pulu qaytararsa və torpağın yaxşılaşdırılması üçün çəkdikləri xərcləri ödəyərsə, onlar da torpağı ona qaytararlar. Lakin iddiaçı pulu da ödəmək istəmir və əsassız varlanmaq istəyir. Məhkəmə həmin halları araşdırmamışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur. İddiaçı izahatında göstərir ki, həqiqətən, torpağı 2010-cu ildə Cavabdeh1 vermişdir, təbii ki İddiaçı1 pul qarşılığında torpağı vermişdir, yəni alğı-satqı şifahi şəkildə olmuşdur. 2010-cu ildən hazırkı vaxta kimi 15 il müddət keçmişdir, necə olur ki Seyran həmin torpağı 15 ildir ki, tələb etmirdi, buradan aydın olur ki, qardaşı Elçin və o vicdanlı alıcıdırlar və həqiqətən də Seyran torpağı onlara satmışdır. Sadəcə, hazırda qanunsuz olaraq torpağı tələb edir. Məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Sübutlar düzgün araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə araşdırması ədalətli aparılmamışdır. Məhkəmə onun vicdanlı əldə edən olmağını, pulu verərək torpaq sahəsi almağını, uzun illər istifadə etməyini və iddiaçının da torpağı onlara özünün verməsini qeyd etməsini aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən torpaq sahəsinin qaytarılmasının əsasları sübuta yetirilməmişdir. Nəticə işin hallarına uyğun deyildir. O, pulunu vermiş və torpaq almışdır, vicdanlı əldə edəndir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı1 məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı4 məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, İddiaçı1 tələb etdiyi torpaq sahəsi başqa şəxslərə məxsusdur. Dövlət aktında da göründüyü kimi, İddiaçı1 tələb etdiyi torpaq sahəsi ona məxsus deyildir. Odur ki, iş üzrə ekspertiza təyin etməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3 və digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü hissəyə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayətində iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarında olan Azərbaycan Respublikası KOD 80912048 J№ 0078 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə Salyan rayonu Parça Xalac kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 1,78 ha pay torpaq sahəsi verilmişdir. 2011-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı1 məxsus olan torpağın (1,78 ha) Cavabdeh1 satılması qeyd olunmuşdur. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 09 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Salyan rayonu Parça Xalac kəndində 1,78 ha pay torpaq sahəsi verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsindən heç bir hüquqi əsas, yəni nə icarə, nə də alqı-satqı müqaviləsi olmadan istifadə etmiş, hazırda həmin torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, tərəflər arasında torpaq sahəsinin verilməsi ilə bağlı heç bir rəsmi müqavilə - nə alqı-satqı, nə də icarə müqaviləsi olmadığından, cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasla rəsmiləşdirilmədiyindən, onların iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi qanunsuz sayılır və nəticədə iddiaçıların mülkiyyət hüquqları pozulmuş olur. Bu səbəbdən də iddiaçıların torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün cavabdehlər mübahisəli torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. İş materiallarında təqdim olunan yazılı sənəddə torpaq sahəsinin satılması ilə bağlı müəyyən qeydlər yer alsa da, həmin sənəd mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Torpaq sahəsinin alqı-satqısı Mülki Məcəlləyə uyğun olaraq notarial qaydada təsdiqlənmiş müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə rəsmiləşdirilməlidir. Həmçinin qeyd edilməlidir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Bu səbəbdən təqdim edilən sənəd cavabdehlərin torpaq sahəsinə dair mülkiyyət və ya istifadə hüququnu təsdiq edən əsas hesab edilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, İddiaçı1 tələb etdiyi torpaq sahəsi başqa şəxslərə məxsusdur. Dövlət aktında da göründüyü kimi, İddiaçı1 tələb etdiyi torpaq sahəsi ona məxsus deyildir. Odur ki, iş üzrə ekspertiza təyin etməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etsə də, bu barədə vəsatətlə müraciət etməmişdir. Hazırkı halda işin təxirə salınması və ekspertiza təyin olunması barədə vəsatət işin baxılmasının yubadılmasına xidmət etdiyindən təmin edilə bilməz. Kollegiya həmçinin diqqətə çatdırır ki, cavabdehlər torpaq sahəsini pul müqabilində aldıqlarını və yaxşılaşdırma işlərini apardıqlarını göstərmişlər. Cavabdehlərə izah olunur ki, onların iddiaçılara qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-nin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-655/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar