Məhkəmə qərarları › İş №2(106)-1064/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1064/2023

18.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1064/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, İddiaçı iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və evə dair sənədləşmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin vəsiyyət üzrə vərəsəlik qaydasında onun adına rəsmiləşdirilməsi (vərəsəlik şəhadətnaməsinin verilməsi) üçün həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin olunması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti struktur qurumunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, evə aid torpaq sahəsinə və dükana baxış keçirilməsinə, ölçmə və s. işlərinin aparılmasına, həmçinin onun həmin əmlaklardan istifadə etməsinə hər hansı formada maneə və ya müdaxilə edilməsi (qapının açılmaması, şərait yaradılmaması və s.) Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Babaşov X1 şəhəri, İ.İsgəndərov küçəsi ev 28-də yerləşən 1995-ci ildə tənha yaşadığı 27 kv.m otağı, həmin evin eyvanını və həmin tənha yaşadığı 27 kv.m otağı həmin evin eyvanını və həmin otağa birləşik olan kiçik dükanı bütün avadanlığı ilə birlikdə ona (iddiaçıya) ümumi sahəsi 57 kv.m olan otaqları və 28 kv.m sahəsi olan dükanı oğlu Aydına verilməsini vəsiyyət etmişdir. Lakin mərhum anası xx.xx.1944-cü il təvəllüdlü Babaşova Cəmilə Ağabala qızının vəfatından sonra miras kimi qalan 599,54 kv.m həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi qeydiyyatdan keçirilməmişdir. Vərəsəlik işinin açılması ilə əlaqədar 599,54 kv.m həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin DƏDRX-də qeydiyyatdan keçirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tələb olunur. O, 599.54 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi idarəsinə müraciət etmiş, mütəxəssislər fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə qeyd olunan ünvana getmişlər. Lakin cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına, həmçinin onun həmin əmlaklardan istifadə etməsinə imkan verilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, vərəsəlik işini açdıra bilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 09 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanını, 27 kv.m. sahədən ibarət otağını və həmin otağa birləşən bütün avadanlıqları ilə birlikdə dükanı vəsiyyət üzrə vərəsəlik qaydasında İddiaçı adına rəsmiləşdirilməsi üçün (vərəsəlik şəhadətnaməsinin verilməsi) həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin olunması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti struktur qurumunun mütəxəssislərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, evə aid torpaq sahəsinə və dükana baxış keçirilməsinə, ölçmə və s. işlərinin aparılmasına, həmçinin onun həmin əmlaklardan istifadə etməsinə hər hansı formada maneə və ya müdaxilə edilməsinin (qapının açılmaması, şərait yaradılmaması və s.) Cavabdeh qadağan edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya cavabdehin faktiki ünvanı məlum olmasına baxmayaraq, iddiaçı iddia ərizəsində cavabdehin faktiki ünvanını qeyd etməməklə Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinin əsas prinsiplərindən biri olan çəkişmə prinsipini, yəni Azərbaycan Respublikasının MPM-nin 1.3 və 9-cu maddələrini kobudcasına pozmuşdur. Cavabdehin məhkəmə iclası barədə məlumatı olmamışdır. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, iddiaçıdan əlavə 3 övladı- varisi Cavabdeh, X5 və X4 vardır. DƏDRX-nin 13 saylı Ərazi İdarəsi sözügedən ünvana baxış keçirilməsi məqsədilə nə qeydiyyat ünvanına, də faktiki ünvanına, nə də mobil nömrəsinə rəsmi qaydada heç bir bildiriş, SMS gəlməmiş və göndərilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya məhkəməsi iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Babaşov X1 şəhəri, İ.İsgəndərov küçəsi ev 28-də yerləşən 1995-ci ildən tənha yaşadığı 27 kv.m otağı, həmin evin eyvanını və otağa birləşik olan kiçik dükanı bütün avadanlığı ilə birlikdə qızı Təranəyə, ümumi sahəsi 57 kv.m olan otaqları və 28 kv.m sahəsi olan dükanı oğlu Aydına verilməsini vəsiyyət etmişdir. İddiaçı, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası Babaşov Oktay Adışirin oğlu tərəfindən ona vəsiyyət olunmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanını, 27 kv.m. sahədən ibarət otağını və həmin otağa birləşən bütün avadanlıqları ilə birlikdə dükanı vəsiyyət üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi üçün (vərəsəlik şəhadətnaməsinin alınması) ilk növbədə həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, yerində ölçmə işləri aparmaq məqsədilə mütəxəssislərin torpaq və fərdi yaşayış evinə baxış keçirilməsinə cavabdeh imkan verməmişdir. İddiaçı atasından miras qalmış daşınmaz əmlak üzrə ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı mülkiyyətə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh tərəf etirazında və apellyasiya şikayətində ölçmə işlərinin aparılmasına hər hansı maneə törətmədiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. İddiaçının atasının əmlakını ona vəsiyyət etdiyi təsdiqini tapmışdır. Bu baxımdan hazırkı tələblə müraciət edilməsində iddiaçının subyektiv hüququ vardır. Bundan başqa, ölçü işlərinin aparılması miras əmlaka hüquqların müəyyən edilməsi, yaxud kiminsə miras əmlakdakı paydan məhrum edilməsi kimi qiymətləndirilməməlidir. Bu işlərin həyata keçirilməsi cavabdehin də hüquqlarının həyata keçirilməsinə maneə deyildir. Beləliklə, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. Qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(056)-1180/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar