Məhkəmə qərarları › İş №2(106)-1073/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1073/2023

19.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1073/2023 19.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən iddiaçılara düşən payın müəyyən edilərək onların verilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-320/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 mart 2021-ci il tarixli, **********24, **********25 saylı çıxarışlar əsasında 1,471 hektar və 4,2125 hektar torpaq sahələrindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 düşən pay hissəsinin müəyyən edilərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılardan İddiaçı1 bütün iddiaçıların adından tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh atası, İddiaçı2 anası, İddiaçı3 bacısıdır. Atası ilə anası 09 yanvar 1997-ci ildə boşanmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 11 mart 2021-ci il tarixli, **********24 və **********25 saylı çıxarışlar verilmişdir. Həmin çıxarışlar üzrə 1,471 hektar və 4,2125 hektar torpaq sahələri xüsusi mülkiyyətlərinə verilmişdir. Atası ilə anası boşanandan sonra iddiaçılar ayrı təsərrüfatda yaşamışlar. Uzun illərdir ki, cavabdeh olan atası ailə üzvlərinə verilən torpaq sahəsindən istifadə edir. Dəfələrlə cavabdehlə danışıb onların payına düşən torpaq sahəsini qaytarmasını tələb etsələr də, cavabdeh bununla razılaşmamışdır. Ona görə də iddiaçılar məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Salyan Rayon Məhkəməsinin 2(057)-320/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Muradağa Qasımov) iddia təmin edilmiş, Salyan rayonu, Dayıkənd kəndində yerləşən, reyestr nömrəsi **********24 olan, ümumi sahəsi 1,1471 ha olan torpaq sahəsi üzrə iddiaçıların hər birinin payı 0,7 ha, həmin kənddə yerləşən, ümumi sahəsi 4,2125 ha olan, reyestr nömrəsi **********25 olan, ümumi sahəsi üzrə 1,147 ha olan torpaq sahəsi üzrə isə iddiaçıların hər birinin payının 0,191 ha müəyyən edilməsi, Cavabdeh qanunsuz istifadəsində olan iddiaçılara məxsus payların cavabdehdən alınaraq iddiaçılara qaytarılması, iddiaçıların paylarına uyğun torpaq sahələrinin natura bölünməsinin mülki işin 49-cu vərəqəsində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyevin tərtib etdiyi torpaq sahəsinin bölgü planına uyğun aparılması, mütəxəssis rəyinin və yerquruluşu planının verilməsi üçün ödənilmiş 139 manat xidmət haqqının cavabdehə aid edilməsi, Cavabdeh 139 manatın tutularaq İddiaçı1 verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh aid edilməsi və ondan tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 2(057)-320/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə onun hüquqlarına və qanunvericiliyə ziddir. AN-İ ******* nömrəli, xx.xx.2016-cı il tarixli və AN-İ ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən iddiaçılar onlara məxsus pay torpağını X2. Belə ki, İddiaçı2 ilə nikahı pozulduqdan sonra onun tələbi ilə pay torpağı bölünmüş və iddiaçılara düşən hissəni onlar yuxarıda qeyd edilən müqavilələr əsasında satmışlar. Hal-hazırda yenidən onların bu torpaqları tələb etməsi qanuna və hüquqaziddir. Hazırkı vəziyyətdə iki yerdə mülkiyyət əldə etmiş və cavabdehin adı olmayan aktda olan torpaq sahəsini satdıqdan sonra bu saxtakarlığın ortaya çıxmayacağını düşünən iddiaçıların haqqı olmayan torpaq sahəsini tələb etmələri özbaşınalıqdır. Qanun islahatlar zamanı 1 nəfərə 1 pay müəyyən etmişdir. Ayrı-ayrı yerlərdə dövlətin təsis etdiyi islahat komissiyalarını aldatmaqla iki pay almış iddiaçılar hazırda cavabdehdən torpaq sahəsi tələb edə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin etirazının əsası iddiaçıların – islahat komissiyalarını aldatmaqla iki pay torpağı almış şəxslərin qanunsuz tələbinin əsasının olmamasını sübuta yetirmişdir ki, alğı-satqı müqavilələri bunu təsdiq edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, cavabdehlə 1997-ci ildə boşanmışdır. Onların boşanması ölkədə torpaq islahatlarının həyata keçirilməsi ilə eyni dövrə təsadüf edir. Bu səbəbdən də, həqiqətən də, o və digər iddiaçılar həm atasının ailə üzvü kimi, həm də cavabdehin ailə üzvü kimi qeydiyyata alınmış, onlara 2 fərqli yerdə torpaq sahəsi verilmişdir. Həqiqətən də, atasına və digər ailə üzvlərinə məxsus olan torpaq sahələri 16 noyabr 2016-cı il tarixli alğı-satqı müqavilələri əsasında X1. Lakin cavabdehin və onların ümumi birgə mülkiyyətində olan torpaq sahələri satılmamışdır. Həmin torpaq sahələri tamamilə fərqli torpaq sahələridir. Həmçinin, cavabdehin apellyasiya şikayətində onların ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin bölünməsi, iddiaçıların da məhz həmin torpaq sahələrini satması ilə bağlı bildirdikləri tamamilə əsassızdır. 12 mart 2021-ci il tarixli Çıxarışlardan da göründüyü kimi, hazırkı iş üzrə mübahisəli torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında onların adına qeydə alınmışdır. Əgər torpaq sahələri üzrə hər hansı bölgü həyata keçirilmiş olsaydı, torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququ qeydə alına bilməzdi. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddiaçıların islahat komissiyalarını aldatmaqla 2 fərqli yerdə torpaq payı aldıqlarını bildirsə də, o, komissiyaların qərarını mübahisələndirməmişdir. İslahat komissiyalarının iddiaçılara 2 fərqli yerdə torpaq payı ayırması cavabdehə onların da ümumi birgə mülkiyyətində olan torpaq sahəsini mənimsəməyə əsas vermir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməməsini və işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh teleqrama məhkəmə iclasında həqiqətən üzrlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən hər hansı mötəbər sübut əlavə etməmişdir. Odur ki, məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki İİ-JQ 295116 seriya nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 09 yanvar 1997-ci ildə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Əhmədov, qadına Abdullayeva soyadı verilmişdir. İşdəki **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Salyan rayonunun Dayıkənd kəndində yerləşən 1,1471 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X5, İddiaçı2, İddiaçı1, X6 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Salyan rayonunun Dayıkənd kəndində yerləşən 4,2125 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, İddiaçı2, İddiaçı1, İddiaçı3, X5 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin 29 aprel 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, reyestr nömrəsi **********24 olan Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 4,2 ha pay torpaq sahəsinin texniki cəhətdən hər birinə 0,7 ha olmaqla 6 bərabər hissəyə, digər reyestr nömrəsi **********25 olan Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 1,147 ha pay torpaq sahəsinin texniki cəhətdən hər birinə 0,191 ha olmaqla 6 bərabər hissəyə bölünməsi təklif olunur (4,2 ha və 1,147 ha torpaq sahələrinin bölgü sxemi yerquruluşu planında göstərilmişdir). İşdəki 16 avqust 2022-ci il tarixli, 10/4254 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyini və rəyə əlavə edilmiş yerquruluşu planında göstərilənləri nəzərə alaraq, reyestr nömrəsi **********24 olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 4,2 ha pay torpaq sahəsini texniki cəhətdən hər birinə 0,7 ha olmaqla 6 bərabər hissəyə, digər reyestr nömrəsi **********25 olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 1,147 ha pay torpaq sahəsini texniki cəhətdən hər birinə 0,191 ha olmaqla 6 bərabər hissəyə bölünməsinin naturada mümkün olduğu müəyyən edilir. Torpaq sahəsinin bölgü sxemi iş materiallarında olan (səhifə 49) yerquruluşu planında göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********44 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən 0,5678 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2, X12, X9, X4, X7 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, RX ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən 4,447168 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2, X12, X9, X4, X7 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı2, X12, X9, X4, X7 və X3 mülkiyyətində olan Salyan rayonunun Seyidsadıqlı kəndində yerləşən 0,5678 ha və 4,447168 ha torpaq sahələri 16 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələri əsasında X1. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçılar Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 mart 2021-ci il tarixli, **********24, **********25 reyestr nömrəli çıxarışlar əsasında onların və cavabdehin ümumi birgə mülkiyyətində olan 1,471 hektar və 4,2125 hektar torpaq sahələrindən iddiaçılara düşən pay hissəsinin müəyyən edilərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi müvafiq olaraq ümumi birgə mülkiyyətçilərin hər birinin payının 0,191 ha və 0,7 ha şəklində müəyyən edilməsi nəticəsinə gəlmiş, cavabdehin istifadəsində olan iddiaçılara məxsus payların cavabdehdən alınaraq iddiaçılara qaytarılması, iddiaçıların paylarına uyğun torpaq sahələrinin natura bölünməsinin mülki işin 49-cu vərəqəsində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyevin tərtib etdiyi torpaq sahəsinin bölgü planına uyğun aparılmasını qət etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin yeganə dəlili kimi ona istinad etmişdir ki, iddiaçılar islahat komissiyalarını aldatmaqla iki yerdə pay torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişlər, həmçinin, cavabdehlə İddiaçı2 nikahı pozulduqdan sonra onun tələbi ilə pay torpağı bölünmüş və iddiaçılara düşən hissəni onlar alğı-satqı müqavilələri əsasında satmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayan məhkəmə kollegiyası bildirir ki, cavabdehlə İddiaçı2 nikahı 09 yanvar 1997-ci ildə pozulsa da, nikah pozulduqdan sonra onların ümumi birgə mülkiyyətində olan əmlakın bölünməsi iş materialları ilə öz təsdiqini tapmır. Cavabdeh apellyasiya şikayətində qeyd edilən hala istinad etsə də, həmin halın təsdiqi üçün mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halların təsdiqi üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* və RX ******* seriya nömrəli çıxarışları təqdim etmiş, iddiaçıların həmin çıxarışlarla mülkiyyətində olan torpaq sahələrini satdıqlarını və hazırda torpaq payı tələblərinin tamamilə əsassız olduğunu qeyd etmişdir. İddiaçı2 apellyasiya məhkəməsinin iclasında iştirak edən zaman qeyd edilən torpaq sahələrinin atası X3 və onun ailə üzvlərinin (eləcə də, iddiaçıların) mülkiyyətinə verilmiş torpaq sahələri olduğunu qeyd etmiş, həmin torpaq sahələrinin hazırda mübahisə predmeti olan torpaq sahələri ilə hər hansı əlaqəsinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, həqiqətən də, iddiaçıların hazırda ümumi birgə mülkiyyətdə olan və üzərində paylarının müəyyən edilərək onlara verilməsini tələb etdikləri torpaq sahələrinin onlar tərəfindən 16 noyabr 2016-cı il tarixində daşınmaz əmlakın alğı-satqı müqavilələri əsasında satılmış torpaq sahələri ilə hər hansı əlaqəsi yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri faktiki olaraq **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda və **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda Salyan rayonunun Dayıkənd kəndində yerləşən müvafiq olaraq 1,1471 ha və 4,2125 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri sırasında iddiaçıların adının qeyd edilməsinin qanunsuz olması ilə əlaqədardır. Lakin cavabdeh tərəfindən sözügedən Çıxarışlar mübahisələndirilməmiş, iddiaçıların həmin torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasının əsassızlığı ilə bağlı məhkəməyə müstəqil şəkildə müraciət olunmamışdır. Hazırkı halda isə iddiaçıların qeyd edilən çıxarışlar əsasında mübahisəli torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri sırasında olmasının mübahisələndirilməsi məhkəmə baxışının predmetinə aid deyil. **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla və **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçılar Salyan rayonunun Dayıkənd kəndində yerləşən müvafiq olaraq 1,1471 ha və 4,2125 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri sırasında olduqlarına görə isə iddiaçıların tələbi əsaslıdır, iş üzrə keçirilmiş ekspertiza nəticəsində də həmin torpaq sahələrinin naturada bölünməsinin mümkünlüyü müəyyən edilmiş və birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. MM-in 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin cavabdehə aid edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-320/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-320/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar