Məhkəmə qərarları › İş №2(106)-1076/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1076/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1076/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İB Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh mənzilində istifadə etdiyi təbii qaza görə Kürdəmir Xidmət Sahəsinə 3113 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Onu da qeyd edirlər ki, abonent Cavabdeh hər ay bildiriş almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azəbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir, lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********01830 kodlu abonent saldosunda əks olunaraq əksini tapmışdır. Azəribaycan Respublikasının Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatın yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri tam ödənilməlidir. Ona görə də cavabdeh Kürdəmir rayonu Sığırlı kəndində yaşayan İddiaçı struktur vahidi olan Ağsu regional Qaz İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti Cavabdeh 3113 manat əsas borc, dövlət rüsumuna görə 51.13 manat olmaqla cəmi 3164.13 manatın İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsi ilə (Hakim: Rahid Mehdiyev) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh borca görə 3113 manat, dövlət rüsumuna görə 51.13 manat olmaqla cəmi 3164.13 (üç min yüz altmış dörd manat on üç qəpik) manat İddiaçı xeyrinə tutulsun qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 saylı qətnaməsi ilə İddiaçı İB-nin ona qarşı olan iddiası təmin edilmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi tamamilə əsassız qətnamədir. Belə ki, iş üzrə məhkəmə iclasına çağırılmalı olduğu halda onu məhkəmə iclasına çağırmamış, istehlakçı kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə mübahisə olduğu halda mübahisəni araşdırmamış, araşdırmağa cəhd etməmişdir. Bu isə əsassız qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Göründüyü kimi, onun hüquqları nməhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə onun hüquqlarının bərpası əvəzinə əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəmənin onu prosesə dəvət etməməsi bütün faktiki halların araşdırılmamasına səbəb olmuşdur. Belə ki, o heç bir sənədə imza etməmişdir. Məhkəmə tərəfindən araşdırılmalı olan hallar araşdırılmamış, sübutlarının təqdim olunmasına cəhd göstərilməmişdir. Məhkəmə tərəfindən prosesə dəvət olunmadığı üçün sübutlarını təqdim edə bilməmişdir. Qətnamənin ləğv olunmasını, iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(041)-1436/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Cavabdeh apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı, kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılmasını məqsədəuyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi 3113 manat debitor borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabehin debitor borcu 3113 manat deyil, 2.60 manatdır. 3110.40 manat isə xx.xx.2024-cü il tarixli, ******* saylı akta əsasən hesablanmışdır. Bu hal iş materialları ilə də təsdiq olunur. Göründüyü kimi, iddiaçı ərizəsində əsaslandırmasa da, işin hallarından görünür ki, iddiaçının tələb etdiyi borcun az hissəsi qazdan istifadəyə görə yaranmış debitor borcu, çoxhissəsi akt üzrə itirilmiş sərfiyyata görə hesablanmış borc məbləğidir. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Cavabdeh abonent saldosuna İddiaçı işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3110.40 manat cərimə əlavə edilmişdir. Lakin Cavabdeh evində qazpaylayıcı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) təbii qazın talanması dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Təbii qazın talanmasına görə şəxsdən pul tələb edilməsi üçün ilk növbədə talama hadisəsi cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün İddiaçı təbii qazın talanması ilə əlaqədar Cavabdeh cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, Cavabdeh təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Qeyd olunan hallar müəyyən edilmir. Bundan başqa, İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayəti verilməsi üçün tələb olunan 1 aylıq müddəti ötürdüyünü göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan qəbzdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada təqdim edilmiş, cavabdeh isə 30 may 2025-ci il tarixdə, yəni 1 aylıq şikayət vermə müddəti ötürülmədən apellyasiya şikayəti vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 3110.40 manat hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 2.60 manat debitor borc alınaraq X1 xeyrinə ödənilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası MPM-nə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1436/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş 3110.40 manat hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 2.60 manat debitor borc alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar