Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1082/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X8 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X12 oğlunun katibliyi ilə, İddiaçılar Quliyeva (Misirova) Bahar Vəli qızının və İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar Quliyeva (Misirova) Bahar Vəli qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsindən iddiaçıların nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nigah dövründə tikilmiş evin təmirinə xərclənmiş vəsaitin alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə atası Cavabdeh2 adına qeydiyyata alınmış evdə əsaslı təmir və bərpa işlərinə xərclənmiş xərclərin müəyyən edilməsi və həmin məbləğin, 50 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onların xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunanlarla yanaşı, Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış ev üzərində ½ hissədə pay hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı2 xeyrinə 4798 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul vəsaitinin tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi və iş üzrə ekspertə ödənilməli olan 50 manat pul vəsaitinin 25 manat hissəsinin Cavabdeh2, qalan 25 manat hissəsinin isə İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçıların nümayəndəsi vəkil Nümayəndə Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin təmin edilməyən hissədə dəyişdirilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçılar Quliyeva (Misirova) Bahar Vəli qızı və İddiaçı2 iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə nikah dövründə yaşadığı evdə əsaslı tikinti və bərpa işləri görmüşlər. Həmin işlərin pulunu İddiaçı2 ödəmişdir. Bunu hər kəs təsdiq edə bilər. O, həmin evi anası ilə təmir etdirib ki, ailəsi və uşaqları ilə birgə yaşayır. Lakin onların nikahları pozulduqdan sonra onu və uşaqların həmin evdən çıxarmağa cəhd edirlər. Hətta Füzuli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə onun həmin mənzildən çıxarılması qət edilmişdir. Hesab edir ki, çəkilmiş xərclər müəyyən etməli və onlara qaytarılması barədə qətnamə çıxarılmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçıların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə nikah dövründə yaşadığı evdə əsaslı tikinti və bərpa işləri görmüşlər. Həmin işlərin pulunu Baharın anası İddiaçı2 ödəmişdir. Bunu hər kəs təsdiq edə bilər. O, həmin evi anası ilə təmir etdirdi ki, ailəsi və uşaqları ilə birgə həmin evdə yaşayır. Lakin nikahları pozulduqdan sonra cavabdeh onu və uşaqlarını həmin evdən çıxarmağa cəhd edirlər. Baharın keçmiş əri Cavabdeh1la digər Cavabdeh2 razılığı ilə onun Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 adına qeydiyyata alınmış evdə uzun müddət yaşamışlar. Həmin evdə tam şərait olmadığına görə müəyyən təmir və bərpa işləri aparılmışdır. Cavabdehlərin maddi vəziyyətləri qənaətbəxş olmadığından Cavabdeh2 razılığı ilə iddiaçılar da həmin evdə bəzi təmir-tikinti işlərinin aparılmasına, o cümlədən su, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, pəncərələrə dəmir barmaqlıqların vurulması, hasarın çəkilməsi və sair işlərə köməklik göstərərək 10000 manata yaxın vəsait xərcləmişdir. Bahar boşandığından və məhkəmə qətnaməsi ilə qızının uşaqları ilə birlikdə evdən çıxarılmaları qət edildiyindən o, çəkilmiş xərclərin geri qaytarılmasını tələb edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli 10/7883 saylı ekspert rəyində qeyd edilmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən iddia predmeti olan evə artırılmış 12x4 metr ölçüdə zalın, 5x5 metr ölçüdə otağın və 3x2,5 metr ölçüdə mətbəxin tikinti və təmiri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 13502 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Füzuli rayonu Kürdmahmudlu kənd sakini X1 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus olan evin elektrik işini o, görmüşdür, zəhmət haqqını qudası İddiaçı2 ödəmişdir. İşdə olan Füzuli rayonu Horadiz kənd sakini X3 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus evdə inşaat işləri, hörgü, suvaq, pol, tavan, dam örtüyü işləri aparmışdır. Zəhmət haqqını 3200 manat Yaşarın qudası İddiaçı2 vermişdir. Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin evə əlavə olunmuş tikililərin hamısını Cavabdeh2 tikdirmiş, həm ustaların pulunu, həm də materialın pulunu özü ödəmişdir. İddiaçı tərəf heç bir sübut təqdim etmədiyi halda, hakim sadəcə iddiaçı tərəfin qeyri-dəqiq və həqiqətə uyğun olmayan fikirləri əsasında qətnamə çıxarmışdır. Hesab edir ki, iş üçün əhəmiyyətli olan heç bir hal sübut edilməmiş, bu barədə hər hansı dəllillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində göstərilmiş nəticə işin həqiqi hallarına uyğun deyil. Məhkəmə işi hərtərəfli və düzgün araşdırmamış, sübutları nəzərə almamışdır. Belə ki, iş üzrə qarşı tərəfdən təqdim edilmiş şahidlər dindirilməsinə və onların hamısının həmin evin təmirinə, həm mal-materiala, həm də ustalara pulun onun tərəfindən verilməsinin deyilməsinə baxmayaraq hakim şahid ifadələrini qətnamədə göstərməmişdir. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli evin pəncərəsinə dəmir barmaqlıqların vurulması və su, kanalizasiya, elektrik xətlərinin çəkilməsindən əlavə döşəmə, tavan, sallamanın təmir edilməsini şəxsən öz vəsaiti hesabına həyata keçirmiş, ustalara pulu şəxsən özü vermişdir. Evdə təmir işləri aparmış usta Nurəddin Quliyev özü şəxsən birinci instansiya məhkəməsi zamanı şahid kimi ifadə vermişdir. Bundan əlavə, evin təmiri üçün həyətə iki maşın daş gətirsə də, həmin daşlar Cavabdeh1 tərəfindən satılmışdır. Özü həyat yoldaşı ilə işləmiş, alverlə məşğul olmuş və qazanc əldə etmişdir. Təmirə xərclənən vəsaitlər həmin qazanc hesabına başa gəlmişdir. İddiaçı Quliyeva (Misirova) Bahar Vəli qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2009-cu ildə Cahidlə ailə həyatı qurmuş, mübahisəli evə gəlin köçmüşdür. 2 övladı orada dünyaya gəlmişdir. 2009-dan 2014-ü ilədək həmin evdə qalmışdır. O, evə gəlin gələn zaman ev 1 otaqlı idi. Evin yalnız üstü örtülü idi və aynabəndi klonka ilə bağlanmışdı. Evin ayaqyolusu belə yox idi. Sonradan hamam, ayaqyolu və əlavə tikili tikməyə başlamışlar. O zamanlar qaynı ailə quracaq və həmin evə köçəcəkdi, lakin qayınatası Yaşar evi təmir edib orada bizim qalabiləcəyimizi bildirmişdir. Həmin evin təmirinə çəkilən xərcləri anası İddiaçı2 qarşılamış, tikinti materiallarını anası öz vəsaiti hesabına almışdır. Orada su kanalı yoxdur və su xəttini özləri çəkdirmiş, Cahidlə boşandıqdan sonra iki plastik pəncərə qoydurmuşdur. Turbaların gətirilməsi işini də anası görmüş, lakin bunlar iddia ərizəsində qeyd edilməmişdir. 2014-cü ildə həmin evdə təmir-tikinti işlərinin aparılmasına başlanılmışdır. Təmirdən sonra tam şəkildə oraya köçmüşdür. Həmin evdə ona yaşamaq hüququ verən məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilmiş, lakin hələ də həmin evdə yaşayır. Özü məcburi köçkün deyildir. Cavabdeh2 nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı İddiaçı2 “evin təmirinə xərclənən vəsaiti haradan əldə etmisiniz?” deyə sual vermiş, sonuncu isə cavabında bankdan kredit götürdüyünü bildirmişdir. Daha sonra “hansı bankdan kredit götürmüşünüz?” deyə soruşduqda, pulu həyat yoldaşının verdiyini, borc aldıqlarını qeyd etmişdir. Borcun kimdən alınması barədə növbəti soruşulan sual cavabsız qalmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində xərclərin nə vaxt qoyulması da öz əksini tapmamışdır. Cavabdeh2 mağaza işlədən şəxsdir. Evin bütöv təmir edilməsi üçün yaxşı maddi imkana malik olmadığı üçün evin təmirini hissəvi şəkildə, uzun müddət ərzində aparmışdır. Təmir işləri 2009-cu ildən bəri aparılmışdır. Şahidlərin ifadələrinə əsasən evin təmiri 2013-cü ildə yekunlaşmışdır. Dəmir barmaqlıqlar 2015-ci ildə sonradan qoyulmuşdur və İddiaçı2 200 manat xərc çəkməsini, habelə su xəttinin çəkilməsi üçün təxminən 150 manat xərc çəkməsini etiraf edirlər. Qeyd etmək lazımdır ki, Norveç şirkəti evi tikərək Cavabdeh2 vermiş, o da öz növbəsində evi oğlu və gəlininə müvəqqəti yaşamaq üçün vermişdir. Cavabdehlər ilkin olaraq ən pis halda 4000 manat məbləğində pulu iddiaçıya ödəməyə razılıq vermişlər, lakin onlar bu dəfə 13000 manat məbləğində pul istəmişlər və razılıq əldə olunmamışdır. İş üzrə yeganə sübut şahid ifadələridir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı tərəfin bildirdikləri tamamilə yalandır və ustaları özü gətirmişdir. Evin bünövrəsini özü qazdırmış və betonunu da tökdürmüşdür. İddiaçılar öz vəsaiti hesabına təkcə dəmir barmaqlıqların və su xəttinin çəkilməsi işini həyata keçirmişlər. Evin təmirini özü həyata keçirmiş və İddiaçı1 evə hazır şəkildə köçmüşdür. Özü isə ata evi dağılmışdı deyə qardaşı Maksimin evində qalmağa məcbur olmuşdur. 2013-cü ilədək evi tikmiş və oğlu ilə gəlininə yeni ev alanadək burada qala biləcəklərini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, dəmir barmaqlıqların, su və işıq xəttinin çəkilməsi işini iddiaçılar həyata keçirmişlər. Digər bütün işləri, habelə hasarın çəkilməsini atası öz vəsaiti hesabına icra etmişdir. Usta Nurəddinin qardaşı Rafael hasarı özü çəkmiş və hörgü işləri görmüşdür. Nurəddin isə təkcə evin üstünü vurmuşdur və xidmət haqqı olaraq 800 manat məbləğində pulu ona atası vermişdir. Rafaelə isə nə qədər pul verdiklərini xatırlamır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı və Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 10/7883 saylı ekspert rəyində qeyd edilmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən iddia predmeti olan evə artırılmış 12x4 metr ölçüdə zalın, 5x5 metr ölçüdə otağın və 3x2,5 metr ölçüdə mətbəxin tikinti və təmiri üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 13502 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğ təşkil edir. İşdə olan Füzuli rayonu Kürdmahmudlu kənd sakini X2 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu, Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus olan evin elektrik işini o, görmüşdür, zəhmət haqqını qudası İddiaçı2 ödəmişdir. İşdə olan Füzuli rayonu Horadiz kənd sakini X3 notarial qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Füzuli rayonu Kürdmahmudlu kəndində yerləşən Cavabdeh2 məxsus evdə inşaat işləri, hörgü, suvaq, pol, tavan, dam örtüyü işləri aparmışdır. Zəhmət haqqını 3200 manat Yaşarın qudası İddiaçı2 vermişdir. Kollegiya qeyd edir ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 Cavabdeh1la ailə həyatı qurduqdan sonra uzun müddət digər Cavabdeh2 məxsus Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin yaşayış evində şərait qənaətbəxş olmadığından mülkiyyətçi-Cavabdeh2 təklifi və razılığı müəyyən təmirtikinti işləri aparılmışdır. İddiaçı2 bu işlər üçün 10000 manata yaxın vəsait xərclədiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Lakin dindirilmiş şahidlərin ifadələri və tədqiq edilmiş sənədlərlə bu məbləğin 4798 manat təşkil etməsi müəyyən edilmişdir. Belə ki, evin inşaat işləri, o cümlədən hörgü, tavan, dam örtüyü və sair işlər üçün 3200 manat, pəncərələrinə quraşdırılmış 5 ədəd dəmir barmaqlıq üçün cəmi 500 manat, elektrik xətləri və işləri üçün 300 manat, su və kanalizasiya xəttləri üçün 300 manat, evin həyətində hasarın çəkilməsi üçün 498 manat vəsaitin İddiaçı2 tərəfindən xərcləndiyi öz təsdiqini tapmışdır. Qeyd olunan vəsaitin İddiaçı1 tərəfindən deyil, onun anası digər İddiaçı2 tərəfindən xərcləndiyi müəyyən edildiyinə görə qeyd olunan məbləğ də onun xeyrinə tutulmalıdır. Digər tərəfdən həmin vəsait mülkiyyətçi-Cavabdeh2 razılığı ilə onun şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin yaxlaşdırılması üçün çəkildiyindən məhkəmə həmin xərcin məhz Cavabdeh2 tutulmasını əsaslı hesab edir. İş materialları ilə müəyyən edilir ki, əvvəla, əsaslı təmir, yenidən quraşdırma işləri aparılmış fərdi yaşayış evi tərəflərin, yəni sabiq ər-arvadın ümumi və ya hər birinin ayrıca əmlakı deyil, Cavabdeh2 əmlakıdır. Digər tərəfdən, qeyd olunan evin təmir-tikintisinə vəsait İddiaçı1 tərəfindən deyil, digər iddiaçı anası İddiaçı2 tərəfindən xərclənmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. MM-in 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. MM-in 157.7-cı maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, məhkəməyə təqdim olunmuş bütün sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası ilk öncə iddiaçıların apellyasiya şikayətinin dəlillərinə qiymət verərək bildirir ki, tərəflərin izahatları ilə, habelə işin halları ilə İddiaçı2 tərəfindən dəmir barmaqlıqların, su, kanalizasiya, elektrik xətlərinin çəkilməsi, habelə təmir və genişləndirmə işlərinin aparılması işin mübahisəsiz halıdır. Həmin işlərin görülməsi üçün çəkilən xərclərin məbləği birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələri, habelə işdəki ekspert rəyi ilə müəyyən olunmuşdur. Kollegiya, bu baxımdan, birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdır. İddiaçılar apellyasiya şikayətində qeyd edilən işlərin görülməsi üçün 10000 manat məbləğində xərcin məhz onlar tərəfindən çəkilməsini bildirsələr də, həmin dəlili təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Cavabdeh də eyni şəkildə mübahisəli evdəki bütün tikililəri öz vəsaitini hesabına həyata keçirdiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə şahid ifadələri ilə bu hallar öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Habelə MPM-in 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan əlavə, MPM-in 372.2-ci maddəsinin tələbinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə müəyyən edilmiş hallar üzrə hərtərəfli araşdırma aparılmış, iş üzrə zəruri ekspertiza təyin edilmiş və rəydəki qiymətlər işdə olan digər sübutlarla təsdiq edilməklə müvafiq yekun məhkəmə aktı qəbul edilmişdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan əlavə, MPM-in işdə iştirak edən şəxslər üçün tanıdığı hüquqlara istinadən nəzərə alınmalıdır ki, cavabdehlər tərəfindən məhkəmədə izahat verərəkən etiraf edilmiş faktlar məhkəmə iclasının protokolunda və qətnamədə öz əksini tapmış, lakin onlar tərəfindən protokola bu barədə qeydlər verilməmişdir. Hansı ki, hazırda həmin izahatlarda göstərilənləri təkrarən qəbul etmirlər və hətta birinci instansiya məhkəməsində vəkil vasitəsilə təmsil olunmuşlar. Kollegiya eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Hətta mülki prosessual qanunvericilikdə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müvafiq məhkəmə aktlarının (qətnamə və qərardadın) ləğv edilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıdakı bütün qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(064)-87/2023 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1082/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1082/2024
16.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver